Psixoterapevtik konsultasiyanın prosessual xarakteristikası

Açar sözlər: psixoterapiya, psixoterapevtik konsultasiya, elektik model

Psixoterapevtik konsultasiya elə bir prosesdir ki, bu zaman insan şəxsi səriştəliyin daha yüksək səviyyəsinə çatır. M. Koy göstəriri ki, konsultasiya etmək insanları yalnız ağıllı qərarların qəbul edilməsinə öyrətmir, həm də qərarları ağıllı qəbul etməyi öyrədir. Konsultasiya zamanı yaranan situasiyada kliyent özünü qəbul edilən, eşidilən, hörmətə layiq olan, yüksək qiymətləndirilən şəxs kimi hiss edir. Bu onun özünə inamın inkişaf etməsinə səbəb olur və onun özünün öz qərarlarını qəbul edə bilmək qabiliyyətlərini artırır.
Psixoloji lüğətdə psixoterapiya “insanı (müraciət edəni) psixoloji təsir üsulları ilə müalicə etmək kimi” müəyyən olunur. Daha geniş isə “sağlam adamlara müxtəlif psixoloji çətinlik situasiyalarında, eyni zamanda öz şəxsi həyatının keyfiyyətini artırmaq tələbatı olduqda psixoloji yardım göstərmək kimi” qeyd olunur (5, s.287).
Psixoterapevt-psixoloji və ya tibbi təhsili olan, psixoterapiyanın bir və ya bir neçə sahəsində xüsusi peşə hazırlığı keçən insandır. O özünün praktikasında uyğun olan biliklərə, təsəvvürlərə əsaslanır, müracət edənə təsir etməyin düşünülmüş strategiyasına malikdir, konkret təsir texnikalarını bilir və onda öz terapevtik fəaliyyətini dəqiqləşdirmək, təsvir etmək və izah etmək qabiliyyətləri vardır (4,s.44).
Psixoterapevtik konsultasiyanın heç bir məktəb və nəzəri istiqamətləri məsləhətçi və kliyentin bütün mümkün qarşılıqlı təsir situasiyalarını əks etdirmir. Ona görədə konsultasiya prosesinin elektik adlanan ən ümumi struktur modeli daha əlverişlidir. Bu psixoloji məsləhətin və psixoterapiyanan hər cür istiqamətinin universal xüsusiyyətlərini əks etdirən 6 bir-biri ilə bağlı olan mərhələləri əhatə edən sistemli modeldir.
1. Problemin tədqiqi. Bu mərhələdə psixoterapevt kliyentlə əlaqə qurur və qarşılıqlı inama nail olur: öz problemlərindən danışan kliyentə diqqətlə qulaq asmaq, qiymətləndirmə və manipulya-siyaya qaçmadan maksimal səmimiyyət, empatiya, qayğı göstərmək mütləqdir.
2.Problemlərinn ikiölçülü təyini. Bu mərhələdə psixoterapevt kliyentin problemlərinin emosional olduğu kimi, koqnitiv aspektlərini müəyyənləşdirməklə onları dəqiq xarakterizə etməyə çalışır. Dəqiqləşdirmə kliyent və psixoterapevtin eyni anlayışa nail olmalarına qədər aparılır, problemlər konkret situasiyalarla müəyyənləşdirilir. Problemlərin dəqiq müəyyənləşdirilməsi onların səbəblərini anlamağa imkan yaradır, bəzən isə həlli yollarını göstərir.
3.Alternativlərin eyniləşdirilməsi. Bu mərhələdə problemlərin həllinin mümkün alternativləri aydınlaşdırılır və açıq şəkildə müzakirə olunur, açıq suallardan istifadə etməklə məsləhətçi kliyenti onun uyğun və real hesab etdiyi variantları söyləməyə istiqamətləndirir, əlavə alternativləri irəli sürməyə yardım edir, lakin öz qərarını qəbul etdirmir. Problemlərin elə alternativ həllərini tapmaq lazımdır ki, kliyent onlardan bilavasitə istifadə edə bilsin.
