Psixologiyada qavrama probleminin qoyuluşu

Açar sözlər: psixi proses, idrak, intellekt, duyğu, qavrayış, obraz, persepsiya, semantika

Müasir təhsilsistemi özünün ənənəvilik və müasirlik prinsipləri ilə zəngindir. Bir tərəfdən pedaqoqlar ənənəvi prinsiplərə sadiq qalaraq təhsil prosesini illər uzunu istifadə edilmiş metod və vasitələrlə qurur, digər tərəfdən də həmin prosesi yeni texnologiyalarla daha da zənginləşdirirlər. Belə bir təhsil mühitində həm orta məktəbdə oxuyan şagirdlər, həm də müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələr yeniliklərə uyğunlaşmağa, yaşıdları ilə birgə fəaliyyət göstərərək yeni texnologiyaları mənimsəməyə səy göstərirlər. Bu reallıqdır ki, biz nə şagirdə, nə də tələbəyə “laborator məzun”, “laborator mütəxəssis” kimi yanaşa bilmərik. Dünyada gedən qloballaşma, həmçinin cəmiyyətdə baş verən yeni sosial əlaqə və münasibətlərin real tərəflərinin sürətlə dəyişməsi bizim bu məsələyə fərqli yanaşmağımızı tələb edir. Biz, ilk növbədə, yeni informasiya texnologiyaları ilə gündən-günə zənginləşən təhsil mühitində insan psixikasında təhsil almaq üçün ən mühüm məsələ olan “qavrama”nın necə və hansı təsirlərlə daha yaxşı, keyfiyyətli baş verdiyini müəyyənləşdirməliyik. Bunun üçün, əlbəttə ki, əvvəlcə psixologiya elmində qavrayış haqqında deyilən fikirlərə, təhlillərə, nəzəriyyə və konsepsiyalara üz tutmalıyıq. A.V.Petrovskinin yanaşmasında qavrayış prosesi belə izah edilir: “Cisim və hadisələrin hiss üzvlərinə bilavasitə təsiri nəticəsində onların insan şüurunda inikasına qavrayış deyilir”. A.V.Petrovski bu prosesi qıcıqlandırıcıların ayrı-ayrı xassələrini əks etdirən duyğulardan fərqli sayaraq qavrayışı cisimləri bütövlükdə, onun bütün xassələrinin məcmusu şəklində əks etdirməsi ilə əsaslandırır. Həmçinin bildirir ki, bu zaman qavrayışda gedən proseslər sadəcə olaraq, yalnız duyğuların verdiyi siqnallarla kifayətlənmir. Belə ki, qavrayış duyğuların məcmusundan ibarət deyildir. “O özünü hissi idrakın özünəməxsus xüsusiyyətləri ilə birlikdə keyfiyyətcə yeni bir pilləsi kimi göstərir”. Bu keyfiyyəti A.V.Petrovski qavrayışın ən başlıca xüsusiyyətlərə malik olması: əşyaviliyi, tamlığı, müəyyən quruluşa malik olması, sabitliyi və mənalılığı ilə əlaqələndirir. Ə.S.Bаyrаmоv və Ə.Ə.Əlizаdə də qavrayışın duyğudan fərqini bu nöqteyi-nəzərdən şərh edirlər. Müəlliflər qeyd edirlər ki, qavrayış prosesi hissi idrakın mühüm pilləsini təşkil edib cisim və hadisələrin əlamət və xassələrini bütövlükdə əks etdirir. Məsələn, stolun üzərindəki hər hansı bir əşyanı qavramaq o deməkdir ki, onun rəngini, formasını, ölçüsünü, həcmini, məkanda tutduğu yeri bütövlükdə əks etdirir. Əslində, psixologiyada qavrayışa o qədər də sadə psixi proses kimi baxılmır. Əgər duyğular bizə reseptorlara daxil olan siqnalları ötürürsə, qavrayış prosesi yalnız bu siqnallara, belə desək, “ad qoyaraq” növbəti idrak prosesinə (hafizəyə) ötürmür. Qavrayış həmin siqnallar üzərində işləyir, onu təhlil edir, uzunmüddətli hafizədə saxlanılan keçmiş informasiyalarla əlaqəyə girir və s. Deməli, qavrayış, o cümlədən, digər idrak prosesləri tək işləmir. Onlar daima bir-biri ilə qarşılıqlı əlaqədədirlər. Bunun necə baş verdiyini Ə.S.Bаyrаmоv və Ə.Ə.Əlizаdə belə izah edirlər ki, qavrayış surətlərinin yaranması üçün bir neçə analizatorun iştirakı mütləqdir. Bunu isə qavrayışın çoxmodallı xüsusiyyətə malik olması ilə əlaqələndirirlər. Bu isə cisim və hadisə haqqında daha ətraflı məlumat verməyə imkan yaradır. Ümumiyyətlə, psixologiyada bu kimi yanaşmalar çoxdur. Onlar arasında bir-birinə zidd olan fikirlər də kifayət qədərdir. Məsələn, qavrayış haqqında geştalt psixologiyada yuxarıda qeyd edilmiş fikirlər üstünlük təşkil edir. Biheviorizm cərəyanında isə qavrayışa fərqli izah verilir. R.