Şans oyunları haqqında hər birimiz məlumatlıyıq.
Şans oyunları əyləncə xarakteri daşıyır və istənilən şəxs vaxtaşırı zamanını daha rəngarəng keçirmək üçün bu oyunlara qatıla bilər. Kim əylənərək dopamin effektli həyəcanı yaşamaq istəməz ki? Əylənərək vaxtını xoş şəkildə keçirmək hər bir kəsin təbbi haqqıdır. Bəs bu nə zaman patoloji xarakter alır?
Şans oyunlarına alüdəçiliyin patoloji hala çevrilməsinin başlıca göstəricisi, ölçüsüz davranışdır, yəni daha çox pul qazanmaq məqsədilə şəxsin maliyyə gəlirlərini və dəyərli əşyalarını mütəmadi olaraq riskə atmaq cəhdləridir. Hansı ki, ciddi pul itkisinə, psixoloji problemlərə (depressiya, yuxu pozuntuları, emosional sferanın zədələnməsi və s.), və başqa problemlərə gətirib çıxarır.
Hər bir asılılıq kimi şans oyunlarına alüdəçilik də müxtəlif səbəblərdən dolayı meydana çıxır: travmatik hadisələr, ailə və sosial münasibətlərdə problemlər, maddi durumum ya çox yüksək, ya da çox aşağı olması, ətrafın təsiri, vaxtilə yaşanmış hansısa digər asılılıq və s.
Bu alüdəçilik əsasən 4 mərhələdən ibarətdir: qazanc mərhələsi, başlanğıc uduzma mərhələsi, borclanma mərhələsi və ümidsizlik mərhələsi.
Şans oyununa alüdəçilik davranışının diaqnostik meyarları (DSM-5) aşağıdakı kimi müəyyən edilir:
- İstədiyi məqsədə çatmaq üçün daha çox miqdarla oynamaq
- Dayandırmaq və uzaqlaşmaq istəyəndə narahatçılıq
- Əvvəlcədən bu davranışı tərgitmək üçün olan uğursuz cəhdlər
- Davamlı olaraq şans oyunu oynamaq haqqında düşünmək
- Gərgin vaxtlarda şans oyununa çıxış yolu kimi baxmaq
- İtirilən pulu geri qaytarma cəhdləri
- Şans oyunu oynamaq ilə bağlı yalanlar
- Alüdəçilik səbəbi ilə sosial əlaqələrin qırılması
- Alüdəçilik səbəbilə borc almaq
Əgər son 1 ildə yuxarıda sadalanan meyarlardan heç olmasa dördünə cavab verən davranış müşahidə edirsinizsə, psixoloji dəstək üçün müraciət etmək lazımdır.
Nəzərə almaq lazımdır ki, şans oyunlarına alüdəçilik maddi və sosial problemlər yaratmasına baxmayaraq, emosional problemdir və hər bir alüdəçilik növü kimi bunun da arxasında psixoloji mexanizm dayanır. Buna görə də şəxs mütləq professional psixoloji dəstək almalıdır!
Aşağıdakı anketi doldurmaqla, şans oyunlarına alüdəçilik göstəricinizi müəyyənləşdirə bilərsiniz