4.Planlaşdırma. Bu mərhələdə seçilən alternativ həllərin tənqidi qiymətləndirilməsi həyata keçir. Məsləhətçi kliyentə hansı alternativlərin uyğun gəldiyini və gələcək təcrübə baxımından realistik hesab olunduğunu anlamaqda yardım edir. Problemlərin realistik həllinin təşkil olunmuş planı kliyentə həmçinin bütün problemlərin həlledici olmadığını anlamaqda yardım göstərməlidir.
5. Fəaliyyət.Bu mərhələdə problemin həlli planının davamlı həyata keçirilməsi baş verir. Məsləhətçi kliyentə şəraiti, zamanı, emosional xərcləri, həmçinin məqsədə nail olmaqda mümkün uğursuzluqları nəzərə almaqla fəaliyyətini qurmağa yardım edir. Kliyent dərk etməlidir ki, cüzi uğursuzluq – bu hələ fəlakət deyil və fəaliyyəti son məqsədə bağlayaraq problemlərin həlli planını həyata keçirməyə davam etmək lazımdır.
6. Qiymətləndirmə və əks əlaqə. Bu mərhələdə kliyent psixoterapevt ilə birgə məqsədə nail olma (problemlərin həlli mərhələsi) səviyyəsini qiymətləndirir və nail olduğu nəticələri ümumiləşdirir. Ehtiyac yaranarsa həlli planını dəqiqləşdirmək olar. Yeni və gizli problemlər meydana çıxarsa, növbəti mərhələyə keçmək lazımdır (3, s. 22).
Konsultasiya prosesini əks etdirən bu model, konkret konsultasiyanın necə baş verdiyini anlamağa kömək edir. Konsultasiyanın real prosesi olduqca genişdir və çox vaxt verilən alqoritmə tabe olmur. Mərhələlərin bölüşdürülməsi şərtidir, belə ki, praktik işdə bir mərhələ digər mərhələ ilə birləşir və onların qarşılıqlı asılılığı təqdim olunan sxemə nisbətən daha çətindir.
Psixoterapevtik situasiya özü-özlüyündə spesifikdir. Onun mahiyyəti öz ekzistensial mənasına görə, daha yaxşı “görüş” anlayışı ilə açılır. Kliyentin terapevt ilə görüşü – aralarındakı münasibət qarşılıqlı maraq, səmimlik və qəbul edilməklə müəyyən olunan iki şəxsiyyətin görüşüdür.
Amma müxtəlif psixoterapevtik məktəblərdə konsultantın daxili, psixoloji mövqeyi haqqında müxtəlif fikirlər mövcuddur. Kliyentə yönəlmiş terapiya kimi məşhur olan Rocersin baxışları klassik psixoanaliz nöqteyi nəzərinə görə ziddiyyətli ola bilər. Klassik psixoanalizə dialoji (əməkdaşlıq) deyil, əksinə direktiv, hətta avtoritar fəaliyyət üslubu xasdır. Anonimlik və neytrallıq psixoanalitikin əsas keyfiyyətlərindəndir. Başqa sözlə desək, psixoanalizdə psixoterapevtik görüş-professional fəaliyyətlə məşğul olan subyektlə görüşdür, psixoterapevtin real şəxsiyyəti ondakı təcrübə və peşəkarlıqla nümayiş olunur. Yunqun analitiki, bunlardan əlavə həm də etnoqrafiya, mifologiya, dinlərin tarixi, ədəbi-bədii yaradıcılıq sahəsində geniş erudisiyaya malik olmalıdır. Neyrolinqvistik proqramlaşdırma sahəsində mütəxəssisin linqvistikanın əsaslarını bilməməsini təsəvvür etmək çətindir. Bədənə-istiqamətlənmiş yanaşmalar terapevtin fiziki formasına, onun çevikliyinə plastikliyinə, hərəkətlərinin zərifliyinə yüksək tələblər verir. F.Perlzın fikrincə, geştalt-terapevtin peşəkarlığının əsasında ağıla, sağlam fikirə arxalanmaq durur. R.Mey şəxsi cazibənin və insanlara öz şəxsi önyarğı prizmasından baxmağın vacibliyini qeyd etmişdir. Yaxşı konsultant insanları özünə cəlb