Uşaqlarda intellekt qabiliyyətinin inkişaf etdirilməsi yolları

Açar sözlər: intellekt, qabiliyyət, yaradıcıq, inkişaf, bilik, bacarıq

Yaradıcılıq məkanında qabiliyyətlərin ixtisaslaşması mahiyyətcə yeni fenomendir. Bu fenomen daha çox yaradıcılıq psixologiyası kontekstində araşdırılır. Qabiliyyətlərin ixtisaslaşması sadəcə olaraq peşə bilik, bacarıq və vərdişlərin deyil həm də elm-sənətlə bağlı bilik bacarıq və vərdişlərin mənimsənilməsində özünü göstərir.

İbtidai siniflərdə uşağın mükəmməl inkişafını təmin edən iki fəaliyyət növü təşkil edir. Onlardan birincisi budur ki, hər bir uşaq bəşəriyyətin əldə etdiyi təcrübəni mənimsədikcə müasir mədəniyyəti də öyrənməklə inkişaf edir. Cəmiyyətdə yaşamaq üçün uşağa lazım olan bilik və bacarıqların mənimsənilməsinə yönəldilmiş tədris fəaliyyəti də bu prosesin bünövrəsidir.

İkincisi odur ki, hər bir uşaq inkişaf prosesində yaradıcılıq fəaliyyəti sahəsində müstəqil olaraq öz imkanlarını gerçəkləşdirir. Yaradıcılıq artıq məlum biliklərin mənimsənilməsi məqsədi daşımır.O, uşaqda müstəqil fəaliyyət göstərmək, öz düşüncələrini reallaşdırmaq, yeniliklər yaratmağa yönəlmiş şəxsi ideyalarını qerçəkləşdirmək imkanlarını üzə çıxarır.

Həmin fəaliyyət növlərini həyata keçirən uşaqlar müxtəlif məsələləri müxtəlif məqsədlərlə həll edirlər. Məsələn, tədris fəaliyyəti zamanı hansısa bacarığa yiyələnmək, bu və ya digər qaydanı mənimsəmək üçün tədris-təlim məsələləri həll edilir. Buna görə də, tədris fəaliyyəti prosesində ümumi təhsil qabiliyyəti formalaşdırılırsa, yaradıcılıq fəaliyyəti prosesində axtarmaq və məsələnin yeni həllini tapmaq bacarığı, tələb olunan nəticəni əldə etməyin standart üsulları, təklif olunan vəziyyətlərin müzakirəsinə yeni münasibətlər formalaşdırılır.

Müasir ibtidai məktəbin vəziyyətini belə hesab etmək olar. Fikrimizcə, bir tərəfdən uşaqların intellektinin, ilk növbədə yaradıcı təfəkkürün inkişafına bilik və bacarıqların mənimsənilməsinə yönədilmiş fəaliyyətə və diqər tərəfdən, uşağın şəxsiyyətini yüksəldən, özunə münasibəti dəyişdirən yeni tipli məsələlərin, inkişafetdirici məsələlərinin verilməsi mühüm rol oynayır.

Təhsildəki müvəffəqiyyətlər sinifdə uşaqlar arasındakı qarşılıqlı münasibətlərə əhəmiyyətli, bəzən hətta həlledici təsir qöstərir ki, buna əksər hallarda müəllimlərin özləri təkan verirlər. Uşaqlar yaxşı düşünməyi bacaran şagirdlərə nisbətən yaxşı və əla oxuyan şagirdlərə daha şox hörmət edə bilərlər. Düşüncəli uşaqlar məktəbdə sıxıntı keçirdiklərinə görə dərsə maraq göstərməyəndə və zəif oxuyanda bu daha çox gözə çarpır. Belə vəziyyət onların xarakterinin formalaşmasına mənfi təsir göstərir.

Lakin, belə demək də düzgün olmaz ki, müasir ibtidai məktəb proqramında axtarış xarakterli çalışmalar ümumiyyətlə yox dərəcəsindədir. Doğrudur, riyaziyyət və dil fənləri dərsliklərində qeyri-standart adlana biləcək məsələlər vardır və onların həlli üçün uşaqlardan intellektual təşəbbüs və düşüncə tələb edir. Lakin, bu cür məsələləri heç də bütün uşaqlar deyil, ən qabiliyyətli şagirdlər həll edə bilirlər, ikincisi isə həmin məsələlərin həlli məcburi xarakter daşımır.

Zənnimizcə, hal-hazırda aşağı sinif şagirdlərin tədris həyatında bilik, bacarıq aşılayan fəaliyyət növü ilə axtarışa sövq edən fəaliyyət növü arasındakı nisbəti dəyişdirmək üçün əlverişli şərait mövcüddür. Bunun mənası ondadır ki, ibtidai siniflərdə həm zəif, həm də güclü intellekt hazırlığına malik olan uşaqların hamısının iştirak edə biləcəyi müntəzəm məşğələlər təşkil edilsin və həmin məşğələlərdə onlar tədris proqramı ilə əlaqəsi olmayan, axtarış və yaradıcı münasibət tələb edən müxtəlif tipli məsələləri həll etsinlər. Bu məşğələlərin tədris proqramı ilə əlaqədər olmaması olduqca mühüm tələbdir. Ona görə ki, hansısa tədris materialını mənimsəmədiyinə görə eyni tipli pis həll edən uşaq bu zaman ondan axtarış fəallığı və düşüncə tələb edən qeyri-tədris məsələlərini həll edərkən müvəffəqiyyətin dadını duyar və özünə inamı artır.

ƏDƏBİYYAT :

1. Əlizadə Ə.Ə. İstedadlı uşaqlar. Psixopedaqoji məsələlər: esselər və etüdlər. Bakı, “ADPU”, 2005, 352 s.

2. Əlizadə Ə.Ə. Müasir Azərbaycan məktəbinin psixoloji problemləri. Bakı: Pedaqogika, 2004. 432 s.

3. Zak A.Z. 6-7 yaşlı uşaqların intellekt qabiliyyətinin inkişaf etdirilməsi. Bakı, “Elm və Həyat”.1999, 309 s.

Müəllif :

ADPU-nun Ümumi psixologiya kafedrasının baş müəllimi Günəş Əfəndiyeva

Son məqalələr

Online Qeydiyyat