Açar sözlər: yetkinlik yaşına çatmayanlar, kriminal davranış, cinayət motivi, qruplar
Müasir cəmiyyətin gələcək inkişafının sosial bazasını yetkinlik yaşına çatmayan şəxslər təşkil edir. Bu amili nəzərə alaraq uşaqların sağlam mühitdə böyüməsi, layiqli vətəndaş kimi yetişməsi və tərbiyə olunması dövlət siyasətinin bir hissəsi olaraq əsas ünsürlərdən biri hesab olunur.
Sağlam mühitin, layiqli vətəndaş kimi yetişmə və tərbiyə olunmanın təmin edilməsi üçün vacib istiqamətlərdən biri də yetkinlik yaşına çatmayanların kriminal davranışlarının öyrənilməsi və bu neqativ halın aradan qaldırılması yollarının müəyyən edilməsidir.
Yetkinlik yaşına çatmayanların kriminal davranışı anlamaq, xüsusilə ciynayətkarın hər hansı davranışını qiymətləndirmək üçün ilk öncə cinayətkarın şəxsiyyətinin öyrənilməsi, törətdiyi əməlin mənəvi, psixoloji və hüquqi meyarda verdiyi zədələrin hansı səviyyədə mövcudluğunu nəzərə almaq lazımdır. Bu davranışlar dəyən zərərin formasından, miqdarından, davametmə müddətindən və s. kimi amillərin nisbətindən asılı olaraq hər cür mənəvi, psixoloji, cinayi-hüquqi qiymətləndirməyə əsaslanaraq bir-birinə bənzəməyən fərqli hüquqi növləri əhatə edir. Məsələn, qəsdən adam öldürmə, oğurluq, təcavüz, hərbi və dövlət əhəmiyyətli sirlərin açıqlanması, təhlükəsizliyin pozulması və s. kimi cinayi əməllərin həyata keçirilməsi.
Yetkinlik yaşına çatmayanların şəxsiyyət sferasına nəzər salsaq, dəyərlər sisteminin, intellektual göstəricilərin, emosional və iradi xassələrinin xüsusiyyətlərinin, əqidə, maraq, iddiaların və onların ödənilməsi üsullarının şəxsiyyətin formalaşmasında hansı səviyyədə əsas faktorlar kimi çıxış etdiyini müşahidə edə bilərik. Yetkinlik yaşına çatmayanlar törətdikləri cinayətin səbəbi olaraq fərdi psixoloji xüsusiyyətlərdən asılı olaraq fərqli motiv və təlabatın olması ilə də fərqlənirlər. Cinayətkar şəxsiyyətinin sərvətlər sistemini, motivasiyasını düzgün müəyyənləşdirmək üçün bir cəhət də nəzərdən qaçırılmamalıdır ki, cinayi davranışın davamlı motivlərini müəyyənləşdirmək üçün təqsirləndirilən şəxsin həyat tərzini, şəxsiyyətinin istiqamətini, xarakter əlamətlərini və xüsusiyyətlərini uzun müddət ətraflı və dəqiq öyrənmək lazımdır. Həmçinin nəzərdən qaçırmaq olmaz ki, müəyyən hallarda, hər hansı şəraitlə bağlı meydana çıxan və ilk nəzərdə təsadüfi hal kimi qiymətləndirilən situativ motivlər məhz davamlı motivlərin təzahürləridir. Belə motivlərin özünü göstərməsinə, necə deyərlər “baş qaldırmasına” insanın emosional halətləri çox güclü təsir göstərir. Buna görə də hər hansı cinayət motivinin siutativ olub-olmamasını təyin etmək üçün təqsirləndirilən şəxsin emosional xüsusiyyətlərinə də yaxından bələd olmaq lazımdır.
Cinayət əməlinin motivlərinin müəyyənləşdirilməsinin mürəkkəbliyi və çətinliyi bir sıra hallarda cinayətin «motivsiz», xüsusi niyyət və motiv olmadan baş verdiyini deməyə gətirib çıxarır ki, bu da əslində düz deyildir, çünki hər bir şüurlu davranış və hərəkət aydın dərk olunan, ya da dərk olunmayan motivlərlə əlaqədar olur. Buna görə də cinayi davranışın, cinayətkar əməlin motivini yalnız müqəssirin sözlərinə istinadən təyin etmək, onun davranışını, əsas psixoloji xüsusiyyətlərini nəzərə almadan müəyyənləşdirməyə cəhd göstərmək çox ciddi səhvlərə səbəb ola bilər.
Yetkinlik yaşına çatmayanların kriminal davranışının baş vermə səbəblərindən biri də ailədir. Təməli ailədə qoyulmuş insan xarakterinin, onun sosial simasının formalaşması erkən yaşlardan başlayır. Belə ki, yetkinlik yaşına çatmayanlara olan münasibət onların hələ formalaşmaqda olan şəxsiyyətlərində müsbət və ya mənfi keyfiyyətlərin yaranmasına səbəb olur. Yetkinlik yaşına çatmayanların şəxsiyyətlərində mövcud olan keyfiyyətlərin böyük qismi ailədə formalaşır. Məhz ailə yetkinlik yaşına çatmayanların davranışalarında yaranan kriminogen halların qarşısının alınmasında əsas faktor kimi çıxış edir. Çünki valideynlərin övladlarının həyata baxış formalarının, müəyyən vərdişlərinin istiqamətlənməsində böyük rolu vardır.
