İstedadlı uşaqların təlimində praktik (məktəb) psixoloqu fəaliyyətinin xüsusiyyətləri

Açar sözlər: praktik psixologiya, praktik (məktəb) psixoloqu, istedadlı uşaq, istedadlı məktəbli, peşəseçimi.

Praktik psixologiya – elmi psixologiyanın təcrübəyə, əhali ilə işləməyə istiqamətlənən sahəsidir. Bu sahədə fəaliyyət göstərənlər: maarifləndirmə, əhaliyə psixoloji xidmət göstərmək, onlara psixologiya elminin məhsullarını (ədəbiyyat, konsultasiya, seminarlar, treninq və s.) çatdırmaqla məşğuldurlar. Bu baxımdan praktik psixologiya “təhsil + maarifləndirmə” kimi səciyyələnir.

Praktik psixologiyanın mövzusu fərdlərin psixi potensialı, fərdiyyəti, şəxsiyyəti, qabiliyyəti, intellekti, yaradıcı fəaliyyəti, kommunikativ-koqnitiv bacarıqları və s. inkişafına kömək edən psixoloji texnologiyaların səmərəli şəkildə tətbiqi ilə bağlıdır. Burada psixoloqla ona müraciət edən şəxs arasındakı münasıbətdən, bu münasibətlər zəminində istifadə edilən metod, vasitə və üsullardan söhbət gedir.

Praktik psixologiya psixoloq – mütəxəssisin fəaliyyətinin strategiya və taktikasını müəyyən edən iş prinsiplərinin və peşəkar quruluşunun özünəməxsus sistemidir. Onun tərkibində fərdi və qrup psixoterapiyası, ünsiyyət treninqi, ailədaxili münasibət, psixoloji məsləhətlər və məktəb psixoloji xidməti diqqəti xüsusi olaraq cəlb edir.

Məktəbdə psixoloji xidmət – təhsil subyektlərinin daxili potensialı, yaradıcı imkanları, özünüinkişaf və özünüdərketmə yollarını müəyyənləşdirməklə onların reallaşdırılmasına, aktuallaşdırılmasına yönəldilən səmərəli biliklər, vasitələr, metodlar və psixotexnikalar sistemidir.

Məktəbdə psixoloji xidmətin təşkili təhsil sisteminin inkişaf səviyyəsi ilə bağlı olub onun məqsəd və vəzifələri, funksiyaları, iş prinsipləri təhsilin məzmununa, təhsil subyektlərinin qarşılıqlı münasibətlərinin mədəni xüsusiyyətlərinə uyğun olaraq müəyyənləşir.

Məktəbdə psixoloji xidmət işi onun məqsəd və vəzifələrinə uyğun olaraq qurulur. Müasir şəraitdə məktəbdə psixoloji xidmətin başlıca məqsədi – uşaq, yeniyetmə və gənclərin psixoloji sağlamlığının qorumaqla onların təhsil müvəffəqiyyətinin artırılmasıdır.

Psixoloji sağlamlıq – ontogenezin bütün mərhələlərində normal, dinamik inkişafdır. “Psixoloji sağlamlıq” anlayışı 3 sahəni: tibb, psixologiya və sosiologiyanı əhatə edir. Məktəb psixoloqu şagirdlərin psixoloji sağlamlığını qorumaq üçün bu sahənin mütəxəssisləri ilə əlaqəli fəaliyyət göstərir.Şagirdlərin təhsil müvəffəqiyyətinin artırılması məsələsinə 3 istiqamətdə aparılan profilaktika, diaqnostika, konsultasiya, inkişafetdirici və korreksiya işi, konsiliumlar daxildir:problemli uşaqlarla iş: psixi inkişafda problemləri olan şagirdlərin təlim prosesinə adaptasiyasına, daxili potensialının reallaşdırılmasına və özünüdərketməsinə əlverişli şərait yaradılması;normal psixikaya, lakin dərketmə sahəsində, fəaliyyət və ünsiyyətində bir sıra çətinlikləri olan şagirdlərlə iş: onlarda öyrənmə və mənimsəmə bacarıqları, təhsil motivasiyası, dərketmə maraqları və koqnitiv qabiliyyətlərin inkişafına ləngidici təsir göstərən sosial-psixoloji və pedaqoji amillərin qarşısının alınması;istedadlı şagirdlərlə iş: istedadlı şagirdlərin həmyaşıdlar qrupunda, eləcə də məktəbdə üzləşdikləri mənəvi-psixoloji çətinliklərin qarşısının alınması, özünüreallaşdırma üçün onlara əlverişli mühitin yaradılması.

