COVİD-19 PANDEMİYASININ İNSANIN DAVRANIŞINA TƏSİRİ

Açar sözlər: pandemiya, davranış, sosial gözlənti, emosional vəziyyət

COVİD 19 virusu haqqında ilk məlumat ÜST-ün Çindəki ofisi tərəfindən 31 dekabr 2019-cu il tarixində ÜST-ə verilmişdi. Bildirilmişdi ki, Çinin Hubei əyalətinin Uhan şəhərində etiologiyası bilinməyən pnevmoniya halları aşkar edilmişdir. Çinin milli səlahiyyətli orqanları tərəfindən ÜST-ə göndərilən məlumatda deyilirdi ki, 31 dekabr 2019-cu il tarixindən 3 yanvar 2020-ci ilədək etiologiyası bilinməyən cəmi 44 pnevmoniya xəstəsi var. Həmin dövrdə virusun yayılma sürəti istər Çində, istərsə də digər ölkələrdə elə də böyük deyildi. ÜST-ün məlumatına görə, 20 yanvar 2020-ci il tarixinə Çin (278 hadisə), Tayland (2 hadisə), Yaponiya (1 hadisə) və Koreya Respublikası (1 hadisə) daxil olmaqla dörd ölkədən COVİD-19 təsdiqlənmiş 282 hadisə qeydə alınmışdı. Amma qısa müddətdən sonra virus sürətlə yayılmağa başladı. Ümumdünya Səhiyyə Təşkilatının 30 aprel 2020-ci il tarixli məruzəsində deyilir ki, dünyada 3 090 445 COVİD-19 virusuna yoluxma və 217 769 ölüm qeydə alınıb və virüs dünyanın bütün ölkələrinə yayılıbdır.

Bu, dünya tarixində görünməmiş bir pandemiyanın başlamasına işarə idi. Pandemiya “dünya miqyasında və ya çox geniş bir ərazidə baş verən, beynəlxalq sərhədləri aşan və ümumiyyətlə, çox sayda insana təsir göstərən bir epidemiya” olaraq təyin edilir. ÜST-ün mətbuat üçün verdiyi məlumatın təhlili göstərir ki, dünyada pandemiya ilə mübarizədə nəzərəçarpacaq dərəcədə irəliləyiş yoxdur.

Yoluxma və ölüm halları artmaqdadır. Eyni zamanda pandemiya dalğavari xarakter daşıyır. Ona təsir edən amillərin tədqiqi istiqamətində aparılan işlərin nəticələrinin təhlili vəziyyətin idarə edilməsi və nəzarətə alınması üçün tutarlı əsaslar vermir. Çinin Uhan şəhərində 2019-cu ilin dekabrında başlayan Koronavirus (COVID-19) epidemiyası qlobal bir pandemiyaya çevrildi. Pandemiya, sağlamlıqla əlaqəli aşkar təsir ilə yanaşı, fərdlərin Psixoloji rifahı üçün də ciddi bir təhlükə yaradır və əhəmiyyətli davranış dəyişiklikləri ilə nəticələnir.

