İdrak fəallığında emosional yönəlişliyin əhəmiyyəti.

İnsan fəaliyyətinin tənzimlənməsində emosiyalar əhəmiyyətli rola malikdir. Emosiyalar bir çox funksiyanı yerinə yetirir: kommunikativ, motivasiya, tənzimləmə, siqnal və qoruyucu. Emosiyalar bütövlükdə insanın idrak prosseslərinə təsir edərək onların xarakter və istiqamətini müəyyənləşdirə bilir. Bir halda emosiyalar insanın fikrini toplamağa, mövcud şəraiti təhlil edərək düzgün qərar qəbul etməsinə və icrasına mane olduğu halda, digər halda, onun düzgün, səmərəli, tənqidi və müstəqil qərarlar vermək imkanını şərtləndirir. Emosiyaların insan davranışına təsirinin araşdırlmasına həsr edilmiş tədqiqatların təhlili göstərir ki, sevinc, kədər, qəzəb, qorxu, ehtiras və bu kimi emosiya və emosional hallar fəaliyyətin tənzimlənməsi sisteminə daxil olaraq onun daxili tənzimləyicisinə çevrilirlər.

Nəzərdən onu da qaçırmaq olmaz ki, fərqli davranış formalarında fərdi psixoloji xüsusiyyətlərdən asılı olaraq emosiyaların təzahürü də, fəaliyyətə təsiri də müxtəlif olacaqdır. Bu baxımdan təlim fəaliyyəti digər fəaliyyət növlərindən fərqlənir və şəxsiyyətin idrak fəallığının səviyyəsi, sürəti və məhsuldarlığı onun yaşadığı emosiyalarla şərtlənir. Yaşanan emosiya insanda maraq oyada və onu idrak obyektinə yönləndirə bilər. Burada fəaliyyətin səmərəliliyi motivstimulla motiv mənanın qarşılıqlı əlaqəsi, birinin digərinə keçməsi məsələsi maraq doğurur. İlkin mərhələdə qarşıya çıxan məsələnin həlli motiv stimulla şərtlənirsə, sonradan yaşanan emosional münasibət motiv mənaya keçə bilər. Belə olan halda subyekt öyrəndiyi, araşdırdığı, həll etdiyi məsələni böyük maraqla tədqiq edir. Sanki məsələnin həlli yeni bir səviyyəyə yüksələrək tamamilə yeni əhəmiyyət kəsb edir. Məsələn, əgər tələbə şəxsiyyətin “Mən” i haqqında mövzunu növbəti məşğələdə cavab verib qiymət almaq üçün oxuyursa müəyyən mərhələdə onda özünü anlamağa, dərk etməyə maraq, həvəs meydana gələ bilər. Bu halda artıq öyrənilən material tamamilə başqa məna şəxsi məna kəsb etdiyi üçün daha ciddi araşdırılmağa, suallara cavab tapmağa səyi artıracaqdır. Tələbə bu mövzuda axtarışlarını sonralar da davam etdirəcəkdir. Çünki bu öyrənmə prosesində yaşanan emosiyalar idrak fəaliyyətini istiqamətləndirəcəkdir.

Ona görə də bu tədqiqatın əsas məqsədi təlim-idrak fəaliyyətinin emosional tənzimlənməsinin psixoloji mexanizmlərini araşdırmaqdır. Tələbələrə verilən tapşırıqların onlar tərəfindən həlli prosesinin və mənimsəmənin emosional tənzimlənmə mexanizminin araşdırılması əsas vəzifələrdən birini təşkil edir. Məsələ həlli zamanı təzahür edən təəcüb, sevinc, inam, tərəddüd, şübhə zehni hisslər kimi xüsusi əhəmiyyətə malikdirlər. Eyni zamanda qeyd etməliyik ki, qrupdakı abu-hava, psixoloji iqlim, qrup üzvlərinin bir-birinə simpatiya və ya antipatiya bəsləməsi bütövlükdə idrak fəaliyyətinin səmərəliliyinə təsir göstərən əsas psixoloji amillərdəndir. Qrupda yaranmış emosional fon və münasibət müsbət olduqda, bu, qrup üzvləri üçün rahat, komfort təlim şəraitini şərtləndirir. Belə emosional mühitdə qarşılıqlı əməkdaşlığa, həvəsləndirməyə, bir-birinə kömək etməyə və bir-birinin uğurunu öz uğuru kimi yaşamağa (empatiya) imkan yaranır. Müşahidələr göstərir ki, təlim fəaliyyətinin bu vacib tərəfinə kifayət qədər diqqət yetirilmir. Baxmayaraq ki, şəxsiyyətyönümlü təhsil, humanist təhsil bugünkü təhsil sisteminin əsası kimi qəbul edilibdir. Fikrimizcə, bu məsələyə münasibətin köklü surətdə dəyişilməsi üçün şəxsiyyətin emosioanal iradi sahəsinin, onun emosional intellektinin tədqiqini davam etdirmək, alınan nəticələrin təcrübəyə müncər edilməsini təmin etmək zamanın tələbidir. Emosiyaları geniş tədqiq edən K.İzard beş əsas məqama söykənən fərqli emosiyalar nəzəriyyəsini irəli sürmüşdür:

1) on fundamental emosiya insan varlığının əsas motivasiya sistemini təşkil edir;

2) hər bir fundamental emosiyanın arxasında özünəməxsus bir motivasiya dayanır və onların hər biri müəyyən bir təcrübə formasını nəzərdə tutur;

3) fərqli fundamental emosiyalar davranışın intellektual sahəsinə fərqli şəkildə təsir edir;

4) emosional proseslər motivlər, homeostatik, qavrayış, idrak və motor prosesləri ilə qarşılıqlı əlaqədədir və onlara təsir göstərir;

5) bu proseslərin emosiyalara əks təsiri də doğrudur [8].

