29 mart tarixində Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsinin IV kurs tələbələrinin Psixologiya Elmi-Tədqiqat İnstitutu daxilində planlaşdırılan praktik təcrübə müddəti sona çatdı. Psixologiya Elmi-Tədqiqat İnstitutunun rəhbəri Elnur Rüstəmov təcrübəçi tələbələrlə yekun görüşdə geridə qoyduğumuz bir ay müddətində praktik təcrübə proqramı əsasında görülən işlərdən danışdı, tələbələrin fikirlərini dinlədi və son olaraq bütün tələbələrə əldə etdikləri biliklərin gələcək karyeralarında onlar üçün faydalı olmasını arzu edib, uğurlar dilədi.
Qeyd edək ki, bir ay davam edən təcrübə müddətində tələbələrimiz üçün İnstitutun nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisləri, eyni zamanda dəvət etdiyimiz digər peşəkar mütəxəssislər tərəfindən psixologiyanın müxtəlif sahələrində və müxtəlif mövzularda təşkil olunan təlimlər, elmi müzakirələr keçirilmişdir.
Qarşıdakı 1 ay ərzində onlar öz təcrübələrinə Narınc Psixologiya Mərkəzində davam edəcəklər. Biz də Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq hər bir təcrübəçi tələbəmizə uğurlar və bu sahə üzrə inamla addımlamağı diləyirik!