Ailə, nigah münasibətləri bir qadın və bir kişinin könüllüolaraq birgə yaşayışa razılıq verməsi və vəfa, sədaqət andı içməsi ilə başlar. Ailədə xəyanət çox ciddi psixoloji travma yaradaraq ailənin dağılmasını şərtləndirən bir problemdir. N.Z.Çələbiyevə görə “Xəyanət istənilən insan, istənilən ər-arvad ittifaqı üçün amansız sınaqdır.
Buna yüngül və əhəmiyyətiz münasibət bəsləyən istənilən şəxs ya heç kim sevmir, ya da ümumiyyətlə, sevgi hisslərindən məhrumdur” Xəyanət iki qütblü prosesdir; burada xəyanət edən-aldadan və xəyanətə uğrayan- aldadılan tərəflər vardır. Xəyanət aldatma öncəsi və sonrasında aldadan və aldadılanın yaşantıları, psixologiyası baxımından mürəkkəb keçən bir dönəmdir. Xəyanət problemi bəşər cəmiy- yətinin insanlığın yaranması ilə meydana çıxmışdır. Bütün tarixi dövrlərdə ailə-nigah münasibətlərində mənfi abu- hava yaratmış olan xəyanət problemi nəsillərcə davam edərək bugünümüzdə də aktual olan bir məsələyə çevrilmişdir. Məhz buna görədir ki, xəyanət mövzusu ilə bağlı zaman-zaman müxtəlif səpgidə folklor nümunələri yaranmışdır. Xəyanət müasir dövrdə toplumu düşündürən, cəmiyyətin maraq obyektində olan bir problemdir. Bugün sevgi, xəyanət mövzularında filmlərin çəkilməsi, məlumatların yazılması və ötürülən informasiyanın cəmiyyətdə böyük maraq doğurması bütün bu deyilənləri təsdiq edir. Lakin önəmli olan cəhət budur ki, bugün artıq xəyanət probleminə cəmiyyətin münasibəti, ictimai baxış forması bir qədər dəyişmişdir.
Bugün müasir insanların şüuraltın- da dəyisikliklər baş vermişdir. Müasir cəmiyyət sanki duyarsızlaşaraq, hər cür mənfi sitüasiyaya qarşı laqeyd münasibət göstərən bir topluma çevrilmişdir. Əvvəllər xəyanət, namussuzluq, şərəfsizlik deyə anlayışlara qarşı insanların şüuraltında kodlanmış, sosial izolə edilmiş normalar münasibət vardı. Bu münasibət ictimai qınağı yaradaraq ailələrdə neqativ halların qarşısını almağa yönəlmişdi. İctimai normalar qorunur və bu normalara ciddi şəkildə əməl olunurdu. Ictimai qınaq çox güclü təsir qüvvəsinə malik idi. İndi sanki hər sey adiləşmiş, ictimai qınaq azalmışdır. Çünki insanlar artıq hər gün xəyanət halları ilə bağlı müxtəlif xəbərlər eşidirlər. Sosial şəbəkələrdə müxtəlif xəbər saytlarında yayılan bu cür neqativ informasiyalar insanların xəynətə qarşı münasibətini adiləşdirmişdir. Bu fikri “ Qulaq gündə bir söz eşitməsə kar olar” el misalı nümunəsində fərqli formada “qulaq gündə bu mövzuda söz eşitməkdən artıq kar olmuş” kimi də şərh etmək olar. Çox eşitməkdən kar və lal olan toplum bugün hərcür neqativ hadisələrə qarşı “nəyimə lazım” düşüncəsi ilə cavab verir. “Hamı xəyanət edir, mən də etsəm nə olacaq ki?” fikrini qəbul edən müasir cəmiyyət bu gün xəyanəti, ailə də sədaqətsizliyi dəstəkləmiş olur. Bununla yanaşı bugün çəkilən serialların əksəriyyətində aldatma – xəyanət səhnəsi çoxdur, bu da dolayısı yola topluma təsir göstərir.
