Pedaqoji mühazirə qalibləri mükafatlandırılıb.

Yanvarın 30-da ötən dərs ilində keçirilən respublika pedaqoji mühazirə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə çıxış edən Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu pedaqoji mühazirələrin əhəmiyyətindən danışıb. Vəfa Yaqublu bildirib ki, mühazirələrin keçirilməsində məqsəd ümumi təhsil sahəsində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənməkdir. Eyni zamanda yaradıcı müəllim və məktəb rəhbərlərini aşkara çıxarmaq, qabaqcıl təcrübə nümunələrini təbliğ etmək və perspektiv üçün inkişafyönlü təkliflər hazırlamaq da bu sıraya daxildir. Vəfa Yaqublu keçirilən mühazirələrin pedaqoji ictimaiyyət tərəfindən maraq və rəğbətlə qarşılandığını da xüsusi vurğulayıb.

Çıxışının sonunda Vəfa Yaqublu qalibləri təbrik edib, onlara uğurlar arzulayıb.

Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, pedaqoji mühazirələr rayon (şəhər) və respublika olmaqla 2 mərhələdə keçirilib. Rayon (şəhər) mərhələsində 3642 pedaqoji mühazirə dinlənilib, onlardan 182-si seçilərək respublika mərhələsinə təqdim olunub. Respublika mərhələsinə təqdim olunan mühazirələr Təhsil Nazirliyinin İşçi qrupu tərəfindən oxunub, 155 pedaqoji mühazirə respublika mərhələsində iştirak üçün proqrama daxil edilib.

Tədbirin sonunda qaliblər təltif olunublar. Qiymətləndirmənin nəticələrinə əsasən, 107 müəllim diplom və tərifnamələrə layiq görülüb.

Tərifnaməyə layiq görülənlər arasında Psixologiya Elmi-Tədqiqat İnstitutunun Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri, psixoloq Nərmin Quliyeva və Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu, Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi Psixologiya kafedrasının müəllimi Ülviyyə Nəhmətova da olub.
Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq, hər iki əməkdaşımızı ürəkdən təbrik edir, uğurlar, karyeralarında yeni nailiyyətlər arzu edirik!

Son məqalələr

Online Qeydiyyat