İ.Əliyev bu məsələləri aşağıdakı kimi təhlil edir: “Müasir dövrdə qavrayış prosesi ilə bağlı iki bir-birinə zidd nəzəriyyə mövcuddur. Məlum olduğu kimi, onlardan biri geştalt (surətlər) nəzəriyyəsidir. Bu nəzəriyyənin tərəfdarları hesab edirlər ki, insan və heyvanların sinir sistemi xarici təsirləri ayrı-ayrılıqda deyil, kompleks şəkildə qavrayırlar. Bu nəzəriyyənin əksinə olaraq bihevioristlər sübut edirdilər ki, yalnız sadə (təkmodelli) sensor funksiya mövcuddur və təhlil qabiliyyəti ancaq beyinə xasdır. Müasir psixologiya elmi hər iki bir-birinə zidd nəzəriyyəni birləşdirməyə çalışır. Hesab edilir ki, başlanğıcda qavrayış kifayət qədər kompleks xarakter daşıyır, amma “surətlərin tamlığı” hər halda baş beyin qabığının təhliledici fəaliyyətinin məhsuludur”. L.Ş.Əmrahlı bu məsələlərə koqnitivizm mövqeyindən yanaşır. O göstərir ki, “koqnitiv psixologiya insanların dünya haqqındakı informasiyanı necə qəbul etməsi (sensor siqnalların qəbulu), bu informasiyanı necə təsəvvür etməsi (persepsiya və qavrayış), hafizədə necə qorunub saxlanması (hafizə), biliyə necə çevrilməsi (təfəkkür prosesləri), diqqətimizə və davranışımıza necə təsir göstərməsi haqqında elmdir. Koqnitiv psixologiya psixi proseslərin bütün diapozonunu– duyğulardan tutmuş qavrayışa, obrazların tanınmasına, diqqət, öyrənmə, hafizə, anlayışların formalaşması, təfəkkür, təxəyyül, yaddasaxlama, dil, emosiya və inkişaf proseslərinə qədər bütün sahələri, o cümlədən davranışın bütün sahələrini əhatə edir”. Müəllif qavrayış proseslərinə koqnitiv yanaşmanı bununla əlaqələndirir ki, Amerika psixologiyası Avropa psixologiyasından fərqli olaraq idrak proseslərini ayrılıqda deyil, qarşılıqlı (proseslərarası) əlaqədə, həmçinin sosial əlaqələrdə öyrənməyə üstünlük verir. Belə olduğu halda qavrayışın izahına münasibət də dəyişir. “Sensor stimulların qavranılması üçün onlar müəyyən keyfiyyətə və kəmiyyətə malik olmalıdır. Bu göstəricilər perseptiv prosesdə əsas rol oynayır. Psixologiyada sensor stimulların müəyyən olunması və şərhi ilə bağlı sahə qavrayışı mövcuddur. Koqnitiv psixologiyada qavrayışla bağlı aparılan eksperimentlərdə insan orqanizminin sensor siqnallara qarşı həssaslığını daha aydın izahı mümkün olmuşdur. Psixoloji baxımdan bu prosesin gedişini izah etməli olsaq, birinci izahetmə yolu bihevior yanaşmadır”. L.Ş.Əmrahlı izah edir ki, bihevioristlər buna “stimul-reaksiya” (S-R) deyirlər. Bəzi psixoloqlar, xüsusilə ənənəvi biheviorist yanaşmanın nümayəndələri hadisələrin bütün ardıcıllığının bu anlayışlarla ifadə edilməli olduğuna əmindirlər. Əslində, həqiqətən də, informasiya mübadiləsində iştirak edən bütün psixi prosesləri əvəz edən koqnitiv sistemləri ifadə etmək çətindir. Bunun üçün koqnitiv proseslərin konkret komponentlərinin təhlilini aparmaq, sonra onları böyük koqnitiv model şəklində birləşdirmək lazım gəlir. R.S.Nemov qavrayış prosesinin özünün gedişində baş verənlərin izahı ilə bağlı psixologiyada toplanmış faktları belə izah edir ki, “əgər xarici obyektlərə aid olan görmə obrazları daimi informasiya axınından asılı olaraq dəyişməz qalır və ya itirsə, onların doğruluğu, yaxud yanlışlığı obrazların bədən hissiyyatı ilə bağlı olan daxili vəziyyəti, daim mövcud olan dərin quruluşlar və beyin mexanizmləri tərəfindən məhz belə olduğu aydınlaşır, təsdiqlənir”. R.S.Nemov qavrayış prosesinə daha geniş mənada yanaşmanın tərəfdarıdır. “Qavrayışa obrazların formalaşması