Pentisiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial-psixoloji adaptasiyası

Açar sözlər: məhkum, sosial-psixoloji adaptasiya, islah tədbirləri, cəza- çəkmə müddəti, psixoloji treninq

Giriş

Məhkəmənin hökmü ilə təyin edilən cəza, bir tərəfdən cinayət törətmiş şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırır, digər tərəfdən, başqa şəxslərin hüquq və azadlıqlarını təmin edir. Klassik cəza hüququ doktorinində isə cəzanın 2 məqsədinin olduğu bildirilirdi: ümumi və xüsusi.Ümumi olaraq, şəxslərin cəzalandırılması onları cinayətdən çəkindirməli, xüsusi olaraq isə, cəza cəzalandırılmış şəxsin bir daha cinayət etməməsi üçün idi.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.1-ci maddəsində cəza anlayışı və 41.2-ci maddəsində onun məqsədi müəyyən edilmişdir:

  • «41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
  • 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər  tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir» [1, səh 83].

Maddələrdən də göründüyü kimi cəza cinayət əməlini törətmiş şəxsin dövlət tərəfindən olduqca sərt tənbehidir. Bu tənbehin mahiyyəti sosial ədaləti bərpa etməklə yanaşı, həm də cinayətkarı islah etməkdən, yeni cinayət əməlindən çəkindirməkdir.

Cəzasını başa vuran məhkumların heç də hamısı cəmiyyətə uyğunlaşa bilmir. Bu isə onun yenidən cinayət əməli törətməsi üçün şərait yaradır. Ona görə də şəxsin islahı tədbirləri həm də şəxsin cəmiyyətə adaptasiyaya hazırlığını özündə ehtiva etməlidir.

AFR-in konstitusiyasna görə: Məhkumun cəmiyyətə yenidən uyğunlaşması, onun təzədən cəmiyyətin bir hissəsi olması şəklində müəyyən edilir. Cəzaçəkməkdən azad edilmiş şəxslərin cəmiyyətə sosial adaptasiyası məsələsinə onların cəza çəkdikləri müddətində başlayaraq baxılmalıdır. Cəmiyyətdən təcrid olunma, müəssisədaxili monotonluq, müəssisə əməkdaşları tərəfindən davamlı olaraq məhkumların üzərində nəzarət, məhkumlarda qapalılıq hissi, həyəcanlılıq, narahatlıq formalaşdırır. Bəzən bu kimi hallar məhkum kollektivi arasında aqressivliyin artmasına gətirib çıxarır. Cəzaçəkmə müddəti artıqca artıq məhkumlarda həm keçmiş həyatlarına, həm də gələcək həyatlarına dair münasibətləri dəyişir. Onlarda həmçinin valideynlərinə, ətrafdakı insanlara və hadisələrə, özünə qarşı olan münasibətdə narahatlıq üstünlük təşkil edir.

Məhkumlar arasındakı münasibətlər, məhkumun penitensiar müəssisə daxilindəki rejim qaydalarına riayət etməsi, onun sosial statusu, törətdiyi cinayətə görə digər məhkumlar tərəfindən ona göstərilən münasibət, cəzaçəkmə müəssisəsinə adaptasiyası üçün araşdırılması vacib olan məsələlərdəndir. Bu cür münasibətlərin araşdırılmasında həmçinin məhkumun görüş zamanı ailəsinə olan münasibəti xüsusi əhəmiyyət kəsb edir. Ümumiyyətlə, cinayət törətmiş şəxslərin cəmiyyətdən təcrid olunması onların psixikasına güclü təsir göstərən amillərdəndir. Çünki ömürlərinin müəyyən hissəsini cəzaçəkmə müəssisəsində keçirməlidirlər. Buradakı şərait və ona uyğunlaşmaq bəzən uzun vaxt tələb edir. Cəzaçəkmə müəssisəsinin qayda-qanunlarına uyğunlaşmaq və gələcək həyata hazırlanmaq üçün müəyyən islahedici tədbirlərlə tanış olur. Məhkumluq müddəti ərzində onların emosional sferasında bir sıra dəyişiklik müşahidə olunur. Bu dəyişikliklər əsasən emosional-iradi, kommunikativ və özünəmünasibət sferasında daha çox büruzə verir. Məhkumlarda depressivlik, özünə qarşı qeyri-tənqidi münasibət, davranışlarında manipulyasiyanın üstünlüyü, təmkinliyin, introvertliyin zəifləməsi, problemli situasiyada kreativliyin zəifləməsi, ətrafdakılara qarşı münasibətdə həssaslığın zəifləməsi və s. keyfiyyətləri özünü büruzə verir.

