Həkim peşə fəaliyyətinin sosial-psixoloji xüsusiyyətləri

Açar sözlər: həkim, peşə fəaliyyəti, stress

Həkim peşəsi ən ali, önəmli, məsuliyyətli və xeyirli peşə sahəsidir, belə ki həkimin cüzi bir səhvi ilə insan həyatını tamamilə itirə bilər. Başqa peşə sahələrində xəstə özü də məsuliyyət daşımasına baxmayaraq, bu sahədə məsuliyyəti daha çox həkim daşıyır. Bütün bunlarla bərabər həkim fəaliyyətinin sosial-psixoloji cəhətləri yerli və xarici elmi ədəbiyyatda kifayət qədər araşdırıl- mamış və gərəkli diqqət yetirilməmişdir. Həkimin peşə fəaliyyətinin psixoloji cəhətlərinə müsbət təsir göstərilməsi həm tibb işçisinin, həm də xəstələrin həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək edəcəkdir. Əhalinin sağlamlığı ölkənin ən dəyərli resurslarındandır və ölkənin çiçəklənməsinin, xalqın rifahının göstəricilərindəndir. Müasir dövrdə əhalinin sağlamlığının yaxşılaşdırılması üçün xəstə yönümlü yanaşmaya üstünlük verilsə də, tibb işçilərinin psixoloji və sosial durumuna az diqqət yetirilir. Həkimin psixoloji vəziyyətinin yaxşılaşdırılması xəstəyə, eləcə də əhaliyə xidmətini də yüksəldə bilər. Məhz bu səbəbdən həkimin peşə fəaliyyətinin sosial-psixoloji cəhətlərinin araşdırılması aktual və önəmli məsələlərdəndir və lazımi qədər araşdırılmamışdır. Psixologiyada fəaliyyət ayrıca bir kateqoriya kimi araşdırılır. Fəaliyyət insanın dərk olunmuş məqsədləri ilə tənzim olunan daxili və xarici fəallığıdır [3, s.16]. Həkimin peşə fəaliyyətinin psixoloji kateqoriya olaraq ayrıca araşdırılması və öyrənilməsi məqsədəmüvafiqdir. Peşə fəaliyyətinin sosial-psixoloji aspektlərində isə həkim peşəsinin həm sosial, həm də psixoloji cəhətdən şərtlənməsi dayanır. Psixoloji ədəbiyyatda fəaliyyətin quruluşuna aşağıdakı elementlər daxil edilmişdir: məqsəd, motiv və vasitə [5, s.80]. Beləliklə, həkimin peşə fəaliyyətinin strukturunda onun motivləri, məqsəd və vasitələri durur. Həkimin peşə fəaliyyətinin motivləri peşənin səmərəliliyini şərtləndirir, məqsədi peşə fəaliyyətində əldə etmək istədiyi nəticə ilə bağlıdır, vasitələr isə peşəsini həyata keçirərkən istifadə etdiyi yol və üsullardır. Motivlərin öyrənilməsi böyük əhəmiyyət kəsb edir, başqa sözlə şəxsiyyəti fəaliyyətdə öyrənməkdir. Həkimi peşə fəaliyyətini icra etməyə təhrik edən səbəblər hansılardır? Psixoloji ədəbiyyatda motivləri təsnifləşdirmək cəhdləri müxtəlif mövqelərə dayanmışdır. Motivlərin növləri