Yeniyetmələrdə internet-addiksiya və onun psixo-pedoqoji korreksiya üsulları

Açar sözlər: internet, internet-texnologiyaları, internet-addiksiya, yeni- yetmələr, kommunikasiya, natamamlıq kompleksi, addiktiv davranış.

Elmi-texniki inkişafın sürətlənməsinə və müasir sivilizasiyanın bütün fəaliyyət sahələrinə əhəmiyyətli dərəcədə təsir göstərən əsas faktorlardan biri peşə, təhsil, mədəniyyət və digər məqsədlərlə tələb olunan informasiyanın tam həcmdə və lazım olduğu vaxtda əldə olunmasına imkan verən İnternet və peyk rabitəsinin, telekommunikasiyanın inkişafetdirici vasitələrinin, informasiya – kompüter texnologiyalarının, avtomatlaşdırılmış informasiya, hesablayıcı sistem və komplekslərinin tətbiqidir.İnternet-texnologiyası 1990-cı illərin sonlarında dünyaya gələn uşaqların həyatının ayrılmaz hissəsini təşkil edir. Sosial şəbəkələr nə etdiyimizə deyil, kim olduğumuza istinad edir [2]. İnternet şəbəkələr müasir dövrün texnologiya sevən mədəniyyətində zəruri və tələb olunan bir anlayış kimi təzahür edir. Belə ki, yeniyetmələr daima “online” olaraq sosial şəbəkələrdə baş verənləri nəzərdən qaçırmamağa, hər şeydən xəbərdar olmağa, xəttə qoşulu olmağa ehtiyac duyurlar [1]. Müasir İnternet-texnologiyanın köməyilə həll oluna bilməyən hər hansı bir həyati vacib məsələ və ya tələbat haqqında düşünmək çətin olsa da, bu texnologiyaların insan sağlamlığı üçün təhlükə yaradabiləcək, zərərli formada istifadəsi və mümkün olan neqativ nəticələri məsələsi üzərində düşünmək və bu məsələni aktuallaşdırmaq vacibdir. İnternet- texnologiyalar lazım olan informasiyanı dərhal və operativ əldə etməyə yardım edir, lakin bununla yanaşı, neqativ informasiyaların tez bir zamanda yayılması üçün də çox yüksək səviyyədə yararlıdır.Bir sıra tədqiqatçıların (psixoloqlar, pedaqoqlar, həkimlər) fikrincə, İnternet-texnologiyadan nəzarətsiz istifadənin mənfi nəticələrindən biri İnternet-addiksiyadır. İnternet-addiksiya real həyatdan özünəməxsus uzaqlaşma formasında təzahür edən İnternet şəbəkəsindən psixoloji asılılıq fenomenidir. Bu zaman virtual dünyadakı şəbəkə üzrə naviqasiya prosesi subyekti o qədər cəlb edir ki, o, real dünyada tam fəaliyyət göstərmək iqtidarında olmur.“İnternet-addiksiya” fenomenini daha geniş izah etmək üçün addiktiv davranışın mahiyyətini açmaq zəruridir. Addiktiv davranış deviant davranışın bir formasıdır. Deviant davranışa fərdin cəmiyyətin gözlənti, qayda və normaları ilə üst-üstə düşməyən davranışı aiddir.Addiksiya termini (latınca “addictio” – mükafatlandırma deməkdir) F.A.Brokhauz və İ.A.Efronun ensiklopedik lüğətində meyillilik və tərgidilməyən vərdiş kimi izah olunur.Tədqiqatlarda isə “addiktiv davranış” termini insanın psixi vəziyyətini asılılıq dərəcəsinə çatdıran müxtəlif zərərli kimyəvi psixoaktiv maddələrdən istifadə olunması mənasında işlədildi. Bu maddələrə alkoqol, nikotin, narkotik maddələr və s. aid edilirdi.Sonrakı dövrlərdə “addiktiv davranış” anlayışı məna baxımından daha geniş miqyasda əhatə olunmağa başladı. G.A.Marlatt həmkarları ilə birgə bu