“Məktəb Psixoloqlarının I Ümumrespublika Konfransı”

“Məktəb Psixoloqlarının I Ümumrespublika Konfransı”

Layihə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Təhsil İşçilərinin Peşəkar İnkişaf İnstitutu, “Məktəblinin Dostu” və “Sağlam Təhsil Sağlam Millət” layihələri ilə qarşılıqlı əməkdaşlıq zəminində baş tutdu. Təntənəli açılış mərasimində Azərbaycan Respublikası Təhsil Nazirinin müavini Məhəbbət Vəliyeva təhsilin inkişafı üzrə Dövlət Strategiyasının strateji istiqamət və hədəflərindən çıxış edərək məktəblərdə psixoloji xidmətin təşkilinə və psixoloqların praktik fəaliyyətinə dair məsələlərə toxundu. Təhsil sisteminin başlıca vəzifələrindən biri kimi milli mənəvi və ümumbəşəri dəyərlərə, geniş dünyagörüşünə malik, müsbət təşəbbüsləri və yenilikləri qiymətləndirən və dəstəkləyən, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli şəxsiyyətin formalaşdırılmasıdır. Bu səbəbdən səriştəyə əsaslanan şəxsiyyətyönümlü təhsil məzmununun yaradılması və təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsilverənin formalaşdırılması strateji istiqamət kimi qeyd edilmişdir. Bu işdə psixoloji xidmətin üzərinə düşən strateji hədəf və vəzifələri diqqətə çatdırdı. Müasir Azərbaycan Psixoloqları İctimai Birliyinin İdarə heyətinin sədri, AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev çıxış edərək Psixologiya Elmi-Tədqiqat İnstitutunun yaradılmasında verdiyi böyük dəstəyə və “Məktəb Psixoloqlarının I Ümumrespublika Konfransı”nın baş tutmasına görə Təhsil Nazirliyinə təşəkkürünü bildirdi. O, təhsil haqqında qanunda məktəbdə psixoloji xidmətin təşkilinə dair edilən əlavələrə toxunaraq qeyd etdi ki, hazırda dövlətin və Təhsil Nazirliyinin bu sahəyə diqqəti kifayət qədər böyükdür. İlk dəfə olaraq məktəbdə psixoloji xidmətin təşkili qaydalarının hazırlanaraq Nazirlər Kabinetinin təsdiqinə verilməsini, bunun bariz nümunəsi kimi göstərdi. Bu aspektdən gələcəkdə məktəb psixoloqlarının statuslarının yüksəldilməsi və onların fəaliyyətinin stimullaşdırılmasına dair məsələlərə aydınlıq gətirdi. Eyni zamanda bunun qarşılığı olaraq məktəb psixoloqlarının öhdələrinə düşən vəzifələr barədə geniş məlumat verdi. Daha sonra Psixologiya Elmi-Tədqiqat İnstitutu MMC-nin sədri Elnur Rüstəmov, Bakı Dövlət Universiteti, Sosial Elmlər və Psixologiya fakültəsinin dekanı, professor Hikmət Əlizadə, professor Ramiz Əliyev, Vəfa Yaqublu, dosent Elxan Bəylərov, Aynur Bünyatova, Diyanə İbrahimova, Bahar Bəylərova, Mehriban Verdiyeva və Raziyə Quliyeva məruzələrlə çıxış etdilər. Konfransda ixtisasartırma və yenidən hazırlanma, məktəb psixoloqlarının hazırlığı, məktəbdə psixoloji xidmətə yeni baxış, sağlam təhsildə psixogigiyena, psixoloq hazırlığı, ruhda “kağız kəsiyi” izlər, məktəbdə aşkar olunan psixoloji problemlər, təxəyyül məktəbinə keçid mövzularında məruzələr dinlənildi. Sonda təntənəli bağlanış mərasimi və sertifikatların təqdimatı baş tutdu. Bağlanış mərasimində Müasir Azərbaycan Psixoloqları İctimai Birliyinin İdarə heyətinin sədri, AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev yekun nitq söyləyərək konfrans iştirakçılarına təşəkkürünü bildirdi və məktəb psixoloqlarına işlərində uğurlar arzuladı.

Son məqalələr

Online Qeydiyyat