K.İzard yazır: “Koqnitiv-sosial nəzəriyyələr genetik amillərin təsirsiz olduğunu və emosiyaların şəxsin ətraf mühitlə, xüsusən də sosial mühitlə qarşılıqlı təsirindən irəli gələn koqnitiv konstruksiya olduğunu düşünürlər. Müvafiq olaraq, ətrafdakı dünyanı, yaşadığımız mədəniyyəti və öyrəndiklərimizi qiymətləndirmək emosiyalarımızın bir funksiyasıdır.

Mən bu məqalədə biososial nəzəriyyəyə və araşdırmadan çıxış edərək insanın inkişafı və insan davranışlarının gen, mədəniyyətlər və fərdi xüsusiyyətlər arasındakı qarşılıqlı əlaqə və ya əməliyyatlar nəticəsində meydana gəldiyini əsaslandırmağa çalışacağam. Mən də eyni dərəcədə az əhəmyyətli olmayan prinsipi rəhbər tuturam ki, emosiyaların inkişaf proseslərinə, idrak və fəaliyyətə çox böyük təşkilati və motivasion təsir göstərir. Müraciətim biososial olsa da, əsas nəzəri mübahisələrin olduğu bəzi məqamları müəyyənləşdirirəm və idrak-sosial nəzəriyyəçilərin ziddiyyətli fikirləri və tədqiqatları üçün arayışlar təqdim edirəm. Bir sıra vacib razılaşmaları da qeyd edəcəm. Xoşbəxtlikdən, bəzi hallarda bir yanaşmadan ilhamlanan tədqiqat, məsələn, koqnitiv indukisya əsasında yaranan emosiyaların hafizə və davranışa təsirini araşdırması həm biososial nəzəriyyəçilər, həm də konstruktivistlər tərəfindən fikirlərini təsdiq edən hadisə kimi şərh edilə bilər. Bu, perspektivli bir inkişafdır, amma biz hələ vahid duyğular nəzəriyyəsindən uzağıq” [8, səh.40]. Bu iki yanaşmanın və çoxsaylı tədqiqatların təhlili əsasında K.İzard qeyd edir ki, emosiya motivasiya xüsusiyyətlərinə malikdir. Emosional vəziyyət dərk etdiyimiz, öyrəndiyimiz və xatırladığımız şeylərə təsir edir və onlar da öz növbəsində empatik, altruistik və mənəvi davranışın və əsas şəxsiyyət xüsusiyyətlərinin inkişafında iştirak edirlər.

Emosiyaların insanın həyatındakı əhəmiyyətindən bəhs edərək Abraham Maslou belə bir sual verir: “Emosiyalar hansı hallarda yüksək qavrayış, öyrən- mə, düşücə qabiliyyəti ilə əlaqədardır?”[4, səh. 267]. Daha sonra o, fikrini davam etdirərək yazır ki, sağlam insanlarda koqnitiv qabiliyyətlər, iradə və affekt sinergetikdir, nəinki antoqonist. Ona görə də araşdırmaq lazımdır ki, emosional və iradi səfərbərlik idrak prosesinə necə kömək edir, idrak və iradənin qarşılıqlı təsiri emosiyaların təzahürünə necə təsir göstərir. Onun fikrincə, psixi həyatın bu üç cəhəti ayrılıqda deyil, qarşılıqlı əlaqədə öyrənilməlidir [4, səh. 267].

Hesab edirik ki, insanın davranışının, bütövlükdə bu anlamda insanın istər praktiki, istərsə də psixi fəaliyyətini onun daxili tənzimləyicisi kimi çıxış edən iradə və ilkin təhrikedici qüvvəyə malik emosiyalardan kənar tədqiqi fəaliyyətin mahiyyətini tam açmağa, qiymətləndirməyə və proqnozlaşdırmağa imkan vermir. Bizim üçün hələ də tam aydın deyil ki, insan böyük işlər görməyə necə ilhamlanır, bu coşqu nədən qaynaqlanır və insanı ən çətin işi belə görməyə səfərbər edir, uğur qazanılır. Sonra isə insan gördüyü işdən həzz alır, heyran olur və bu onu həyatın mənasının dərk edilməsinə, həyatın mənasının məhz elə bunda olmasına yönləndirir. Ona yeni yaradıcılıq və həyat eşqi verir. Əlbəttə, ehtirasla işə başlayan insan həmin əməlinin məqsədini aydın dərk edir və ona çatmaq üçün kifayət qədər mürəkkəb daxili və xarici maneləri dəf edə bilir. Bəzən isə stress insana güc vermək əvəzinə onun fəaliyyətini bütünlüklə iflic edir. İnsanın hərəkətinə başqalarının və özünün münasibəti hisslər formasında təzahür edərək onun gələcək addımlarını müəyyənləşdirir. Məsələn, valideyn uşağın səhv hərəkətini ona düzgün izah edərək onu doğru addım atmağa həvəsləndirərək möhkəmləndirirsə, onda bunun düzgün davranışın formalaşmasına müsbət təsiri olacaqdır. Amma uşağın nəyi düz etmədiyini ona anlatmadan, iradəsinin gücünü ona göstərmədən, qayğı ilə yanaşmadan, etimad göstərmədən onun özünə inamını inkişaf etdirmək mümkünsüzdür.