Müasir cəmiyyətin əsasını təşkil edən tələbə gənclərin bu mövzu ilə bağlı münasibəti xüsusilə önəmlidir. Ailədə xəyanət və onun nəticələrinə qarşı müasir tələbə gənclərin fikri, düşüncə tərzi on il əvvəlki gənclərin düşüncə tərzi ilə nə dərəcədə uzlaşır? Ailə-nigah münasibətlərini kökündən sarsıdan, boşanma ilə nəticələnən xəyanətə bugün müasir tələbə gənclərin- qızlar və oğlanların münasibəti, yanaşma tərzi fərqlidir. Təəssüfedici haldır ki artıq ailə, ailədə kişi və qadın münasibətləri, gender rolu və s. ilə bağlı ənənəvi dəyərlər bir qədər öz təsir qüvvəsini itirmişdir. Bugün informasiya qloballaşmsının təsiri ilə dəyərlərin inteqrasiyası baş verir. Bu gün tələbə gənclərin Avropa ailə modeli, ailədə gender bərabərliyi, xəyanət və xəyanətə qarşı tərəflərin düşüncə və davranış tərzi ilə bağlı çox geniş məlumatı vardır. Saysız-hesabsız televiziya kanallarının olması və müxtəlif xalqların ailə dəyərlərini əks etdirən filmlərin, verlişlərin nümayişi tələbə gənclərin bu istiqamətdə çox asanlıqla informasiya qəbul etməsini təmin edir. Nəticədə isə inteqrasiyalaşmış düşüncə tərzinə malik yeni gənc nəsil formalaşır. Ənənəvi ailələrdə kişi və qadının cəmiyyətdə statusu, vəzifə və öhdəlikləri, gender rolu və s. ilə bağlı dəyərlər tərəflərin xəyanətə qarşı münasibətinə təsir edirdi. Ənənəvi ailələrdə kişi mövqecə qadından üstün, ailədə əsas söz sahibi olmaqla, ailənin namus və şərəfinə görə daha çox məsuliyyət daşıyırdı. Əgər kişi xəyanət edərdisə, bu onun kişilik xarakteri ilə əlaqələndirilib toplum olaraq ona haqq qazandırılırdı. Xəyanət kişiliyə yaraşan, kişinin qüruruna, şərəfinə uyğun bir hal kimi dəyərləndirilirdi. Dininöqteyi nəzərdən bir kişinin dörd qadınla evlənmək haqqının olması, siğə etmək və s. kimi dini qaydaların hökmü də ailədə kişi xəyanətinə bəraət qazandırırdı. Ənənəvi ailə modelində qadına qarşı münasibət isə tamamilə fərqli idi. Qadının əsas vəzifəsi ailə qayğıları ilə məşğul olmaq hesab olunurdu. Cəmiyyətin kişi xəyanətinə münasibəti, ictimai təzyiq forması qadınları buna göz yummağa, təmkinli olmağa, xəyanəti qəbul etməyə vadar edirdi. Qadın xəyanəti isə həmişə mənfi qarşılanmış və bu qadın adına yaraşmayan, əxlaqsız bir davranış kimi dəyərləndirilmişdir. Qadın xəyanəti, hətta, onun ailəsinə, qohumlarına yaxılan qara ləkə hesab olunurdu. Bu səbəbdən də heç kim o qadının övladları, yaxınları ilə qohum olmaq istəməzdi. Atalarımızın söylədiyi “Ana gəzən budağı bala budaq-budaq gəzər” misalı məhz bu mənada işlənmişdir. Kişi xəyanətinə nisbətən qadın xəyanəti toplum tərəfindən şiddətli şəkildə pislənilmişdir. Bu bəzən isə xəyanətin bədəli olaraq qadının həyatına suiqəsd edilməsi ilə nəticələnirdi. Gender aspektində xəyanətə dair ictimai qınaq və təzyiq formasını özündə əks etdirən ümumiləşmiş normalar qorunaraq nəsildən-nəsilə ötürülmüşdür.
Qloballaşma ilə xarakterizə olunan müasir dövrdə kişi və qadın xəyanəti, bununla bağlı ənənəvi dəyərlər bir qədər deqradasiyaya məruz qalmışdır. İnformasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafı nəticəsində inteqrasiyalaşmış düşüncə tərzinə malik yeni toplum formalaşdırmışdır. İctimai həyatın bütün sahələrində olduğu kimi bugün ailə instutunda da müəyyən dəyişikliklər baş verir. Artıq müasir tələbə gənclər ənənəvi ailə modeli, ailə dəyərləri, ailədə gender rolu və icrası ilə bağlı yeni təsəvvürlərə malikdir. Formalaşan yeni təsəvvürlər müasir ailə modelini, müasir ailə dəyərlərini yaratmışdır. Bu dəyərlərin təhlili göstərir ki, tələbə gənclərin ailədə xəyanət, xəyanət edənin cinsi, xəyanətin ailə-nigah münasibətlərinə təsiri və s. ilə bağlı yeni münasibəti formalaşmışdır.
