Adaptasiya olunan testlər

Rifah indeksi şkalası haqqında məlumat:

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən formalaşdırılan şkala subyektiv rifah səviyyəsini ölçmək üçün ən çox istifadə olunan şkaladır. Rifah indeksi şkalası 14 gün müddətində özünü necə hiss etməsi ilə bağlı pozitiv mənalı, özünühesabat xarakteri daşıyan suallardan ibarətdir. Şkala ilk öncə 28, daha sonra isə 10 maddədən ibarət olsa da, maddələri həm məzmun, həm də say baxımından yenidən dəyişdirilmiş və 5 maddədən ibarət olmuşdur. Depressiya, intihar düşüncələri, sonsuzluq və diabet kimi sahələr üzrə epidemioloji tədqiqatlarda skrininq vasitəsi kimi dünya miqyasında populyarlıq qazanan ölçmə şkalası irəli sürüldüyü gündən etibarən 30 dan çox dilə adaptasiya olunmuşdur.

Rifah İndeksi şkalasının adaptasiyası zamanı 18 yaşdan yuxarı 875 nəfərdən ibarət hədəf qrup seçilmişdir və şkalanın Azərbaycan dilində validlik və mötəbərlik kimi psixometrik meyarları yoxlanılmışdır.

Təhlillər nəticəsində ÜST tərəfindən formalaşdırılan 5 maddəli Rifah indeksi şkalası vasitəsilə ölkəmizdə 18 yaşdan yuxarı insanların rifah səviyyəsini və buna təsir göstərən digər faktorları (sosial-demoqrafik, psixoloji) müəyyən edərək bu sahədə qiymətləndirilmələrin aparılmasının mümkünlüyü ortaya çıxmışdır. İnsanların psixi sağlamlığının qayğısına qalmaq və bu sahədə psixoprofilaktik tədbirlər görmək üçün sosial-demoqrafik göstəriciləri də nəzərə almaqla risk qruplarını müəyyən etmək olar. Bu baxımdan sorğu nəticələri həm praktiki fəaliyyətdə, həm də elmin inkişafına töhfə vermiş olacaqdır.

Aşağıdaki linkdən forma keçid edərək rifah səviyyənizi yoxlamaq üçün “Rifah İndeksi Şkalası”ndan istifadə edə bilərsiniz.

Link: Rifah indeksi şkalası testi

Məqaləni oxumaq üçün aşağıdaki linkə daxil ola bilərsiniz:

Link: Rifah indeksi şkalası

Məktəb İqlimi Sorğusu haqqında məlumat:

Məktəb iqlimi təhsil sahəsində olduqca böyük əhəmiyyət daşıyan anlayışlardan biridir. Bu baxımdan, aparılan tədqiqatın məqsədi Məktəb İqlimi Sorğunu yeniyetmələrdə istifadə etmək üçün Azərbaycan dilinə adaptasiya etmək və məktəb iqlimi, psixoloji sıxıntı, akademik öz-yetərlilik və psixoloji rifah arasında münasibətləri araşdırmaq idi.

Tədqiqat prosesində 22 sualdan ibarət sorğu yeniyetmələrə təqdim olunmuş və suallara “Bəli” və ya “Xeyr” olmaqla cavablandırmaları təlimatı verilmişdir. Azərbaycanda 1204 yeniyetmədən məlumatlar toplanılmışdır. Adaptasiya prosesi zamanı təsdiqedici faktor təhlili, kriteriya ilə bağlı etibarlılıq və etibarlılıq təhlilləri aparılmışdır.

Təsdiqedici faktor analizin nəticələri şkalanın 22 maddədən ibarət olduğunu, üçölçülü struktura malik olduğunu və yaxşı uyğunluq göstərdiyini göstərmişdir. Bundan əlavə, nəticələr göstərdi ki, məktəb iqlimi depressiya, narahatlıq və stress ilə mənfi, akademik öz-yetərlilik və psixoloji rifahla müsbət korrelyasiyaya malikdir. Nəhayət, nəticələr onu göstərdi ki, məktəb iqlimi psixoloji sıxıntı və akademik öz-yetərlilik vasitəsilə psixoloji rifaha vasitəçi təsir göstərir. Bütün bu nəticələr onu deməyə əsas verir ki, Məktəb İqlimi Sorğusunun Azərbaycan versiyası qənətbəxş psixometrik xüsusiyyətlərə malikdir.

“Məktəb Iqlimi Sorğusu”nda iştirak etmək üçün aşağıdaki linkdən forma keçid edə bilərsiniz.

Link: Məktəb iqlimi sorğusu

Məqaləni oxumaq üçün aşağıdaki linkə daxil ola bilərsiniz:

Link: Məktəb iqlimi

Son dövrlərdə Azərbaycan məktəblərində yeniyetmələr arasında zorakılıq və aqressiv davranışların artması halı müşahidə olunur. Xüsusilə yeniyetməlik dövrünün bir sıra kəskin dəyişikliklərlə səciyyələnməsi onların müxtəlif problemlərlə üzləşməsinə səbəb olur. Azərbaycanda yeniyetmələrin aqressiv davranışlarının, aqressiyaya meylliliklərinin tədqiq olunması üçün psixometrik baxımdan validliyə və etibarlılığa malik olan hər hansısa bir şkalanın olmamasından dolayı, 12 maddədən ibarət olan Buss-Perri Aqressiya şkalasının Azərbaycan dilində psixometrik meyarları yoxlanılaraq dilimizə adaptasiya olunmuşdur. 11-18 yaş arası 1392 yeniyetmənin iştirakı ilə həyata keçirilmiş tədqiqatda statistik analizlər nəticəsində şkalanın valid və mötəbər olduğu müəyyən olunmuşdur. Bununla yanaşı, araşdırmada aqressiya ilə depressiya, təşviş və stress, həmçinin həyat məmnunluğu və rifah arasında əlaqələr də nəzərdən keçirilmişdir. Aqressiya və depressiya, stress və təşviş arasında müsbət asılılığın, həyat məmnunluğu və rifah arasında isə neqativ asılılığın olduğu aşkar olunmuşdur. Bu səbəbdən dolayı, şagirdlər arasında zorakılıq hallarının, aqressiv davranışa meylliliyin aradan qaldırılması üçün bunların araşdırılmasına və bu xüsusda müdaxilə proqramlarının və təlimlərin həyata keçirilməsinə ehtiyac vardır.

Link: Buss Perri Aqressiya Sorğusu

Məqaləni oxumaq üçün aşağıdaki linkə daxil ola bilərsiniz:

Link: İllionis bullinq şkalası

Orta Məktəb Məmnuniyyət Şkalası (H-Sat Scale) Azərbaycan dilinə adaptasiya olunmuş və şkalanın dilimizdə detallı şəkildə araşdırılması məqalədə təqdim olunmuşdur. 10-16 yaş arası 1894 yeniyetməni əhatə edən bu geniş tədqiqatda təsdiqləyici faktor analizi vasitəsilə H-Sat Şkalasının faktor strukturu təhlil olunmuş və şkalanın 20 maddəsi üçün yaxşı uyğunluq nəticələri əldə olunmuşdur. Həmçinin aparılan müxtəlif etibarlılıq təhlilləri H-Sat Şkalasının qənaətbəxş daxili uyğunluğa malik olduğunu aşkar etmişdir.

Tədqiqatda Orta Məktəb Məmnuniyyət Şkalası ilə psixoloji sıxıntı, akademik öz-yetərlilik və həyatdan məmnunluq kimi kritik dəyişənlər arasındakı mürəkkəb əlaqələrə işıq salan korrelyasiya təhlillərini öz əksini tapmışdır. Aparılan təhlillər akademik  öz-yetərliliyin həyatdan məmnunluq və psixoloji sıxıntı vasitəsi ilə orta məktəb məmnunluğuna təsir etməkdə vasitəçi rol oynadığını ortaya çıxarmışdır. Yeniyetmələr arasında orta məktəb məmnuniyyəti ilə bağlı bu geniş araşdırma sosial, psixoloji və təhsil kontekstlərində əhəmiyyəti gün keçdikcə artan bir fenomenə dəyərli perspektivlər təqdim edərək, fərdi və ictimai təsirlər haqqında dərin fikirlər təqdim edir.

Link: Orta Məktəbdən Məmnuniyyət Şkalası

Məqaləni oxumaq üçün aşağıdaki linkə daxil ola bilərsiniz:

Link: Məktəb məmnunluğu

Məktəb təcrübəsi 21-ci əsrdə təhsil mühiti sahəsində mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, Məktəb Təcrübəsi Şkalasını Azərbaycanlı yeniyetmələrə tətbiq etmək üçün dilimizə adaptasiyanı həyata keçirmək və məktəb təcrübəsi, psixoloji sıxıntı və məktəb məmnuniyyəti arasında qarşılıqlı əlaqəni tədqiq etmək olduqca böyük aktuallıq kəsb edir.

Aparılan tədqiqatda 1095 azərbaycanlı yeniyetmədən (635 qadın və 456 kişi) məlumatlar toplanılmışdır. Adaptasiya prosesi boyunca təsdiqedici faktor təhlili, kriteriya ilə bağlı validlik və etibarlılığın qiymətləndirilməsi üçün aparılan təhlillərlə yanaşı, məktəb təcrübəsi, psixoloji sıxıntı və məktəb məmnuniyyəti arasındakı əlaqə vasitəçi təhlil vasitəsilə araşdırılmışdır. Təsdiqedici faktor təhlilinin nəticələri göstərmişdir ki, şkala 14 maddədən təşkil olunmuş və məktəblə əlaqəli üç qoruyucu faktoru əks etdirir. Şkalanın həm ayrı-ayrı maddələr baxımından, həm də ümumi xal baxımından qənaətbəxş etibarlılıq əmsallarına malik olduğu müəyyən edilmişdir. Bundan əlavə, nəticələr məktəb təcrübəsinin məktəb məmnuniyyəti ilə müsbət korrelyasiya nümayiş etdirdiyini, eyni zamanda psixoloji sıxıntı ilə mənfi əlaqələrə malik olduğunu müəyyən etmişdir. Nəhayət, psixoloji sıxıntının məktəb təcrübəsi vasitəsilə məktəb məmnunluğuna təsir etməkdə vasitəçi rol oynadığı ortaya çıxmışdır. Əldə olunan nəticələr ümumi şəkildə deməyə əsas verir ki, Məktəb Təcrübəsi Şkalasının Azərbaycan dilindəki versiyası əlverişli psixometrik xüsusiyyətlərə malikdir.

Link: Qavranılan Məktəb Təcrübəsi Şkalası

Məqaləni oxumaq üçün aşağıdaki linkə daxil ola bilərsiniz:

Link: Məktəb təcrübəsi şkalası

Online Qeydiyyat