etməyi, istənilən cəmiyyətdə özünü rahat hiss edə bilmək, empatiyaya qabillik, xeyirxahlıq, insanlara maraq göstərmək bacarığına malik olmalıdır. Daxili azadlıq-bu müxtəlif, çox vaxt öz konseptual təsəvvürlərinə görə bir-birinə zidd olan psixoterapiya məktəblərinin və istiqamətlərin də effektiv terapevtin əsas atributu hesab olunur. Azadlıq və spontanlıq, hətta etibarlıq, bəzən də uyğunluq kimi adlandırılaraq psixoterapevtin hissləri, fikirləri və hərəkətləri arasındakı uyğunluğa əsaslanır.
Psixoterapevtik seans xüsusi bir məkan yaradır ki, orada kliyent (tam təhlükəsizlik şəraitində, terapevtin qayğıkeş nəzarəti altında və onun köməyi və iştirakı ilə) həyəcanlana, yeni həyəcan təcrübəsi yaşaya, fəaliyyət göstərmək, hiss etmək və düşünməyin yeni üsullarını təcrübədən keçirə bilər. Psixoterapevtin kabineti məhdudlaşdırılmış, sərhədi olan bir məkandır. Konfidesiallıq, inam və təhlükəsizlik inkişafa yönəldir, konsultantın qayğısı isə lazımi dəstək və dayaq yaradır.
Prosesual xarakteristika dedikdə bir tərəfdən psixoterapevtin, konsultantın və kliyentin öz üzərinə götürdüyü texniki prosedurlar, digər tərəfdən isə terapevtik prosesin sonrakı inkişafını və həyata keçirilməsi məqsədilə qarşıda duran vəzifələr nəzərdə tutulur. Hipnoz, sərbəst assosasiyalar, interpertasiya, konfrontasiya, diqqətin bərpa edilməsi, reaksiya vermək, katarsis, insayt və s. bunlar texniki prosedurların nümunəsidir. “Pixoterapevtik proses” termini psixoloji hadisələrin qarşılıqlı seriyalarına, hissələrinə, psixi təzahürlərin və hərəkətlərin ardıcılığına münasibətdə istifadə olunur, müalicəvi məqsəd daşıyır, müalicəvi effektə malikdir və çox vaxt texniki prosedurlar vasitəsilə yaranır.Psixoterapevtik prosesin təşkili söhbətlər seriyasından ibarət olur və adətən həftədə bir dəfə, bəzən də daha tez-tez görüşmələrdən ibarətdir.
Psixoterapevtik konsultasiyada həyata keçirilən aşağıdakı prosesləri ayırırlar: 1)Psixoterapevt maraq və birgə iştirak nümayiş etdirir. Kiliyent materialı daha sərbəst çatdırır. 2) Kliyent köçürmə münasibətlərinə qoşulur, çünki bütün kliyentlərdə konsultantla transfer münasibətər yaratmaq qabiliyyəti vardır. Köçürmə normal bir prosesdir, bu zaman uzaq ümidləri və arzuları aktual situasiyaya cavab olaraq səfərbər olunur. 3) Psixoterapevt prosesi müşahidə edir, onu nəzəri biliklərin əsasında başa düşür, özünün kontr-köçürmə və affektiv reaksiyalarını tədqiq edir. 4) Kliyent psixoterapevtin komentariyaları haqqında düşünür və onları özünün tələbatlarına uyğunlaşdırır. 5) Kliyent özünün köhnə yanaşmalarını dəyişir və beləliklə özü haqqında yeni biliklərə uyğunlaşır.
Burada onu da qeyd etmək lazımdır ki, psixoterapevtik konsultasiya prosesində nəinki sxemlər, həmçinin məsləhətçinin professional və şəxsi təcrübəsi də vacibdir. Mütəxəssisin fəaliyyətinin effektivliyi daha çox onun məsləhətdə tutduğu yerlə şərtlənir. Belə aydınlıq olmadıqda məsləhətçi öz işində müəyyən nəzəri prinsiplərə deyil, yalnız klientin gözləmələrinə və tələbatlarına əsas-lanacaqdır, onun istəklərini yerinə yetirəcəkdir. Klientlər çox vaxt gözləyirlər ki, onların gələcək həyatlarındakı müvəffəqiyyətlərə məsləhətçi cavabdehdir və məsləhətçi onların harada oxumaq, işdə yaranan konfliktləri necə həll etmək, həyat yoldaşından ayrılmaq lazımdırmı və s. kimi problemləri həll edəcəkdir.
