Müasir şəraitdə yeniyetmələrdə milli xarakterin formalaşmasına təsir edən sosial-psixoloji amillər

Açar sözləri: #yeniyetməlik, #milli#xarakter, #KİV, #qloballaşma

Milli xarakterin formalaşmasının sosial-psixoloji məsələlərinə nəzər saldıqda psixi cəhətdən sağlam cəmiyyətin qurulmasının xalq üçün nə qədər vacib bir məsələ olduğunu görə bilirik.Yeniyetmənin milli xarakterinin formalaşmasına təsir edən əsas amillərdən biri ailədir. Valideynlər və yaşlılar onlara cinsindən asılı olaraq qadın və ya kişi rolunu öyrədirlər. Müşahidələr göstərir ki, milli adət – ənənələri dərindən bilən, ailə tərbiyəsində ona istinad edən ailələrdə böyüyən oğlan və qızlar da öz xalqının xüsusiyyətlərini daha yaxşı mənimsəyər. Böyüdükdə isə bu ənənələri həm bəyənir həm də fəaliyyət və davranışlarında onlara əməl edərlər.

Ailədən sonra xarakterin formalaşması üçün ən əlverişli mühit məktəbdir. Məktəb uşağın sosial aləmə açılan ilk qapısıdır. O, uşağın şəxsiyyətini, xarakterini formalaşdıran çox vacib qurumdur. Yeniyetmələr ailədən fərqli olaraq məktəbdə öz milli xarakter əlamətlərini göstərməyə çalışır. Bu da məktəb mühitində milli ruhun yüksək olmasına təsir göstərir. Məktəbdə ilk dəfə olaraq ictimai rəylə qarşılaşırlar. Buna görə də onlar müsbət rəy almaq və cəmiyyətə uyğunlaşmaq üçün cəmiyyətin, xalqın ümumi milli xarakter əlamətlərini ön plana çəkir və cəmiyyətin qəbul etdiyi milli xarakter keyfiyyətlərini öz şəxsiyyətlərində daha da qabardırlar. Məktəblərin gənc nəsil üzərində bu təsirini nəzərə alaraq orada milli ruhun yüksək tutulması üçün bir sıra tədbirlər görülməlidir. Məktəb yeniyetmələrdə kök salmağa başlayan müsbət xarakter əlamətlərini möhkəmləndirməli, mənfi keyfiyyətləri isə yox etməli olur. Bu, xarakter əlamətlərinin tərbiyə olunmasında məktəbin üzərinə düşən çox ciddi və mürəkkəb vəzifənin əhəmiyyətinin aydın göstəricisidir.

Dərsliklər, xüsusilə ədəbiyyat dərslikləri milli xüsusiyyətlərin tərbiyə olunması istiqamətində tərtib olunmalıdır. Tarixi məkanlara tez-tez ekskursiyalar, şagirdlərin iştirakı ilə milli personajlarımızın iştirak etdiyi tamaşaların oynanılması, müəllimlərin milli ruhda apardığı söhbətlər yeniyetmələrdə milli xarakterin formalaşmasına müsbət təsirini göstərir.

