AİLƏYƏ EDİLƏN KƏNAR MÜDAXİLƏLƏR BOŞANMA SƏBƏBİ KİMİ

Açar sözlər: ailənin strukturu, boşanma amilləri, kənar müdaxilələr.

Ailə kiçik qrup kimi olduqca çoxaspektlidir. O, özündə sosial təşkilatın, sosial strukturun, institutun və kiçik qrupun xassələrini təcəssüm etdirir. Müasir dövrdə cəmiyyətdə qurulan ailələrdə boşanmaların sayı getdikcə artır. Boşanmanın səbəbləri hələ də kifayət qədər öyrənilməmişdir. Boşanmanı sosial fenomen kimi ailə sosiologiyasının «boşanmanın sosiologiyası» adlanan bölməsi öyrənir. Boşanmanın səviyyəsini müəyyən edən mühüm amillərdən biri ailə-nikah qanunvericiliyidir. Boşanma amilləri arasında əsas yerlərdən birini demoqrafık və sosial-iqtisadi determinantlar tutur. Belə ki, ər-arvadın yaşı mühüm rol oynayır. Bu, demoqrafık dəyişən üç müxtəlif modifıkasiyada irəli çıxır: nikah bağlama yaşı, boşanma anındakı yaş, arvad və ərin yaş fərqi. Bu gün ailə bağlarının qopmasının  əsas  səbəbləri  kimi sevgi  və  qarşılıqlı anlaşmanın olmaması, insanların fərqli maraq və düşüncələrə malik olması, xəyanət, maddi problemlər, ailədə inamsızlıq, kənar şəxslərin (valideynlər, yaxın qohum-əqrəba) ailəyə etdiyi müdaxilələr və s.  kimi  amilləri qeyd edə bilərik. Tamamilə konkret üzürlü səbəb olduqda boşanmanın yol verilən olmasının qəbul edilməsi ilə yanaşı (ər-arvaddan birinin sonsuz olması, subuta yetirilmiş xəyanət və s.), bəzi hallarda ər-arvad arasında məhəbbətin, ünsiyyətin, qarşılıqlı anlaşmanın olmaması halında da boşanma ehtimal daha da artır. Tədqiqatlar göstərir ki, gənclərin 60-65%-i nikah bağlanaya qədər bir-birini sevərək evləndiklərini etiraf edirlər. Digərləri isə təsadüfən, sevmədən, müəyyən məqsəd güdərək evləndiklərini bildirmişlər. Məhz buna görə də bəzi nikahların müddəti 4-7 aya və yaxud 1 ilə qədər davam edir.

Təbii ki, yeni ailə həyatına başlayan gənclərə müəyyən məsləhətlər verilməlidir, lakin bu ehtiyac olduğu zaman edilsə, narazılıqlardan yayınmaq və ailənin dağılmasının qarşısını almaq olar. Bir çox ailə modellərində müşahidə edilən bir hal vardır: valideyn övlada öz şəxsi mülkiyyəti kimi baxır. Bu, həm böyüklərdə həm də uşaqlarda özünü göstərir. Övladlar özünü psixoloji olaraq valideynin “şəxsi mülkiyyəti” kimi qəbul edir, müstəqil qərar verməkdə çətinlik çəkirlər. Bu səbəbdən də valideynlər bir çox hallarda ailə münasibətlərində çox diqqətli və həssas olmalıdırlar. Uşaqlarına qarşı olan emosional bağı tənzimləməyə çalışmalıdırlar. Əgər valideynlər tolerant davransalar, konflikt yaranmaz və yarandığı təqdirdə də tezliklə həll yolunu tapar. Çox vaxt yeni qurulan ailələrdə valideynlər öz müdaxilələrini “ailəyə dəstək” kimi başa düşürlər, bu da xoşagəlməz halların yaşanmasına səbəb olur. Ailə kiçik dövlətdir və bu dövləti idarəetmənin” məsuliyyətini məhz gənclər və onlara yaxın olan ailə qrupu daşımalıdır.

Nikah – kişi ilə qadın arasında cəmiyyət tərəfindən təsdiqlənən və onların bir-birinə və onların uşaqlarına nəzərən hüquq və vəzifələrini tənzimləyən münasibətlər formasıdır. Hüquqi baxımdan nikah – kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü, bərabərhüquqlu ittifaqıdır. Ölkəmizdə yalnız vətəndaşlıq aktlarının dövlət qeydiyyatı orqanlarında bağlanmış nikah etibarlı hesab olunur.

