“Yeniyetməlik dövründə psixoloji böhranın tədqiqi”

Psixologiya Elmi Tədqiqat İnstitutunun fəaliyət sahələrindən biri də elmi tədqiqatların keçirilməsidir. Keçirilən tədqiqatlardan biri də”Yeniyetməlik dövründə psixoloji böhranın tədqiqi” ilə bağlı olmuşdur. Tədqiqat Psixologiya Elmi Tədqiqat İnstitutunun İnkişaf və Yaş şöbəsinin rəhbəri Mətanət Əliyeva tərəfindən aparılmışdır.
Tədqiqatdan alınan nəticələr məktəb psixoloqları ilə bölşülmüşdür və onlarla tədqiqat üzərindən müzakirələr aparılmışdır.

Yeniyetməlik yaş dövrü insanın uşaqlıq və gənclik dövrü arasında sərhəddir. Uşaqlıqdan yeniyetməliyə keçidin əsasında məhz bu dövrdəki inkişadın əsas məzmunu və spesifik fərqi təşkil edir. Məlumdur ki, yeniyetməlik yaş dövrünü keçid, «böhran»lı yaş dövrü adlandırırlar. Bu təsadüfi deyildir. Yeniyetmənin orqanizmində baş verən psixofizioloji dəyişikliklər münasibətlər sferasının yeniləşməsi, özünə və başqalarına münasibətin dəyişməsi, onların davranış və rəftarının yenidən qurulması, şəxsi «mən»də yeni protensial imkanların, keyfiyyətlərin dərk edilməsinə ciddi təsir göstərir. Nəzərdən keçirdiyimiz bu amillər yeniyetmənin əqli, intellektual, mənəvi-psixoloji keyfiyyətlərin inteqrasiyasını, ən başlıcası isə öz kimliyinin təsdiqini, ideya və arzularının bu istiqamətdə oriyentasiyasına səbəb olur. Yeniyetmə dövrünün böhranları ictimai həyatın ona verdiyi konkret sosioloji tələbatı ödəyərkən, yəni inkişaf edən yeniyetmənin böyüklər aləmində müəyyən mövqe tutmaq istədiyi zaman qazanılan xüsusiyyətlərlə, müstəqilliyə artan tələbatlarla bu müstəqilliyi həyata keçirmək imkanları arasında baş verir. Bu dövrdə böyüklər adətən çalışırlar ki, yeni tələbatların ödənilməsi üçün şərait yaratmaqla böhranın qarşısını alsınlar. Ancaq təcrübə göstərir ki, uşaqlar bir qayda olaraq valideynlərini buna təhrik edir ki, sonradan icazə verilməyən hərəkətləri etməklə öz qüvvələrini yoxlasın, şəxsi çalışmaları nəticəsində öz müstəqillik çərçivəsini genişləndirsin. Məhz belə toqquşmalar zamanı yeniyetmə özünü tanımağa, qiymətləndirməyə, imkanlarını görməyə başlayır, özünütəsdiqləmə tələbatını ödəyir. Yeniyetmədə belə hallar baş vermədikdə, yeniyetməlik dövrü sakit, konfliktsiz keçdiyi zaman sonradan gecikmiş, daha mürəkkəb xarakter daşıyan böhran halları baş verir. Bu da 17 – 18, bəzən də bir az da gec yaşlarında özünü göstərir və uşağın uzun sürən infantil mövqeyini xarakterizə edir. Beləliklə, yeniyetmə nisbətən qorxulu olmayan şəraitdə gedən müstəqillik uğrunda mübarizədə özünüdərketmə və özünütəsdiqləmə tələbatlarını təmin edir. Onda bu zaman nəinki özünə inam hissi yaranır, həm də əxlaq qaydaları formalaşır. Bu da gələcəkdə rastlaşdığı həyati çətinliklərin öhdəsindən gəlməyə imkan yaradır[3;104].

Yeniyetməlik dövründə böhran xüsusiyyətlərini araşdırmaq məqsədi ilə 13-14 yaş dövrünü əhatə edən yeniyetmə üzərində tədqiqat keçirilmişdir. Tədqiqatın məqsədi yeniyetmələrədə böhran vəziyyətinin psixoloji təhlili, eyni zamanda böhranın psixokorreksiyası məqsədi ilə proqram hazırlamaq olmuşdur. Tədqiqatda ümumi 224 şagird iştrak etmişdir. Onlar üzərində Demoqrafik anket, Böhran İdentikliyi testi və Qısa Simptom Enventarı metodikaları tətbiq olunmuşdur. Tədqiqatın birinci mərhələsində iştrakçıların böhran vəziyyəti müəyyənləşmiş, ikinci mərhələdə isə böhrah göstəricisi yüksək olan iştrakçılarla Qısa Simptom Enventarı həyata keçirilmişdir. Sonra iştrakçılarla 8 seansdan ibarət qrup terapiyaları həyata keçirilmişdir. Sonda yenidən iştrakçılarla postest tərbiq olunmuş və proqramın effektivliyini nəzərə alaraq yeniyetməlrədə böhran vəziyyətinin korreksiyası məqsədi ilə proqram hazırlanmışdır.

Bizim tədqiqat nəticəsində yeniyetmələrdə böhran vəziyyətinin təqdidi ilə bağlı maraqli faktlar ortaya çıxmaqla yanaşı, böhran zamanı psixokorreksiyanin rolu da bir daha öz təsdiqini tapdı. Alınan statistik və elmi nəticələri nəzər alaraq böhran müdaxilə proqramı hazırlandı.
Sonda qeyd edək ki, nəinki yeniyetməlik dövründə insan inkişafının müxtəlif dövrlərində yaranan böhran halları sadə məsələ deyil və öz mürəkkəb psixoloji strukturu və təzahür formalarına görə bir birindən fərqlənir. Böhran həyatın adət edilmiş axarını pozur, insanın gündəlik həyat fəaliyyətinə təsir edib onu sistemdən çıxarır. İnsan yaşadığı dövrdə baş verən böhranlar indiyə qədər onun üçün əhəmiyyətli olan və həyatının özəyini təşkil edən dəyərləri yenidən mənalandırılmasını tələb edir və onu əhatə edənlə münasibətləri, əlaqələri həyat tərzini dəyişməyə sövq edir. Böhranın müvəfəqiyyətli həll olunması və bu problemin öhdəsindən uğulu gəlmək insan üçün həyati əhəmiyyətli məsələ hesab olunur və bu zaman insan üçün yeni, müsbət keyfiyyətlərin yaranmasına səbəb olur. Məhz bu baxımdan keçirilmiş olan tədqiqat çox aktualdır.

Online Qeydiyyat