Yeniyetmələrin milli xarakterinin formalaşmasında məktəb müəllimlərinin də xarakter əlamətlərinin rolu böyükdür. Məhz bunları nəzərə alaraq müəllimin milli xarakter xüsusiyyətləri yüksək səviyyədə olmalı, hər bir davranışını, sözünü nəzərə almalı, öz nümunəsində onlara tərbiyə verdiyini unutmamalıdır. Ancaq Azərbaycan məktəblərində son vaxtlar kişi müəllimlərinin sayca azlığı şagirdlərin milli xarakter əlamətlərinin birtərəfli formalaşmasına səbəb olur. Bunun mənfi nəticələrini oğlanların davranışında sezmək olur. Aparılan tədqiqatlar nəticəsində əsgərlik yaşına çatan gənclərdə milli kişi xarakter əlamətlərinin zəif olduğu aşkarlanmışdır. Bunun qarşısını almaq üçün əsaslı tədbirlər görmək lazımdır və bu sahədə qadın müəllimlərinin üzərinə böyük məsuliyyət düşür. Bu yaş dövründə ailə də xüsusilə diqqətli olmalı, yeniyetmələrin davranışlarını daim nəzarətdə saxlamalıdır. Məktəb mühiti qızlar və oğlanların bir yerdə təhsil alması, qarşılıqlı ünsiyyət qurması, cins, rol milli xüsusiyyətlərini mənimsəməsi baxımından çox əhəmiyyətlidir. Məktəbə nəzarət çox mühüm məsələlərdən biridir. Məktəb mühiti uşaqların milli xarakter əlamətlərini əsaslı şəkildə dəyişə bilər. Məsələn, Azərbaycan məktəblərinin azərbaycan və rus bölmələrində təhsil alan uşaqlar fərqli xarakter əlamətlərinə malikdirlər. Doğrudur, onların bir qisminin valideynləri rusdur, amma digər qalanı ənənəvi Azərbaycan ailələrinin uşaqlarıdır. Eyni ənənəvi ailədə, eyni dövlətdə yaşamaqlarına və eyni millətə mənsub olmalarına baxmayaraq sosial-psixoloji iqlimin fərqli olması, təlim prosesinin milli əsaslarla deyil, daha çox rus psixologiyası əsasında qurulması və s. bu kimi amillər yeniyetmələrdə milli xarakter əlamətlərinin zəif inkişaf etməsinə səbəb olur. Müasir qloballaşma dövründə gedən ictimai-siyasi, elmi-mədəni, sosial-iqtisadi, mənəvi-psixoloji proseslər, xüsusilə mədəniyyətlərin bir-birinə inteqrasiyası yeniyetmələrin ictimai-siyasi münasibətlərinə, eləcə də onların özləri haqqında təsəvvürlərinin formalaşmasına mənfi və müsbət təsir göstərir. Ən təhlükəli hal odur ki, yeni yaranan dəyərlər milli dəyərlərin qorunub saxlanmasına zərbə vurur. Yeniyetmələrin milli özünüdərkində ziddiyyətlər yaradır. Qloballaşma hazırda qarşısı alınmaz bir prosesə çevrilmişdir.

Əvvəla, onu qeyd edək ki, inteqrasiya qaçılmaz, qarşısıalınmaz bir prosesdir. Təbii ki bu proses həm təhlükəlidir, həm də müsbət cəhətləri var. Təhlükəlidir ona görə ki, milli özünəməxsusluqlar sıradan çıxır. Müsbət cəhəti dünya xalqlarının bir-birinə yaxınlaşmasıdır. Amma bu yaxınlaşma düzgün başa düşülməzsə, yenə milli yöndən ziyan gətirər. Yəni, şüurlarda aşınma manqurtlaşma, mənəviyyatlarda aşınma öz kökündən ikrah, adət-ənənələrdən uzaqlaşıb simasızlaşma, məişətdə aşınma, cəmiyyətdə, ailədaxili ünsiyyətdə, geyim mədəniyyətində, milli mətbəxin süqutunda, milli musiqinin savadsız şoular yolu ilə əriyib getməsində, ana dilinə qarşı hörmətsizlikdə, ədəbiyyat və incəsənətdə vulqar azadlıqda və s. digər kəsişən xətlərdə özünü göstərir. Necə deyərlər: “Əvvəl evin içi, sonra çölü”, yəni əvvəl millilik, sonra bəşərilik. Milliliyin bir kənara qoyulub bəşəriliyin ardınca qaçıldığı şəraitdə milli sima itir.

Müəyyən olunmuşdur ki, yeniyetmələrə qloballaşmanın neqativ təsirləri daha çoxdur. Bu yaş dövründə onların dünyagörüşü, dəyərləri, sosial-əlaqələri hələ tam formalaşma mərhələsində olduğundan kənar təsirlərə daha çox məruz qalırlar. Təcrübələr göstərir ki, qloballaşma dövründə insanın psixoloji gərginlikləri əsasən onun etnik dəyərlərindən, milli kökdən uzaqlaşmaq məcburiyyətindən, qloballaşma zərurəti ilə üz-üzə qalmasından baş verir. Bu baxımdan dünyada gedən qloballaşma prosesinin insanın ruhi aləmində, davranış və təfəkküründə hansı problemləri yaratmasını təsəvvür etmək çətin deyildir.