Müasir tələbə gənclər bugün qadın və kişi bərabərliyinə xüsusi önəm verirlər. Onlara görə cəmiyyət ailədə xəyanət problemini gender aspektində bərabər dəyərləndirilməli, xəyanət həm kişi həm də qadın adına yaraşmayan mənfi xarakter əlaməti kimi qəbul edilməlidir. Ailədə kişi və qadının öhdəlikləri, gender rolunun icrası bərabərlik şərtlərinə uyğunlaşmalıdır. Bugün tələbə gənclər qadının vəzifəsinin yalnız ailə qayğılarından ibarət olması fikri ilə razılaşmır. Onlar düşünürlər ki, müasir qadın ailədə kişi ilə eyni səviyyəli mövqeyə, söz haqqına sahib olmalıdır. Ailədə bütün məsuliyyət və öhdəliklər yalnız qadının çiyinlərinə düşməməli, qayğılar bərabər şəkildə bölüşdürülməlidir. Bugün tələbə gənclərin təsəvvüründəki müasir ana modeli savadlı, kariyerasını qurmuş, haqq və hüquqlarını bilən, güclü xarakterə malik qadındır. Onların fikrincə, müasir qadın sərbəstdir, azaddır və ənənəvi ailələrdəki kimi basqı, təzyiq altında əzilməyə, həddindən çox yüklənməyə qarşıdır. Ailədə müsbət psixoloji iqlimin, ailədaxili münasibətlərin qorunmasında qadınla bərabər, kişi də eyni dərəcədə cavabdehlik daşıyır. Müasir tələbə gənclər ailədə kişi xəyanətini, qadın xəyanəti qədər pisləyir, ailənin dağılmasında hər iki tərəfi eyni dərəcədə günahkar hesab edirlər. Müasir tələbə gənclər ailənin dağılmasında xəyanəti əsas təməl problem olaraq görürlər. Tələbə qızlar ailədə kişi xəyanətinə qarşı barışmaz mövqedədirlər.
Formasından asılı olmayaraq əgər ailədə xəyanət baş veribsə nigah münasibətlərini davam etdirməyin mənasız olduğunu düşünürlər. Onlar ənənəvi ailələrdə olduğu kimi qadının ailəsini qorumaq üçün kişi xəyanətinə göz yummasını, buna görə dözümlü olmasını qətiyyən qəbul etmirlər. Tələbə qızlara görə bu cür hal baş verərsə buna səbr etmək olmaz. Bu gün boşanmaların, natamam ailələrin sayının artması səbəblərdən biri də budur. Tələbə oğlanlar da ailədə xəyanət məsələsinə ciddi önəm verir, gender olaraq kişi və qadın xəyanətini eyni səviyyədə dəyərləndirmirlər. Onlara görə kişi xəyanətini bağışlamaq mümkündür, qadın xəyanəti isə əhvedilməzdir.
Bu gün xəyanət probleminin gender aspektində analizi cins olaraq kişi xəyanətinin qadın xəyanətindən üstün olması faktını təsdiq edir. Bu gün qadın xəyanətinə cəmiyyətin münasibətindəki sərtlik, ictimai qınaq bir qədər azalmışdır. Yəni ailədə qadın xəyanəti baş veribsə, burada səbəbkar həm də onun həyat yoldaşı, kişidir. Ailədə xəyanət artıq qarşılıqlı öhdəliklər formasında dəyərləndirilir.
Xəyanətin ailə bağlarını sarsıtması, ailəni böhran vəziyyətinə gətirərək dağılmasını şərtləndirməsi faktdır. Gender aspektində tələbə gənclərdə ailədə xəyanət, onun səbəbləri, formaları, xəyanətə uğrayan və xəyanət edənin psixoloji durumu, davranışları, xəyanətin nəticəsi və həlli yolları haqqında düzgün təsəvvürlər formalaşdırılmalıdır. Bu yolla gələcəkdə qurulan ailələrin xəyanət səbəbindən dağılmasının qarşısını almaq mümkündür. İlk öncə tələbə gənclərə xəyanət məvhumu, onun mahiyyəti izah edilməlidir.
