Testlərin adaptasiyası laboratoriyası

“Testlərin adaptasiyası laboratoriyası” cəmiyyətdə müxtəlif yaş qruplarında rast gəlinən psixoloji problemlərin tədqiq olunması üçün psixometrik qiymətləndirilməsi aparılmış, valid və mötəbər testlərin Azərbaycana adaptasiya olunması məqsədi ilə yaradılmışdır. Dünyada gün keçdikcə yeni anlayışlar və metodikalar, testlər irəli sürülür və bu testlər vasitəsi ilə ən aktual psixoloji problemlər tədqiq olunur, bu istiqamətdə profilaktik tədbirlər görülür. Əfsuslar olsun ki, hazırda Azərbaycanda zorakılıq, ailə konfliktləri, həyat məmnunluğu, qumar asılılığı, rifah səviyyəsi, öz-yetərlilik, sosial şəbəkələrdən asılılıq və s. uşaq, yeniyetmə, yetkin və yaşlı insanları əhatə edən məsələlərin tədqiq olunması üçün validliyə və mötəbərliliyə malik olan hər hansısa bir şkala (test) yoxdur. Hazırda müxtəlif tədqiqatların həyata keçirilməsi üçün istifadə olunan testlərin isə dildəki psixometrik xüsusiyyətləri təhlil olunmamışdır. Nəticə olaraq, aparılacaq tədqiqatların nəticələrini təhlil etmək çətinliyi meydana gəldiyi üçün mərkəzin əsas məqsədi bu məhdudiyyətlərin aradan qaldırılması istiqamətində işlər görməkdir.  

Testlərin Adaptasiyası nə üçün lazımdır, nəyə töhfə verəcəkdir?

  1. Valid-mötəbər psixometrik xüsusiyyətlərə malik olan testlər olmadan bu və ya digər məsələlərlə bağlı mövcud vəziyyəti tədqiq etmək mümkün deyildir. Məsələn, məktəbdə zorakılığa məruz qalan şagirdlərin sayını, bu şagirdlərin xüsusiyyətlərini müəyyənləşdirə bilmərik.
  2. Mövcud vəziyyəti tədqiq edə bilmədiyimiz üçün problemli məqamların aradan qaldırılması istiqamətində yetərsizlik olacaqdır. Ölçə bilmədiyimiz bir məsələ ilə bağlı mübarizə aparmaq, profilaktik tədbirlər görmək mümkün deyildir.
  3. Ölkə səviyyəsində testlərin adaptasiyasının aparılması beynəlxalq səviyyədə işlərin aparılmasına əsas verər. Beynəlxalq indekslərdəki (WOS-Scopus) məqalələrdə istifadə olunan testlərin həmin mədəniyyətə və dilə adaptasiyasının həyata keçirildiyi mütləq şəkildə soruşulduğu üçün bu testlərin dilimizdə mövcud olmaması beynəlxalq səviyyədə məqalələrin və elmi-tədqiqat işlərinin yazılmasının müəyyən qədər qarşısını alır. Azərbaycan dilinə adaptasiya olunan testlərin sayının artması elmi əsərlərin nəşrlərinin sayını da artıracaqdır.
  4. Adaptasiya olunan testlərin sayı artdıqca modelləşdirmənin olduğu işlərin sayı da artmağa doğru gedəcəkdir. Hazırda Azərbaycanda tək dəyişənli tədqiqat işlərinin aparılması məlumdur. Dünyada isə hazırda çox dəyişənli modellərə əsaslanan işlər önəmli səciyyə daşıyır və bu çoxölçülü modellər ilə psixoloji fenomenlər arasında əlaqənin görülməsi mümkün olduğu üçün daha əhatəli tədbirlər görmək olar. 

“Testlərin adaptasiyası laboratoriyası” testlərin adaptasiyasını həyata keçirərək, müxtəlif yaş qruplarında müşahidə olunan psixoloji problemləri tədqiq edərək psixi sağlamlıq sahəsində fəaliyyət göstərən mütəxəsislərə, yetkin insanların, yaşlıların sosial-psixoloji problemlərini öyrənərək daha sağlam bir cəmiyyətin yetişməsi üçün sosial xidmət sahəsinə, xəstələrin qayğısına qalan səhiyyə sahəsinin əməkdaşlarına, ailələrdə rast gəlinən problemləri tədqiq edərək ailə institutunun bütövlüyünün qorunmasına, uşaq və yeniyetmələrin internet və sosial şəbəkələrdən asılılıqlarını tədqiq edərək həm onların inkişafına, həm də təhsil sisteminə, işçilərin iş məmnunluğunun, emosional yanma sindromunun tədqiq olunması ilə şirkətlərin göstəricilərinin yüksəldilməsinə, müxtəlif qurumların fəaliyyətlərinin asanlaşmasına dəstək göstərmiş olacaqdır.

“Testlərin adaptasiyası laboratoriyası”nin yeni yaradılmasına baxmayaraq, qısa müddət ərzində araşdırma qrupları tərəfindən valid və mötəbər, qısa maddəli və psixometrik xüsusiyyətləri öyrənilmiş 5 testin Azərbaycan dilinə və mədəniyyətinə adaptasiyası həyata keçirilmişdir. Adaptasiya olunmuş testlərlə bağlı yazılmış məqalələr çap olunması üçün beynəlxalq indeksli (WOS-Scopus) jurnallara göndərilmişdir.

Psixologiya Elmi-Tədqiqat İnstitutu tərəfindən aşağıdakı testlər Azərbaycan dilində adaptasiya olunmuşdur:

Online Qeydiyyat