Məhkumun islah edilməsi anlayışı ARCİM belə verilmişdir: 8.1-ci maddə «məhkumların islah edilməsi – onlarda qanuna itaətə həvəsləndirməyə, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır». ARCİM-nin 8.2 maddəsində isə məhkumların islah edilməsinin əsas vasitələri aşağıdakı kimi müəyyən edilmişdir:

«8.2.1. Cəzanın icrasının və çəkilməsinin müəyyən edilmiş qaydası;

  • Tərbiyə işi;
    • İctimai faydalı əmək;
    • Ümumi təhsil;
    • İlk peşə-ixtisas təhsili və peşə hazırlığı;
    • İctimai təsir» [5].

Bəzi ölkələrdə islahedici tədbirlər reabilitasiya proqramları çərçivəsində qeyd edilir. Bunlara bir sıra nümunələr vermək olar, məsələn: AFR-in cəza sisteminə görə, məhkumların reabilitasiyası onların yenidən cinayi davranışının azaldılması üçün aparılmalıdır. Həmçinin keçirilən reabilitasiya tədbirləri zamanı həmin şəxsin şəxsi keyfiyyətlərini, qabiliyyətlərini, münasibətlər sistemini, davranışını və başqa faktorları nəzərə almaq lazımdır.

Məhkumlara islahedici tədbirlər tətbiq olunarkən, ilkin olaraq, onlar haqqında məlumat toplanılmalıdır və törətdiyi cinayət, bu cinayətə görə məhkəmə tərəfindən müəyyənləşdirilən həbs müddəti, maraqları, şəxsi keyfiyyətləri və s. amillər nəzərə alınmalıdır. Bu zaman məhkumun törətdiyi cinayət əməlinin kriminal nəticəsinə də xüsusi əhəmiyyət verilməlidir. İslahedici tədbirləri həyata keçirərkən çalışmaq lazımdır ki, məhkumların hüquq və azadlıqlarına hörmətlə yanaşılsın. Belə olduğu tədqirdə məhkumların cəzası bitdikdən sonra cəmiyyətə adaptasiyası üçün yaxşı nəticə əldə etmək olar. Buna görə də, penitensiar müəssisənin  əməkdaşları məhkumlara münasibətdə bu kimi davranışları diqqət mərkəzində saxlamalıdırlar. Həmçinin məhkum kollektivi arasındakı münasibətlərə xüsusi önəm verilməlidir. Məhkumların statusu məsələsi onların əlaqə və münasibətlər sisteminə güclü təsir göstərən amillərdəndir. Müəssisə daxilində formalaşan məhkum submədəniyyəti onların statusunun müəyyən olunması üçün əsasdır. Burada onlar əsasən törətdikləri cinayət əməlinə görə müəyyən status əldə edirlər. Məhkumlarla aparılan islahedici tədbirlər zamanı məqsəd onların törətdikləri cinayəti onlara xatırlatmaq yox, onların bu cinayət qarşısında səmimi peşmançılıq hissini formalaşdırmaq və bundan sonrakı həyatında bu kimi addımlar atmasının qarşısının almasında ona yardımçı olmaqdır.

