Psixoloq “dəli həkimi” deyil

Psixoloq “dəli həkimi” deyil… Son zamanlarda müraciət edən pasientlərin bir çoxundan istər birbaşa, istər dolayısı yolla aldığım təəssürat bu məqaləni yazmağa vadar etdi. Pasientlərdə “əgər psixoloqa müraciət edirəmsə insanlar bunu bilməməlidirlər, çünki, haqqımda mənfi düşünməyə başlayacaqlar” fikirlərini müşahidə edirəm və bacardığım qədər bu məsələni aydınlaşdırmağa çalışıram. Amma bu məqalədə diqqət çəkmək istədiyim əsas məqam digər insanların necə yanaşmasıdır. Təəssüf ki, bir çoxumuz insanları etiketləməyə üstünlük veririk, yəni hər hansısa bir narahatlığı yaşayan bir insanı daim yaddaşımızda həmin etiketlə xatırlayırıq və belə olduqda insanlar psixoloqa müraciət etməkdən çəkinirlər və bəzən sualları yönəldərkən qınanılmaqdan nə dərəcədə çəkindikləri də aydın görünür. Bununla əlaqəli bir təcrübəni diqqətinizə çatdırmaq istəyirəm.

Stanford Universitetinin professoru David Rosenhan 1973-cü ildə 3 psixoloq, 1 psixiatr, 1 evdar qadın, 1 pediatr, 1 psixologiya tələbəsi və 1 rəssam olmaqla, 8 nəfərdən ibarət komanda ilə bir təcrübə keçirdi. Rosenhan 8 nəfər “yalançı xəstəni” ölkənin müxtəlif xəstəxanalarına hallüsinasiya, sayıqlama şikayəti ilə göndərdi. Xəstələr xəstəxanaya yerləşdirildikdən sonra hər hansısa bir narahatlıq dilə getirmədilər və hallüsinasiyaların yoxa çıxdığını da dedilər. Xəstələr xəstəxanada ortalama 19 gün qaldılar, xəstəxanadan ayrılarkən onlara remissiada şizofreniya diaqnozu qoyuldu. Xəstəxanadakı digər xəstələr “yalançı xəstələrin” gizlicə göndərilmiş jurnalistlər olduqlarını düşünərkən tibb işçiləri onların normal davranışlarını belə xəstəliklərinin bir parçası olaraq gördülər. Rosenhan günlük həyatda qarşılaşdığımız normal görülən davranış və duyğuların belə psixiatriya xəstəxanalarında pataloji olaraq görüldüyü nəticəsinə gəldi. Rosenhan bir pasientə hər hansısa diaqnozun etiketi yapışdırıldıqan sonra davranışlarının bu etiketə görə şərh edildiyini göstərməklə bərabər, pasientleri etiketləmək yerinə, onların duyğu, davranış və problemlərinə diqqət edilməli olduğunu da ortaya qoydu.

Psixologiya Elmi-Tədqiqat İnstitutunun mütəxəssisi, psixoloq Emilya Nəsibova

Online Qeydiyyat