CBT Məktəbi Haqqında

Koqnitiv Davranış Terapiyası (Cognitive Behavioural Therapy) dünyada ən çox yayılmış və effektivliyi elmi olaraq ən çox sübut olunmuş bir psixoterapiya növüdür. Əsası Albert Ellis və Aaoron Beck tərəfindən qoyulmuş bu terapiya bütün dünyada psixoloqlar və digər mental sağlamlıq mütəxəssisləri tərəfindən aktiv şəkildə istifadə olunmaqdadır. Koqnitiv Davranış Terapiyası insanların düşüncə, hiss və davranışları arasında bir əlaqənin olduğunu iddia edərək, psixoloji pozuntuların müalicəsində də bu əlaqənin sağlam şəkildə qurulmasına fokuslanır.

CBT Məktəbi Azərbaycanda ilk dəfə Psixologiya Elmi Tədqiqat İnstitutunun nəzdində yaradılmışdır. İnstitutumuzda fəaliyyət göstərən CBT Məktəbində Koqnitiv Davranış Terapiyası ilə bağlı kurslar, seminarlar, simpoziumlar, tədqiqatlar və başqa layihələr həyata keçirilir. Kurslarda iştirak edən psixoloq və psixiatrlar beynəlxalq, tətbiqi sertifikatlar əldə edərək və superviziyalar alaraq professional psixoloji xidmət göstərməyə tam hazır vəziyyətə gəlirlər.

CBT Məktəbi mərkəzi New Yorkda yerləşən Albert Ellis İnstitutu və mərkəzi İstanbulda yerləşən Rasional Psixologiya İnstitutu ilə əməkdaşlıq edir. Kurslarımızda iştirak edən psixoloji sağlamlıq mütəxəssislərinə sözü gedən institutların direktor və müəllim heyəti dərslər verir və öz institutlarının sertifikatları ilə təltif edirlər.

Eyni zamanda ölkənin müxtəlif psixoloji mərkəzlərində işləyən CBT mütəxəssisləri mütəmadi olaraq Psixologiya Elmi Tədqiqat İnstitutunda toplanır, birlikdə keys analizləri və konsiliumlar həyata keçirilir.

Online Qeydiyyat