Dünya praktikasında məhkumlarla aparılan islah tədbirləri müxtəlif istiqamətlərdədir. UNODF (United Nation Office on Drugs and Crime) tərəfindən məhkumların islahedilməsi proqramı aşağıdakı kimi müəyyənləşdirilmişdir:

  1. Həbsxanalarda təhsil proqramlarının inkişafı.
  2. Həbsxanalarda peşə təlimləri proqramının inkişafı.
  3. Həbsxanlarda iş proqramlarının inkişafı [5].

1970-ci ilə qədər reabilitasiya sistemi amerika həbsxanalarında aparılan əsas siyasi istiqamət idi. Məhkumlara peşə bacarıqlarını inkişaf etdirmək və psixoloji problemlərini həll etmək, onları cəmiyyətə yenidən inteqrasiyası üçün həvəsləndirdi. Həbsxanalarda təhsil və peşə təlimləri məsələsinə xüsusi diqqət yetirilir. Hesab edilir ki, bütün bunlar məhkumun dünyagörüşünün formalaşmasında əsasdır. Təhsil, peşə təlimləri və iş imkanlarının inkişafı məhkumlar üçün mühüm reabilitasiya tədbiridir.

Təhsil səviyyəsinin artırılması çox önəmlidir. Müəyyən biliklərin öyrədilməsi məhkuma gələcək həyata daha inamlı olmağa kömək olur. Lakin bu məsələdə bəzi çətinliklər özünü göstərir. Əsas çətinlik kimi təhsil mədəniyyətinin məhkumlar tərəfindən necə qarşılanmasıdır. 1970-ci ildən artıq ABŞ-da məhkumların universitetdə təhsil almaqları üçün imkanlar yaradılmışdır.

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə əsasən də məhkumların ilk peşə ixtisas təhsili və peşə hazırlıqları qanunla nəzərdə tutulmuş qaydada həyata keçirilir. Bunların həyata keçirilməsi məhkumların islahı üçün əsasdır.

Yetkinlik yaşına çatmayanlara müəssisə daxilində fəaliyyət göstərən ümumtəhsil məktəbində təhsil alması üçün şərait yaradılır və bəzi həvəsləndirici tədbirlər tətbiq olunur. Burada əsas məqsəd onların gələcək həyata qarşı olan münasibətlərini dəyişdirmək və düzgün istiqamətdə formalaşdırmaqdır.

Həvəsləndirici tədbirlər yetkinlik yaşına çatmayan məhkumlar üçün çox vacibdir. Bu tədbirlər həm rejim qaydalarına münasibətdə və həm də məhkum kollektivindəki münasibətlərdə müsbət yöndə nəticələr verir. Burada həmçinin məhkumların müəyyən istehsalat fəaliyyət ilə məşğul olmalarına şərait yaradılır. İstehsalat fəaliyyəti nəticəsində müəyyən peşə qabiliyyətlərinə yiyələnməyə imkan əldə edilir və bu gələcək həyatında işlə təmin olunmaq məsələsinə böyük kömək olur.