Emosiyaların insanın fəaliyyətində, o cümlədən idrak fəaliyyətindəki rolunu araşdırmaq üçün bir neçə emosiya nəzəriyyəsinə diqqət yetirək. Yuxarıda K.İzardın emosiya nəzəriyyəsinə toxunmuşduq. İndi isə emosiyaların ilk klassik psixoloji nəzəriyyələrindən hesab edilən Ceyms-Lange nəzəriyyəsini nəzərdən keçirək. Məlumdur ki, amerikalı psixoloq Uilyam Ceyms və danimarkalı nevroloq həkim Karl Lange təqribən eyni vaxtda bir-birindən xəbərsiz emosiyalar haqqında oxşar fikirlər irəli sürmüşlər. Elə buna görədir ki, emosiyaların bu nəzəriyyəsi Ceyms- Lange nəzəriyyəsi kimi elmə daxil olmuşdur. Karl Lange 1885-ci ildə “Emosiyalar haqqında: psixofiziloji tədqiqat” əsərində belə bir fikir ifadə etdi ki, bütün emosiyalar inkişaf edir və onlar qıcıqlandırıcıya olan fizioloji reaksiyadır. Uilyam Ceyms öz nəzəriyyəsinin izahına emosiya ilə instinktin fərqli hadisələr olduğunu izah etməklə başlayır. Onun fikrincə, “emosiya ilə instinktin səciyyəvi fərqi ondadır ki, emosiya hiss etməyə cəhdir, instinkt isə ətraf mühitdə məlum obyektin olduğu halda hərəkətə cəhddir” [6, səh. 236]. Uilyam Ceyms hesab edir ki, eyni bir obyekt həm instinktiv, həm də emosional reaksiya doğura bilər. Amma fərq ondan ibarətdir ki, emosional reaksiya insanın bədənindən kənara çıxmır, instinktiv reaksiya isə onu yaradan obyektlə qarşılıqlı təsirə daxil ola bilər. Nəhayət, qeyd edir ki, adətən, düşünürlər ki, emosiya insana təsir edən obyektdən qavranılmış psixi təəssüratdır və bu təəssürat bizdə emosiya adlanan daxili ruhi vəziyyət yaradır və bu da öz növbəsində məlum bədən (yəni, hərəkət) təzahürlərinə səbəb olur. Onun nəzəriyyəsinə görə isə vəziyyət tamamilə tərsinədir. Yəni “cismani oyanma onu yaradan faktın bilavasitə qavranılmasının ardınca baş verir və bu oyanmanın baş verdiyi həmin zaman bizim tərəfimizdən dərk edilməsi emosiyadır” [6, səh. 238].

Ulyam Ceyms öz nəzəriyyəsini əvvəlki yanaşmalarla müqayisə edərək yazır ki, adətən, deyirlər: biz var-dövlətimizi itirdiyimiz üçün məyyus oluruq və ağlayırıq; biz düşmən tərəfindən təhqir edildiyimizə görə qəzəblənirik və buna görə ona zərbələr vururuq. Amma onun fərziyyəsinə görə, birinci ruhi vəziyyət dərhal ikincisi ilə əvəz edilmir və onların arasında bir cismani təzahürlər olmalıdır. Başqa sözlə, biz ağladığımıza görə məyyus oluruq; biz başqasını döydüyümüz üçün qəzəblənirik; titrədiyimiz üçün qorxuruq [6]. Deyilənləri ümumiləşdirərək demək olar ki, Ceyms-Lange nəzəriyyəsinə görə emosiyaların əmələ gəlmə prosesi aşağıdakı kimidir: -emosional stimulun əmələ gəlməsi (məsələn, it bizə tərəf qaçır) – stimulun qavranıl- ması cismani hərəkətlər oyadır (mə- sələn, vegetativ sinir sisteminin fəal- lığı)-bədəndən beyinə əks əlaqə emosiyanın yaşanmasına səbəb olur (mə-sələn, qorxu, qəzəb və s.).