Bu günə məlum olan odur ki, COVİD-19 virusunun inkubasiya dövrü, yəni virusun təsiri və onun simptomlarının özünü büruzə verməsi 5-6 gün, hətta 14 gün çəkir. Göründüyü kimi, simptomların özünü gec büruzə verməsi onun sürətlə yayılmasını şərtləndirir və prosesi nəzarətə almaq imkanını xeyli məhdudlaşdırır. Əhaliyə bu cür yarımçıq informasiyanın verilməsi bəri başdan insanların və qrupların davranışına mənfi təsir göstərir, onun pozulmasına səbəb olur. Bu, insanların davranışında qeyri-müəyyənlik, çarəsizlik, xaotiklik, həm də astenik hisslər yaradır. Emosional gərginliyə səbəb olan bu hal emosiyaların sürətlə dəyişməsinə, onların tez-tez bir-birini əvəzləməsinə səbəb olur. Stres, frustrasiya, fizioloji affekt kimi emosional hallar insan davranışının pozulmasına əhəmiyyətli dərəcədə təsir edir. Yaxınlarının xəstələnməsi, onların yaşadıqları iztirablar, ölüm halları insanın özünə və başqalarına olan inamını sarsıdır, qorxu hissi ona hakim kəsilərək düşüncəsinin qismən daralmasına təsir edir. Belə halda baş verən hadisələri düzgün qavramaq, anlamaq, təhlil edərək qərar qəbul etmək və onu icraya yönəltmək mümkün olmur. Nəticədə, şəxsiyyətin özü də hiss etmədən davranışında ciddi pozuntular baş verməyə başlayır. Nəzərə alsaq ki, insanın davranışına istiqamət verən qrup davranışı-sosial nəzarət mexanizmi, dəyərlər sistemi də bu təsirlərə məruz qalır, onda insanın düzgün istiqamət ala biləcəyi istinad nöqtələrinin dəyişməsi və ya görmə sahəsindən kənarlaşması vəziyyəti daha da çətinləşdirir.

Mövcud ədəbiyyatdan, mətbuatda geniş yayılmış rəsmi və qeyri-rəsmi məlumatlardan, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının rəsmi hesabatlarından belə məlum olur ki, COVİD-19 koronavirusu ilk dəfə Çinin Uhan şəhərində 2019-cu ilin dekabrında qeydə alınsa da, qısa müddət ərzində sürətlə bütün dünyaya yayılmışdır. Bunun nə qədər həqiqətə uyğun olduğunu və nə üçün Çin və ÜST tərəfindən digər ölkələrin dərhal məlumatlandırılmamasını, təsirli tədbirlərin vaxtında görülmədiyini burada müzakirə etmək istəməzdik. Əvvəla, bu məsələlər bizim tədqiqatın mövzusuna bilavasitə aid deyil və həmin məsələlərin araşdırılması istiqamətində beynəlxalq səviyyədə işlər görülür. Amma hələ ki ortada dəqiq, konkret nəticələr yoxdur. Bu tədqiqatda bizi maraqlandıran məsələ yeni tip ekstremal şəraitdə COVİD-19 pandemiyası şəraitində insanların, qrupların davranışında və qruplararası münasibətlərdə baş verən və baş verə biləcək psixoloji dəyişiklikləri araşdırmaqdır. Xüsusi olaraq qeyd etməliyik ki, COVİD-19 pandemiyasının yaratdığı ekstremal şərait elmdə öyrənilmiş və öyrənilməkdə olan ekstremal şəraitlərdən tamamilə fərqlidir. Ona görə ki, bəşər tarixinin heç bir dövründə dünya ölkələri, böyük və kiçik qruplar, fərdlər bir-birindən indiki miqyasda və dərəcədə təcrid edilməmişdi. Həm də nəzərə almaq lazımdır ki, bu pandemiya qədər heç nə insanın dövlətinə və özünə güvənliyini, dünya və özü haqqında təsəvvür və inamını bu dərəcədə sarsıtmamışdı. Hətta iş o yer çatıb ki, insanlar nəinki fərd səviyyəsində, artıq kütləvi şəkildə COVİD-19 pandemiyasını bir reallıq kimi qəbul etməkdən imtina edirlər. Buna heç cür inanmaq istəmirlər. Sadəcə ona görə ki, bu gün insan təfəkkürü bu hadisənin mahiyyətini dərk və qəbul etməkdə çətinliklərlə üzləşibdir. Bəşər övladının təfəkkürü çaşqınlıq içərisindədir. İnsana etdiyi günahlara görə Allah tərəfindən bu pandemiyanın ona göndərdiyi bir sınaq, cəza olması haqqında söylənən fikirlər də davranışa təsirsizdir və onun bu və ziyyətdən çıxmasına kömək edə biləcək izah kimi qəbul edilmir.

