Ailənin sosial institut kimi müasir cəmiyyətdə rolu və əhəmiyyəti

Açar sözlər: müasirlik, cəmiyyət, ailə, ailənin funksiyaları, ailə institutu

Cəmiyyətin müasirləşməsi – ənənəvi cəmiyyətdən müasir cəmiyyətə keçid təşkil edən makroprosesdir. Müasir cəmiyyət dedikdə biz hər şeydən əvvəl informasiya – kommunikasiya texnologiyaları cəmiyyətini nəzərdə tuturuq. Biz informsiya – kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi informasiya cəmiyyətində yaşayırıq. “Özünün müsbət və mənfi cəhətləri ilə informasiya cəmiyyəti real olaraq təşəkkül tapmış tarixi şəraitin çağırışlarıdır. Hər bir mikrosistem və bu sistemin hər bir insanı ayrılıqda bu çağırışları qəbul etməyə qabil olmlıdır” (2s.79)

İKT – nin durmadan inkişafı və sürətlə yayılmasının məkan və zaman sərhədləri o dərəcədə qısalmışdır ki, dünya bir “ovuc içində” olan vəziyyətə gəlmişdir. Belə ki, internetin törətdiyi informasiya inqilabı vahid informasiya məkanının formalaşmasına şərait yaratmaqla milli sərhədləri qısaldır.

Müasir cəmiyyət dedikdə biz həmçinin qloballaşan dünyanın çağırışlarını qəbul edən, multikultural cəmiyyəti nəzərdə tuturuq.“Bu gün dünyada getdikcə dərinləşən qloballaşma prosesinin – siyasət, iqtisadiyyat, din, mədəniyyət, sosial həyat, hərbi əməkdaşlıq və başqa sahələrdə dövlətlər arasında münasibətlərin intensivləşməsinin şahidi olur. Bu prosesin əsas xüsusiyyəti ondan ibarətdir ki, o, Qərbin mədəni standartları əsasında cərəyan edir. Birmədəniyyətliliyin və yekcinsliyin tamamilə yeni səviyyəsini doğuran qloballaşma inkişafın Qərb modelləri üzrə genişmiqyaslı standartlaşdırmaya çevrilir: dünyanın müxtəlif guşələrində insanlar eyni cür – Avropasayağı geyinir, eyni modaya, eyni adətlərə və zövqlərə üstünlük verir, eyni filmlərə baxır, eyni musiqini dinləyir, əksəriyyəti Qərb mədəniyyətini təmsil edən eyni kumirlərə pərəstiş edir” (3 s.349).

Cəmiyyətdə fərdlər bir – birilə sosial əlaqələrsiz və qarşılıqlı təsirsiz mövcud ola bilməz. Belə əlaqə və təsir həm fərdin həm də bütövlükdə cəmiyyətin mühüm tələbatlarını ödəyir, o, institusionallaşdıqda möhkəm və davamlı xarakter daşıyır. Yəni fərdlərin cəmiyyətdəki həyatı sosial institutlar vasitəsilə ifadə olunur və tənzimlənir. Sosial institutlar insanların tarixən təşəkkül tapmış qarşılıqlı fəaliyyət formaları olub, cəmiyyətdə fərdlər arasında əlaqələrin tənzimlənməsi, onların arasında daimi və möhkəm əlaqələrin yaradılması, onların hüquq və vəzifələrinin müəyyənləşdirilməsi, bir sözlə cəmiyyətin yaşamaq qabiliyyətini müəyyənləşdirirlər. Sosial institutlar yerinə yetirdiyi funksiyalara görə müxtəlif tiplərə ayrılırlar. Onlardan biri də ailə institutudur. Ailə institutu digər institutların əsası hesab olunur.