Praktik (məktəb) psixoloqu istedadlı uşaqların inkişafinın bütün mərhələlərində – məktəbəqədər, kiçikməktəbli, yeniyetməlik və erkən gənclik dövründə onlarla xüsusi dəstək olmalıdır. Təhsil müəssisələrində praktik psixoloq istedadlı uşaqların mənəvi və psixoloji inkişaflarl üçün qeyd etdiyimiz istiqamətlərdə iş aparmalıdır:şagirdin intellektual qabiliyyətlərinin inkişaf etdirilməsi;onda adekvat özünüdərkin formalaşdırılması;onun ətraf mühitə adaptasiyası, həmyaşıdları və böyüklərlə münasibətdə konstruktiv ünsiyyət formalarının mənimsənilməsi;onun təlim fəaliyyətinin düzgün planlaşdırılmasında müəllimlərə, valideynlərə və şagirdin özünə köməklik edilməsi;istedadlı uşaqların, onlarla işləyən müəllimlərin və onların valideynlərinin psixoloji təminatı ilə mütəmadi məşğul olmaq;məsuliyyətli yarışlara, sınaqlara, təqdimatlara və s. tədbirlərə hazırlıq ərəfəsində gərginliyin tənzimlənməsi, şagirdlərin bütün imkanlarının səfərbər olması üçün fəaliyyət göstərməli, uğursuz nəticədən sonra, zərurət yarandıqda, reabilitasiya tədbirlərini həyata keçitrməlidir;xüsusi proqramlarla məşğul olan istedadlıların təlim prosesinin tam nəzarətdə saxlamalı, istedadlıların təlimində tətbiq edilən təlim texnologiyalarının, innovativ və müxtəlif proqramlarının psixoloji monitorinqini, ekspertizasının aparmalıdır;istedadlı uşaqların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi üçün nəzərdə tutulan təlim mühitinin layihələndirilməsində və təşkilində iştirak etməlidir;istedadlı uşaqların təlimi ilə məşğul olan təhsil müəssisələrin tərbiyəçilərinin, müəllimlərinin və rəhbərlərinin psixoloji hazırlığında iştiraketməlidir.

Məktəbəqədər yaş dövründə istedadlı uşaqların ailədə inkişafı. İstedadlı uşaqların potensial yaradıcılıq imkanlarının stimullaşdırılması və inkişafı istiqamətində valideyn və tərbiyəçilərin zəruri psixoloji hazırlığının təmin edilməsi günün, müasir təlim – tərbiyə prosesinin aktual problemlərindəndir. Onun gerçəkləşdirilməsi üçün valideynlərə və digər tərbiyəçilərə (nənə, baba, dayə və s.) istedadlı uşaqlar barədə təlimat materiallarının hazırlanması, bu sahədə onların maarifləndirilməsi üçün mütəmadi olaraq KİV – də müvafiq materialların işıq üzü görməsini təşkil etmək edilməlidir.

Məktəbəqədər təhsil müəssisələrində istedadlı uşaqların inkişafı. Məktəbəqədər təhsil müəssisələrində bütün yaş qrupları üçün uşaqların yaradıcılıq potensialının qiymətləndirilməsi və musiqi, təsviri incəsənət, bədii və s. sahələrdə olan istedadların aşkarlanması üçün xüsusi metodikalar hazırlanmalıdır. İstedadlı uşaqların aşkarlanması və onlara psixoloji xidmətin göstərilməsi üçün məktəbəqədər təhsil müəssisələrinin psixoloji hazırlığının təmin edilməsi istiqamətində aparılan işlər sürətləndirilməlidir. Onun gerçəkləşdirilməsi üçün istedadlı uşaqların aşkarlanması və onlara psixoloji xidmətin göstərilməsinə dair tərbiyəçilər üçün ümumi xarekterli təlimatlar hazırlanmalıdır. Uşaqların tədqiqatçılıq fəallığının və həvəsinin inkişaf etdirilməsi üçün bu müəssisələr yaradıcı və inkişafetdirci oyunlar və digər xüsusi təlim vəsaitləri ilə təmin edilməlidirlər.