və qərar qəbulu üçün əlamətlərin fəal axtarışını həyata keçirən intellektual proses kimi baxılmalıdır. Bu prosesə cəlb edilən aktların ardıcıllığıaşağıdakı şəkildə baş verir”:1. Stimullar kompleksinin informasiya axınından ilkin ayrılması və qərar qəbulu üçün onların ayrıd edilmiş obyektə xas olmasının təsdiqedilməsi.2. Duyğular kompleksinin tərkibinə görə hafizədə bunun hansı obyekt olması ilə bağlı mühakimə yürütməyə imkan verən analoji və ya yaxın əlamətlərin ayırd edilməsi.3. Qavranılan obyektə aid edilən müəyyən kateqoriyalı əlamətlərlə bağlı qəbul edilmiş fərziyənin düzgünlüyünü təsdiqləyən və ya imtina edən əlavə əlamətlər axtarışı.4. Son nəticədə obyektin onunla eyni sinifdən olan obyektlərin xarakterinə uyğun olub-olmaması, xassələrinə uyğun gəlib-gəlməməsi ilə bağlı qərara gəlmək. Ə.Ə.Əlizadənin qavrayış prosesinə yanaşması daha əhatəlidir. O, ümumiyyətlə, idrak proseslərini hisslərlə vəhdətdə təhlil edir. Gəldiyi qənaət budur ki, qavrayışın məhsulu–obrazdır. “Obraz psixologiyanın fundamental kateqoriyalarından biridir. Bu kateqoriya uzun müddət dövrün ideoloji ölçüləri ilə, başlıca olaraq fəlsəfi aspektdə öyrənilib, psixoloji kontekstdə isə sistemli araşdırılmayıb. XX əsrin sonlarında obraz kateqoriyası nəzəri tarixi kontekstdə artıq sistemli araşdırılmağa başlayıb. Obraz dünyanın subyektiv mənzərəsidir. Bu önəmli obraz subyektin özünü, başqa adamları, hadisələrin məkan və zaman xarakteristikasını əhatə edir. Hətta vaxtilə obrazı perseptiv proseslərlə məhdudlaşdırmaq ənənələri də olub. Müasir psixoloji təsəvvürlərə görə, obraz həm sensor (hissi), həm də əqli obraz kimi özünü göstərir”. Göründüyü kimi, qavrayış elə də sadə proses deyildir. Bundan başqa, hər bir yaş mərhələsində onun imkanları da fərqlidir. Əgər biz, məsələn tələbələrdən danışırıqsa, bu mürəkkəblik daha da artır, çünki onlar peşə təhsili ilə məşğul olduqlarından özlərinin dərketmə sahəsini daim nizamlamalı, daha çox və daha konkret (tam, obyektiv reallığa uyğun şəkildə) qavramalı, anlamalı və dərk etməlidirlər. Ancaq təcrübə göstərir ki, ali məktəbdə təhsil alan tələbələrin bəziləri elmi anlayışları, fikir və obrazları qavramaqda çətinlik çəkirlər. Ə.Ə.Qədirov ümumilikdə gənclik dövründə qavramanın xüsusiyyətlərini belə şərh edir: “Gənclik dövründə idrak prosesləri yeni keyfiyyətlər kəsb edir, xüsusilə qavrayış, diqqət, hafizə, təxəyyül, təfəkkür əsaslı surətdə dəyişib inkişaf edir. Bu dövrdə qavrayışın seçiciliyi, mənalılığı özünü daha qabarıq şəkildə büruzə verir: məkan, zaman, hərəkət qavrayışı, müşahidəçilik daha da dəqiqləşir, qarşıya məqsəd qoymaq, qavrayış prosesini məqsədə tabe etmək, planlaşdırma və s. geniş, hərtərəfli xarakter alır”. Gəldiyimiz nəticə budur ki, psixologiya elmində ən sadə proseslər belə hələ öz sirrlərini elmdən gizli saxlamaqdadır. Biz qavrama prosesinə nə qədər anlaşılan və sadə proses kimi yanaşsaq da, təlim prosesində onun necə baş verməsini aydınlaşdırmağa ehtiyac vardır. Ona görədə tələbələrin təlim fəaliyyətində onlara təqdim edilən obrazların necə qavranılmsı aktual bir məsələ kimi diqqəti cəlb edir. Əgər idrak prosesləri hiss və emosiyaların təsiri altında, onların müşayiəti ilə baş verirsə, bu prosesə şəxsiyyətin bir sıra quruluşları da təsir göstərirsə, hər bir ictimai quruluşda, hər bir tarixi şəraitdə qavrama prosesi də yeni bir mahiyyət kəsb edir. Ona görə də, hesab edirik ki, müasir təhsil sistemində tələbələrdə obrazların qavranılmasının tədqiqinə zəruri ehtiyac vardır.

Müəllif :

Odlar Yurdu Universitetinin doktorantı Mətanət Həsənova

Son məqalələr

Online Qeydiyyat