Psixoloji və sosioloji ədəbiyyatlarda ailə institutunun müxtəlif funksiyaları göstərilmişdir:

1.Cinsi funksiya. Ailə əsas sosial institutdur ki, onun vasitəsilə cəmiyyətdə insanların cinsi tələbatlarının ödənilməsi tənzimlənir. Bununla bərabər insanların cinsi tələbatlarının ödənilməsinin alternativ yolları da vardır. Müasir dövrdə bir çox cəmiyyətlərdə bu, normanın pozulması kimi qəbul olunur, bəzilərində isə ailə qumadan öncə kişi və qadın arasında cinsi münasibətlərin olması normal qəbul olunur və nigaha hazırlıq hesab olunur.

2.Reproduktiv funksiya. Bu funksiya ailənin nəsilartırma funksiysıdır.Hər bir ailə övladlarının psixi və fiziki cəhətdən sağlam böyüməsi, təhsil alması, sosiallaması və gələcəkdə bir şəxsiyyət kimi formalaşmasını vacib hesab edir. Ailə institutunun bu funksiyası cəmiyyətdə demoqrafik göstəricilərin dəyişməsinə (artma yaxud azalma) nəzarət edir. Ona görə də ailədən, nigahdan kənar uşaqların doğulması cəmiyyətdə arzuolunan hal hesab olunmur.

3.Sosiallaşma funksiyası. Sosiallaşma dedikdə, fərdin yaşadığı sosial mühitə adaptasiyası, bu cəmiyyətin normalarını, dəyərlərini, davranış modellərini mənimsəməsi başa düşülür. Fərdin ilkin sosiallaşması və şəxsiyyət kimi formalaşmasının əsası məhz ailədə qoyulur. Ailə uşaq üçün ilkin qrupdur, sonralar o, digər qruplara daxil olsa da erkən uşaqlıqda qazandığı vərdişlərini və ilkin davranış formalarını saxlayır. Ailədə sosiallaşma zamanı uşaq özündən yaşca böyük ailə üzvləinin (ata, ana, nənə, baba, qardaş, bacı və b.) davranışlarını mənimsəyir və təkrarlayır. Beləliklə, cəmiyyətin daha yüksək mədəniyyətə sahib olması ilk növbədə ailədən yüksək mədəniyyət tələb edir.

4.Emosional məmnunluq funksiyası. Bir qrup psixiatr və psixoloqlar belə hesab edirlər ki, cəmiyyətdə insanlar arasında emosional və davranış pozuntularının (cinayət hadisələri, hüquq pozuntuları və s. bu kimi hallar),eləcə də psixosomatik xəstəliklərin yaranmasının əsas səbəbi məhz ailədə sevgi çatışmazlığı, emosinal tələbatlrın ödənlməməsi nəticəsində yaranır. Ona görə də bu ehtiyacların ödənilməsi vacibdir.

5.Müdafiə funksiyası. Bütün cəmiyyətlərdə ailə institutu öz üzvlərinin fiziki, iqtisadi və psixoloji müdafisəsini müxtəlif səviyyədə həyata keçirir.

6.İqtisadi funksiya. Ailə üzvləri arasında sıx iqtisadi əlaqələrin – ümumi büdcənin olması, onların bir-birinə dəstək olması vacibdir.Ailə institutunun iqtisadi funksiyası ailədə məhz bu əlaqələri tənzimləyir.

Beləliklə, ailə istər ənənəvi, istərsə də müasir cəmiyyətin özəyidir və bir sosial institut kimi fərdlərin inkişafı və bir şəxsiyyət kimi formalaşmasında vacib rol oynayır. Çünki ailə cəmiyyətin aparıcı qüvvəsi olan vətəndaşlar yetşdirir, milli – mənəvi dəyərlər sistemini formalaşdırır, sosial münasibətlərin tənzimləyicisi rolunda çıxış edirMüasir dövrdə müstəqil Azərbaycan Respublikası da dünya birliyinə inteqrasiya edir və cəmiyyətdə gedən yeniləşmə, ictimai-siyasi, mədəni hadisələrin təbii axarı, insanların yaşayışı, həyat tərzinin dəyişməsi, mürəkkəbləşməsi, cəmiyyətin strukturunda baş verən sosial dəyişikliklər onların dünyagörüşündə hadisələrə və ailəyə münasibətində yeni çalarların meydana çıxmasına gətirib çıxarmışdır. Bu yeniləşmə prosesi fonunda milli – mənəvi və dini – mədəni dəyərlərin qorunub möhkəmləndirilməsi, inkişaf etdirilməsi, yaşadılması məsələləri mühüm əhəmiyyət kəsb edir. Müasir azərbaycan ailəsi də qloballaşan dünyanın və müasir cəmiyyətin tərkib hissəsi olduğundan bu sahədə mühüm rolu vardır.

