Azərbaycanda fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində 118 saylı Ağdam Şəhər Seçki Dairəsi üzrə Milli Məclisin üzvlüyünə namizəd, AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev seçkiqabağı təşviqat çərçivəsində yekun görüşünü keçirib.
“Ölkə.Az”ın məlumatına görə, bu gün B.Əliyev Bakıda Ağdamdan olan seçici müşahidəçilər və könüllülərlə yekun görüş keçirib.
B.Əliyev görüşdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu daxili və xarici siyasət, son illərdə Azərbaycanda reallaşdırılan genişmiqyaslı islahatlar, infrastruktur və sosial-iqtisadi inkişaf layihələri, insanların sosial rifahının yüksəldilməsi, qarşıya çıxan problemlərin həlli üçün görülən işlər barədə danışıb. O qeyd edib ki, Azərbaycan dövlətinin siyasətinin mərkəzində insan amili, milli və dövlətçilik maraqları dayanır. B.Əliyev vurğulayıb ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində doğma yurdlarından didərgin düşən məcburi köçkünlərin, o cümlədən ağdamlı köçkünlərin problemlərinin həlli daimi dövlətin diqqət mərkəzində olub, məcburi köçkünlərin həyat şəraiti yaxşılaşdırılıb, onlar müasir yaşayış kompleksləri ilə təmin edilib.
B.Əliyev bildirib ki, Azərbaycan inkişaf etdikcə ordumuz da qüdrətlənir və bu gün Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasındadır. B.Əliyev vurğulayıb ki, aprel döyüşləri Azərbaycan ordusunun gücünü bir daha nümayiş etdirdi. O qeyd edib ki, Azərbaycan gec-tez öz torpaqlarını erməni işğalından azad edəcək.
B.Əliyev seçicilərə deputat kimi gördüyü işlərin hesabatını verib və palatformasında nəzərdə tutulan məsələləri diqqətə çatdırıb. Deputatlığa namizəd bildirib ki, harada və hansı işlə məşğul olmasından asılı olmayaraq daim doğma ağdamlılarla bir yerdə olacaq, onların qaldırdığı məsələlərə diqqətlə yanaşacaq.
Yüksək səviyyədə keçən görüş zamanı çıxış edən seçicilər Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasəti dəstəklədiklərini bildiriblər və daim dövlət başçısı ətrafında sıx birləşdiklərini diqqətə çatdırıblar. Onlar deputatlığa namizəd B.Əliyevə dəstək ifadə ediblər. Seçicilər qeyd ediblər ki, B.Əliyev hər zaman onların etimadını doğruldub, daim seçiciləri ilə bir yerdə olub. Ona görə də fevralın 9-da Bəxtiyar Əliyevə səs verəcəklər.
Qeyd edək ki, B.Əliyev bundan əvvəl Abşeron, Yasamal, Qaradağ rayonu Qobu Park Yeni yaşayış kompleksində, Dərnəgül qəsəbəsində, Sahil qəsəbəsində, Suraxanı, Nərimanov, Sabunçu, Xətai, Səbail rayonlarında, Qaradağ rayonu Müşfiq qəsəbəsində, Bərdə şəhərində məskunlaşmış seçiciləri ilə görüşlər keçirib.