Fikrimizcə, biz burada fəlsəfi düşəncənin qlobal böhranı ilə rastla şırıq. İnsan və kainat, varlıq və mövcudiyyət, kimlik haqqında məlum təsəvvürlər insana irəliyə doğru inamla getməyə, ən əsası isə hara və necə getməyə imkan vermir.

Tədqiqat metodu Koronavirus pandemiyasının tədqiqi ilə bağlı aparılmış tədqiqatlardakı anketlər (Fizra Balhi, Aamna Nasir, […] və Ramsha Riaz, 2020) və ayrı-ayrı suallar empirik məlumatlar əsasında yenidən işlənərək istifadə edilmişdir. Bu, nəticələrin müqayisəli təhlilinə imkan verir.

Eyni zamanda “Depressiya, təşviş və stress şkalasından (The depression Anxiety Stres Scale-DASS-21)”, psixoloji testlərdən də istifadə edilmişdir. Məqsəd COVİD-19 pandemiyasının insanın psixi sağlamlığa və davranışına psixoloji təsirinin qiymətləndirilməsidir.

Tədqiqatın iki mərhələdə aparılması nəzərdə tutulur. Bu məqalədə birinci mərhələyə aid məsələlər nəzərdən keçirilir.

Müzakirə və təhlil

Bu məsələnin tədqiqinə həsr edilmiş bəzi tədqiqatların nəticələri ilə bizim ilkin araşdırmalarımızı müqayisəli təhlil etdik. Müqayisəli təhlil zamanı iki əsas suala cavab tapmaq istərdik. Birincisi, koronavirus pandemiyasının insanın davranışına və bütövlükdə onun psixoloji vəziyyətinə təsiri milli-mədəni və regional amillərlə şərtlənirmi. İkincisi, eyni alətlərdən istifadə etməklə müxtəlif ölkələrdə əldə edilmiş tədqiqat nəticələri bir-birindən nə qədər fərqlənir. Bu suallara cavab vermədən əldə edilmiş nəticələrə əsaslanaraq koronavirus pandemiyası şəraitində insan davranışının psixolojiüsusiyyətlərini müəyyənləşdirmək və belə ekstremal şəraitdə insanlar arasında münasibətlərin xarakterini, eyni zamanda özləri və ətraf aləm haqqında təsəvvürlərinin necə dəyişdiyini, nəhayət, davranışın istiqamətini proqnozlaşdırmaq mümkün deyil. COVID-19-un insanın davranışına psixoloji təsiri istiqamətində ilk tədqiqatlar Çində aparılmışdı. Çünki virus elə sürətlə yayılmağa başlamışdı ki, nəinki insanlar təşviş, panika içində idilər, eyni zamanda bütün xidmət sahələrinin işi iflic vəziyyətinə düşmüşdü. Nə baş verdiyi haqqında heç bir dəqiq məlumatın olmaması görülən tədbirlərin səmərəli olmadığını da üzə çıxardı.

Həmin tədqiqatlar göstərdi ki, insananların bəzilərində orta və şiddətli narahatlıq, digərlərində stres və depressiya halları yarandı. Psixoloji təsir qadınlarda, tələbələrdə, COVID-19-a bənzər fiziki simptomları olan və sağlamlıq vəziyyəti zəif olan insanlarda daha çox idi. Əksinə, daha yaxşı nəzarət hissi səbəbi ilə mümkün ehtiyat tədbirləri alındıqda psixoloji simptomlar azaldı. Epidemiyadan qısa müddət sonra Uhan və Şanxaydan olan çinlilərin psixoloji və davranış reaksiyaları yenidən araşdırıldı. Nəticələr göstərdi ki, orta və ağır narahatlıq pozulmasının yayılması 4-5 dəfə artmışdır. Ətrafında COVİD-19 virusuna yoluxmuş və ya belə şəxslərin olması haqqında məlumatı olanlarda daha ciddi narahatlıq əlamətləri özünü büruzə vermişdir. Ümumiyyətlə, müxtəlif ölkələrdə aparılmış sorğuların ilkin nəticələri göstərir ki, COVID-19 ilə əlaqəli narahatlıqlar artan meyillə bütün ölkələrdə müşahidə edilir. COVİD-19 tədricən insanlarda, cəmiyyətlərdə güclü təşviş və qorxu yaradaraq tədricən davranışın pozulmasına təsir edir.