Qloballaşma, modernləşmə, demokratikləşmə şəraitində yaşayan Azərbaycan cəmiyyəti və müasir azərbaycan ailəsi də ailə institutunun transformasiyası və bu dəyişikliyin gətirdiyi bəzi müsbət cəhətlərlə yanaşı bir sıra problemlərlə üzləşən cəmiyyətlərdən biridir.

“Qloballaşma milli dövlətçiliyin zəiflədilməsinə, universal cəmiyyətin formalaşmasına yönəlmişdir. Sosial şəbəkələr qlobalaşmanın bu təsirinin əsas mexanizm və vasitələridir. İnternet məkanında yeni virtual gerçəklik və bu gerçəkliyin subyektləri olan fərdlər ve yeni sosial qruplar formalaşdırır insanlar özlərinin tarixi – mədəni köklərindən qopardılır və yeni “”universal dəyərlərin”, “normaların” daşıyıcısı olan qruplarda birləşərək həmin dəyərləri bölüşürlər” (1. S.11).

Ənənəvi ailə modelindəki dəyişikliklər prosesi a) sosial rolların dəyişməsi – müasir ailələrdə qadının daha çox aktivliyi və ya ailənin idarəçiliyində dominantlığın qadının xeyrinə dəyişməsi, bir çox kişilərin atalıq məsuliyyətini öz üzərinə götürməkdə çətinlik çəkməsi; b) elm və texnologiyanın inkişafının ailəyə, ailə üzvlərinin roluna təsiri; c) dəyərlər sistemində dəyişikliklər – ailədə qarşılıqlı hörmət və nüfuzun aşağı düşməsi, ailə münaqişəsi zəminində cinayət faktlarının çoxalması, intihar halları; d) nigahın uzunömürlülüyündə və ya davamlılığında dəyişikliklər – boşanmada yaş həddi və son illərdə boşanma hallarının artması və s. də təzahür edir.

Müasirləşmə cəmiyyət həyatının bütün sahələrinə təsir edir, onun qəbul etdiyi normaları, qaydaları, dəyərləri və davranış modellərini dəyişdirir ki, bunun da həm müsbət, həm də mənfi nəticələri ola bilər. Bu təsirlər yuxarıda da qeyd etdiyimiz kimi ailə institutuna, ailənin sosiomədəni həyatında öz əksini tapır.

ƏDƏBİYYAT :

1.Əliyev B.H. Mədəniyyətlərarası münasibətlərə milli identikliyin təsirinin sosial-psixoloji xüsusiyyətləri. Psixologiya jurnalı, 2018 № 2, s.11.

2.Əzimova R.C. İnsanşünaslıq XII əsrin elmidir. Bakı, Təknur, 2012,156s.

3.Mehdiyev R.Ə. Fəlsəfə. Dərs vəsaiti. Bakı, “Şərq-Qərb”, 2010, 360 s.

4.Vahidov F.Q., Ağayeva T.B. Sosiologiya. Bakı: Təknur, 2008. 334s

5.Бим-Бад Б.М., Гавров С.Н. Модернизация института семьи. Монография / Москва: 2010.337с

Müəllif : AMEA-nın Fəlsəfə İnstitutu “Sosial psixologiya” şöbəsinin doktorantı Şəfiqə Həsənova

Son məqalələr

Online Qeydiyyat