TƏLİM PROSESİNİN OPTİMALLAŞDIRILMASI YOLLARI VƏ MÜASİR DƏRS

Acar sözlər: müasir dərs, yeni pedaqoji təfəkkür, şagird,müəllim

Dərs situasiyası psixopedaqoji vəziyyətin məcmusu olub təlim prosesinin tərkib hissəsi hesab olunur.

Dərs zamanı yaranan istənilən situasiya birbaşa inkişafın sosial situasiyasına çevrilir. L.S.Vıqotskinin qeyd etdiyi kimi, məsələ ondan ibarətdir ki, uşağın yaşıdlarının və onun sinifdə davranış və rəftarına verilən qiymətin fərqinə varması dərs prosesini sosial situasiyaya çevirir.

Yeni pedaqoji təfəkkürün inkişafında şərti surətdə “3” mərhələni fərqləndirmək olar.

I mərhələdə ənənəvi didaktik sistemdə elmi tənqidi axarda dərsin optimallaşdırılması başlıca psixoloji və pedaqoji problem kimi xüsusi əhəmiyyət kəsb edir. Ənənəvi dərsin alternativ kimi müasir dərs anlamı da bu mərhələdə yaranmışdır. Elmi-texniki tərəqqinin inkişafı ilə bağlı həyatımızın müxtəlif sahələrinə məlumatların durmadan artdığı müasir dövrdə dərsə daha yüksək tələblər verilir. Ənənəvi pedaqoji sistemdə yeni pedaqoji təfəkkür arasında gedən əsas mübarizə də elə dərs məkanında gedirdi.

60-cı illərin II yarısında artıq ənənəvi dərsdən danışılırdı və onun alternativi kimi müasir dərs anlamı da formalaşmışdı. 1970-ci ildə Mehdi Mehdizadənin “Müasir dərs” haqqında məşhur məruzəsi cazibə qüvvəsi bu mənada önəmli idi. Müasir dərs hər şeydən əvvəl məktəbə verilən ictimai tələbləri özündə əks etdirməlidir.  İlk növbədə sinif-dərs məkanında şagirdlərin fəallığını fərqləndirən əsas amillərdən biri də onların diqqətinin təşkil olunmasından ibarətdir. Müasir dərs təkcə özünün elmi-nəzəri səviyyəsinə görə deyil, həm də pedaqoji konsepsiyasına, yeni pedaqoji təfəkkür ölçüləri ilə qurulmasına görə müasir olur.

Müasir dərsin mühüm tələblərindən biri də onun inkişafetdirici və tərbiyəedici təlim prinsipləri əsasında qurulmasından ibarətdir. Yeni pedaqoji təfəkkür də məhz bu problemləri əsas tuturdu. Şəxsiyyətin formalaşmasının sirləri də məhz bu prinsiplərin təsiri səviyyəsində axtarılırdı və professor Ə.Əlizadənin sözü ilə desək: “Arximed lingi kimi böyük əhəmiyyət daşıyırdı”.

Müasir dərs elə təşkil olunmalıdır ki, şagirdlər fikirləşə bilsinlər. Bu isə o zaman baş verir ki, dərsdə problemli situasiya yaransın. Çünki dərsdə problem situasiya yaranmasının uşaqların fəallığı üçün zəruri olduğu qeydə alınmışdır. Bu zaman şagirdlər müəyyən çətinliklərlə qarşılaşır; həmin çətinliklərdən çıxmaq, problemi həll etmək üçün özünün imkanlarının zəif olduğunu biləndə yollar axtarmağa, təfəkkürünü işə salmağa başlayırdı. Müəllimin sinif-dərs məkanında yaratdığı problem situasiyanın 4 tipi qeyd olunur.

I tip – problem situasiya o zaman əmələ gəlir ki, sinif-dərs məkanında şagirdin təlim fəaliyyəti ilə bağlı bilik, bacarıq və vərdişlərinin lazımi səviyyədə olduğunu şagird hiss edir və onda idrak maraqlarına və yeni biliklər axtarmağa meyl oyanır.

II tip – problem situasiya o vaxt yaranır ki, məsələnin həqiqi həlli ilə şagirdin özünün məsələ həlli zamanı seçdiyi misal arasında uyğunsuzluq yaranır.

III tip – tapşırıqla bağlıdır.

IV tip – bu mürəkkəb problemdir. Bu şagirdin elmi potensialı ilə bağlıdır. Şagird qarşıya qoyulmuş məqsədə çatmağın, məsələn, məsələ həllinin yollarını bilmir, əvvəl qazandığı biliklər yeni materialı ümumiləşdirməyə kifayət etmir. Bu tiplərin təfəkkür üçün böyük əhəmiyyəti vardır. Şübhəsiz ki, müəllimin biliyi və bacarığı burada mühüm rol oynayır. Müəllim şagirdlərdə öyrəndiklərinə qarşı idrak marağı yaratdıqda şagirdlərin öyrəndiklərini yadda saxlamaları da səmərəli olur. Müəllim dərs zamanı şagirdin diqqətini səfərbər etməlidir. Digər tərəfdən müəllimin öyrətdiyi materialları həyatla əlaqələndirilməsi də yadda saxlamanın səmərəliliyinə təsir edən şərtlərdəndir.

Berilovanın konsepsiyasından bir ideyanı nəzərimizə salaq: “Bu müasir məktəbin sosial-psixoloji problemlərin müəllimin pedaqoji bacarıq və vərdişləri, qabiliyyəti, əməkdaşlıq pedaqogikası, demokratik dəyərlər daxildir”. Professor Ə.Əlizadənin fikrincə desək, məktəbə “Piqmalion” effektini tətbiq etmək lazımdır. Piqmalion – əfsanəvi heykəltaraşdır. O, yaratdığı qadın heykəlinə aşiq olmuşdur. Bu kökdə Piqmalion öz yaradıcılığına aşiq olmuş insan obrazı kimi rəmzi məna kəsb etmiş və tarixə düşmüşdür. Odur ki, müəllim də dərs dediyi, tərbiyə verdiyi uşağı sevməli və özünü ona sevdirməlidir. Qeyd etdiklərimizdən belə nəticəyə gəlmək olar ki, müasir dərsin səmərəli olması üçün görkəmli psiqoloqların ideyaları önəmlidir.

ƏDƏBİYYAT :

  1. Əliyev B., Cabbarov R. Təhsildə şəxsiyyət problemi. Bakı: Təhsil, 2008, 134 s.
  2. Əlizadə Ə.Ə. Müasir Azərbaycan məktəbinin psixoloji problemləri. Bakı: Ozan, 1998, 368 s.
  3. Əlizadə Ə.Ə. Yeni pedaqoji təfəkkür: ideyalar, prinsiplər, problemlər. Psixopedaqoji araşdırmalar. Bakı: Adiloğlu, 2001, 162 s.
  4. Темов Д.Ж. Психология. M.: Мир, 1998

Müəllif :

Psixologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Pedoqoji Universitetinin Ümumi psixologiya kafedrasının baş müəllimi Çimnaz Verdiyeva

Online Qeydiyyat