Maraqlıdır ki, digər ölkələrdə aparılmış tədqiqatda orta və ağır depressiya və narahatlıq simptomlarının dərəcələri Çin əhalisində müşahidə ediləndən xeyli yüksəkdir. Çox güman ki, Çində əhali artıq COVİD-19 pandemiyası şəraitində yaşamağa daha çox uyğunlaşa bilmiş, görülmüş tədbirlər, ictimaiyyətə verilən optimist ruhlu məlumatlar onların yeni həyat tərzinə keçidini təmin etmişdir. Əlbəttə, burada fərqli mədəniyyətləri, əvvəlki təcrübəni, psixoloji xüsusiyyətləri də nəzərdən qaçırmaq olmaz. Böhran şəraitdə ilkin psixoloji yardım göstərilməsini təmin etmək üçün ÜST-ün tövsiyə etdiyi “İlkin psixoloji yardım: yerlərdə işçilər üçün vəsait” dən istifadə etmək olar (5). Pakistanın Karaçi şəhərində aparılmış bir tədqiqatın nəticələri göstərdi ki, virusun geniş yayılması əhalidə qorxu hissini gücləndirdi və onların gündəlik narahatlıqlarını artırdı (62,5%)1.

Tədqiqatda iştirak edənlər qeyd edirdilər ki, onlar bazara getməyə qorxurlar (88,8%), ailə üzvlərinin sağlamlığına görə narahat olurlar (94,5%), infeksiya ilə bağlı görülən tədbirlərə nəzarətə (71%) güvənmirlər. Ən çox qorxu hissi keçirənlər 35 yaşdan yuxarı olan insanlardır və onlar hətta evdə qaldıqları zaman da öz sağlamlıqlarına görə qorxurlar. Ona görə də insanların böyük əksəriyyəti özlərinin adət etdikləri gündəlik həyatlarına (davranışlarına) əsaslı şəkildə dəyişikliklər etməyə məcbur olublar. Belə ki onlar sağlamlıqları xatirinə sosial kontaktları xeyli azaltmış (86,5%), planlarını dəyişmiş (84,5%), tibb müəssisələrinə getməməyə çalışırlar (74,5%), əllərini tez-tez yuyurlar (87%).