termini “xəstəliyi və ya sosial və şəxsi problemlərin riskini artıran təkrarlanan vərdiş” kimi xarakterizə edirdi. Məzmunca qısa olsa da, mənaca geniş olan açıqlamanı A.W.Schaef vermişdir: “Addiksiya – iradəmizdən kənar istənilən proses ola bilər.” Bu proseslərə bir sıra psixi və davranış pozuntularını aid etmək olar. Shaef addiksiyanı iki kateqoriyaya ayırmışdı: substansial addiksiya (alkoqolizm, narkomaniya, tabak çəkmək, qida) və proses addiksiyaları (pul yığmaq, qumar, cinsi həyat, iş, İnternet, narahatlıq, din) [3].İnternet addiksiyanı destruktiv davranışın forması kimi izah edən tədqiqatlar da çoxdur. Bu zaman insan diqqətini İnternet-mənbələrə yönəldərək, psixi vəziyyətini dəyişmək vasitəsilə frustrasiyaedici reallıqdan uzaqlaşmağa çalışır.İnternet asılılığı olan subyektlərdə təbii olaraq, meydana gələn şüurun xüsusi vəziyyətlərinin hərtərəfli analizi tələb olunur. İnternetdə yüksək motivasiyalaşdırılmış istifadəçi onun üçün çox böyük əhəmiyyət kəsb edən informasiyanın (belə informasiyalar, adətən, tamamilə faydasız olur) intensiv axınının təsiri altına düşə bilər. İstifadəçinin fikrincə, o, həmin informasiyaları fiksə etməli, işləməli, onlarla, yüzlərlə yeni informasiyaları gözdən qaçırmamalı, hər saniyə açılan fürsətləri dəyərləndirməyi çatdırmalıdır. Həddindən artıq stimulyasiyadan qıcıqlanmış beyin bu tapşırığın öhdəsindən gələ bilmir. Subyektin şüuru frontal sindroma oxşar vəziyyətə çatır: məqsədəuyğunluğun iyerarxikliyi və ardıcıllığı itir, subyekt hər şeyi eyni anda yerinə yetirməyə çalışsa da, çatdırmır və özünəməxsus trans vəziyyətinə düşür. Bu vəziyyət sosial- psixoloji adaptasiyanın ciddi formada pozulmasına gətirib çıxarır.Bir sıra valideynlərin fikrincə, yeniyetmələrin İnternet şəbəkələrində “online” olması onların küçədə boş və mənasız vaxt keçirməsindən daha təhlükəsizdir və ev şəraitində İnternet-texnologiyadan istifadə tamamilə sağlam bir davranışdır. Son dövrlərin tədqiqatları göstərir ki, sosial mediada məlumat paylaşmaq gənc yetkinlik yaş dövrünü yaşayan insanlarda həyatdan alınan məmnuniyyət hissini və yalnızlığı artırır, halbuki yaşlı yetkinlər üçün bunun əksi özünü göstərir [4]. Bir sıra tədqiqatçılar belə bir nəticəyə gəliblər ki, 12–18 yaş aralığındakı yeniyetmələr addiktiv davranışa məruz qalmaq təhlükəsi ilə üz-üzədir. Bu səbəbdən, müasir İnternet-mühit şəraitində yeniyetmələrdə addiktiv davranışın meydana gəlməsinin səbəblərinin aşkar edilməsi, müasir informasiya texnologiyalarından zərərli məqsədlərlə istifadənin nəticələrinin İnternetdən asılı olan yeniyetmələrin ilkin profilaktikasında, psixo-pedaqoji korreksiyasında və reabilitasiyasında yeni yol açmaq məqsədilə öyrənilməsi böyük əhəmiyyət kəsb edir.İnternetdən asılılıq yaradan səbəblərin müxtəlifliyinə baxmayaraq, onun əsasında yeniyetmə və sosial mühit arasındakı tarazlığın pozulması dayanır. Bu hal yeniyetmənin mühitin tələblərinə adaptasiya olunmasını mümkünsüz vəziyyətə gətirib çıxarır. Yeniyetmələrdə İnternet asılılığı yaradan əsas səbəblərə aşağıdakılar daxildir:

