Psixologiya Elmi-Tədqiqat İnstitutunda “İçimizdəki titrəşimlərə… Səslərdən sonsuzluğa” adlı muzterapiya konfransı keçirilib.
“Ölkə.Az”ın məlumatına görə, Psixologiya Elmi-Tədqiqat İnstitututunun sədri Elnur Rüstəmov açılış nitqi edərək qonaqları salamlayıb. Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Ümumi psixologiya kafedrası”nın müdiri, psixologiya elmləri doktoru, professor Ramiz Əliyev, pedaqogika elmlər doktoru, Bakı Dövlət Universitetinin “Sosial elmlər və Psixologiya” fakültəsinin dekanı, professor Hikmət Əlizadə, Azərbaycan Respublikası Təhsil İnstitutunun direktor müavini, kimya elmləri üzrə fəlsəfə doktoru Rəfiq Qəndilov və Azərbaycan Respublikasının əməkdar müəllimi, pedaqogika üzrə elmlər doktoru, professor Vidadi Xəlilov öz təbrik və dəstək çıxışlarını səsləndiriblər. Azərbaycan Respublikası Təhsil İnstitutunun Psixologiya və Yaş Fiziologiyası şöbəsinin böyük elmi işçisi, musiqişünas Bahar Bəylərova-Ələkbərovaya söz verildi və o, öz çıxışında konfransın məram və məqsədindən, əsas məzmunundan danışıb.
Sonra isə təqdimatlara keçid edilib. İlk olaraq Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, psixologiya üzrə elmlər doktoru Elxan Bəylərov “Musiqi – Kainatın universal dili” mövzusunda təqdimatla çıxış edərək musiqinin müxtəlif mədəniyyətlərin, canlıların və hətta ənənəvi olaraq “cansız” hesab etdiyimiz varlıqların ümumi və universal qarşılıqlı təsir vasitəsi olduğunu qeyd edib. Xalq artisti, “Natiq” ritm qrupunun rəhbəri Natiq Şirinov milli ritmlər haqqında məlumat verib, həyatımızda düzgün ritmlərin səslənməsinin fiziki və ruhsal sağlamlığımız üçün nə qədər əhəmiyyətli olduğunu vurğulayıb.
Təhsil İnstitutunun Psixologiya və Yaş Fiziologiyası şöbəsinin böyük elmi işçisi, musiqişünas Bahar Bəylərova-Ələkbərova “Musiqinin intellekt sahələrinin inkişafına təsiri” mövzusunda çıxış edib. Növbəti təqdimatda isə Müasir Psixologiya Mərkəzinin baş psixoloqu, müdir müavini, Rulisten proqramının tətbiqçisi Aidə Nəbiyeva – “Tomatis metodu əsasında Rulisten metodu” mözvusuna toxundu və meditasiya təşkil etdi. Son çxış isə Türkiyədən qonaq qismində dəvət olunmuş sənətşünaslıq doktoru, musiqişünas, TSB səs və nəfəs terapisti Züleyxa Abdullayevanın təqimatında baş tutdu. Musiqişünas öz çıxışında musiqi terapiyasının imkan və əhatə dairəsi haqqında məlumat verdi və musiqi terapiyası təqdim etdi. Yekunda iştirakçılar konfransa dair öz fikirlərini bildiriblər.
Son Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov qonaqları fəxri fərmanla təltif edib.
Mənbə : http://olke.az/news/detail/psixologiya-elmi-tedqiqat-institutunda-muzterapiya-konfransi-149761