Deməli, emosional stimul cismani reaksiya yaradır və bunun nəticəsində emosional yaşantı əmələ gəlir. Burada emosiya bədəndə baş verən fizioloji dəyişiklər duyğusu kimi başa düşülür. Göründüyü kimi, emosiya idrak prossesindən sanki kənarda qalır, amma diqqətlə bu mexanizmi nəzərdən keçirsək bunun belə olmadığını müəyyən edə bilərik. Məsələyə birinci aydınlığı U.Ceymsin instinkt və emosiya haqqındakı fikri gətirir. Abraham Maslounun tədqiqatları isə emosiyanın intellektlə, idrakla əlaqəli olduğunu bir daha da möhkəmləndirir. Əgər insan ayı ilə rastlaşarsa, onun hansı davranış modelini “seçəcəyi” bilavasitə problem şəraitdə qarşıya çıxan məsələni həll edə biləcəyindən və ya bu haqda düşünməsindən asılı olacaqdır. U.Ceym-sin qeyd etdiyi kimi, reaksiya obyekti qarşılıqlı təsiri şərtləndirirsə, onda fiziki hərəkətlər qeyri-ixtiyari olaraq instinktiv davranış modelinə uyğun baş verəcəkdir. Kanadalı fizioloq və neyropsixoloq Donald Hebb sübut etmişdir ki, insanın emosional oyanıqlıq səviyyəsi ilə onun praktik fəaliyyətinin müvəffəqiyyətliyi arasında asılılıq var. Həddən artıq zəif emosiya fəaliyyət üçün motivasiya yaratmır və onun uğurlu olması mümkün deyil. Eyni zamanda həddən ziyadə güclü emosional halət fəaliyyətin məqsədyönlülüyünə xələl gətirir və onun müvəffəqiyyətlə icra edilməsini əngəlləyir. Lakin sonralar aparılmış tədqiqatlar göstərdi ki, emosiyalar bir çox funksiyanı yerinə yetirir: müdafiə, məna yaradıcı, ekspressiv, inikasetdirici qiymətləndirici funksiya və təhrikedici funksiya. İnsanının fəaliyyətinə, xüsusilə də onun intellektual fəaliyyətinə mənfi təsir edən, hətta milli xüsusiyyətlə şərtlənən hisslər də var ki, onlar geniş tədqiq edilməli və insanın fəaliyyətini yönləndirən mənfi emosiyalardan xilas olmağın yolları tapılmalıdır. İki hissə diqqət edək: “həyasızlıq” və “utancaqlıq”. “Utancaq” olmaqla “abırlı” olmaq arasında böyük fərq var və utancaqlıq da həyasızlıq kimi mənfi hissdir, həm də əxlaqi hissdir. Azərbaycan dilinin izahlı lüğətində: “Utancaq – Çox utanan, alışmadığı mühitdə, şəraitdə adamların yanında sıxılan, üzü qızaran” [1, IV cild, səh. 400] mənasında izah edilir. Həmin lüğətdə daha sonra yazılır: “Utanmaq. 1. Bir işdən, hərəkət və sözdən, ya da başqa bir səbəbdən xəcalət çəkmək, mənəvi üzüntü duymaq. 2. Utandığından, xəcalətindın bir şeyə cəsarət etməmək” [1, IV cild, səh. 401] mənasında izah edilir. Bəzən deyirlər ki, “ayıbdır”, belə etmək, demək və s. olmaz. Beləliklə də insanda stimullaşdırıcı, təhrikedici, səfərbər- edici emosiyanın inkişafı ləngidilir. Çünki “abırlı” insandan fərqli olaraq utancaq bir insan özünün potensial im- kanlarını düzgün qiymətləndirə bilmir, qətiyyətsiz olur, özünə inanmır, qeyri- adekvat özünüqiymətləndirməyə malik olur. Təbii ki, belə bir hissin hökmranlığı onun daşıyıcısının həm idrak, həm də praktik fəaliyyətini iflic edir, bir müddət insan məntiqi düşünmək də məktəblərdə daha çox utancaqlıq ruhunda tərbiyə edilir və bu hiss onla- rın davranışında təzahür edəndə ətrafdakılar tərəfindən ya rəğbətləndirilir, ya da rişğənd obyektinə çevrilirlər. Tər- biyə və təlim prosesi elə qurulmalıdır ki, təhsilalanlarda utancaqlıq hissi deyil, abır, ismət kimi hisslər inkişaf etsin. Azərbaycan dilinin izahlı lüğətində “abır” sözünün mənası belə verilibdir: “Abır. 1. Həya, heysiyyət, şərəf, hörmət, qədir-qiymət” [1, I cild, səh. 29]. Bu hisslər daha çox müsbət yüklüdürlər və motivasiya gücünə malikdirlər. Ədəb-ərkan ciddi nizam-intizama, məsuliyyətə sövq edən hisslər və şəxsi keyfiyyətlər kimi şəxsiyyətin idrak fəallığının səviyyəsini artırır.Yeri gəlmişkən onu da qeyd etməliyik ki, son dövrlər bəzi insanların “həyasızlığı” özlərinin davranış tərzi seçərək, ondan maddi maraqlarının təmin edilməsi üçün istifadə edirlər. Belə bir davranış nümunəsinin sirayətedici qüvvəsini aradan qaldırmaq istiqamətində məqsədyönlü işlərin təşkili və həyata keçirilməsi təxirəsalınmazdır. Digər bir hiss günahkarlıq hissidir.

Azərbaycan dilinin izahlı lüğətində: “Günahkarlıq-Müqəssirlik, təqsirkarlıq” kimi verilmişdir[1, II cild, səh. 311]. Günahkarlıq yanlış hərəkətlər nəticəsində yaranan emosional vəziyyətdir. İnsan qaydaları pozduğunu, bir şeyin sərhədlərini keçdiyini biləndə onda günahkarlıq hissi iki istiqamətdən birində təzahür edir. Həmin vəziyyətin necə yarandığını Ęexter və Zinger irəli sürdükləri emosiyanın şərhetmə (interpretasiya) nəzəriyyəsini yoxlayarkən faktlarla izah etməyə cəhd etmişlər. Ceyms-Lange nəzəriyyəsindən fərqli olaraq, onlar hesan edirdilər ki, emosiyanın yaranmasında koqnitiv komponentin əhəmiyyəti böyükdür. Emosiyanın yaşanılması üçün iki mühüm tərkib hissə mövcuddur: 1) fizioloji oyanma, 2) bu oyanmanın emosional şərhi. Onların fikrincə, istənilən emosiyanın yaşanması bu oyanma vəziyyətinin subyekt tərəfindən necə şərh edilməsindən asılıdır.“Əvvəl düşüncə sonra isə hiss, yoxsa, əksinə” dilemması üzərində çalışan amerkalı alim Rihard Lasarus deyirdi ki, hər hansısa bir emosiyanın əmələ gəlməsi üçün insan əvvəlcə düşünməlidir, rastlaşdığı hadisəni qiymətləndirməlidir. Yalnız bundan sonra emosiya yarana bilər. Həqiqətən də sadə güzaran misalları da bu fikri təsdiq edir. Məsələn, gecə avtobusdan düşüb qaranlıq küçədə evinizə doğru gedirsiniz. Arxadan ayaq səsləri eşidirsiniz, amma kim olduğunu bilmirsiniz. Ağlınıza gələn fikirdən asılı olaraq Sizdə müvafiq hiss oyanır: ya təlaş, qorxu, ya da rahatlıq. Əlbəttə, əgər düşünsəniz ki, qaranlıq küşədə, adətən, insana təcavüz edirlər, onda Sizin belə bir şərhiniz heç də ürəkaçmayan davranışın təzahürü ilə nəticələnəcəkdir. Rihard Lasarusun fikrincə, emosiyaların yaranmasında açar rolunu qiymətləndirmə oynayırı. Həm də bu qiymətləndirmə fərdi psixoloji xüsusiyyətlər nəzərə alınmaqla şəxsiyyətlərarası münasibətlər kontekstində nəzərdən keçirilməlidir [11]. Rihard Lasarus onun nəzəri sistemini səciyyələndirən dörd proses kontekstində diskret emosiyaları araşdırmışdır: 1) qiymətləndirmə, 2) öh dəsindən gəlmək,3) hərəkət və reaksiyalar axını, 4) rel- yativ məna. R.Lazarus isə müəyyən etmişdir ki, emosiyanın yaranması, yaşanması üçün əsas amil yaranmış şəraitin koqnitiv qiymətləndirilməsin- dən asılıdır. O, qiymətləndirmənin üç növünü ayırd edir: 1) birincili, 2) ikincili və 3) yenidən qiymətləndirmə. Birinci qiymətləndirmə zamanı şəraitin insan üçün əlverşililiyi üçün pozitiv, stress və ya neytral olması haqqında qərar qəbul edilir. Sonra ikinci qiymətləndirmədə insanın bu şəraitlə qarşılıqlı təsiri üçün malik olduğu resurs qiymətləndirilir. Üçüncü qiymətləndirmədə isə həm stimul rolunu oynayan şərait, həm də onun öhdəsindən gəlmək, onunla bacarmaq strategiyası yenidən nəzərdən keçirilir və zərurət yarandığı halda birinci və ikinci qiymətləndirmə modifikasiya edilir. Qısa şəkildə onlar birinci və ikinci qiymətləndirmə zamanı baş verənlərdən asılı olaraq emosiyaların differensiallaşdığını qeyd edirlər. Məsələn, bir adam istəyinə nail ola bilməyəndə qəzəblənir və buna görə başqasını günahlandırır. Məqsədə çat- mayanda başqasını deyil özünü günahlandıranda isə günahkarlıq hissi yaşayır. Əslində, burada emosiyanın yönəlişi şəxsiyyətə iki davranış modeli arasında seçim etmək imkanı yaradır. Ęübhəsiz ki, bütün bunlar emosiyanın inikas, siqnal və tənzimetmə funksiyaları ilə bağlıdır və koqnitiv komponent olmadan şəraiti düzgün qiymətləndirərək səmərəli təşkil etmək çətindir.

