Etnik münaqişələrin sosial-psixoloji aspektləri

Açar sözlər: etnos, münaqişə, gərginlik,uyğunsuzluq, eskalasiya

Etnik münaqişə – sosial münaqişələrin xüsusi formasıdır. Etnoslararası gərginliyin formalaşması üçün etnik münasibətlərin tarixi çox əhəmiyyətlidir. Tarixi mövzularda mitinqlər isə sosial gərginliyi etnik gərginliyə keçməsinə zəmin yaradır. Kütləvi psixi vəziyyət kimi etnik gərginlik emosional yoluxmaya, psixoloji təlqinə və bənzətməyə əsaslanır. Kütlə psixologiyasına əsasən, individ özünə kritik münasibətin və öz davranış məsuliyyətinin səviyyəsini aşağı salır, emosional davranış rasional davranışı üstələyir, ümumi gücün və şəxsi anonimliyin dərk edilməsi baş verir. Hər bir canlı orqanizm kimi (etnos isə biososio-mədəni orqanizmdir) etnik birlik dağıdıcı hərəkətlərə müqavimət göstərir və ya onları zəiflətmək üçün uyğunlaşma formalarını axtarır. Buna görə etnosarası gərginlik vəziyyəti – yalnız münaqişənin psixoloji fonu deyil, həm də öz maraqlarının müdafiəsi üçün etnosun daxili psixoloji resurslarının səfərbərliyi üsuludur.
Etnik gərginliyin dərəcəsi etnoslararası kommunikasiyaların strukturundan və məzmunundan, etnik mədəniyyətinin xüsusiyyətləri və onların arasında əlaqələrin tarixi xarakterindən asılıdır. Bu komponentlər dövlətdə etnosarası münasibətlərin mövcud təcrübəsinə münasibəti ifadə edən təsəvvürlər, fikirlər, inamlar, həmçinin davranış modelləri, etnosun tarixi yaddaşının ayrı fraqmentləri şəklində mövcud olur.İstənilən etnik münaqişə əsasında, bir qayda olaraq, səbəblər qrupu dayanır, onlardan əsas və ikinci dərəcələriləri seçmək olar. Əksər hallarda etnik münaqişələrin əsas səbəbləri kimi ərazi mübahisələri, miqrasiyalar və yerdəyişmələr, tarixi yaddaş, öz müqəddəratını təyin etməyə cəhd, maddi resurslar və ya onların yenidən paylaşdırılması üçün mübarizə, əmək bölgüsü sahəsində etnoslar arasında rəqabət çıxış edir.
Etnik münaqişələr mövcud etno-siyasi məkanın “yenidən biçilməsini” nəzərdə tutur. Bunun əsaslandırılması üçün bir qayda olaraq, tarixi faktlar istifadə olunur. Arqumentlər və sübutlar kimi bu və ya digər ərazinin ötən əsrlərdə müəyyən etnosa məxsusluğu əsaslandırılır. Bu zaman tərəflərdən hər biri, onların fikrincə, məhz bu əraziyə olan hüququnu təstiqləyən təkzibedilməz tarixi sübutlara malikdir. Münaqişə heç vaxt statik olmur. O, faktiki olaraq, bütün parametrlər üzrə daim inkişaf edir. Münaqişələr bir-birinə bənzəmir və buna görə də müxtəlif etnik münaqişələr birmənalı şəkildə, dünyanın müxtəlif yerlərində yalnız bir və eyni üsulla həll edilə bilməz. Etnik münaqişələrin mühüm amili kimi milli siyasət sahəsində milli sərhədlərinin özbaşına dəyişdirilməsi, xalqların deportasiyası, etnik birliklərin süni parçalanması çıxış edə bilər.
Təzahür formasına görə gizli və aşkar etnik münaqişələri ayırmağ olar. Gizli münaqişələr onilliklərlə mövcud ola və yalnız müəyyən edilmiş ictimai şəraitdə açıq münaqişələrə keçə bilər. Bir qayda olaraq, gizli münaqişələr bilavasitə insanların həyat fəaliyyəti üçün təhlükələr yaratmır və məhz bu formada münaqişələri həll etmək daha əlverişlidir. Etnik münaqişələri həmçinin münaqişə edən tərəflərin hərəkətlərinin xarakteri üzrə təsnif etmək olar (məs.zorakı və ya qeyri-zorakı). Öz növbəsində, zorakı münaqişələr bu formalarda özünü göstərir: regional müharibələr, yəni nizami qoşunların iştirakı ilə və ağır silahlardan istifadəylə silahlı toqquşmalar; bir neçə gün davam edən və qurbanlarla müşayiət olunan qısa müddətli silahlı toqquşmalar. Belə toqquşmaları adətən münaqişə-qiyam, münaqişə-talanl adlandırırlar.
Etnik münaqişələr dağılma, yəni destruksiya rəmzlərinə çevrilmişdir. Belə münaqişələrin konstruktivliyi həmçinin bildirilir ki, onlar empirik formada etnik qruplar arasında mövcud münasibətlərin tükənməsini, milli siyasətin qeyri-qənaətbəxş həyata keçirilməsini nümayiş etdirir. Etno-siyasi münasibətlər öz-özlüyündə konfliktoqendir. Buna siyasi səhvlər əlavə ediləndə, onların partlayıcı potensialı dəfələrlə artır. Amma onlar eyni sxemə uyğun inkişaf edirlər: zərərçəkən etnos ədalətin bərpa olunması, bu və ya digər formada öz dövlətçiliyini bərqərar olması üçün zəmanət tələb edir. Hər bir dövlətin birinci əlaməti — ərazidir. Buna görə ərazi iddiaları təxminən bütün etnik münaqişələrin 2/3-ü təşkil edir.