İbtidai siniflərdə istedadlı kiçik məktəblilərin inkişafı. İbtidai məktəbdə kiçik məktəbli istedadlı uşaqların inkişafını, onların xüsusi qabiliyyətlərinin, yaradıcılıq imkanlarının möhkəmləndirilməsini və inkişafını təmin edən xüsusi təlim proqramlarının hazırlanması; istedadlı kiçik məktəblilərin öz imkanlarını ifadə etmələrinə kömək edən metodların müəyyənləşdirilməsi; onların maraq dairələrinin mümkün qədər geniş çeşidinin təzahür etməsi və aktuallaşdırılmasına imkanın yaradılması; ailədə və məktəbdə kiçik məktəbli istedadlıların maraqlarının təmin olunmasının dəstəklənməsi; kiçik məktəbli istedadlılar üçün yaradıcılıq dərslərinin keçirilməsinin təmin olunması sahəsində fundamental və tətbiqi xarekterli işlər gücləndirilməlidir.

Pedaqoqlar və psixoloqlar üçün hər bir istedadlı uşaq, ayrı bir dünya olub, istedadının aşkar olunmasını və başa düşülməyi gözləyir. Bəzən valideynlər uşaqlarının qabiliyyətlərini və istedadını öyrənmək üçün bəzi intellektual testlərə, zeka testlərinə müraciət edirlər. Bu məqamda lazımdırsa mütəxəssis şəxslərdən kömək alınmalı, ancaq bu testlər də səhv paylarının ola biləcəyi istisna edilməməlidir. Burada əhəmiyyətli olan uşağın bir testdən alacağı xal deyil, istedadlı uşaqların hansı istiqamətdə istedadlarının olduğunun üzə çıxması və bunun daha da inkişaf etdirilməsidir. Bunun üçün də bəlkə də ən yaxşı yol uzun müddətli aparılan müşahidə və uşaqların bu müddət içərisində öz inkişaf istiqamətlərində üçün keyfiyyətli olaraq izlənməsidir.

İbtidai sinif müəllimlərinin istedadlı uşaqların aşkarlanması və onlara təlim -tərbiyə işinin təşkili barədə psixoloji hazırlıqlarının təmin edilməsi məktəbə qəbul mərhələsində uşaqların ibtidai təhsilə hazırlıq səviyyəsinin, yaradıcılıq imkanlarının, fərdi xüsusiyyətlərinin, xüsusi maraq və qabiliyyətlərinin müəyyənləşdirilməsi təhsilin çox vacib məsələsidir.

İstedadlı yeniyetmələrin inkişafı. Yeniyetmələr üçün “Yaradıcılığın psixologiyası” və “Yaradıcı şəxsin psixologiyası” mövzusunda fakültətiv məşğələlər təşkil edilməlidir. Yaradıcılıq təlim – tərbiyəsinin fərdi təlim proqramları üzrə məktəb, klub, kitabxana, muzey və s. müəssisələrin nəznindəki maraq dərnəklərində, cəmiyyətlərdə və s. təşkil edilməlidir. Şagirdlər zəruri hallarda psixoloji cəhətdən dəstəklənməlidir.İstedadlı yeniyetmələrin öz potensiallarını müxtəlif yaradıcılıq sahələrində ifadə etməsi və aktuallaşdırılması imkanının təmin edilməsi üçün istedadın inkişafının fərdi planının hazırlanması və peşəyönümü məsələsində kömək məqsədilə şagirdlərin təbiət fənləri, texniki fənlər, təsviri sənət, musiqi, bədii, humanitar və s. fəaliyyət sahələrində yaradıcılıq imkanlarının və peşə maraqları aşkarlanmalı və inkişaf etdirilməlidir.

İstedadlı gənclərin peşəseçimi ərəfəsində təlimi və inkişafına dair. Valideynlər, çox kiçik yaşlarından istedadlı uşaqlara gələcəkdə bu peşəni seçəçəksən, bu peşələr daha perspektivlidir kimi sözlər deyərək öz istədiyi peşəni istedadlı uşaqların şüuraltına yeritməməlidir. İnsan həyatının ən önəmli seçimlərindən biri olan peşə seçimi üçün müstəsna hallar olmaqla yanaşı, ümumiyyətlə ibtidai məktəb illərinin hələ bu barədə çox tez olduğu unudulmamalıdır. Ancaq ana atanın etməsi lazım olan, onu qabiliyyət və istedadını inkişaf etdirmək üçün lazımı imkanları təqdim etmək olmalıdır.