– Sosial-psixoloji adaptasiyanın aşağı səviyyədə olması (kollektivdə sərtlik hissi);

– Mənfi “Mən-konsepsiya” (Real və İdeal “Mən” arasında ciddi səviyyə uyğunsuzluğu);

– Kommunikativ fəaliyyətdə çətinliklər (insanlarla ünsiyyətdə və əlaqələrin qurulmasında çətinlik çəkmək);

– Formalaşmamış təşkilatçılıq bacarıqları (İnternet-resurslardan istifadə vaxtını rasional bölüşdürməyi bacarmamaq

İnternet asılılığı olan yeniyetmələr üçün addiktiv realizasiyanı gözləmə, şəbəkədəki vaxta nəzarət problemi, öz vəziyyətini aşağı tənqidetmə, sosial- psixoloji adaptasiyanın pozulması, eləcə də, tədris prosesində problemlərin yaranması, İnternetdən kənar sosial əlaqələrin qurulması və saxlanılmasında çətinlik, həmçinin “natamamlıq kompleksi” (aşağı özünüqiymətlən- dirmə, özündən narazılıq) xarakterikdir. Virtual dünya ilə müqayisədə, real həyat addiktlər üçün darıxdırıcı, boş, faydasız görünür, İnternet-mühitdə yeni sosial əlaqələrin qurulmasına üstünlük verilir.Müşahidələr göstərir ki, əlverişsiz və gərgin gündəlik həyat şəraiti, çətinliklərin öhdəsindən gələ bilməmək, ətraf mühitdə optimizm çatışmazlığı addiktiv yeniyetmələrdə gizli şəkildə “natamamlıq kompleksi” yaradır. Belə yeniyetmələr digərlərindən fərqləndiyinə və hamı kimi yaşaya bilmədiyinə görə əziyyət çəkirlər. Bu zaman ətrafdakıların münasibəti nəticəsində möhkəmlənmiş aşağı özünüqiymətlən- dirməyə malik olan yeniyetmə adekvatdan kənarlaşaraq birbaşa yüksək özünüqiymətləndirmə əldə etməyə səy göstərir. Beləliklə, yeniyetmədə ətrafdakılar üzərində üstünlük (mükəm- məllik) hissi yaranır, bu hiss müdafiə funksiyasını yerinə yetirir, yeniyetmənin ailə əhatəsində və yaşıdları ilə yaşadığı qarşıdurma kimi əlverişsiz mikrososial şəraitdə özünəhörmətin dəstəklənməsindən ibarətdir. Üstünlük hissi ətrafdakı insanların olduğu darıxdırıcı həyat ilə asılı insanın həyati şəraitdən həqiqi azad olması ilə müqayisəsinə əsaslanır.İnternet-addiksiya davranış pozuntusunun forması kimi şəxsiyyətin fərdi xüsusiyyətləri, eləcə də cəmiyyətin sosial şəraiti səbəbindən yaranan neqativ fakt hesab olunur. Asılılığın bu forması fərdin cəmiyyətin maraqlarına zidd olan maraqlarının həyata keçirilməsinin nəticəsidir.D.J.Kuss və M.D.Griffithsin iddia- ları göstərir ki, İnternet asılılığı özündə elə müxtəlif davranış asılılıqları qrupunu birləşdirir ki, İnternet onların obyekti yox, sadəcə onları həyata keçirmək vasitəsi kimi istifadə olunur [2]. Buna əsasən, İnternetdən asılı yeniyetmələrin aşağıdakı tiplərini göstərmək olar:

1. İnternet – kommunikatorlar. Buraya vaxtının çox böyük hissəsini çatlarda, forumlarda, gündəliklərdə, bloqlarda keçirən, qısa zaman fasilələri ilə elektron poçtunu yoxlayan və s. kimi davranışlarla yaşıdları ilə real ünsiyyəti virtual ünsiyyətlə əvəz edən addiktlər aiddir.