Məlumdur ki, möhkəm ailənin təməlinin qoyulmasının başlıca mənbələrindən biri də gənclərin bir-birini yaxından tanıması və gələcəkdə hansı ailə modelinə sahib olmalarını dərk etmələrindədir. Təəssüflər olsun ki, bir çox ailələr demək olar ki, kortəbii şəkildə qurulur. Nikah seçimi prosesi tarixən konkret prosesdir. O, cəmiyyətdə mövcud olan iqtisadi, sosial, sosial-mədəni şəraitdən və digər şərtlərdən asılıdır. Nikah seçimi prosesinin əsas xüsusiyyətləri onunla bağlıdır ki, müxtəlif mədəniyyətlərdə və tarixi inkişafın müxtəlif mərhələlərində istər mümkün seçim imkanı, istərsə də fərdi seçim azadlığının dərəcəsi müxtəlifdir. İnsan bu mərhələyə qanunla müəyyən edilən yetkinliyə çatdıqda daxil olur. Ailədaxili konfliktlərdən qaçınmaq  üçün  ilk olaraq  tərəflərin  bir-birinin xarakterini tanıması üçün zaman lazımdır.

Bundan başqa güzəşt etmək, mübahisə olarsa uzunçuluq etməmək, qarşı tərəfi sərt şəkildə ittiham etməmək və qərar verilərkən qarşı tərəfin də fikirləri ilə hesablaşmaq lazımdır. Ərlə arvad arasında qarşılıqlı anlaşma və hörmət  nə qədər çox olarsa, ailə də bir o qədər də möhkəm olar. Tədqiqatlar göstərir ki, kürəkən (gəlin) daimi olaraq həyat yoldaşının valideynləri tərəfindən məzəmmət edildikdə bu həm şəxsiyyətdaxili, həm də şəxsiyyətlərarası konfliktlərə səbəb olur.

Ailə qurarkən çox zaman gənclərin gözləntiləri çox fərqli, lakin reallıqda yaşadıqları tamamilə fərqli  olur. Bu baxımdan tərəflər öncədən qarşılıqlı istəkləri barədə ətraflı danışmalı, bir-birlərinin  istəklərinə uyğun olaraq davranmağı öyrənməlidirlər.

Ailədaxili münasibətlərdə ən böyük çatışmazlıq gənclərin nəinki qarşı tərəfi, hətta özlərini belə yaxşı tanımaması, öz xarakterlərinə dərindən bələd olmaması, vahid həyat prinsiplərinin və konkret, fərdi istəklərinin olmamasındadır. Məlum məsələdir ki, özünə bələd olmayan insan qarşısındakı insanı da tanımaq iqtidarında deyildir. Təbii ki, bu tip insan ailə qurarkən də  seçimində yanılacaqdır. Bu da gələcəkdə ailədə ciddi problemlərin yaranmasına və münasibətlərdə bir “natamamlıq” hissi yaşanmasına səbəb olacaqdır. Vəziyyətin bu cür olması ilə bərabər  kənar  amillərin  təsiri  ailə üçün  ən böyük   dağıdıcı   səbəbdir.  Ailədə  gənclər  bir-birinə eləcə də yaxın qohumlara uyğunlaşmalıdır. Çox  zaman  ailəyə edilən  kənar müdaxilələr ərla arvadın qarşılıqlı münasibətlərini daha da gərginləşdirir. Gənc  ailəyə  imkan  yaratmaq lazımdır  ki, bir-birilərinə uyğunlaşsınlar. Ailə idarəçiliyini, yaranan çətinliklərin  həlli yolunu  müstəqil olaraq öyrənsinlər..

Ailəyə dağıdıcı təsir göstərən səbəblərin araşdırılması, kənar müdaxilələrin korreksiya edilməsi yollarının aşkar edilməsi, sağlam ailə mühitli və problemli ailələrin müqayisə edilməsi; ailədə şəxsiyyətlərarası münasibətlərdəki gərginliyin aradan qaldırılması və sağlam ailə mühitinin yaradılması  vacib məsələdir.  Ailə bütövlüyünü qorunması üçün aşağıdakıları tövsiyyə etmək olar: 

– hər iki tərəf evdə olan heç bir şeyi (ana, ata) olsa belə heç kimə danışmamalı; 

– ailəsinə  kənar müdaxilənin  olmasına qəti şəkildə izn verilməməli;

– ailənin ehtiyaclarının ödənilməli;

– eyni zamanda digər yaxınlar da bu prinsipə ciddi olaraq əməl etməlidirlər.

Beləliklə, sağlam ailənin qurulması həm sağlam övladın, həm də sağlam vətəndaşın yetişdirilməsi deməkdir. Odur ki, ailə qurmaq yalnız fərdi məsələ deyil, o həm də sosial məsuliyyətdir.

ƏDƏBİYYAT :

  1. Əlizadə Ə.Ə. Məhəbbət aləmi. Bakı: 1995, 263s.
  2. Əlizadə Ə.Ə., A.N.Abbasov. Ailə. Bakı: 1989
  3. Nevzat Tarhan. Son sığınak aile. İstanbul: Nesil yayınları, 2015

Müəllif :

AMEA – nın  Fəlsəfə İnstitutunun dissertantı Zeynəb Həcəmova

Son məqalələr

Online Qeydiyyat