Virusa qarşı mübarizənin, eləcə də onun yayılmasının qarşısını almağın ən təsirli yol və vasitəsi kimi ÜST-ün tövsiyələrinə uyğun olaraq kütləvi profilaktik tədbirlərin həya keçirilməsi, insanların yeni ekstremal böhran şəraitin tələblərinə uyğunlaşmağı, yəni davranışda müvafiq dəyişikliklərin edilməsini nəzərdə tutur. İnsanın davranışının dəyişməsinə xarici və daxili, obyektiv və subyektiv amillər təsir edir. İnsanın mənlik şüuru, inancı, dünyagörüşü, təhsil səviyyəsi, tələbatları, əqidəsi, istəkləri, sərvət meyilləri, cinsi, yaş xüsusiyyətləri, sosial gözləntisi və sosial yönəlişi əhəmiyyətli təsir qüvvəsinə malikdirlər. Ona görə də yeni tələblərə, daha doğrusu, yeni gerçəkliyin tələblərinə insanın uyğunlaşması ən azı iki səviyyədə fərdi və qrup səviyyəsində nəzərdən keçirilə bilər. Bəzən qəbul edilmiş karantin qaydaları (qadağaları) sosial davranışın qrup səviyyəsində dəyişilməsini nəzərdə tutduğu üçün hər bir qrup üzvünün yeni tələblərə (qadağa və ya qaydalara) eyni münasibətlə yanaşmasını zəruri edir. Əslində, belə bir yanaşma doğru hesab edilsə də, gözlənilən nəticələrə və qəbul edilmiş qərarların səmərəli icrasına gətirib çıxara bilməz. Məlumdur ki, psixoloji amillərin təsiri nəticəsində istər qəbul edilmiş qərarın, istərsə də müəyyən edilmiş qaydaların dərki, qiymətləndirilməsi və buna uyğun münasibətlərin (davranışın) qurulması qrup və fərd səviyyəsində fərqli olacaqdır. Ona görə də davranış dəyişikliyinə yönəlikli qaydalar insanın davranışına, özünə və başqalarına münasibətdə təsir xüsusiyyətləri araşdırılmadan tətbiq edilməməlidir. Bunun üçün sosioloji və sosial-psixoloji araşdırmalar aparılmalı, elmi nəticələrə əsaslanan tövsiyələr hazırlanmalıdır. Belə bir qiymətləndirmə aparmadan yalnız qərarı qəbul edənlərin mülahizələrinə əsaslanmaq səmərəli nəticələr verə bilməz.Bir çox tədqiqatçılar da qeyd edirlər ki, karantin tətbiq edilməsinə dair qərarlar mövcud olan ən yaxşı dəlillərə əsaslanmalıdır (2, 3,4)