2. İnternet – erotomanlar. Buraya müxtəlif seksual və pornoqrafik xarak- terli saytlardan istifadə edən, şəbəkə vasitəsilə tanışlıq edən və virtual cinsi əlaqə ilə məşğul olan addiktlər aid- dir.

3. İnternet – aqressorlar. Buraya vaxtının çox hissəsini təcavüz və qəddarlıq səhnələri nümayiş etdirən aqressiv xarakterli saytlarda keçirən addiktlər aiddir.

4. İnternet – koqnitivatorlar. Buraya koqnitiv maraq sahələrini şəbəkə vasitəsilə həyata keçirən (məlumat bazası axtarışı, proqramların qurulması, təlim-təhsil xarakterli saytlardan istifadə, telekonferensiyalarda iştirak etmək və s.) addiktlər aiddir.

5. İnternet – qumarbazlar. Buraya şəbəkə oyunları, totalizatorlar, auksionlar, lotereyalar və s. ilə maraqlanan addiktlər aiddir.

6. İnternet – alıcılar. Buraya real zaman rejimi (online) vasitəsilə çox- saylı alış-veriş edərək böyük miqdarla pul xərcləməyə qarşısı alına bilmə- yəcək dərəcədə meyilli olan addiktlər aiddir.

Digər kimyəvi və qeyri-kimyəvi asılılıqlar kimi, İnternetdən asılılığın müxtəlif formaları da birindən digərinə keçə bilər və ya bir-biri ilə müxtəlif kombinasiyalar yarada bilər.İnternet-addiksiya və digər addiktiv davranış formalarına təsir göstərə bilən vacib aspektlərdən birini də qeyd etmək lazımdır. Real zaman rejimində (online) bilavasitə olan yeniyetmələr bir sıra ciddi təhlükələrlə rastlaşa bilərlər. Məsələn, yeniyetmənin güvənindən sui-istifadə edərək onları əxlaqsız və aqressiv fəaliyyətə istiqamətləndirə bilərlər. Yaxud da pornoqrafik saytlar və müvafiq informasi- yaların İnternet şəbəkəsində geniş yayılması səbəbilə yeniyetmə təsadüfən bu tipli saytlara daxil ola bilər. Təəssüf ki, uşaqların pornoqrafik saytlara girişini məhdudlaşdıran müvafiq xüsusi proqram təminatları heç də hər zaman effektiv olmur.Eləcə də, destruktiv və zərərli kontentli uyğunsuz saytlar da yeniyetmələr üçün təhlükə mənbəyidir. Məsələn, partlayıcı və ya narkotik maddələrin hazırlanması və istifadəsi ilə bağlı təlimat verən saytlar bu təhlükə mənbələrindən biridir. Valideynlərin övladlarının istifadə etdiyi veb-saytlarla maraqlanması və uşağın davranışındakı ən cüzi dəyişikliklərə qarşı diqqətli olması vacibdir.Təcavüzkar məzmunlu virtual oyunlar oynamaq yeniyetmələrdə aqressivlik və qəddarlıq səviyyəsini artırır. Buna görə də, valideyn övladlarının hansı tipli oyunlara üstünlük verdiyini bilməli və onlara konstruktiv alternativlər təklif etməyi bacarmalıdır. İnternet-addiksiyanın qarşısının alınmasında, onun profilaktikası və korreksiyasında pedaqoji və psixoloji təsirin rolu əvəzedilməzdir. Yeniyet- mələrin İnternetdən normadan kənar istifadəsinə səbəb olan addiktiv davranışının korreksiyasında psixoloji treninq, süjet-rollu oyunlar, beyin fırtınası, evristik müzakirə, tədqiqat layihələri, praktik məşğələlər və s. texnologiyalardan istifadə olunur.Addiktiv davranışın korreksiyasının pedaqoji şərtləri