Yetkinlik yaşına çatmayan cinayətkarlar bir qayda olaraq, cinayi mühitdə erkən yaşlarından natamam və ya yarımçıq ailələrdə böyüyən, təhsil və pedoqoji sferada baxımsız, qüsurlu olan şəxslərdir. Bu tip cinayətkarlar əsasən şəxsiyyətin deformasiyası və düzgün olmayan tərbiyə nəticəsində öz təlabatlarını anında ödəmək məqsədi ilə cinayət törədirlər. Bu əməllərə misal olaraq, maddi cəhətdən yaranan maneələrin daha tez və anında aradan qaldırılması istəyi, kriminal qrupun normalarına uyğunlaşma və konformizm və s. kimi hüquqazidd əməlləri göstərmək olar.
Bəzən bu kimi cinayətlər bir şəxs tərəfindən deyil, xüsusi qrup tərəfindən birgə fəaliyyət nəticəsində təşkil olunmuş şəxslərdən ibarət cinayətkar qrupları da əhatə edir. Bu cür xüsusi qrup tərəfindən törədilən cinayətlər üçün insanları aldatma, “rəsmi vəzifə”, “biznes maraqları” və s. kimi qanunsuz maxinasiyalar, yalançı vədlərlə inandırma və sui-istifadə vasitələri əhatə edir. Onlar bir cinayətkar qrup olaraq əvəzolunmaz fəaliyyət və yeni imkanlar açmaq üçün daima fəal axtarış aparırlar. İctimai təhlükəlilik dərəcəsinə görə yetkinlik yaşına çatmayanlardan ibarət aşağıdakı qrupları qeyd etmək olar:
- Aktiv-kriminal qruplar
- Kriminal qruplar
- Passiv-kriminal qruplar
- Kriminogen qruplar
- Situativ qruplar
Yetkinlik yaşına çatmayanların kriminal davranışlarına təsir vasitəsindən biri də valideynlərin öz mənəvi və əxlaqi dəyərlərə münasibətlərini təkmilləşdirməsidir.
Ailədə yetkinlik yaşına çatmayanların kriminal davranışlarının yaranması səbəbləri aşağıdakılardır.
- Ailədə mənəvi və əxlaqi dəyərlərin təbliğinin aşağı səviyyədə olması;
- Yetkinlik yaşına çatmayanların keçid dövründə (əsaən 12-14 yaşlarında) ailə təsirinin zəif olması;
- Valideynlər tərəfindən yetkinlik yaşına çatmayanların intellektual inkişafının təmin edilməməsi və yetkinlik yaşına çatmayanlardan ibarət olan ailələrdə boşanmaların və natamam ailələrin sayının artması;
- Valideynlərin əxlaqa zidd həyat tərzi, spirtli içkilərə və narkotik vasitələrə aludə olması;
- Ailədə yetkinlik yaşına çatmayanlara qarşı zorakı davarnışın olması;
Cinayət törətmş yetkinlik yaşına çatmayanların tipologiyasına nəzər salsaq aşağıdakı tipləri qeyd etmək olar:
- Təsadüfi
- Qeyri-sabit
- Adi tip
- Peşəkar tip
- Ehtiyatsız (səhlənkar tip)
Yetkinlik yaşına çatmayanların kriminal davranışına şərait yaradan faktorlardan biri də psixi və fiziki anormallıqlardır. Tədqiqatlara əsasən müəyyən edilmişdir ki, bu faktorla şəxsin kriminal davranışını istiqamətləndirə hətta stimullaşdıra da bilər. Moskva şəhərində 1988-1998- ci illərdə aparılan tədqiqatın nəticələrinə görə yetkinlik yaşına çatmayanların 2% -də nevroz, 15%-də psixopatiya, 5%-də taksikomanlıq, 3%-də narkomanlıq, 1%-də xroniki alkoqolizm, 60%-də ağır psixi pozuntu, 5%-i sağlam və 4%-də isə kəllə-beyin travmaları müşahidə edilmişdir. Həmçinin yetkinlik yaşına çatmayanların törətdiyi cinayətlərin qarşısının alınması məqsədilə proflaktikası da aparılır ki, bu fərdi, xüsusi kriminoloji və ümumsosial olmaqla üç səviyyədə həyata keçirilir.
ƏDƏBİYYAT :
1. Bayramov Ə.S., Əliyev B.H. Hüquq psixologiyası. Bakı: Təhsil, 2012, 656 s.
2. Шурухнов Н. Г. Криминалистическая характеристика преступлений // Криминалистика (актуальные проблемы) / под ред. Е. И. Зуева. М.: 1988.
3.Юсупов М. Р. Криминологический анализ современного состояния преступности и личности несовершеннолетних преступниц. СПб.: 2000.
Müəllif :
BDU-nun Psixologiya kafedrasının müəllimi, dosent Yamən Vəliyeva
BDU-nun Psixologiya kafedrasının müəllimi Nəzrin Həşimova