İlkin sorğunun nəticələri göstərdi ki, sorğuda iştirak edənlərin böyük əksəriyyətində (75%) COVİD-19 pandemiyası ciddi narahatlıq yaratmış, əsəbi-psixi gərginlik vəziyyətini artırmışdır. Müəyyən edilmişdir ki, respondentlərin psixi vəziyyətinə bir çox stresogen amillər təsir edir. Onlara özünün və yaxınlarının həyatına təhlükədən narahatçılıq, qorxu, bədbinlik, eyni zamanda pandemiya haqqında aldığı məlumatların təsiri nəticəsində fikrinin dağınıqlığı, yuxusunun pozul ması, tez-tez işdən və ya təhsildən ayrılması, məsafədən fəaliyyət və gələcəkdə üzləşə biləcəyi çətinliklər,sosial təcrid nəticəsində yaxın insanlarla ünsiyyətin, qarşılıqlı əlaqənin məhdudlaşması ümumi əhvali-ruhiyəyə mənfi təsir edir. Planlaşdırdıqları işlərin məcburən təxirə salınması, vərdiş etdikləri həyat tərzinin dəyişməsi, gələcəyin qeyr-müəyyənliyi onlarda bədbinlik, ruh düşkünlüyü yaradır, astenik hissləri gücləndirir. Bütün bunların təsiri altında bəzən onlar gələcək həyat haqqında bədbin fikirlərlə yaşamalı olurlar. Ən vacibi isə odur ki, onların bu vəziyyətinə aydınlıq gətirə biləcək məlumat və ya dəstək isə yoxdur. Bu istiqamətdə atılan addımlar isə ardıcıl və məqsədyönlü xarakter daşımadığından lazımi nəticəni vermir. Qabaqlayıcı psixoprofilaktik tədbirlər görmədən uzunmüddətli sərt sosial təcrid tədbirlərinin tətbiqi sosial davranışda və bütövlükdə şəxsiyyətin psixikasının iradi emosional və intellektual sahələrində müəyyən mənfi dəyişikliklər yaradır. Belə dəyişikliklər nəticəsində insan baş verən hadisələri, əldə etdiyi məlumatları düzgün qavraya bilmir, onu anlamaqda çətinlik çəkir, tənqidi və çevik münasibət zəifləyir, özü və ətraf aləm haqqında təsəvvürlərində yanlışlıqlar baş verir, ətraf sosial mühitə adaptasiya qismən pozulur. Ona görə də sərt karantin tədbirlərinə keçməzdən əvvəl psixoloji dəstəyə ehtiyacı olan vətəndaşlar üçün xüsusi proqramlar hazırlanmalı, xidmətin göstərilməsi yerləri dəqiq müəyyən edilməli və bu barədə əhali həm kifayət qədər məlumatlandırılmalı, həm də belə xidmətlərin əlçatanlığı təmin edilməlidir. Virusun yayılmağa başladığı ilk dövrdə belə bir fikir də səsləndirilirdi ki, uşaq və gənclərin bu virusa yoluxma ehtimalı çox azdır və onlar ən pis halda virusun daşıyıcıları ola bilərlər. Əlbəttə, belə bir fikrin sosial şəbəkələrdə geniş yayılması ictimai fikirdə müəyyən çaşqınlıqla yanaşı, həm də məlumatların mötəbərliyinə ciddi şübhələr də oyatdı. İnsanlar virusun olmaması, bütün bunların müəyyən qüvvələr tərəfindən siyasi və ya iqtisadi maraqlarını təmin etmək məqsədi ilə yayıldığını düşünməyə başladılar. Bəzi müstəqil jurnalist araşdırmaları məsələnin mahiyyətini aydınlaşdırmaq əvəzinə ictimai fikirdə şübhələrə, etimad sızlığa rəvac verdi. Bütün bunlar həm də dövlətlərin bir-birinə və ÜST-ə qarşı ittihamları ilə müşayiət edilirdi. Hadisələrin bu istiqamətdə cərəyan etməsi dövlətlər tərəfindən təsirli tədbir lərin görülməsi üçün birgə səmərəli qərarlar qəbul etmələrinə öz mənfi təsirini göstərirdi. Dövlətlərin məsələyə fərqli, bəzən isə tamamilə bir-birinə zidd qaydalar tətbiq etməsi vəziyyəti daha da gərginləşdirir, cəmiyyətdə qeyri-müəyyənliyin, informasiyalara və qəbul edilən qərarlara etimadsızlığın güclənməsinə, son nəticədə isə bir tərəfdən məsuliyyətsizliyin, digər tərəfdən isə “qorxu” hissinin güclənməsinə səbəb oldu. Məsələn, Çin dərhal virusun ilk qeydə alındığı şəhəri bağladı, sonra isə tədricən ölkədə karantin rejiminin tətbiqinə keçməyə başladı. Amma İsveç bunun əksinə olaraq heç bir karantin tədbiri həyata keçirmədi və belə bir təsəvvür yarandı ki, virusun təhlükəli olması haqqında deyilənlər həqiqətə uyğun deyil. Əhalinin sosial gözləntiləri ilə baş verənlər arasında və hadisələrin qavranılmasında ziddiyyət yarandı. Vətəndaş cəmiyyətinin inkişafını araşdıran tədqiqatçılar sosial gözləntinin əhəmiyyətini xüsusi qeyd edirlər. Sosial gözlənti fərdlər və təşkilatlar üçün, beləliklə, bütövlükdə cəmiy yət üçün insanların nə etmək lazım olduğuna dair daxili bir sosial normadır1 . Davam edən pandemiyanın psixoloji təsirini araşdırarkən əldə edilən məlumatlar və müşahidələr göstərdi ki, ölkəmizdə insanların yarıdan çoxu koronavirusa yoluxmaqdan qorxurdu. Lakin vəziyyətin getdikcə ciddi vəziyyət alması, rəsmi dövlət qurumların məlumatlarının, kütləvi informasiya vasitələrində mütəxəssislərin, ekspert lərin çıxışlarının təsiri altında tədricən insanlar tərəfindən COVİD 19 virusunun təhlükəli olduğu qəbul edilməyə başlanıldı. Məhz bundan sonra bir çoxları mümkün qədər evdə qalmağa üstünlük verməyə başladı. Bu nunla yanaşı ailə üzvlərinə və yaxınlarına görə təşviş keçirənlərində sayında artımlar qeyd edildi. İnsanların böyük bir hissəsi (58 %) marketlərə, bazarlara, kafelərə və bu kimi yerlərə getməkdən qorxur, evdə qalmağın daha təhlükəsiz olduğu qənaətinə gəldi. Mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatların təhlili göstərdi ki, hökumətin yoluxmuş xəstələrin xüsusi ayrılmış xəstəxanalarda təcrid edilməsini və müalicəsini zəruri hesab edənlərin sayı sürətlə artmaqdadır. Şübhəsiz ki, rəsmi dövlər qurumları tərəfindən zəruri addımların atılması, ictimaiyyətin mütəmadi olaraq məlumatlandırılması bir tərəfdən şayiələrin yayılmasının qarşısını ala bildi, digər tərəfdən isə insanlar, bütövlükdə isə cəmiyyətə görülən tədbirlərin zəruri olduğunu qəbul etdi və eyni zamanda sosial gözləntiləri ciddi şəkildə dəyişdi. Cəmiyyətin yeni ekstremal şəraitə uyğun sosial gözləntisinin formalaşdırılması əsas sosial-psixoloji amil kimi qrup davranışının yeni mühitə uyğunlaşmasını təmin edən davranışın daxili tənzimləyici və idarəedici mexanizmlərini yeniləmiş oldu.