Yeni başlayan məsləhətçi özünü klientin bütün suallarına cavab verə bilən birisi kimi göstərə bilər və ən qorxulusu – klientə öz qərarlarını qəbul etdirə bilər. Belə situasiyada məsləhətçinin öz rolunu düzgün anlamaması klientin ondan asılığını daha da artırır və bu klientə müstəqil qərar seçi-mində mane olur. Heç bir məsləhətçi kiməsə onun nесә yaşayacağına dair göstəriş verə bilməz. Psixoloji məsləhət və psixoterapiya praktikasında çox vaxt məşhur psixoterapevt J.Bugentalın (1987) sirr və biliklər haqqında söylədiyi sözləri xatırlamaq lazımdır: “Sirr biliyi əhatə edir, onda informasiya gizlənmişdir. Sirr sonsuzdur, biliyin isə sərhəddi var: bilik artdıqca sirr böyüyür… Psixoterapevtləri klientlərlə söhbətə başlamaq və sirri rədd etmək cazibəsi güdür. Psixoterapevtlər çox şeyi bilmək məcburiyyətindədirlər, eyni zamanda sirr qarşısında ehtiram və itaətkarlıq hissi keçirirlər. Açıq danışaq – biz heç vaxt tam biliklərə qadir olmuruq və ola da bilmərik. Нәr bir terapiyada klientə sirri qəbul etməkdə yardım göstərməliyik…” ( 3, s.26 ).
M.Cox (1988) “terapiya prosesinin strukturlaşdırılması” anlayışını qeyd edir və onun iki hissədən ibarət olduğunu göstərir. Birinci strukturlaşma adı altında məsləhətçinin (psixoterapevtin) terapevtik mühitdə şəxsən iştirakı və bu iştirakın klient üçün nə dərəcə məna daşıması nəzərdə tutulur. İkinci strukturlaşma – bu, klientlərin maksimal dərəcədə açıq olmasını təmin edən məsləhətçinin fəaliyyətidir. Birinci halda biz, məsləhətçi kimdir? İkinci halda isə o nә edir? sualına cavab veririk. Terapevtik prosesi strukturlaşdıraraq məsləhətçi klientə səmimi olmaq təşəbbüsü verir. Bəzən məsləhətçinin klientin həmin an olduqca enerjili olmasını hiss etməsi zamanı təşəbbüsü məhdudlaşdırmaq lazım gəlir. Başqa sözlə, məsləhətçi klientlərin “səmimi olma potensialını” aktivləşdirir və nəzarətdə saxlayır.
Məsləhətçinin rolu haqqında әn ümumi cavab məsləhət prosesi anlayışında özünü göstərir. Beləliklə, məsləhətçinin əsas vəzifəsi klientə özünün daxili ehtiyaclarını aşkara çıxartmağa və onların istifadəsinə mane olan faktorların kənarlaşdırılmasına yardım etməkdir. Məsləhət prosesində klientlər öz davranışlarını, həyat tərzlərini ürəkdən qiymətləndirməli və öz həyatlarını nә cür və hansı istiqamətdə dəyişmək istədiklərinə qərar verməlidirlər.

ƏDƏBİYYAT :
Əliyev R.İ. Psixologiya tarixi. Bakı: Nurlan, 2006, 384 s.
İsmayılov N.V., İsmayılov F.N. Tibbi psixologiya və psixoterapiya. Bakı: “Maarif” nəşriyyatı, 2002, 376 s.
Kuçyunas R. Psixoloji məsləhətin əsasları.Azərbaycan dilinə tərcümə. Bakı: Maarif nəşriyyatı, 2010, 238 s.
Лопес Е.Г., Рудей О.А. Основы психотерапии: Практ.ориентир. Пособие. Екатринбург: ГОУ ВПО, 2006, 103 с.

Müəllif :

ADPU-nun dosenti Ülviyyə Əfəndiyeva

Son məqalələr

Online Qeydiyyat