Fövqəladə hallar zamanı psixi sağlamlıq

Dünyada və ölkəmizdə baş verən son neqativ hadisələr səbəbi ilə çoxlu mesajlar var. İnsanlar özlərini narahat, depressiv və hətta günahkar hiss edirlər.
Sizin hal-hazırda narahat və depressiv hiss etməniz anlaşılandır. Sosial mediadakı görüntülər və məlumatlar həqiqətən insanın içini sıxır. İstər Ukraynada, istər Suriyada, istər Türkiyədə baş verənlər heç xoş şeylər deyillər. Amma sizin də sosial şəbəkələrdə və internetdə durmadan bu hadisələrlə maraqlanmanız psixologiyanıza mənfi təsir edir. Gərəkli informasiyaları aldıqdan sonra eyni şeyi 80 dəfə fərqli cümlələrlə oxumağın bir mənası yoxdur. Bir az sosial şəbəkələrə ara vermək sizə yaxşı təsir edə bilər.
Müharibədən və təbii fəlakətlərdən əziyyət çəkənlərə yetəri qədər yardım edə bilmədiyiniz üçün özünüzü günahkar da hiss etməyin. Əlinizdən gələni etdikdən sonra özünüzü parçalamağa ehtiyac yoxdur. Hal-hazırda edilən ən kiçik yardım belə böyük bir şeydir əslində. Həyatınıza davam etdiyiniz üçün günahkar deyilsiniz. Edilən yardımın kiçikliyinə görə kimisə qınamamalısınız. Hal-hazırda hər kəs bacardığı qədər yardım edir.
Ey insanlar, paylaşdığınız informasiyaların doğruluğuna diqqət edin. Atom bombası, növbəti fəlakətlər, fəlakətlərin miqyası və səbəbi ilə bağlı bilmədiyiniz şeyləri yazmayın. Hal-hazırda sizin subyektiv təxminləriniz kimlərəsə çox pis təsir edə bilir. Yaranmış vəziyyətdən yardım kampaniyası adı ilə istifadə etməyə çalışmayın, bu insanlıq adına ləkədir.

Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, klinik (tibbi) psixoloq Fuad Əsədov

Online Qeydiyyat