Pandemiya ilə mübarizə tədbirlərinin səmərəliliyi, ilk növbədə, yeni motivasiyanın yaranmasını və subyektin özünün fəal münasibətini tələb edir. Şəxsiyyətin mənlik şüurunun zədələnməsinə, əxlaqi dəyərlərin zəifləməsinə, mənəvi sarsıntılara yol aça biləcək hərəkətlərə qətiyyən yol vermək olmazdı. İnsanın özünə və rəsmi dövlət qurumlarının düzgün qərarlar qəbul etdiyinə inam və etimad pandemiyaya qarşı cəmiyyətin səfərbər edilməsini təmin edir. Bunu etmədən adekvat sosial davranışı formalaşdır maq və vəziyyəti nəzarətdə saxlayaraq təsirli tədbirləri həyata keçirmək, yoluxmanın nəzarətə götürülməsini təmin etmək olmaz. İlk vaxtlar çox sadə görünən, başa düşülən sosial məsafənin saxlanması, tibbi maskadan istifadə və əllərin tez-tez sabunla ilıq suda yuyulması və ya dezinfeksiya edilməsi kimi üç qaydaya niyə insanların riayət etmədiyini başa düşmək olduqca çətin idi. Məsələ nə qədər sadə görünsə də, bir o qədər mürəkkəbdir. Əvvəla, bu sadə qaydalar və sosial təcrid tədbirləri insanlar tərəfindən özləri də dərk etmədən onların azadlıqlarının, sərbəstliklərinin pozulması kimi qavranılır. Çünki birdən, birə nəyəsə məcbur edilmək, hərəkətləri məhdudlaşdırmaq, daha sonra bunların pozulmasına görə cərimələrin tətbiq edilməsi insanları günəşli, aydın havada gözlənilmədən qəfil yaxlayan leysana, tufana bənzəyirdi. Buna hazırlıqlı olmayan insan ilk anlarda çaşqınlıq keçirir, fərdi-psixoloji xüsusiyyətlərindən asılı olaraq isə stress vəziyyətinə düşür. Adətən belə hallar da insanın köməyinə onun keçmiş təcrübəsi gəlir və hafizə surətləri əsasında ha disəni təhlil edərək müəyyən qərar qəbul edirlər. Məsələn, yaxınlıqda daldalanmaq üçün yer tapmaq və orada gözləmək. Elə insan da var ki, o, vəziyyətin daha da pisləşəcəyini düşünərək vəziyyətdən çıxış yolu olaraq yağış altında öz evinə və ya yaxınlarının evinə qədər qaçmağa başlayır. Bəzən isə insan o qədər həyəcanlanır ki, ətrafda baş verəni düzgün qiymətləndirə bilmir və özünə nəzarəti tamamilə itirir. Əgər belə bir hadisə küçədə çox sayda insanın olduğu yerdə baş verirsə, onda davranışın müxtəlif, ssenariləri ola bilər. Əlbəttə, bütün bunlar insanın psixi vəziyyətinə böyük təsir göstərir və uzun müddət davam etdikdə isə onu depressiya vəziy yətinə də sala bilər. Pandemiyanın kütləvi hadisə olduğunu nəzərə alaraq demək olar ki, onun insanın psixikasına təsiri daha güclü, sarsıdıcı, dağıdıcıdır və vaxtında adekvat tədbirlər görülməsə, ağır nəticələrə gətirib çıxara bilər. Xəstəliyin törədə biləcəyi fəsadların ağır nəticələrə səbəb olduğu haqqında nə qədər çox məlumat əldə edilirsə, insanda qorxu və narahatlıq hissləri də bir o qədər yüksələcək və güclü emosional hisslər yaradacaqdır. Sosial məsafə, sosial təcrid kimi zəruri tədbirlərin uzun müddətə tətbiq edilməsi insanların emosional-iradi sahəsində mənfi dəyişiklikləri stimullaşdırır. Ona görə də bu tədbirlərin həyata keçirilməsi zamanı paralel olaraq insanlara streslə mübarizənin yol və vasitələri də şəriştəli mütəxəssislər tərəfindən öyrədilməlidir. Yaxşı olar ki, bununla bağlı illüstrasiyalı metodik vəsaitlər hazırlansın və elektron resurslarda yerləşdirilsin.