Oşo emosiyalarla bağlı yazır: ““Emosiya” (Emotion) sözü “hərəkət” (motion) sözündəndir. Onlar hərəkət edir, dəyişir, beləliklə də onlar emosiyalardır. Sən bir haldan başqa hala düşürsən”[3, səh.13]. Emosiyalar tərif verərək daha sonra o, fikrini belə davam etdirir: “Budda kimi şəxs “ürək” deyərək varlığınızın mərkəzini nəzərdə tutur. Onun anlamına görə sizin sevginiz, nifrətiniz, hər şey, beyindən qaynaqlanır. Məncə də bu çox elmi anlamadır. Psixoloqlar da onunla ra- zılaşarlar… Qəzəbinizin haradan qay- naqlandığını görə bilərsiniz – o, betindən qaynaqlanır. Emosiyalarınızın ilk mənbəyini görə bilərsiniz – bu mənbə, beyindir. Beyin böyük feno- mendir. O, konseptual düşüncənizi əhatə edir. O, emosiyalarınızı, hisslərinizi əhatə edir” [3, səh.14-15]. Əlbəttə bu fikirlərlə psixoloqların tam razılaşaçağı böyük şübhə doğurur ona görə ki, psixoloqlar arasında bu məsələdə hələ də yekdil bir fikir yoxdur. Nəzərdən keçirdiyimiz bir neçə yanaşma da bunu əyani surətdə göstərir. Amma bir məsələdə tamamilə razılaşmaq olar , emosiya ilkin motivasiya rolunu oynayır və o sadəcə olaraq təsir edən qıcıqlandırıcıya cavab reaksiya deyil, daha mürıkkəb psixi prosesdir. İnsan üçün obyektin əhəmiyyətlilik və ya şəxsi məna yükü gerçəkliyin dərk edilməsində mühüm rol oynayır. Burada belə təsəvvür yarana bilər ki, emosiyalar-sevinc, kədər, nifrət və s. insanın özü tərəfindən yaradılır və onların heç birinin obyekti yoxdur. Əs- lində, obyekt qavranılarkən insan onu anlamağa və bunun əsasında həmin obyektə münasibətini təşkil etməyə çalışır. Bir halda insan bütün fikrini cəmləşdirə, emosiyaları yaxın buraxmamağa, necə deyərlər, “soyuq başla” məsələni həll etməyə cəhd edə bilər, digər halda isə emosiyalar sərbəslik verərsə onların təsiri altında rasional qərar qəbul etmək cəhdi uğursuzluqla nəticələnə bilər. Məsələn, digər bir insanın Sizi təhqir etməsi Sizdə qəzəb hissi yrada bilər və biz bu hissinin təsiri altında hərəkət etsək, onda “qəzəb obyekti” ilə qarşılıqlı əlaqələrimizin sosial nəticəsini görə bilmərik və düşünülməmiş, sonradan peşimançılıq hissi yarada biləcək hərəkətlər etmiş olarıq. Əgər emosiyalarımız təfəkkürün, bütövlükdə idrak proseslə- rinin səfərbər edilməsinə yönləndi rilməzsə, onda şəraitin düzgün qiy- mətləndirilməsi mümkün olmayacaq. Digər tərəfdən, idrakı şəraitin təhlilinə, qiymətləndirilməsinə yönəldən emosiya mənayaradıcı olmasa, davranışın adekvatlıq səviyyəsi aşağı olacaqdır.