və təsnifatı bir çox müəlliflərin motivin mahiyyətini necə anlamaqlarından asılı olaraq verilmişdir. Belə ki, bioloji və sosial motivlər, özünəhörmət, özünüaktuallaşdırmaq motivləri, nəticəyə yönəlmiş motivlər (nailiyyət motivləri), fəaliyyətin özünə istiqamətlənən motivlər, müvəffəqiyyət motivləri, uğursuzluqdan qaçma motivləri insanın müxtəlif növ (sosial və bioloji) tələbatlarının təsnifatının və xüsusiyyətlərinin əsasında formalaşır [6, s.139]. Ümumiyyətlə, hər kəs tərəfindən qəbul edilən vahid və qənaətbəxş təsnifat yoxdur. Tədqiqatçıların məqsədlərindən, məsələyə baxış bucağından və s. asılı olaraq motivlərin təsnifatı müxtəlif ola bilər. Həkim peşəsinin fəaliyyətini araşdırarkən geniş və dar sosial motivləri götürmək olar. Məsələn, həkimin fəaliyyətinin geniş sosial motivləri onun əhaliyə, vətənə, cəmiyyətə xidmət etmək, insanların sağlamlıqlarının qeydinə qalmasıdır. Həkimin cəmiyyət qarşısında öz vəzifə borcunu dərk etməsidir. Dar sosial motivlər isə həkimin ailədə, öz kolleqaları arasında yaxşı mövqe tutmağa çalışmasıdır. Bundan əlavə, sosial əməkdaşlıq motivləri vardır ki, həkim öz kolleqaları və xəstələri ilə münasibətlərini təhlil edir, onları daha da yaxşılaşdırmağa çalışır. Motivlərin keyfiyyətini psixoloji baxımdan aydınlaşdırarkən onları məzmun və formasına (dinamikasına) görə xarakterizə edirlər [1, s.148]. Həkim fəaliyyətinin motivlərinin məzmun baxımından xarakteristikasına aşağıdakılar daxildir: Həkim peşəsi şəxsi məna kəsb etməlidir. Motivin fəallığı – həkim peşəsi onun üçün şəxsi məna kəsb etdikdə, motiv fəal xarakter daşıyır, yəni həkim öz işində səylə çalışmağa, biliklərini, bacarıqlarını və vərdişlərini genişləndirməyə başlayır. Əks halda motiv peşə fəaliyyətinin gedişinə real təsir göstərmir. Motivlərin ümumi strukturunda motivin yeri: əsas, aparıcı motiv özünün istiqamətindən (kollektivçi və eqoist xarakter daşımasından) asılı olaraq fəaliyyət prosesində müxtəlif rol oynayır. Motiv kollektivçilik xarakteri daşıyarsa, həkim öz peşə fəaliyyətində kollektivin rəyindən, konsiliumlardan, həkim-xəstə münasibətlərindən, eqois- tik xarakter daşıyarsa öz mənfəəti ba- xımından çıxış edəcəkdir. Motivin müstəqil surətdə əmələ gəlməsi və təzahür etməsi. Burada həki- min peşə fəaliyyətində iki cəhəti fərqləndirmək olar: a) bu və ya digər motiv həkimin fəaliyyətində özünün daxili prosesi kimi əmələ gəlir, başqa sözlə, həkim