Açar sözlər: uşaqlara qarşı zorakılıq, uşaq istismarı, uşaqlara qarşı pis münasibət, zorakılığın növləri, risk qrupları
Cəmiyyətimizin normal inkişafını formalaşdırmaq üçün uşaqların həm fiziki və həm də psixi inkişafına nail olmaq lazımdır. Uşaqlara qarşı törədilən zorakılıq hərəkətləri onların normal inkişafına mane olan amillərdəndir.Uşaq zorakılığı zamanı bunun nə səbəbə yaranmasını, uşaqlara qarşı hansı neqativ davranışların göstərilməsini və bunun nəticəsində yaranan travmanı müəyyənləşdirmək vacibdir. Uşaqlara qarşı zorakılığın tərkibinə uşaq istismarını, onlara laqeyd münasibətin və şiddətin göstərilməsini, onlarla pis rəftar edilməsini aid etmək olar. İlk dəfə 1962-ci ildə Amerikada dərc olunan “Amerika Tibb Asossiasiyası” jurnalında uşaq psixiatrı Henry Kempe tərəfindən “xəsarət almış uşaq sindromu” termini işlədildi. Sonradan bu termin “uşaq istismarı” termini olaraq qəbul edildi. Uşaqlara qarşı edilən zorakılığın aşağıdakı növləri vardır:
-Fiziki zorakılıq: Fiziki güc və ya müəyyən üsullardan istifadə edərək, uşaqlara qarşı qəsdən vurulan zədələrdir. Fiziki zorakılıq zamanı uşaqlara məcburi dərman preparatlarının və bəzi kimyəvi maddələrin qəbul etdirilməsi, uşaqların bədənlərinin müəyyən hissələrini yandırma və s. kimi hallarına rast gəlinir. Aparılan araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, yanıq xəsarəti alan uşaqların 10 % ailə daxili zorakılığa məruz qalmışdır.
-Emosional zorakılıq: Uşaqların əsasən ailələri tərəfindən daim tənqid olunması, onlara qarşı alçaldıcı münasibət göstərilməsi, uşağın bütün hərəkətlərinə nəzarət, başqa insanlarla olan münasibətinə müdaxilə edilməsi şəklində özünü göstərir. Emosional zorakılığa məruz qalmış uşaqlarda tez-tez evdən qaçmalar, gərgin olmaq, başqaları ilə münasibətdə aqressivlik özünü göstərir.
-Cinsi zorakılıq: Uşağın razılığı olmadan, onların yetkin şəxslər tərəfindəncinsi hərəkətlərə cəlb edilməsidir. Bu zaman uşaqlardan ətrafdakılara qarşı düşmənçilik hissi yaranır, ətrafdakı insanlarla çox münasibət qurmaq istəmirlər.
-Uşaqlara etinasız münasibət: Uşaqların əsasən valideynləri tərəfindən sağlamlıqlarına, onların qidalanma rejimlərinə, təhsil məsələlərinə laqeyd münasibət şəklində özünü göstərir. Qəza nəticəsində zədə almış, hər hansı xəstəlik nəticəsində qayğıya ehtiyacı olan uşaqlara qarşı etinasızlığın göstərilməsini, buna nümunə kimi qeyd etmək olar.
Fiziki və cinsi istismar əsasən tək valideyn olan ailələrdə, boşanmış və yaxud valideynləri başqa ailə həyatı quran uşaqların həyatlarında, emosional istismar isə əsasən valideyn qayğısı çox görməyən uşaqlarda olur. Uşaqlara qarşı pis münasibətin formalaşmasında sosial faktorlar içərisində ailə daha mühüm əhəmiyyət kəsb edir. Aparılan araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki,95 % uşaqlara qarşı zorakılıq halları ailələri tərəfindən törədilir. Bəzən valideynlərin özlərinin uşaq yaşlarında bucür davranışa məruz qalması onların gələcək həyatlarında öz övladlarına qarşı bucür şiddəti əks etdirən davranışı formalaşdırır.Valideynlərin alkoqol və narkotik maddə istifadə etməsi, onlarda psixiatrik xəstəliklərin olması, bəzən uşaqlarına qarşı emosional və fiziki zorakılıq göstərməsinə gətirib çıxara bilir [2].
Meltzer tərəfindən 2001-2003 aparılan araşdırmalara görə müəyyən olunmuşdurki, valideynləri tərəfindən düzgün şəkildə qayğı göstərilməyən və diqqət edilməyən uşaqlarda emosional və davranış problemləri daha çox özünü göstərir. Uşaqların sağlamlıqlarına əhəmiyyət verilməməsi və onlara qarşı daha kiçik yaşlardan başlayır.Uşaqlara qarşı pis rəftarın göstərilməsi onların davranışlarında, emosional sferasında müəyyən dəyişikliyə gətirib çıxarır. Müxtəlif yaş dövrləri üçün zorakılığa məruz qalmış uşaqlarda yaranan xüsusiyyətləri aşağıdakı kimi qeyd etmək olar[3]:
– Körpəlik: Bu zaman passivlik, bəzən süstlük müşahidə olunur. Göz əlaqəsi qurmaq istəmirlər. Başqalarının onları çağırmalarına çox reaksiya vermirlər. Bu cür neqativ münasibət onların oyun prosesinə də təsir göstərir. Artıq əşyalarla nə isə düzəltmək onlar üçün maraq kəsb etmir. Bu dövrdə uşaqların tibbi müayinələrini düzgün şəkildə yerinə yetirilməməsi onlarda xəstəliklərin yaranmasına gətirib çıxarır, bəzi hallarda artıq bu xəstəliyin kəskinləşməsi nəticəsində xroniki formaya çevrilir. Onlara qarşı edilən fiziki şiddət nəticəsində onlarda zəif əzələ inkişafı və bunun nəticəsində öz hərəkətlərinə nəzarət edə bilməmək yaranır.
