Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov medianews.az saytına müsahibə verib

Yay tətili bitir və yeni tədris ili başlayır. Bəzi uşaqlar bol istirahət və oyunlardan sonra məktəbə getməyə bir o qədər həvəsli deyillər. Uşaqları məktəbə cəlb etmək üçün nə edilməlidir?

Mövzu ilə bağlı Medianews.az-a danışan Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov bildirib ki, həm valideynlər, həm də uşaqlar üçün qayğısız tətil günlərindən dərs rejiminə keçid daim aktual problem kimi gündəmə gəlir.

Psixoloqun sözlərinə görə, məktəb mühitinə adaptasiya uşaqlara fiziki, zehni, emosional cəhətdən təsir edən böyük bir uyğunlaşmadır. Bu nöqtədə valideynlər bilməlidirlər ki, uşaqların məktəbə uyğunlaşmasını düzgün idarə etməmək onların təhsil həyatında travma və narahatlıqlar yarada bilər: “Valideynlər uşaqlarda adaptasiya prosesini asanlaşdırmaq üçün uşağın yenidən məktəb rejiminə qayıtmasına kömək edəcək vacib nüanslara diqqət etməlidirlər. Həmçinin uşaqlarda fiziki tələbatlarla yanaşı, psixoloji rifahın da təmin olunması vacib məsələdir. Bu müddətdə uşaqların təsirləndiyi ən vacib nüans yuxu tələbatının tam ödənilməməsidir. İlk öncə valideynlər uşaqlarda yuxu rejiminə diqqət etməli, məktəb başlanmazdan bir və ya iki həftə əvvəl strukturlaşdırılmış rejimi yenidən tətbiq etməyə başlamalıdırlar. Araşdırmalar göstərir ki, oyanma, yemək, oyun, dərs və yuxu vaxtlarını əks etdirən gündəlik cədvəl yaratmaq uşaqlarda diqqətin artırılmasında əlverişli üsullardan sayılır. Uşaqları birdən-birə ciddi rejimə uyğunlaşdırmaq doğru hal deyil. Buna görə də öncədən onlarda düzgün yuxu və qidalanma rejimini formalaşdırmaq mütləqdir. Beləliklə, fiziki tələbatları ödəndiyi üçün şagird tamamilə məktəb saatlarına fokuslanır və dərslərdə aktiv iştirak edir”.

E.Rüstəmov deyib ki, uşaqların məktəbə uyğunlaşması prosesində müəllim-şagird münasibətləri və tədris planı olduqca əhəmiyyətli rol oynayır. Onun qənaətincə, valideynlər və müəllimlər qarşıdan gələn tədris ili haqqında uşaqlara əvvəlcədən məlumat verməli, baş verəcək dəyişiklikləri nəzərə çatdırmalıdırlar: “Ümumiyyətlə, valideynlər övladları ilə daimi ünsiyyətə girməyi və onlarla inkişafetdirici söhbətlər aparmağı bacarmalıdırlar. Onların hisslərini, gözləntilərini və narahatlıqlarını müzakirə etmək mütləqdir. Valideyn övladını yay tətilində qazandığı təcrübələrini bölüşməyə təşviq etməli, dostları ilə yenidən birləşmək, yeni fənləri öyrənmək kimi müsbət cəhətləri vurğulayaraq onu yeni dərs ilinə həvəsləndirməyə çalışmalıdır. O cümlədən, öyrənməyin və şəxsi inkişafın önəmini vurğulayaraq uşaqlarda müsbət düşüncə tərzini inkişaf etdirmək vacibdir. Bunun üçün öz məktəb təcrübənizdən olan hekayələri paylaşa, məktəb mühitində öyrənilən məlumatların dəyərini vurğulaya bilərsiniz. Belə davranış tərzi uşaqlarda çətinliyə dözümlülük və ümumi tolerantlıq yaradaraq yaşadığı mərhələnin nəticəsini görməyə əsas yaradır”

E.Rüstəmov söyləyib ki, dərs ili üçün hədəflərin qoyulması məqsəd və məsuliyyət hisslərini formalaşdırmağa kömək edir. Belə ki, uşaqların yeni məqsədlər və planlar tərtib etməsi tədris ili üçün motivasiyanı, həvəsi artıra bilər: “Adaptasiya prosesində şagirdlərdə yaşanan digər bir problem məktəbdə davamiyyətin azalmasıdır. Valideynlər bilməlidir ki, davamiyyətin izlənilməsi sisteminin tətbiqini və davamiyyət düzgünlüyünü təmin etmək, həm də məktəbdən əlavə dəstəyə ehtiyacı olan, o cümlədən psixoloji problem yaşayan şagirdləri müəyyən etmək üçün vacib addımdır. Sosial-emosional narahatlıqlar, təşviş pozuntuları və digər ciddi psixoloji pozuntular zamanı şagird məktəb mühitindən uzaqlaşmağa çalışır. Belə çətinliklərlə yanaşı, bu gün məktəblərdə öyrənmə çətinliyindən də əziyyət çəkən minlərlə uşaq müşahidə edə bilərik. Öyrənmə çətinliyi müəllimlər və ailələr tərəfindən kifayət qədər bilinmədiyi üçün bu problemi yaşayan uşaqlar məktəbdə, ailədə və digər mühitlərdə bir çox çətinliklə üzləşirlər. Belə uşaqlarda məktəb mühitinə uyğunlaşma narahatlıq yaradan mərhələdir. Xüsusilə öyrənmə çətinliyi olan uşaqların dərslərində çətinlik çəkməsi və sinif yoldaşlarından geri qalması onların sinifdə təklənməsinə, lağ edilməsinə və hətta bullinqə məruz qalmasına səbəb olur. Təbii ki, belə hallar onların bilavasitə məktəb mühitindən uzaqlaşmasına gətirib çıxarır”.

Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri vurğulayıb ki, bu cür psixoloji problemlər zamanı vaxtında mütəxəssisə müraciət edilməli, problemin mahiyyəti valideynlər tərəfindən dərk edilməlidir: “Uşaqların güclü və zəif tərəflərinə uyğun olaraq təlim proqramının tətbiq edilməsi, mənəvi dəstəyin verilməsi onların həyatını aydınlandıraraq, daha böyük uğurlar əldə etmələrinə səbəb olacaq. Ümumiyyətlə, məktəbə qayıtmaq uşaqlarınız üçün çətin bir təcrübə olmamalıdır. Doğru strategiyaları həyata keçirməklə siz onlara yeni dərs ilini inamla və həvəslə qarşılamağa kömək edə bilərsiniz. Unutmayın ki, sizin dəstəyiniz, səbriniz və təşviqiniz yay tətilindən məktəb rejiminə uğurlu keçidin təmin edilməsində mühüm rol oynayır”.

https://medianews.az/2024/09/16/usaqlari-m%c9%99kt%c9%99b%c9%99-nec%c9%99-uygunlasdiraq-psixoloq-reyi-fotolar

Online Qeydiyyat