“Psixologiyanın İnsan Resurslarında rolu: yeni çağırışlar” mövzusunda seminar keçirilib

Psixologiya Elmi Tədqiqat İnstitutu və HR İnstitutunun birgə təşkilatçılığı ilə “Psixologiyanın İnsan Resurslarında rolu: yeni çağırışlar” mövzusunda seminar keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Bundan sonra Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov, HR İnstitutunun direktoru Emil Hüseynov, Psixologiya Elmi Tədqiqat İnstitutunun əməkdaşları: Testlərin Adaptasiyası Laboratoriyasının rəhbəri Ülkər Zalova-Nuriyeva, klinik psixoloq Mahizər Yunis və Seyidfatimə Abbasova çıxış ediblər.

F.ü.f.d Elnur Rüstəmov açılış nitqi ilə tədbir iştirakçılarını salamlayıb, iştirakçılara institutun fəaliyyəti ilə bağlı məlumat verib. Elnur Rüstəmov İnsan Resursları (İR) sahəsində psixologiyanın rolunu və vacibliyini vurğulayıb, bununla bağlı gələcəkdə treninq və tədbirlərin keçiriləcəyini qeyd edib.

Sədr komandaya və müzakirə iştirakçılarına təşəkkürünü bildirib.

Daha sonra Testlərin Adaptasiyası Laboratoriyasının rəhbəri Ülkər Zalova-Nuriyeva psixoloji konsaltinq xidməti, təşkilati mühitdə psixoloji diaqnostika və təşkilati mühitin yaxşılaşdırılması ilə bağlı psixoloji konsaltinq xidmətinin məqsədi barədə geniş danışıb. O, emosional intellektin iş məhsuldarlığına təsiri, işçilərin psixi sağlamlığına, rifahına qoyulan investisiya və bu investisiyanın geri dönüşündən bəhs edib.
Eyni zamanda Ülkər Zalova-Nuriyeva Psixologiya Elmi-Tədqiqat İnstitutunun saytında konsaltinq xidmətinə ayrılmış bölmənin təqdimatını edib.

Klinik psixoloq Mahizər Yunis çıxışında təşkilati mühitdə psixoloji xidmətin faydaları mövzusuna toxunub. O, qlobal tendensiyalar, iş mühitində psixoloji pozuntular və onların təsiri, korporativ psixoloji dəstək barədə iştirakçıları məlumatlandırıb. Mahizər Yunis həmçinin Psixologiya Elmi Tədqiqat İnstitutunun fəaliyyət sahələrini də qeyd edib.

Növbəti məruzəçi – tədqiqat qrupunun üzvlərindən olan Seyidfatimə Abbasova insan kapitalının inkişafında psixoloji təlimlərin rolu haqqında iştirakçılara məlumat verib.

Yekunda mütəxəssislər auiditoriyanın suallarını cavablandırıblar.

Sonda kollektiv xatirə şəkli çəkdirilib.

Online Qeydiyyat