F.Ə.İBRAHİMBƏYOVUN ŞƏXSİYYƏTİ VƏ YARADICILIQ YOLU

Açar sözlər: psixologiya tarixi, eksperimental psixologiya, bilinqvizm, dil hissi

Fuad  Əhməd oğlu İbrahimbəyov XX əsrdə yaşayıb-yaradan görkəmli Azərbaycanın psixoloqudur. 29 dekabr 1901 ci ildə Şamaxı şəhərində anadan olan böyük alim  ilk orta təhsilini  Şamaxıda Realnı məktəbdə – maarifpərvər ziyalı-şair Abbas Səhhətin  sinfində oxumuş, 1920-1925 ci illərdə Azərbaycan Dövlət Universitetinin tibb fakültəsində təhsil alaraq həkim ixtisasına yiyələnmişdir.

O, 1926 cı ildən V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunda pedaqoji fəaliyyətə başlamış, psixologiya məsələlərinə xüsusi diqqət yetirmiş və bu sahədə olan dünya təcrübəsilə yaxından maraqlanaraq, konkret işlər görmüşdür. Bu mənada bu gün Azərbaycan psixologiya tarixi üçün əhəmiyyətli olan  eksperimental psixologiya laboratoriyası onun təşəbbüsü və səyi ilə 1926 – cı ildə Bakı şəhərində açılmışdır. Bu tarixi hadisə və xidmət 1879-cu ildə Vilhelm Vundtun Almaniyanın Leypsih şəhərində, 1886-cı ildə isə V.M.Bexterev tərəfindən Rusiyanın Kazan şəhərində açılan məşhur eksperimental psixologiya laboratoriyalarını xatırladırdı. F.İbrahimbəyovun rəhbərlik etdiyi bu laboratoriyada apardığı  elmi-tədqiqat işləri psixologiyanın inkişafında özünəməxsus rol oynamışdır. Laboratoriyanın ilkin işlərindən biri istedadlılığın psixoloji əsaslarının öyrənilməsinə həsr edilmişdir. Laboratoriyada milli zəmin əsasında  hiperemosiyaların  hərəkət-ifadəli və intellektin tədqiqi ilə əlaqədar, əqli funksiyaların qeyri-verbal  yeni tədqiqat metodikaları işlənib hazırlanmışdır. F.İbrahimbəyovun laboratoriyada apardığı elmi işinin parlaq nəticəsi kimi, 1930-cu ildə İnsan davranışı üzrə I Ümumittifaq Qurultayında onun hazırladığı və təklif etdiyi   “Milli respublikalarda psixotexniki tədqiqatlar aparan işçilər üçün göstərişlər” rəsmi sənəd kimi qəbul edildi. 1931-ci ildə Leninqrad şəhərində keçirilmiş VII Beynəlxalq Psixotexniki Konfransda F.İbrahimbəyovun hazırladığı orjinal testin bəyənilərək qəbul edilməsi təkcə gənc psixoloqun deyil, bütövlükdə Azərbaycan psixologiyasının fərəhli uğuru idi.

 Böyük alim 1933-1935 ci illərdə Azərbaycan Tibb Unstitutunun Psixatriya kafedrasında assisent işləmiş, 1936-1939 cu illərdə isə psixatrik kömək şöbəsinə rəhbərlik etmişdir. Azərbaycan  SSR Xalq Təhsil Şöbəsinin  əmri ilə 1936 cı ildə  F.Ə.İbrahimbəyov psixologiya ixtisası üzrə psixologiya və pedaqoji elmlər namizədi elmi dərəcəsi və dosent elmi adına layiq görülmüşdür.

1938-1948 illərdə Azərbaycan Tibb Unstitutunun Psixatriya kafedrasının dosenti olmuşdur. 1939-1948 ci illərdə Psixiatrik Klinikada işləmişdir. Böyük Vətən müharibəsi illərində (1941-1945) eləcə də sonrakı illərdə 1948-ci ilə qədər Respublika Psixiatrik hərbi-həkim komissiyasının sədri olmuşdur.  O, həmçinin Stasionar Məhkəmə-Psixiatrik Ekspert Komissiyasının sədri, eyni zamanda Azərbaycan Səhiyyə Nazirliyinin baş psixiatrı vəzifəsində çalışmışdır.