öz peşəsini sevir və işini zövqlə yerinə yetirir, b) motiv xarici proses kimi əmələ gəlir, başqa sözlə, həkim öz peşəsini yalnız valideynlərinin təhriki ilə seçir, peşəsinə gəlir mənbəyi kimi baxır və s. Həkimin peşə fəaliyyətinin arxasında duran motivlərdən əlavə, onun tələbat sahəsi və fəaliyyətin sonunda əldə ediləcək nəticə və ya məqsədi də aydın olmalıdır. Bəzən rastlaşdıqları situasiyalarda istədikləri nəticələri əldə edə bilmirlər, motivasiya sahəsi zəifləyir, uğursuzluqlar və müəyyən problemlər yaşayırlar. Xüsusilə bəzi cərrahi müdaxilələrdə, onkoloji xəstəliklərin müalicəsində həkimlər tam zəmanət verə bilmirlər. Beləliklə, həkim peşəsi asan olmayan və məsuliyyətli sahədir. Peşə fəaliyyətinin motivləri nə olursa olsun, həkimlər bir çox sosial-psixoloji çətinliklərlə rastlaşır və bəzən öhdəsindən gəlməkdə çətinlik çəkirlər. Belə situasiyalarda isə keçirdikləri stres və frustrasiya halları həkimlərin peşə fəaliyyətinə mənfi təsir göstərir. Həkimlərin stres şəraitinə düşmələri onların qarşılaşdıqları riskli hadi- sələr ilə bağlıdır. Hər bir cərrah yeni əməliyyata girərkən stresli situasiya ilə üzləşir, xüsusilə yeni işə başlayan gənc kadrlar daha çox stresə məruz qalır. Eyni zamanda rentgenoloqlara rentgen şüalarının təsiri, anestezioloqun xəstəni yatızdırarkən daim diqqətini mərkəzləşdirməsi və davamlılığına nəzarət etməsi, diş həkiminin əlləri ilə ağızda və ağız damarlarında olan xəstəliklərlə işləməsi stres hallarının artımına təsir edir. Psixoloji ədəbiyyatda stres geniş araşdırılmışdır, “stres insanın gözlənilməz gərgin şəraitlə rastlaşarkən keçirdiyi emosional haldır, yəni stres həyatdan irəli gələn və adamın bədəninə və ağlına mövcud olan uyğunlaşma imkanlarının qarşısında qoyulan tələblərdir. Əgər bu imkanlar qoyulan tələblərə üstün gəlirsə və xarici təsirdən həzz almaq hissi duyulursa, deməli, stres lazımlı və faydalıdır. Əks halda, yəni stres qəbuledilməzdirsə, onda o, səmərəsiz və qəbuledilməzdir [4, s.5]”. Həkimlər gözlənilməz gərgin şəraitlə tez-tez rastlaşdığı üçün, qarşısına geniş tələblər qoyduğu üçün, məsuliyyətli və həyati əhəmiyyətli işlə üz-üzə gəldiyindən peşə stresi keçirməkləri normal bir hal olmuşdur. K.Maslaç və M.Leyter insanın hansı peşəyə, fəaliyyət növünə yiyələnməsindən asılı olmayaraq peşə stresini “insan qəlbinin eroziyası” kimi qəbul edir. Belə olan hallarda uyğunsuzluğun 6 formasını qeyd edir:

