Smartfon işləmək, insanlarla əlaqə saxlamaq və gündəlik işlərimizi yerinə yetirməkdə bizə kömək etsə də, eyni zamanda həddindən artıq istifadə zamanı asılılığa çevrilə bilər. Smartfon asılılığının həyatımızın bir çox vacib aspektlərinə zərərli təsir göstərdiyi məlumdur. Bu məsələnin aktuallıq kəsb etməsi Psixologiya Elmi-Tədqiqat İnstitutu tərəfindən özünəhörmət və smartfon asılılığı arasında özünənəzarətin vasitəçi rolunun araşdırılması zərurəti doğurdu.
Bu istiqamətdə aparılan tədqiqatda 18-63 yaş arası 1118 yetkin insan iştirak etmişdir. Tədqiqatda iştirak edən insanların 90.3%-i subaylar təşkil etmişdir. Gündəlik smartfon istifadə müddəti ilə bağlı sorğudan əldə olunan nəticələr göstərir ki, tədqiqatda iştirak edən insanların 18.9%-i gün ərzində 8-10 saat, 34.4%-i 5-7 saat, 22.3%-i 3-4 saat və yalnızca 8.2%-i isə sadəcə 1-2 saat telefonundan istifadə etdiyini qeyd etmişdir.
Yüksək səviyyədə özünənəzarət edə bilən insanlar ətraf mühitə daha yaxşı uyğunlaşmaq, öyrənmək, işləmək və daha yaxşı yaşamaq üçün düşüncələrini, duyğularını və davranışlarını tənzimləyə bilirlər.
Tədqiqat nəticələrimiz göstərir ki, özünənəzarət özünəhörmət və smartfon asılılığı arasında vasitəçi rol oynayır. Araşdırmalarımıza əsasən qeyd etmək olar ki, özünəhörmət hissi artdıqca özünə nəzarət də arta bilər və bu da öz növbəsində smartfon asılılığının azalmasında təsirli ola bilər. Özünəhörmət hissi insanlara smartfondan asılılıq yaradan davranışlarla mübarizə aparmağa kömək edən əsas komponentdir. Bütün bunlar onu göstərir ki, smartfon asılılığı və digər bir çox problemləri aradan qaldırmaq üçün özünəhörmət hissini artırmağa çalışmalıyıq.