Xəyanət nigahda olan kişi və ya qadının əks cinsdən olan başqa biri ilə hər cür yaxınlaşması, münasibət qurması və təmasıdır. Bu yaxınlaşma müxtəlif formalarda ola bilər:
– Qısamüddətli cismani – bədən təmaslı xəyanət
– Qısamüddətli yalnız duyğuların təması
– Uzunmüddətli cismani – bədən təmaslı xəyanət
– Uzunmüddətli yalnız duyğuların təması
– Həm duyğuların, həm də bədənin təması
Göstərilən formalardan asılı olaraq tərəflərin xəyanətə münasibəti dəyişir. Xəyanətin nəticəsi tərəflərin münasibətlərinin səviyyəsindən, onların şəxsi keyfiyyətlərindən asılıdır. Gender aspektində kişi və qadının xəyanət etməsində mühüm olan fərq odur ki, qadınlar daha çox duyğusal təmaslı xəyanət edir. Kişilər isə qarşı tərəflə cinsi yaxınlığa üstünlük verirlər. Cins olaraq ən çox xəyanət edən tərəfin kişilər olması isə danılmaz faktdır. Kişilərin hegemonluğu ilə seçilən toplumda xəyanət onların haqqı kimi dəyərləndirilir. Artıq cəmiyyətdə belə bir fikir formalaşıb; “Aldadılmayan qadın və aldatmayan kişi yoxdur”, “Xəyanət kişiliyin göstəricisidir” və s. Təəssüf ki, bu kimi fikirlər kişi xəyanətini qəbul edilməli normal hal olmasını təbliğ edir. Bununla yanaşı həmçinin müəyyən təbəqə qadın xəyanətinin namus ləkəsi kimi dəyərləndirilməsi fikrinə dəstəkdir.
Tələbə gənclərə gender aspektində xəyanət və tərəfləri xəyanətə vadar edən səbəblərin izah edilməsi məqsədəuyğundur. Kişiləri xəyanətə sürükləyən təhriklər nələrdir? Burada ilk öncə tələbələrə kişi və qadın orqanizmi, fizioloji qurluşu və beyin mexanizminin funksiyaları, hormonal sistem müqayisəli şəkildə izah edilməlidir. Çünki tələbat, maraq və istəklər, reallaşan davranışlar kişi və qadın orqanizmində olan əsaslı fərqlərlə əlaqəlidir. Xəyanətin baş verməsində biososial amillərin rolu tələbə gənclərin diqqətinə çatdırılmalıdır. Müasir dövrdə texnologiyanın inkişafı vasitəsilə kişi və qadın beyninin analizi xəyanətin genetik, irsi olaraq ötürülməsi fikrini ortaya qoymuşdur.
Psixofizioloji baxımdan qadın və kişinin xəyanətetmə səbəbləri fərqlidir. Fizioloji fərqlər qadın və kişilərin istək, arzu, tələblərinə, birbaşa təsir edir. Psixoloji durum da eyni dərəcədə önəmli rol oynayır. Beləki qadınlar evləndikdən sonra həyat yoldaşlarının münasibətinin dəyişəcəyini, kişilər isə dəyişməyəcəyini fərz edərək evlənir. Gözləntilərdə olan bu ilkin fərqlər getdikcə daha da dərinləşir və xəyanətə gedən yolu açmış olur.
Ailədə kişi-qadın münasibətlərini uğurlu edən 4 əsas təməl anlayış vardır. Bu sevgi, hörmət, güvən və cinsi (intim) münasibətlərdə olan uyğunluqdur. Əgər ailədə göstərilən bu 4 amildən biri ilə bağlı problem yaranarsa münasibətlərdə artıq münaqişə yaranmış deməkdir. Ailə-nigah münasibətlərini daha möhkəm və uğurlu edən ilkin əsas şərt cinsi münasibətlərdə olan uyğunluqdur. Psixofizioloji nöqteyi-nəzərdən yanaşdıqda burada kişi və qadının münasibəti üst-üstə düşmür. Qadınlar cinsəllikdə duyğusal bağ və romantizmə, kişilər isə erotizmə meyl edirlər. Qadınlar cinsəllikdən öncə güvənli münasibət istərlər. Kişilər asanlıqla erotizmin cazibə dalğasına düşür və xəyanət edirlər. Təkamül nəzəriyyəsi bu mənada kişilərə haqq qazandırır, çünki kişi beyni genetik olaraq bu cür kodlanmışdır.