Müşahidələr və sorğular göstərir ki, birinci kurs tələbələrində birinci semestr ərzində mənfi emosiyalar daha çox yaşanır. Bu, onların həm yeni mühitə uyğunlaşmasını əngəlləyir, həm də təlim fəaliyyətinin məqsədyönlü təşkilinə mənfi təsir göstərir. Bunu həm onların fərdi psixoloji və yaş xüsusiyyətləri, həm də yeni şəraitin müsbət və ya mənfi olmasını qiymətləndirməkdə və qərar qəbul etməkdə çətinlik çəkmələri ilə əlaqədardır. Yeni şəraitin müsbət xarakterli olması üçün tələblər təlim mühitini, öz statuslarını və imkanlarını düzgün qiymətləndirməyi bacarmalıdırlar. Bunun üçün ilkin mərhələdə onlara daha çox məqsədyönlü sərbəstlik verilməlidir ki, şəraiti obyektiv qiymətləndirə və özləri üçün faydalı olduğunu müəyyən etsinlər. Müəllimlərin münasibəti də bu mərhələ də həlledici rola malikdir. Qarşılıqlı hörmət, inam və anlaşma mühiti, qayğıkeşlik sağlam, komfort emosional fonun yaranması baxımından zəruridir. Yalnız müsbət emosional fon idrak fəallığının artmasına, tələbələrin oxumaq, daha yaxşı çalışmaq arzusunu gücləndirə bilər. Arzuların gerçəkləşdirilərək uğurlu nəticələrin əldə edilməsi sevinc, məmnunluq, özünəhörmət hissinin yaşanması ilə müşahidə ediləcəkdir. Bu hisslər isə ən güclü motivasiya rolunu oynayacaq və idrakı fəaliyyəti yönləndirəcəkdir. Yuxarıda qeyd etdiyimiz kimi, Stenli Ęexter və Cerom Singer tərəfindən irəli sürülmüş oyanmanın atribusiya nəzəriyyəsinə görə, müxtəlif stimullar vegetativ sinir sisteminin ümumi oyanmasına səbəb olur. Lakin bu oyanma emosional yaşantının ilkin əsası ola bilər. Bu fərqləndirilməyən aktivasiya vəziyyəti yalnız koqnitiv qiymətləndirmə və anlamadan sonra səciyyəvi emosional yaşantı formasını alır. Eyni zamanda nəzərə almaq lazımdır ki, emosiyalar müxtəlif yaş qruplarında, mədəniyyətlərdə fərqli yaşantılarla müşahidə edilir. Məsələn, Yaponların ilk dəfə sizinlə tanış olan zaman gülümsəmələri heç də onların müsbət münasibəti kimi qiymətləndirilməməlidir. Eyni emosional yaşantılar müxtəlif mədəniyyətlərdə fərqli şəkildə təzahür edə bilərlər. Nəzərə almaq lazımdır ki, Ęərq mədəniyətində, o cümlədən azərbaycanlılarda yuxarıda qeyd etdiyimiz əxlaqi hisslər fərqli çalarlara malikdir. Həmçinin subyektin özünə deyil, daha çox başqalarının ona verəcəyi qiymətə köklənməsi əksr hallarda hisslərin əsil mahiyyətinin kənar gözdən gizlədilməsinə cəhdlə müşahidə edilir.

Əkbər Bayramov və Əbdül Əlizadə yazırlar ki, “emosiyalar, hisslər subyektin yaranan şəraitə, öz fəaliyyətinə, həmin şərait və ya fəaliyyətdə insanın özünü necə ifadə etməsinə qiymətləndirici münasibətini əks etdirir. Daha konkret deyilsə, emosiyalar fəaliyyətin müvəffəqiyyətlə icra edilməsinə ya kömək edən, ya da mane olan hər hansı bir şəraitə insanın qiymətləndirici münasibətidir” [2, səh. 391]. Müəlliflərin fikrincə, “tələbatların təzahürünün subyektiv forması kimi emosiyalar fəaliyyəti qabaqlayır, insanı fəaliyyətə təhrik edir və ona yönəldir” ”[2, səh. 391]. Emosiyalar idrak fəallığını təşkil, yönəldən və tənzim edən psixoloji mexanizm kimi çıxış edir. Təlim fəaliyyəti prosesində əhvalı pozulmuş tələbə ilə əhvalı yaxşı olan tələbənin idrak fəaliyyətinin xarakteri fərqli olacaqdır. Müəllimin qəfildən tələbəyə verdiyi suala onun cavab verə bilməməsi onda frustrasiya halı da yarada bilər ki, bu da öz növbəsində bütün psixi proseslərin gedişatında mənfi təsir göstərəcəkdir. Belə emosional vəziyyətdə materialın qavranılması, dərk edilməsi, yadda saxlanması, bütövlükdə psixi fəaliyyətin məqsədyönlü təşkili pozulur. Müəllimin özünün də emosional vəziyyəti tələbələrin psixi proseslərinə mənfi və ya müsbət təsir edir. İfadəli, canlı nitq, yaxşı əhval-ruhiyyə, qarşılıqlı hörmət komfort emosional əməkdaşlıq mühiti formalaşdırır ki, bu da materialın qavranılmasına və dərk edilməsinə müsbət təsir göstərir. Məhz bu zaman biz emosiyaların təhrikedici və qiymətləndirici funksiyalarını müşahidə edirik. Bu baxımdan biz V.Vil- yunasın o fikri ilə razıyıq ki, bu funksiyaların köməyi ilə idrak obrazındakı məqsədi müəyyən edilir və müvafiq hərəkətlərə sövq edilir [5]. Burada fikri prosesin emosional möhkəmləndirilməsi baş verir bunun da sayəsində fikri prosesin seçiciliyi artır, idrak fəaliyyətinin müvəffəqiyyətlə başa çatdırılması üçün əlverişli şərait yaranır.