təhsil prosesinin daxili və xarici şəraitləri, eləcə də yeniyetmənin şəxsiyyətinin daxili xüsu- siyyətlərinin təsir dərəcəsi ilə təyin olunur. Yeniyetmənin addiktiv davranışa meyilliliyinin aradan qaldırılması bu xüsusiyyətlərin həyata keçirilməsindən asılıdır. Pedaqoji korreksiya işi zamanı aşağıdakı xüsusiyyətlər nəzərə alınmalıdır:Yeniyetmələrin addiktiv davranışa meyilliliyini müəyyən edən xüsusiy- yətlər: orqanizmi formalaşdıran fizioloji xüsusiyyətlər, sosial yetkinliyə çatmamaq, öz hərəkətlərini proqnozlaşdırmağı, idarə etməyi və hərəkət- lərinə cavabdeh olmağı bacarmamaq, müstəqilliyə aşırı dərəcədə can at- maq.Addiktiv davranışın əhəmiyyətli əlamətləri – davranış stereotipinin mövcudluğu, onun davranış normala- rından və standartlarından kənara çıxması, müvafiq tipli davranışın mənfi nəticələri (şəxsiyyət baxımından).Korreksiyaedici işi aparan pedaqoqların nəzəri bilik və praktik bacarıqları, onlarda İnternetdən asılı olan yeniyetmələrlə aparılacaq iş ilə bağlı dəqiq təlimatın formalaşdırılması.Addiktiv davranışın korreksiyasına pedaqoji yanaşma zərərli vərdişlərə meyilli, pedaqoji təlimə qarşı laqeyd, valideyn tərbiyəsində problemlər yaşamış, özünütəşkil prosesində zəif olan yeniyetmələrdə addiktiv davranışın yaranma riskini izah edir.Yeniyetmələrdə İnternetdən asılılığın korreksiya prosesində subyektlər üçün sosial və psixo-pedaqoji mühitin təlim-tərbiyə prosesinin bütün komponentləri ilə qarşılıqlı asılılıq və təsir şəraitində xüsusi təşkil olunmuş müxtəlif formalı fəaliyyətlər həyata keçirilir. Subyektlərin özünüinkişafı üçün səmərəli psixoloji atmosfer yarat- maq məqsədilə kompleks psixoloji treninqlər (vizualizasiya, relaksasiya, rolların canlandırılması) və pedaqoji tədbirlər (süjetli və rollu oyunlar, mühazirələr, diskussiyalar, dairəvi masa, sinif saatlarının təşkili, müzakirələr, seminarlar, praktik məşğələlər) keçirilir.Psixo-pedaqoji korreksiya fəaliyyəti yeniyetmələrdə cəmiyyətdə yaşaya bilmək, əməkdaşlıq bacarıqlarının formalaşmasına, digər insanlara (yaşıdlara və böyüklərə) və onların baxış bucaqlarına qarşı dözümlülük, məsuliyyətlilik, özünəinam hisslərinin formalaşdırılmasına, həyati problemlərin həllini öyrənmə, özünü idarəetmə, özünənəzarət vərdişlərinin məşq edilməsinə, öz problemlərinin həllini digər insanların üzərinə atmamaq bacarığının qazanılmasına, öz sərhədlərinin dərk olunmasına istiqamətlən- dirilməlidir.Qeyri-kimyəvi asılılıqdan əziyyət çəkən uşaqların pedaqoji korreksiyası texnologiyalarından biri də onların psixoloji sağlamlığı, psixikanın harmonik vəziyyəti ilə iş təşkil edir. Psixoloji sağlamlıq dedikdə, özü və həyatının real faktları ilə razılıqda olmaq və öz davranışını idarə edə bilmək, öz hərəkət və davranışlarını şüurlu seçə bilmək nəzərdə tutulur. Yeniyet- mənin öyrənməli olduğu əsas məsələ odur ki, o, çətin həyati situasiyaları əvvəlcədən görə bilmək və