Burada həmçinin sosial faktorlar da nəzərə alınmalıdır. Beləki oğlan uşaqları qadınların onların cinsəl arzularının təminçisi olması fikri ilə böyüyürlər. Cəmiyyət arasında ümumiləşmiş belə bir fikir vardır ; “kişilərin qəlbi oraya bir çox qadınların ismi yazılacaq qədər çox geniş olar”. Bu fikrin əsas mahiyyət ondan ibarətdir ki, kişilər eyni zamanda iki və daha çox qadınla münasibət qura bilər. Kişilər sevdiyi qadın ilə şəhvət hisslərinə görə ehtiyac duyduğu qadın arasında mütləq fərq qoyar. Fərqli münasibətin olması onların xəyanət etməsini şərtləndirir. Elmi fakt olaraq təsdiq olunmuşdur ki, kişilər eyni qadınla həm duygusal sevgi, həm də cinsəl münasibət qurmaqda çətinlik çəkirlər. Buna görədə onlar qadınları evlənəcək və əylənəcək qadın tiplərinə ayırırlar. Kişilərin psixologiyasıda şəhvət hissi və sevgi münasibətləri tam uzlaşmır. Kişilər sevdiyi qadınla ailə qurduqda belə müəyyən müddətdən sonra münasibətlərdə əvvəlki həyəcan azaldığından, onlar yenidən o hissləri yaşamaq üçün macəra axtarşına çıxır və xəyanətə edirlər. Qadınlarda isə sevgi və şəhvət hissləri üst-üstə düşür. Qadın qəlbində ancaq bir kişiyə yer var və bütün düşüncələri, həyatı ona bağlıdır. Bu mənada qadın xəyanətinin nəticəsi onun nigahda olduğu həyat yoldaşına qarşı duyğusal və cinsəl bağlılığının tamamilə qırılması deməkdir. Ona görə də xəyanət edən gec-tez qadın qanuni nigahını sonlandırmaq məcburiyyəti hiss edər və ciddi bir maneə olmazsa o, bunu mütləq edər. Buna görə də qadın xəyanəti ailənin dağılmasını şərtləndirən ciddi bir təhlükədir. Psixologiya üzrə elmlər doktoru, prof. R.İ.Əliyev “Etnopsixologiya: Qloballaşma və millilik” adlı kitabında söyləmişdir: “Bugün təhsil, təlim, onun məəzmunu milli xarakterimizə əsaslanmalıdır. Mənbə isə “Kitabi- Dədə-Qorqud”da, Nizaminin “Xəm- sə”sində və digər bu kimi əsərlərdədir. Zamanın gərdişiylə təbiətimizdə kök salmış bir çox nöqsan, yaramazlıqlardan bu yola xilas ola bilərik.” (2, s.175) Düşünürük ki, müasir dövrdə tələbə gənclərin ailə həyatına hazırlanmasında, onları ailəni süquta aparan xəyanət və digər mənfi keyfiyyətlərdən uzaq olmasında, uğurlu nigah qurmasında bu ibrətamiz, hikmətli sözlər faydalı və gərəklidir. Çünki uzunömürlü nigahın, xöşbəxt bir evliliyin açarı ailə ilə bağlı müqədddəs dəyərləri özündə birləşdirən bu əbədi irsimizdə, folklor nümunələrimzdədir.
Problemin aktuallığı : İnformasiya qloballaşması dövründə ailədə xəyanət hallarının baş verməsi toplumu düşün- dürən, cəmiyyətin maraq obyektində olan aktual bir problemdir. Müasir dövrdə xəyanət probleminə cəmiyyətin münasibəti, ictimai baxış forması bir qədər dəyişmişdir. Dəyərlərin inteqrasiyası nəticəsində yeni ailə dəyərləri formalaşmaqdadır. Artıq müasir cəmiyyətdə ənənəvi ailə modelinə olan münasibət yeni məna kəsb edir. Məqalədə ailə-nigah münasibətlərini kökündən sarsıdan, boşanma ilə nəticələnən xəyanət problemi geniş şəkildə şərh olunmuşdur.
Problemin elmi yeniliyi: Gender aspektində ailədə xəyanət və xəyanətə təhrik edən səbəblərin müqayisəli təhlili aparılmışdır.
Problemin nəzəri əhəmiyyəti: Müasir dövrdə tələbə gənclərə ailədə xəyanət və xəyanətə təhrik edən səbəblər haqqında elmi biliklərin verilməsi, onların ailə həyatına hazırlanması prosesində xüsusi nəzəri əhəmiyyət kəsb edir.
Problemin praktik əhəmiyyəti : Tələbə gənclərin ailə həyatına hazır- lanması məsələsində ali məktəb tələbələrinə öz köməyini göstərəcəkdir.
Müəllif:
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi psixologiya kafedrasının doktorantı Zülfiyyə Musayeva