Ehtimal etmək olar ki, “pis” oxuyan tələbələrdə nə vaxtsa təlimə qarşı nifrət hissi yaranmışdır. Bu nifrət hissi iyrənc bir şeyə qarşı yaranır və şəxsin emosional vəziyyətini müəyyən edərək onun tərəfindən iyrənclik obyektinin dərk edilməsini mümkünsüz edir. Sanki o obyekt gerçək həyatda mövcud deyil. Ola bilsin ki, valideyn və ya müəllim verilmiş tapşırığı həll etmədiyinə görə şagirdi və ya tələbəni cəzalandırsın, ona ciddi mənəvi və ya fiziki sarsıntı yaşatsın. Bunun nəticəsində həm obyektə, həm də onunla əlaqəli olan subyektə qarşı qarşı həmin insanda nifrət yaşansın və bu onun psixikasında dərin iz buraxsın. Öz növbəsində bu mənfi yaşantı “xoşagəlməz” obyektin düşüncədən uzaqlaşdırılmasına yönələcəkdir. Çünki subyektin ətraf mühitə normal uyğunlaşması, mühitlə orqanizmin müvazinətinin tarazlaşdırılması belə manelərin dəf edilməsini tələb edir. Bu, mümkün olmadıqda, müdafiə mexanizmləri işə düşür. Bu zaman elə bil ki subyekt həmin maneni “görməməyə” çalışır, onu “unudur”, amma bu hissdən qurtula bilmir və o, həmişə narahatdır. Bu narahatlıq müxtəlif formalarda davranışda təzahür edə bilər. İnsanda müsbət yaşantı yaradan, onu məmun edən və müsbət münasibət oyadan cisim və hadisələr qruplaşdırılaraq gerçəkliyin mümkün koqnitiv mənzərəsi və ya xəritəsi yaradılır. Hər bir fərdin yaratdığı koqnitiv ətraf aləm xəritəsi onun davranışının əsasını təşkil edir. İdrak fəaliyyəti prosesində mənfi yaşantılar oyatmış cisim və hadisələr müxtəlif mənfi emosiyaların əmələ gəlməsinə, baş ağrılarına, ürəkbulanmasına, qorxuya, digər affektiv reaksiyalara səbəb olur. Bu zaman təfəkkürün kateqorizasiyası ətraf aləmlə qarşılıqlı əlaqənin səmərəliliyinin təşkilinə deyil, koqnitiv yanlışlıqlara gətirib çıxarır. Qeyd etdiyimiz kimi, tapşırığı həll etməyən təhsilalana qarşı müəllimin sərt rəftarı, onu cəzalandırması mənfi emosiyaların yaranmasına səbəb olur və koqnitiv prosesin mənfi emosional yüklənməsinə gətirib çıxarır. Ona görə də müəllimə olan münasibət onun tədris etdiyi fənnə yönəldilə bilər. Nəticədə intellektual yüklənmə və həmin gerçəkliyin qavranılmasından imtina baş verir. Bunu koqnitiv imtina effekti adlandırmaq olar.

Koqnitiv imtina şəxsiyyəti onda narahatlıq yaradan, çıxılmaz vəziyyətə salan obyektdən uzaqlaşmağa sövq edir. Subyekt onda qorxu, təlaş, vahimə, ikrah yaradan hər şeydən xilas olmağa çalışır: o, görmür, eşitmir, anlamır. Koqnitiv dissonansdan fərqli olaraq burada kompramisin axtarılması, onun vasitəsilə tarazlığın qorunması mümkün deyil. Əsas mexanizm “xoşagəlməz obyekt” dən qaçmaq, onunla qarşılıqlı təsirdə olmamağa cəhddir. Əğər tapşırığı həll edə bilməyən tələbə ilkin mərhələdə müxtəlif bəhanələrlə dərsə getməkdən yayınırsa, sonradan onun davranışı fərdi-psixoloji xüsusiyyətlərdən və mənfi təsirin davamlılığından asılı olaraq tamamilə dəyişə bilər: ya isterik davranış, ya özünəqapanma, ya da asosial davranış müşahidə edilə bilər. Məlum olduğu kimi, emosiya qiymətləndirmə funksiyası ilə yanaşı, həm də müstəqil müsbət dəyərlər funksiyasını yerinə yetirir. Belə ki, müəyyən bir işi yerinə yetirərkən insanda bu işlə bağlı olan, onun biləvasitə və ya dolayısı ilə yaratdığı emosiyalar əmələ gəlir. Bir tərəfdən bu emosiyalar həmin hərəkət, fəaliyyət və ya davranışa xüsusi şəxsi emosional məna verərək onu şəxsiyyət üçün xoşagələn, maraqlı edir, digər tərəfdən isə müsbət emosiyalar gələcəkdə həmin fəaliyyətin motivi olaraq çıxış edir. Çünki fəaliyyətin icrası zamanı emosiya kimi yaşanan tələbatlar aktuallaşaraq şəxsiyyəti yenidən həmin fəaliyyətə və ya davranışa təhrik edir. Məsələn, ev tapşırığını yaxşı hazırlamış şagird məktəbdə müəllimə cavab verərək “əla” qiymət alır. Onun bu uğuru həm müəllimi, həm də valideynləri tərəfindən rəğbətləndirilir və şagird böyük sevinc hissi yaşayır. Şübhəsiz ki, görülmüş işdən məmnun qalan şagird yenidən həmin hissi yaşamağa cəhd edəcəkdir. Bu zaman cəhd şəxsiyyətin emosional yönəlişliyi və ya istiqaməti kimi yenidən fəaliyyətə təhrik edəcəkdir.