qarşısını almaq kimi əsas strategiyanı qazanmış olsun.Yeniyetmələrin İnternetdən nor- madan kənar istifadəsinə səbəb olan addiktiv davranışının korreksiyası nəticəsində İnternet-addiksiyadan azad olmuş yeniyetmənin davranışının formalaşma kriteriyalarına aşağıdakılar aiddir:Dəyər kriteriyası şüurlu məqsədə- uyğunluqları, yeniyetmənin əlverişli şəxsiyyətlərarası münasibətlərə isti- qamətlənməsini, öz sağlamlığına dəyərli münasibətini, yaranmış problemlərin həlli üçün axtarışa hazırlığını, İnternetin informasiya sahəsindən öz fəaliyyətini dərk etmək əsasında yara- dıcılığını inkişaf etdirmək üçün istifadəsini təklif edir.Adaptasiya kriteriyası yeniyetmələrdə stresə yüksək dayanıqlılığı, tənqidi adekvat qavramaq, özünü yaxşı hiss etmək və xoş əhval-ruhiyyə, həyatsevərlik, sağlam ambisiyalılıq, mobillik, yüksək əmək qabiliyyəti, özünə inam, dayanıqlı və pozitiv özünüqiymətləndirmə, “Mən” – obrazları anlama və ayırd edəbilmə qabiliyyətini təklif edir.Kommunikativ – təşkilati kriteriya həmsöhbətlərini dinləmək və anlamaq bacarığını, dürüstlük, uzunmüddətli yoldaşlıq münasibətlərini və real həyatda etibarlı əlaqələr qurma bacarığı, öz mövqeyini müdafiə edə bilmək, konfliktli olmamaq, empatiya qura- bilmə, öz gücünü real qiymətləndirmə və paylama bacarığından ibarətdir.Refleksiv kriteriya özünüanaliz bacarığına, özünün zəif və güclü tərəflərini bilmək, onların istifadəsi üsulları və kompensasiyası, hadisə və faktların qavranılması və tənqidi anlaşılması, hadisələrin inkişafının proqnozlaş- dırılması bacarığına əsasən qiymətləndirilir.Korreksiyaedici fəaliyyətin əsas məqsədi reabilitasiya və aktiv həyata qayıtmağa ehtiyacı olan yeniyetmələrin psixoloji sağlamlığının tez bir zamanda və tam bərpa olunmasıdır. Korreksiyanın psixo-pedaqoji forması yeniyetmənin şəxsiyyətinin psixi sferasına təsirdən ibarətdir. O, yeniyetmənin düşüncəsində həyati aktivliyin faydasızlığı haqqında təsəvvürləri uzaq- laşdırmağa istiqamətlənib.

Ədəbiyyat:

1. Griffiths, M. D., Kuss, D. J., Billieux, J., & Pontes, H. M. (2015). The evolution of Internet addiction: A global perspective. Addictive Behaviors. doi: 10.1016/j.addbeh. 2015.11.001

2. Kuss, D.J. & Griffiths, M.D. (2017). Social networking sites and addiction: Ten lessons learned. International Journal of Environ- mental Research and Public Health, 14, 311; doi: 10.3390/ ijerph14030311

3. Schaef A.W. When society becomes an addict. San Francisco: Harper and Row, Publishers. 1987. P. 18

4. Teo, W. J. S., & Lee, C. S. (2016).Sharing brings happiness? Effects of sharing in social media among adult users. International Conference on Asia-Pacific Digital Libraries (ICADL) 2016, Tsukuba, Japan., 07 Dec 2016 – 09 Dec 2016.

https://researchspace.auckland.ac. nz/handle/2292/32556

Müəllif:

Bakı Dövlət Univeristetinin Psixologiya kafedrasının dissertantı Əbdülbağıyeva Aydan

Online Qeydiyyat