Şəxs nə üçün cinayət sayılan davranış variantına üstünlük verir? İnsanlar bu və ya digər davranış aktı seçərkən, əsasən öz mənfəətlərinə üstünlük verirlər. Burada cəmiyyətin fərdi mənafe ilə ictimai mənafe, habelə dövlət mənafeyi arasında adətən uyuşmayan cəhətlər mövcud olur və bu açıq, yaxud da örtülü formada mübarizə doğurur. Məqsəd və mənafe birliyi nə qədər yüksək olarsa, bir o qədər insanların kriminal davranış aktına yol vermə ehtimalı azalır. [3]. Cəzaçəkməkdən azad edilmiş şəxslər cəmiyyətdə qarşılaşdıqları problemlər zamanı, bəziləri bunlara davam gətirir və öz həyatlarını artıq yenidən qurmağa davam edirlər. Bəziləri isə bunlara dözə bilmir və tək çarəni yenidən cinayət törətməkdə görürlər. Burada onların qarşılaşdıqları çətinliklər, xüsusilə də insanlara olan münasibətləri xüsusi maraq kəsb edir. İnsanlar tərəfindən onlara verilən dəyər, onlarla münasibət qurmaq istəməməkləri, məhkumluq damğası və s. kimi neqativ amillər həmin şəxslərdə ümidsizlik, dəyərsizlik hisslərini formalaşdırır. Onlar necə hərəkət etməkdə çətinlik çəkirlər. Ən əsası onların öz ailələri tərəfindən qəbul edilməmələri, yaxud soyuq şəkildə qarşılanmaqları onlarda ailə dəyərlərinə qarşı etinasızlıq formalaşdıra bilir. Şəxs sanki frusturasiya halına düşür, çünki onlar cəza müddəti ərzində bundan sonrakı həyatları haqqında qurduqları planlar realda qarşılaşdıqları vəziyyətlə təzad təşkil etdikdə, onlarda ümidsizlik hissi formalaşır. Cəzaçəkməkdən azad olunmuş şəxslərə qarşı cəmiyyətdə mövcud olan stiqma onlara qarşı etinasız münasibət göstərilməsi, ünsiyyət qurulmaması onlarda insanlara qarşı ədavət hissi formalaşdıra bilər. Bu münasibətlər onların iş tapmaq məsələsində çətinlik törədir və demək olar ki, onların yenidən cinayət törətməsinin əsas səbəblərindən biri kimi də göstərilə bilər.

Məhkumlara tətbiq olunan islah proqramlarına nümunə kimi WNTP (Work Net Training Programme) göstərmək olar. Bu proqramın əsas məqsədi, cəzaçəkməkdən azad olunmuş şəxslərin işəqəbul zamanı qarşılaşa biləcəkləri çətinliklər, onların qorxuları, mövcud bacarıqları, maraqları və işə həvəsinin formalaşdırılması üzərində işlər aparılması idi. Penitensiar müəssisələrdən cəza -çəkməkdən azadedilmiş şəxslərin sosial adaptasiyası haqqında Azərbaycan Respublikası qanununa əsasən, cəza-çəkməkdən azad olunmuş şəxslərin adaptasiyası üçün keçirilən tədbirlərə onların ilkin olaraq qeydiyyat alınması, sosial adaptasiya mərkəzlərinin yaradılması, həmin şəxslərin peşə hazırlığının, onların müəyyən işlə təmin olunması, təhsil almaqları üçün uyğun şəraitin yaradılması, onlara müəyyən pul müavinətinin verilməsi, həm hüquqi, həm də psixoloji və informasiya yardımın göstərilməsi daxil edilmişdir [6].

Psixoloji yardımın göstərilməsi üçün ilk növbədə məhkum şəxsiyyəti öyrənilməlidir. Bunun üçün penitensiar müəssisələrdə çalışan psixoloqlar tərəfindən, müşahidə, anket, işarəli sosiometriya, söhbət, Kettel, TAT, Rorşah, Lüşerin rəng testi, Assosiativ şəkil testi, bitməmiş cümlələr və s. metodlardan istifadə etməlidirlər [2]. Aparılan metodlar zamanı məhkumlar haqqında daha çox məlumat əldə edilmiş olur və onları narahat edən məsələlər ətrafında aparılan söhbətlər onların emosional gərginliyinin azalmasına və mövcud şəraitə olan münasibətinin dəyişməsinə kömək olur.

Keçirilən terapiyaların məqsədi yalnız şəxsi cəzaçəkmə müddəti ilə bağlı olmamalıdır, bu həmçinin onun cəzaçəkmə müəssisəsini tərk etdikdən sonra yeni həyata uyğunlaşa bilməsində yardımçı olur. Məhkumların cəmiyyətə adaptasiyası məsələsində treninq proqramlarının tətbiqidə mühüm əhəmiyyət kəsb edir. Burada müxtəlif treninqlər tətbiq oluna bilər.