Qeyd etdiyimiz misaldan göründüyü kimi, emosiya insanın aktuallaşmış əsas tələbatının ödənilməsinə yönəlmiş davranış, fəaliyyət prosesində yaranır. Həyəcan, narahatlıq, peşmançılıq, məyusluq, sevinc, kədər, məmnunluq və s. bu kimi hisslər insan fəaliyyətində xüsusi əhəmiyyətə malikdirlər. İnsan idrakının hərəkətverici qüvvəsi olan intellektual hisslər (çaşqınlıq, həyəcan, şübhə, inam, heyrət və s.) onları əmələ gətirən idrak tələbatlarını gücləndirir, idrak fəaliyyətinin səmərəliliyini və dayanıqlılığını təmin edir. Tədricən insanın emosional istiqamə- tini müəyyənləşdirir, onu ya yaradıcı fəaliyyətə, ya da ondan uzaqlaşmağa sövq edir. Bir anlıq təsəvvür edək ki, ardıcıl olaraq qoyduğu eksperimentlər müsbət nəticə verməzsə, onda həmin tədqiqatçı-alimdə ruh düşkünlüyü, bəd- binlik, qorxu, pessimist əhval-ruhiyyə, özünə inamsızlıq hissi yaranacaqdır. Bu emosional vəziyyət möhkəmlənib uzun müddət davam edərsə, əlbəttə, insanın nəinki gələcək elmi fəaliyyəti, həmçinin şəxsi həyatı da uğursuzluqla müşahidə oluna bilər. Belə hal bəzən şəxsiyyətin deqradasiyasına, asosial həyat tərzinə də səbəb ola bilər.

NƏTİCƏ:

Tələbələrin emosiyaları onların fərdi-psixoloji xüsusiyyətlərilə şərtlə- nərək həm yeni təlim mühitinə uyğun- laşmaları, həm də onların idrak fəallı- ğının səviyyəsinə təsir edir. Tələbələrin yaşantılarının onların rastlaşdığı çətin- liklərə (koqnitiv, şəxsiyyətlərarası) təsiri və bu təsirin qiymətləndirilməsi haqqında müəllimlərin müəyyən psi- xoloji bilik və alətlərə malik olması pedaqoji fəaliyyətin mühüm cəhətlə- rindəndir. Emosional hal və yaşanan hisslər qavranılan əşya və hadisələrin həm qavranılmasına, həm də anlanıl- masına əhəmiyyətli dərəcədə təsir göstərir. Qavranılan məlumatın düzgün qəbulu və işlənməsi prosesi biləvasitə subyektin emosional vəziyyətindən asılıdır. Bir halda məlumat insanda xoş əhval, müsbət münasibət yaradaraq onu mənimsəməyə səfərbər edirsə, digər halda o, həmin məlumata biganə, etinasız münasibət bəsləyəcək, əhəmiy- yət vermədiyi üçün də mənimsəmə- yəcəkdir. Burada koqnitiv imtina me- xanizmi böyük rola malikdir.

Emosiya idrak fəaliyyətini artıq yüklənmədən azad edir, zehni enerji sərfini azaldır, gərginliyi aradan qal- dırır, məmunluğu artırır, yaşantılar isə hafizəni gücləndirir.

Ədəbiyyat:

1. Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddı. Bakı, 2006.

2. Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psi- xologiya. Bakı,2002, səh.391.

3. OSHO Emosiyalar. Bakı, 2017, səh.14-15.

4. Абрахам Маслоу Мотивация и личность. СПб, 2016, səh.267.

5. Вилюнас В. К. Основные проб- лемы психологической теории эмоций// https://www.klex.ru/vd

6. Джеймс У. Психология. М., 2011, səh.236.

7. Dolan, R. Emotion, cognition, and behavior. Science 298, 1191–1194 (2003) // https://www.researchgate. net/publication/11042864_Emotion_ Cognition_and_Behavior

8. Izard Carroll The structure and function of emotions: implications for cognition, motivation, and per- sonality https://www.academia.edu/ 32615752/CARROLL_E._IZARD_ THE_STRUCTURE_AND_PER- SONALITY_35

9. Craig A.Smith, Lazarus R.S. Emotion and Adaptation // Handbook of personality: Theory and Research, New York, pp. 609• 637.

10. Lazarus R.S. Thoughts on the Relations Between Emotin and Cognition // http://gruberpeplab. com/ 3131/Lazarus_1982.pdf

11. Lazarus R.S. Emotions and interpersonal relationships: toward a person-centered conceptualization of emotions and coping // Journal of Personality. 74: 9-46. https://www.ncbi.nlm.nih.gov/ pubmed/16451225

12. Lazarus R.S. Cognition and emotion from the ret viewpoint Journal of Rational-Emotive and Cognitive-Behavior Therapy.

13: 29-54. https://link.springer.com/ article/10.1007/BF0235455613. Lieny Jeon, Cynthia K. Buettner, Ashley A.Grant and Sarah N.Lang, Early childhood teachers’stress and children’s social, emotional, and behavioral functioning, Journal of Applied Developmental Psycholgy, 10.1016/j.appdev. 2018.02.002, 61, (21-32), (2019).

14. Roseman, I. (1984). Cognitive determinants of emotion: A structural theory. In P. Shaver (Ed.), Review of personality and social psychology: Vol. 5. Emotions, relationships, and health (pp. 11–36). Beverly Hills, CA: Sage Publications.

15. Valerie A. Sotardi Bumps in the Road: Exploring Teachers’ Perceptions of Student Stress and Coping // The Teacher Educator, Voume 53, 2018, pp. 208-228.

16. LIU Ye, FU Qiufang & FU Xiaolan The interaction between cognition and emotion // https://www. researchgate.net/publication/22541 7614_The_interaction_between_co gnition_and_emotion

Müəllif:

Psixologiya elmləri doktoru, professor , AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyev

Son məqalələr

Online Qeydiyyat