İstedadlı gənclərintəlim – tərbiyə prosesi müxtəlif fənlər üzrə dərinləşdirilmiş proqramlarla işləyən siniflərdə, dərnəklərdə, fakültətivlərdə təşkil edilməlidir. Yeniyetmələr üçün “Yaradıcılığın psixologiyası” və “Yaradıcı şəxsin psixologiyası”, “Yaradıcı şəxsiyyət”, “Elmi yaradıcılıq”, “Bədii yaradıcılıq”, “Texniki yaradıcılıq”, “Liderlik” və s. mövzuda fakültətivlər təmin edilməlidir.

Differensial və fərdiləşmiş təlim şəraitində yuxarı sinif şagirdlərinin yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi üçün müxtəlif nazirliklər, ali məktəblər, elmi tədqiqat institutları və s. müəssisələrin müxtəlif fənlər, texnika, ədəbiyyat, incəsənət və s. üzrə keçirdikləri müsabiqələrdə istedadlı uşaqlar müəyyənləşdirilməlidir. İstedadlı uşaqların orta ixtisas məktəblərində inkişafları xüsusi qabiliyyətlərinə, peşə maraqlarına, üstünlük təşkil edən təfəkkür növünə və fərdi xüsusiyyətlərinə uyğun şəkildə inkişaf etdirilməlidir. Bunun üçün istedadlı uşaqlar və onların fərdi xüsusiyyətləri, meyil və peşəkarlıq maraqları, yaradıcılıq fəaliyyəti, sərgi və müsabiqələrdə iştirakı əsasında müəyyənləşdirilməlidir. “Mənim sənətimdə yaradıcılıq” adlı xüsusi təlim kursları təşkil edilməlidir.İstedadlı gənclərin ali təhsildə inkişafına dair. İstedadlı tələbələrin ixtisas profili üzrə qabiliyyətlərinin inkişafı və aktuallaşdırılması üçün tədqiqat qruplarında, lahiyələrdə və müsabiqələrdə iştirak etməklə tədqiqatçılıq qabiliyyəti və vərdişləri inkişaf etdirilməlidir. Xüsusi elmi seminarlarda yaradıcılıq işlərinin nümayişi və kütləviləşməsi təmin edilməli, kafedra və laboratoriyalarda elmi rəhbərlərlə fərdi işlər aparılması imkanı təmin edilməlidir. Tələbələr Elmi məktəblərin fəaliyyətlərinə qoşulmalıdırlar.

ƏDƏBİYYAT :

1. Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu: Ümumtəhsil məktəblərində psixoloji xidmətin aktual problemləri. Bakı: “Masad” MMC 2016

2. Bəylərov E.B. İstedadlı uşaqlarla təlimin təşkili və məzmunu. “Şahin – MBˮ Bakı, 2016,

3. Əlizadə Ə.Ə. Müasir Azərbaycan məktəbinin psixoloji problemləri. Bakı: Pedaqogika, 2004, 432 s.

4. Əliyev B.H., Əliyeva K.R., Cabbarov R.V Pedaqoji psixologiya: Dərslik. Bakı: Təhsil, 2011.

5. Əliyev R.İ., Əliyeva G.B., Əliyev C.R. Praktik psixologiya məsələləri. Bakı: Elm və təhsil, 2011

6. Əmrahlı L.Ş Məktəb psixoloqu: Məktəb psixoloqu. Metodik vəsait. Bakı: Nurlan, 2014

7. Məmmədov İ.Ə Məktəb psixoloqunun məlumat kitabı: Dərslik. Bakı: Pedaqogika, 2003

8. Nuriyev S.Ş., İbrahimova D.R. Тəhsildə sosial-psixoloji хidmət: Dərs vəsаiti. Bakı: Elm və təhsil, 2016

Müəllif :

BDU-nun Sosial və Pedaqoji psixologiya kafedrasının müəllimi, məktəb psixoloqu Mətləb Bayramov

Online Qeydiyyat