1. İşçinin tələbatları ilə şəxsi resursları arasında uyğunsuzluq iş qabiliy- yətinin zəifləməsinə və kolleqalarla münaqişənin yaranmasına səbəb olur.

2. İşçilərin məqsədləri ilə işdə əldə etdikləri arasında uyğunsuzluq. İnsanlar məsuliyyət daşıdıqları üçün əldə etdikləri nəticəni özləri müəyyən etmək istəyirlər. Əks halda məsuliyyətsizlik və faydasızlıq hissləri baş qaldırır.

3. İşinə görə mükafatlandırılmadıqda əməyinin dəyərləndirilmədiyini hiss edir.

4. İşçinin şəxsiyyətinin və işinin üst-üstə düşməməsi, belə ki iş mühitində psixoloji iqlimin mənfi olmasıdır.

5. İşçi ilə iş arasında yaranan uyğunsuzluq ədalətsizlik hissinin yaranmasına, özünün təsdiqini tapmamasına gətirib çıxardır.

6. Şəxsiyyətin əxlaq prinsipləri ilə rəhbərliyin tələbləri arasında uyğunsuzluq. İnsana onun dini, əxlaqi, etik dəyərlərinə uyğun olmayan işin gördürülməsidir [8]. Həkimin peşə fəaliyyətində yuxarıda adı çəkilən uyğunsuzluqları müəyyən etməklə onların işlərinin effektivliyini artırmaq mümkündür. Belə ki həkim mənfi psixoloji iqlim olan kollektivdə işləyərsə, insanlara fayda verməyə və hətta həyatlarına zərər verə bilər. Hər bir insan gördüyü işə görə mükafatlandırılmaq, ən azından əhvali-ruhiyyəsini qaldıra biləcək bir xoş söz duymaq istəyir. Xəstələrin də sonda həkimlərə yaxınlaşıb xoş sözlərlə alqış etməkləri peşə fəaliyyətinin səmərəliliyini artıran, sosial-psixoloji baxımdan mühüm amillərdəndir. Peşə stresinin yaranması və inkişafı bir çox amillərlə bağlıdır, lakin bəzi fərdi-psixoloji xüsusiyyətlər vardır ki, onlar peşə stresinə tutulmağa daha çox meyillidirlər; Freydenberqin fikrinə görə bu insanlar şəfqətli, humanist, yumşaq, sədaqətli, idealist, insanyönümlü, introvert, “ideyaların” hakim kəsildiyi şəxsiyyət tipi, fanatlar, asan həmrəy olanlardır [8]. Həkim şəxsiyyətinin fərdi-psixoloji xüsusiyyətlərindən olan melanxolik temperament tipi də onun psixoloji vəziyyətinə təsir göstərir. Belə ki psixoloji ədəbiyyatda melanxolik temperament tipi çox həssas olaraq verilir. İnsan həssas olduqda rastlaşdığı kiçik problemləri də böyük qavrayır və həlli yollarını tapmaqda çətinlik çəkir. Bəzən insan peşə stresini yaşayır, lakin bunun fərqinə varmır. Stres də daha sonra həmin insanda psixosomatik xəstəliklərin yaranmasına səbəb olur. B.R.Mandel peşə stresi şəraitində psixi gərginlikdən müdafiə olunmaq üçün bir neçə sadə qaydaları tətbiq etməyin yollarını göstərmişdir:– refleksiya, yəni öz davranışlarını və reaksiyalarını kənar şəxslərin gözü ilə müşahidə etmək;– emosiyalar üzərində nəzarətin itirilməsi və stresin yaranmasının əlamətləri nə qədər tez sezilərsə, peşə stresindən şəxsi müdafiə proqramı daha güclü və möhkəm olacaqdır;– dayanmağa kömək edəcək yolların axtarıb tapılması (məsələn, otaqdan çıxmaq, susqunluq, pauza və s.);– daha çox həzz alacağı məşğuliyyəti tapmağın zərurəti, məhz sevdiyi işlə məşğul olmaq və həmin işə daha çox vaxt ayırmaq stresi azaldır və gərginliyi aradan qaldırır [7, s.33]. Hər bir peşə sahəsində mütəxəssis olan insanların işin gərginliyini azalt- maq üçün müəyyən müddət də olsa işdən uzaqlaşıb dincəlməyi zəruri amillərdəndir. Məhz bu səbəblərdəndir ki, ilin sonunda işçilərə dincəlmək üçün, fərqli işlərlə, ailə məsələləri ilə məşğul olmaq üçün istirahət günləri, qeyri-iş günləri və müxtəlif tipli məzuniyyətlər verilir.

Nəticə:Həkimlərin həyat fəaliyyətini yaxşılaşdırmaq üçün peşə stresi barədə onların maarifləndirilməsi, əvvəlcədən xəbərdar edilməsi müasir dövrün aktualproblemlərindəndir. Məhz bu səbəbdən də həkimlərin psixoloqlarla görüşə yönəldilməsi, onlar psixoterapiyanın bir neçə texnikaları ilə məlumatlandırılması müsbət psixoloji mövqelərinin qorunub saxlanılmasına kömək edəcəkdir. Eyni zamanda həkimlərin və həkim ixtisasına yeni yiyələnmiş gənclərin uzmanlıq keçmələri, xarici ölkələrə təcrübə proqramlarında iştirak etmələri bir tərəfdən özlərinə inamını artırır, digər tərəfdən də daha asanlıqla iş yerləri əldə et- məklərinə, sosial və psixoloji şəraitlərinin yaxşılaşdırılmasına kömək edir.

Müəllif:

Azərbaycan Dillər Univeristetinin psixologiya kafedrasının doktorantı Xəyalə Muradova

Son məqalələr

Online Qeydiyyat