Kütləvi informasiya internet şəbəkələri vasitəsi ilə çoxlu mənfi məlumatlar gəlir. Yeniyetmələri bu yad ünsürlərdən qorumaq bu gün valideynlərin, müəllimlərin və bütün ictimaiyyətin vəzifəsidir. Yeniyetmələrin psixi inkişafına, milli xarakterinə, təfəkkür tərzinə təsir edən amillərdən biri də kompüter və internetdir. Amerika psixoloqu S.C.Xarrisin maraqlı bir deyimi var: “Qorxulu orası deyil ki, vaxt gələcək, kompyuter insan kimi fikirləşəcək. Qorxulu olan odur ki, vaxt gələcək, insanlar kompyuter kimi düşünəcək”. Bu gün televiziyada bayağı, yeknəsək, yalnız çəkildiyi ölkənin milli mentalitetinə uyğun olan, Azərbaycan xalqının dünyagörüşü, əxlaqı, adət-ənənələri, dini inancları ilə bir araya sığmayan, açıq-saçıq səhnələrlə zəngin filmlər nümayiş etdirilir. Təəssüf hissi ilə qeyd etməliyik ki, bunlar yeniyetmələrin milli xarakterinin formalaşmasına mənfi təsir göstərən faktorlardır.Yeniyetmələr arasında, bütövlükdə cəmiyyətimizdə “avropalaşmaq” adı altında artıq çoxdan başlanan mənəvi tənəzzül medianın da diqqətini əsaslı şəkildə özünə çəkməlidir.

Bu gün media kütləyə təsir etmək gücünün fərqində olub, yeniyetmələrdə müsbət milli xarakterin formalaşmasına öz töhvəsini verməlidir. Məlumdur ki, KİV-dən istifadə zamanı yeniyetmələr ən çox internetə üstünlük verirlər. Məhz buna görə də internet saytları dövlət tərəfindən nəzarət altında olmalıdır. Mənəvi dəyərlərimizə zidd olan saytlara blok qoyulmalı və yenieymələrimizin dəyərlər sisteminə müsbət təsir edən, onları cəlb edən elmi, tərbiyəvi, müsbət əxlaqi dəyərlər formalaşdıran televiziya-radio verilişləri hazırlanmalı, qəzet və jurnallar buraxılmalıdır.

Bütün bunları nəzərə alaraq hazırki şəraitdə böyüməkdə olan gənc nəslin tərbiyəsinə daha ciddi yanaşmaq, onları milli kökün cazibəsində saxlayaraq reallıqlar zəminində dünya üçün yetişdirmək lazımdır ki, onlar vətəndən pərvazlanıb dünyanın fonunda öncə milli varlığımızı yüksəklərə qaldırsınlar. Yeniyetmələrdə milli kökə, milli şüura, əxlaqa, etnik milli şüura bağlılığın formalaşdırılması müasir şəraitdə millətin, məktəbin, ictimaiyyətin, pedaqoq və psixoloqların birinci vətəndaşlıq vəzifəsi olmalıdır.

ƏDƏBİYYAT :

1. Bayramov Ə.S. “Kitabi-Dədə Qorqud” dastanlarında etnik-psixoloji xüsusiyyətlərin inikası. Bakı: Nurlan, 2000, 148 s.

2. Əlizadə Ə.Ə. Azərbaycan etnopsixologiyasına giriş. Bakı: “Renessans” nəşriyyatı, 2003, 260 s.

3. Əliyev R.İ. Mentalitet. Bakı: “Elm və Təhsil” , 2009, 232 s.

Müəlliflər :

Azərbaycan Dövlət Pedaqoji Universitetinin doktorantı Pərvin Əliyeva

Son məqalələr

Online Qeydiyyat