Etnik münaqişələrin özünəməxsus xüsusiyyətləri var: 1.Bütün etnik münaqişələr kompleks, mürəkkəb xarakterli olurlar. 2. Münaqişələr həmişə emosiyaların yüksək dərəcəsiylə, insan təbiətinin irrasional tərəflərinin təzahürü ilə fərqlənirlər. Əksər münaqişələr dərin tarixi köklərə malikdir, olmadığı halda belə onları hökmən yaradırlar. 4 Etnik münaqişələr yüksək səfərbərliklə səciyyələnir. Etnik xüsusiyyətlər (dil, məişət, inam) etnosun hər üzvünün gündəlik həyatını təşkil edir və onların müdafiəsinin kütləvi xarakterini təmin edir. 5 Etnik münaqişələr “xroniki” xarakter daşıyırlar, onlar son nəticəyə malik deyillər. Çünki etnik münasibətlər, əlaqələr olduqca mobildir. İndiki nəsili qane edən azadlığın və müstəqilliyin dərəcəsi, növbəti nəsilə kifayət etməyə bilər.
Etnik münaqişələrin nizama salınması, tərəflərin qarşılıqlı anlaşmasının axtarışı bəzi amillərlə çətinləşir. Bunlara aiddir: münaqişə edən etnik qrupların mədəni xarakteristikaları (dil, din, həyat tərzi) ictimai-siyasi statusa görə əhəmiyyətli dərəcədə fərqlər; tarixən qısa müddət ərzində etnoslardan birinin yaşadığı ərazidə vəziyyətin əhəmiyyətli dərəcədə dəyişməsi. Həmçinin, münaqişə tərəflərindən kənarda münaqişənin davam etdirilməsində maraqlı olan qüvvələrin mövcudluğu:münaqişə edən tərəflərdə bir-birinə qarşıneqativ stereotiplər formalaşır.
Etnik münaqişələrin tənzimlənməsi prinsipləri bunlardır:1) münaqişənin legitimləşdirilməsi – mövcud hakimiyyət orqanları və münaqişə tərəflərinin müzakirə olunmalı və həll olunmalı problemin (münaqişə mövzusu) rəsmi tanınması; 2) münaqişənin institusionalaşdırılması – hər iki tərəfin qəbul etdiyi qaydaların, normaların, sivil qarşıdurma davranışının tənzimlənməsinin inkişafı; 3) münaqişənin hüquqi zəminə keçirilməsinin məqsədəuyğunluğu; 4) danışıqlar prosesinin təşkilində vasitəçilik institutunun tətbiqi; 5) münaqişənin həllinə informasiya dəstəyi, münaqişənin gedişatı haqqında məlumatın əldə olunmasında danışıqların “şəffaflığı” və s.
Etnosiyasi münaqişələr sahəsində, bütün digər münaqişələrdə olduğu kimi, sınaqdan çıxmış qaydalar effektiv olur: münaqişələrin qarşısını almaq daha asandır, nəinki sonradan həll etmək. Etnik münaqişələr əsasən açıq xarakterli olurlar, maraqların toqquşması baş verir və onların bir sıra tipik xüsusiyyətləri olur. Bu: 1) Zəruri açıqlıq – kütlələrə apellyasiyanı, onların bu və ya digər tərəfin dəstəyinə aktiv səfərbərliyi güman edir. 2) Tezliyin artması. Münaqişələr sülh yolu ilə həllini tapmayanda siyasi sferaya keçirlər, yəni dövlət müdaxiləsi ilə nizama salınmasını tələb edirlər. 3) Ümumi əhəmiyyət. Münaqişə şəxsi və ya lokal olsada, o cəmiyyətin bütün üzvləri üçün mütləq olan dövlət səviyyəsində qərarın qəbul olunmasıyla bitir. Beləliklə, istənilən etnosiyasi münaqişə hər bir insana toxunur. 4) “Hökmranlıq – tabe” prinsipi – etnosiyasi münaqişələr sosial məkanda cərəyan edir və onların əsas məqsədi güclü olan tərəflərin siyasi hökmranlığını bərqərar etdirməkdir. 5) Münaqişənin həllinin vasitələri kimi qüvvət resurslarından istifadə etmək fürsəti. Cəmiyyətdə hakimiyyətin bütün növlərindən yalnız dövlət qanuni güc tətbiqi hüququna malikdir. Bir halda ki, dövlət praktiki olaraq siyasi institut kimi bütün siyasi münaqişələrin vacib iştirakçısıdır, həmişə son arqument kimi gücdən istifadə edə bilər, həm də tamamilə qanuni əsaslarla. Bu da etnosiyasi münaqişələri öz nəticələrinə görə daha təhlükəli və dağıdıcı edir.

ƏDƏBİYYAT

Bayramov Ə.S. Etnik psixologiya. Bakı: 2001.
Əlizadə Ə.Ə. Azərbaycan etnopsixologiyasına giriş. Bakı: “Renessans”, 2003, 260 s.
Əliyev R. Etnopsixologiya: qloballaşma və millilik. Bakı: 2007, 180 səh.
Стефаненко Т.Г. Этнопсихология .Учебник для вузов. М.: 2006

Müəllif :

AMEA, Fəlsəfə İnstitutu, “Sosial psixologiya” şöbəsinin kiçik elmi işçisi, Psixoogiya Elmi-Tədqiqat İnstitunun nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi Gültəkin İsmayılova

Online Qeydiyyat