Professor S.İ.Makşanova qeyd edir ki, keçirilən psixoloji treninqlər üç əsas istiqamətdə müəyyənləşdirilməlidir:

  • informasiyanın təqdimedilmə texnikası;
  • imitasiyaedici texnikalar;
  • real mühitin yaradılması texnikası [4].

Məhkumların azadlıqdakı həyata hazırlanması üçün tətbiq edilən və M.Debolski tərəfindən qeyd edilən sosial-psixoloji treninqin əsas məqsədləri aşağıdakı şəkildədir:

  • Məhkumların özü haqqında olan təsəvvürlərini inkişaf və korreksiya etmək.
  • Adekvat özünüqiymətləndirmə və özünə qarşı əminliyin inkişaf etdirilməsi.
  • Sərvət dəyərlərinin korreksiyası.
  • Çətin şəraitlərdə emosional sabitliyi inkişaf etdirmək.
  • Məhkumlara həyat planlarını aydınlaşdırmaq və onları formalaşdırmaq.
  • Məhkumlara konfiliktli situasiyanı həll etmək qabiliyyəti aşılamaq [2, səh 105].

İnsanlar arasında maarifləndirici tədbirlərin təşkil olunması önəmli bir məsələdir. Bu kimi seminarların təşkil olunmasında məqsəd insanlara cəzaçəkməkdən azad olunmuş şəxslərə qarşı olan münasibətlərinin dəyişdirilməsində kömək olmaqdır. Çünki belə tədbirlərin keçirilməsi və düzgün istiqamətdə işlərin aparılması həmin şəxslərə qarşı insanların fikirlərindəki, səhv yönəlişlərin qarşısını almaqda və həmçinin onlara necə kömək etməkdə müəyyən informasiyalar verilir.

Nəticə.

Qeyd edilməlidir ki, məhkumların cəmiyyətə adaptasiyası məsələsinə cəzaçəkmə müddəti ərzində baxılmalıdır. Burada əsas məqsəd məhkumun cəmiyyətə normal şəkildə uyğunlaşmasına nail olmaq, birdaha həmin şəxs tərəfindən cinayət əməlinin törədilməsinin qarşısını almaqdan ibarətdir. Məhkumun cəzaçəkmə müəssisəsinə daxil olduğu gündən etibarən onun davranışları müşahidə edilməli, emosional sferasında baş verən dəyişikliklər, məhkum kollektivindəki statusu, yoldaşlarına və müəssisə daxilindəki rejim qaydalarına, müəssisə əməkdaşları ilə münasibətlərinə diqqət yetirilməlidir. Onlarla aparılan islahedici tədbirlər zamanı hər birinə fərdi şəkildə yanaşılmalı, onların şəxsi keyfiyyətlərini həmişə diqqət mərkəzində saxlanılmalıdır. Burada əsas məqsəd, dünya praktikasında istifadə olunan metodlara istinad edərək, keçirilən treninq proqramları, terapiyalar, müəyyən maarifləndirici seminarlar zamanı onlara gələcək həyatlarında qarşılaşacaqları problemli situasiyada adekvat həll yolunu tapmalarına yardımçı olmaqdır.

Ədəbiyyat:

  1. Azərbaycan Respublikasının Ci- nayət Məcəlləsi. Bakı: Qanun, 2018, 672 s.
  2. BayramovƏ.S., ƏliyevB.H. Hüquq psixologiyası. Bakı: Təhsil, 2012, 656 s.
  3. Səməndərov F.Y. Cinayət hüququ. Bakı: Hüquq nəşriyyatı, 2002, 736 s.
  4. Макшанов С.И. Психология тренинга, 1997, 238 с.
  5. UNODC. Roadmap for the development of prison based rehabilitation programmes. Criminal justice handbook series. Vienna, 2017, 76 p.
  6. www. e-qanun.az

Müəllif :

BDU-nun Psixologiya kafedrasının müəllimi Şəbnəm Əlizadə

Son məqalələr

Online Qeydiyyat