Xəstəlik zamanı stres aşağıdakı halları yarada bilər: – yuxu və qidalanma rejiminin pozulması; – diqqətin yayğınlığı və halsızlıq; – özünün və yaxınlarının sağlamlığına görə təşviş və qorxu; – iş yerini itirmək, gündəlik qazancdan məhrum olmaq, təhsildə geriyə qalmaq və ya müvəffəqiyyət qazanmamaq qorxusu; – spirtli içkilərə aludəçilik; – emosional vəziyyətlə bağlı xroniki xəstəliklərin şiddətlənməsi; – məişət zorakılığı. Yaranmış vəziyyətdən çıxış yolu həmişə var və əksər halda insanlar özləri bunu edə bilərlər. Bir-birinə diqqət və qayğının, sosial və maliyyə dəstəyinin, ünsiyyətin müxtəlif formalarından istifadə etməklə mənəvi dəstəyin göstərilməsi insanın özünü tənha, köməksiz hiss etməməsinə və beləliklə də vəziyyətdən çıxmasına imkan verir. Özünəqapanma, çarəsizlik, imkansızlık, tənhalıq və kimsəsizlik kimi hisslərin baş qaldırmasına imkan vermək olmaz. Hər zaman həyatın dəyərli olduğunu şərtləndirən məqsəd və motivasiya olmalıdır. Hər bir insan qarşısına vəziyyətə uyğun olan kiçik, konkret vəzifələr qoymalı və onların ardıcıl surətdə həllinə çalışmalıdır. Bu, davranışın məqsədyönlüyünü və mənalılığını təmin edən ən yaxşı vasitədir. Çünki qarşıya qoyulan istənilən sadə vəzifənin həlli şəxsiyyətin özünügerçəkləşdirməsidir. Özünügerçəkləşdirmə isə özünəinam, özü haqqında müsbət fikir, həyata bağlılıq, çətinliklərin öhdəsindən gəlmək üçün kifayət qədər daxili potensiala malik olmaq deməkdir.

Tədqiqatın planlaşdırdığımız və həyata keçirəcəyimiz ikinci mərhələsində şəxsiyyətin yeni ekstremal şəraitdə davranışının psixoloji xüsusiyyətləri araşdırılacaqdır.

Müəllif : Psixologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyev

Mənbə : Psixologiya Jurnalı – 2020 No.2

Son məqalələr

Online Qeydiyyat