SSRİ –nin bütün ərazisində olduğu kimi ölkəmizdə şəxsiyyətə pərəstiş illəri, repressiyalar başlamışdır. Bu yönümdən F.İbrahimbəyova qarşı əssasız ittihamlar  irəli sürülərək 1948 ci ildə Sibirə sürgün edilmiş, İ.V.Stalinin ölümündən sonra isə 1953–cü ildə bəraət qazanaraq həbsdən azad  edilərək doğma Vətəninə dönmüşdür.  

F.İbrahimbəyovun 50- ci illərinin ortalarından etibarən tədqiqat apardığı sahə bilinqvizm, rus dilinin tədrisi psixologiyası və şəxsiyyət psixologiyası məsələləri ilə bağlı olmuşdur.

F.İbrahimbəyovun maraqlı tədqiqatlarından biri “Dil hissi” haqqında olmuşdur. Bununla bağlı müəllif yazır: “Dil hissi”, təhsilindən asılı olmayaraq insanın doğma dilinə xas olan xüsusiyyətdir. Nitq inkişaf etdikcə və dil bilikləri mükəmməlləşdikcə “dil hissi” dərinləşir və idrakın müəyyən ali səviyyəsində ədəbi dil hissinə çevrilir. Şagirdin öyrəndiyi ikinci dil ilk əvvəllər hər hansı biliklərin cəmi kimi toplanır, doğma dilin müvafiq hallarına uyğun olaraq hissi çalarlar qazanır”. F.İbrahimbəyovun praktik psixologiya, məktəbə psixoloji xidmət məsələləri ilə də bağlı elmi-pedaqoji məzmunlu psixoloji tövsiyyələri olmuşdur. Belə ki, onun1930 cu ildə müəllimlərə və məktəbə praktiki olaraq psixoloji kömək məqəsi ilə hazırladığı “Məktəbə yeni daxil olan uşaqları səviyyəcə eyni qruplara ayırmaq üçün pedaqoqlar necə müayinə etməlidirlər” adlı məqaləsi azərbaycan dilində nəşr olunan “Kommunist  tərbiyəsi uğrunda” adlı  qəzetdə çap olunmuşdur.

1992-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda görkəmli azərbaycan psixoloqu, psixolinqvisti və psixiatrı F.Ə.İbrahimbəyovun xatirəsinə həsr olunmuş elmi praktik konfrans keçirilmişdir. F.Ə.İbrahimbəyovun  elmi yaradıcılığından bir neçə məqalə və şəxsiyyəti haqqında olan məqalələrin daxil olduğu  konfrans materialları, “F.İbrahimbəyov-90” adlı kitabçada nəşr olunmuşdur. F.Ə.İbrahimbəyov tərəfindən 80-ə yaxın elmi tədqiqat əsəri yazılmışdır. Onun əsərlərinə geniş şəkildə rast gəlmək olmur. F.İbrahimbəyovun elmi-tədqiqat işləri, əsərləri kitab şəklində ilk dəfə mərhumun son iş yeri olan  Azərbaycan Dillər Universitetinin Psixologiya kafedrası tərəfindən 2017 –ci ildə nəşr edilmişdir.

Ədəbiyyat

  1. İbrahimbəyov Fuad. Seçilmiş əsərləri və haqqındakı xatirələr. Bakı, 2017.512 s.
  2. F.Ə.İbrahimbəyov 90 il. Bakı, 134 s.

Bayramov Ə.S, Əlizadə Ə.Ə. Psixologiya, Bakı, 1989. 540 səh.

Müəllif : Azərbaycan  Dillər Universiteti, Psixologiya kafedrasının magistri Ayşən Məmmədova

Online Qeydiyyat