– Məktəbəqədər yaş dövrü: Bu dövrdə uşaqlara valideynləri tərəfindən etinasız münasibətin göstərilməsi, düzgün tibbi müalicələr qəbul etmədiklərinə görə bəzi xəstəliklər yaranır. Bu uşaqlarda qorxu, başqa insanlara qarşı etibarsızlıq yaranır. Nitq inkişafında geriləmələr, öz fikirlərini izah etməkdə çətinliklərvə həmçinin başqaları ilə qurduqları münasibətdə aqressivlik müşahidə olunur.
– Kiçik məktəbli dövrü: Bu uşaqlarda böyüklərə qarşı şübhə hissi yaranır. Hər hansı ehtiyacları olduqda bunu onlarla bölüşmək istəmirlər. Diqqətlərini cəmləşdirməkdə problem yaşadıqlarından, dərs zamanı verilən tapşırığın həllində çətinlik çəkirlər və bu da onların akademik göstəricilərinin aşağı düşməsinə səbəb olur. Bu uşaqlarda narahatlıq, aqressivlik, stress halları müşahidə olunur.
– Yeniyetməlik dövrü: Bu zaman yeniyetmələrdə davranış problemləri, həyəcan-təşviş, depressiya müşahidə edilir. Gələcək həyatları haqqında çox fikirləşmirlər, nəyisə yeni bir işə başlamaqdan qorxurlar, çünki uğursuzluq əldə edəcəklərini fikirləşirlər. Qrup daxilində formalaşmış normalara etinasız münasibət göstərirlər. Runyon və Keni qeyd edirdilər ki, uşaqlara və böyüklərə qarşı pis rəftarın, istismarın müxtəlif yolları vardır. Bütün bunlar görə yaranan nəticələr onların həyatlarını təhlükəyə atan əsas şərtlərdəndir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən uşaq zorakılığına görə risk qrupları aşağıdakı kimi qeyd edilmişdir [1]:
– Xüsusi yaş dövründə olan uşaqlar (əsasən 4 yaşınadək olan uşaqlar və yeniyetmələr),
– Vaxtından əvvəl anadan olan, hiperaktiv və impulsiv davranışlı olan uşaqlar
– Arzuolunmayan və valideynlərinin etimadını doğrultmayan uşaqlar
– Xüsusi qayğıya ehtiyacı olan uşaqlar (fiziki və psixi qüsurlu uşaqlar).
Ölkəmizdə uşaq zorakılığın qarşısının qarşısının alınması üçün bır sıra tədbirlər həyata keçirilir. Azərbaycan Respublikası Uşaq Hüquqları haqqında qanunda uşaqların bir sıra hüquqları sadalanmış, onlara qarşı baxımsızlığın və hüquq pozuntuların profilaktikası dövlət qanunvericiliyinə uyğun şəkildə həyata keçirildiyi qeyd edilmişdir. Zorakılığa məruz qalmış uşaqlarla aparılan işlər zamanı müxtəlif sahə mütəxəssisləri birgə fəaliyyət göstərməlidirlər. Uşaqlara aparılan tibbi müayinənin nəticələrinə xüsusi önəm verilir. Onlarla ilkin olaraq söhbət aparılmalıdır. Aparılan söbhət nəticəsində ona özünü rahat hiss edə biləcəyi, danışdığı insana qarşı inam yaradan bir mühit formalaşdırılmalıdır. Uşaqlarla müxtəlif terapiya metodları keçirmək olar. Zorakılığa məruz qalmış uşaqlarda qorxu, narahatlıq, ətrafdakı insanlara qarşı şübhə, depressiya, intihar fikirləri, ünsiyyət çətinlikləri özünü göstərir. Bütün bunları onların çəkdikləri şəkillərdədə müşahidə etmək olar. Uşaqlarla aparılan reabilitasiya tədbirləri zamanı təcili psixoloji yardım, psixo-pedaqoji yardım məsələlərinə xüsusi önəm verilməlidir.
ƏDƏBİYYAT :
1. Ş.İsmayılova, G.Həsənova, S.Babazadə, A.Balayeva, K.Ağayeva. Uşaq və yeniyetmələrə yönəlmiş zorakılıq hərəkətlərinin qarşısının alınması. Metodik vəsait. Bakı: 2017, 60 s.
2. David Skuse, Helen Bruce, Linda Dowdney and David Mrazen. Child psychology and psychiatry. Wiley-Blackwell. UK. 2011, 319 p.
3. www.safeguardingpeterborough.org.uk
Müəllif :
BDU-nun Psixologiya kafedrasının müəllimi Şəbnəm Əlizadə