Qələbə Azərbaycan xalqında hansı dəyişikliyi yaratdı?

Azərbaycan 30 ildən sonra ilk dəfə ili qalib dövlət kimi başa vurdu. Uzun illər sonra xalqımız işğal altında olan torpaqlarını azad edərək tənəədən, stresdən uzaq bir il yaşadı.

Tarixi qələbə azərbaycanlıların həyatında nəyi dəyişdi? Uzun illər sonra qazanılmış zəfər insanların psixologiyasında hansı izlər buraxdı? Ümumiyyətlə, tarixi hadisələr sosial-iqtisadi problemləri, məişət problemlərini aradan qaldırmağa qadirdirmi?

Mövzu ilə bağlı Yenisabah.az-a açıqlama verən psixoloq Elnur Rüstəmov bildirib ki, 30 il müddətində işğal altında olan torpaqların azad edilməsi milli ruhun, psixoloji dayanıqlılığın formalaşmasında çox böyük rol oynayıb.

“Sanki təkcə torpaqlarımızın 20%-i yox, hər bir azərbaycanlının 20%-i işğal olunmuşdu. Qələbədən sonra özgüvən, psixoloji dayanıqlılıq, şübhəsiz ki, həm ünsiyyətimizə, həm şəxslərarası münasibətə çox müsbət təsir göstərir.

Bu tarixi qələbə həyatımızda başqa mətləbləri dəyişdi. Ən mühümü isə, xalq olaraq özünəinamımız yüksəldi.

Heç kimə sirr deyil ki, 30 ildən sonra həm Azərbaycanda, həm də xaricdə yaşayan azərbaycanlıların milli mənlik şüuru gücləndi. Bunun fonunda insanların sosial-iqtisadi və məişət problemlərinə yanaşması da dəyişdi. Qələbə ruhu bizə imkan verir ki, bundan sonra daha dayanıqlı, daha çevik, dinamik sosial-iqtisadi modelin qurulması gerçəkləşsin.

Bu gün həyata baxışımız, dünyagörüşümz tamamilə fərqlidir. Nəzərə almaq lazımdır ki, işğaldan azad olunan o torpaqların bərpa olunması başlayıb, bundan sonra yeni infrastrukturun yaranması, məcburi köçkünlərin öz dədə-baba yurdlarına qayıtması prosesi olacaq. 

Əminəm ki, bundan sonrakı həyat fəlsəfəmizin də özəyini birlik, həmrəylik təşkil edəcək”.

Mənbə: yenisabah.az/qelebe-azerbaycan-xalqinda-hansi-deyisikliyi-yaratdi

Online Qeydiyyat