Açar sözlər: pandemiya, stiqmatizm, COVİD-19, sosial izolyasiya, həyəcan, qorxu, stres, depressiya, psixoloji sağlamlıq.
Qlobal miqyasda bütün dünyanı öz təsiri altına alan və pandemiya olaraq beynəlxalq sərhədləri aşan COVID-19 koronavirus,(ingilis dilində “disease”) xəstəlik deməkdir) epidemiyası insanlarda qorxu hissinin mərkəzdə olduğu bir narahatlıq vəziyyəti yaratmışdır. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən COVID-19-un pandemiya (qlobal epidemiya) elan edildikdən sonra cəmiyyətdə yaşanan qorxu, ümidsizlik və narahatlıq səviyyəsi daha da artdı. Yaranmış qorxu və narahatlıq nəticəsində fərdi, sosial və qlobal səviyyədə bir sıra geniş miqyaslı tədbirlər həyata keçirildi. Ölümcül xəstəlik riski daşıyan COVID-19 pandemiyasından sonra kəskin stres reaksiyası olaraq təyin olunan bəzi psixoloji simptomların müşahidə olunmasını “fövqəlada vəziyyətə qarşı göstərilən normal reaksiyalar” kimi qəbul etmək olar.Bəşəriyyət tarixində həm xəstəliyə yoluxan insanların sayı baxımından, həm də xəstəlik nəticəsində sosial, mədəni, iqtisadi göstəricilər baxımından dünya və cəmiyyətə qlobal miqyasda təsir göstərən bir çox epidemiyalar olmuşdur. İnsanların bir yerdə məskunlaşaraq cəmiyyət şəklində formalaşması və kütlə şəklində yaşamaları öncədən fərdi olaraq yoluxan xəstəliklərin sürətlə yayılaraq pandemiyaya çevrilməsi və daha böyük kütlələri yoluxdurma fürsətinin yaranmasına səbəb olmuşdur. Bu da cəmiyyətə və sosial mühitə təsir edərək sosial strukturların birbaşa və dolayı yolla dəyişilməsi ilə nəticələndi. Çünki müasir dövrümüzdə olduğu kimi keçmiş zamanlarda da insanlar məlumatsızlıq səbəbindən xəstəliklərin epidemiyaya çevrilməsinə şərait yaradırdı.
Tarixin ən dəhşətli və təhlükəli pandemiyalarından biri “Qara vəba” adı ilə tanınan vəba epidemiyası idi. Bu epidemiya başda Avropa olmaqla bütün dünyaya ciddi şəkildə təsir göstərmişdir. Cəmiyyətə geniş miqyasda təsir göstərən ilk vəba epidemiyasının m.ö. 542-ci ildə Misirdə başlayaraq Bizans imperiyasının paytaxtı Konstantinopol (İstanbul) vasitəsilə İrlandiyaya yayıldığı qeyd olunur. Bu vəba epidemiyası zamanı Avropadakı şəhərlərin hələ də kiçik qəsəbələr şəklində olması və insanların dağınıq şəkildə yaşaması səbəbi ilə onlara çox təsir etmədikləri halda metropol şəhər olan Konstantinopolda isə gündə 5-10 min insan vəfat etdiyi məlum olmuşdur.
Sonradan bu epidemiyanın orta əsrlərdə yaşayış sahələrinin daralması səbəbindən insanların yaşayış yerlərinə girmiş siçanlara xas olan Yersinia Pestis bakteriyalarının birələr vasitəsilə insanlara yoluxması ilə vəbanın yenidən başlandığı təxmin edildi. Belə ki, “Qara vəba” adı ilə tanınan vəba epidemiyasının ilk dəfə Çində meydana gəldiyi və oradan da İpək yolundan istifadə edən tacirlər vasitəsilə Avropaya gəldiyi qeyd olunur. Bu artım nəticəsində xəstəlik bütün dünyada sürətlə yayılaraq Avropa əhalisinin 60%-nin ölümünə, dünya əhalisinin isə 475 milyondan 350 milyona qədər azalmasına səbəb olmuşdur.1918-ci ilin yanvarından 1920-ci ilin dekabrınadək qısa müddətdə qlobal miqyasda sürətlə yayılaraq sosial, iqtisadi, siyasi və psixoloji baxımdan dünyanı öz təsiri altına alan digər epidemiya isə, adətən, “İspan qripi” olaraq tanınan Qrip pandemiyası olmuşdur. Bu qrip səbəbindən 500 milyon insanın, yəni dünya əhalisinin üçdə birinin bu virusa məruz qaldığı və ən azı 17-50 milyon insanın öldüyü təxmin edilir. İspan qripinin donuzlardan və ev quşlarından insanlara keçdiyi və Birinci Dünya Müharibəsi zamanı kütləvi insan hərəkətinin olması səbəbiylə qısa müddətdə bütün dünyaya yayıldığı və ölümcül hala gəldiyi qeyd olunur. İspan qripinin uzunmüddətli sosial təsirləri araşdırıldıqda, epidemiyanın insanların təhsili dayandırmasına səbəb olduğu və bunun həm mikro, həm də makro səviyyədə iqtisadi nəticələrə səbəb olduğu bildirilmişdir. Bu pandemiya dövründə insanların lazımi təhsil almaması səbəbindən, sosial-mədəni səviyyənin azalması müşahidə edildi. Həmçinin kifayət qədər təhsili olmayan insanların gəlir səviyyəsinin azaldığı, dövlətlərin gəlir köçürməsi yolu ilə insanlara kömək etdiyi və bunun da epidemiyanın zəiflədiyi ölkələrin iqtisadiyyatlarına əlavə bir yük gətirdiyi məlum olmuşdur.
Keçmişdə yaşanmış bütün yoluxucu xəstəliklər araşdırıldıqda məlum olur ki, epidemiyaların yaranması səbəbləri, yayılması və nəticələri arasında bir paralellik mövcuddur. Məhz Çinin Vuhan vilayətində, 2019-cu ilin dekabr ayında ilk dəfə ortaya çıxan yeni tip koronavirus (Covid-19) epidemiyasının da digər epidemiyalar kimi də heyvanlardan insanlara keçdiyi müəyyən edilmişdir. Bununla birlikdə, digər epidemiyalarda olduğu kimi, texnologiyanın inkişafı nəticəsində keçmiş dövrlə müqayisədə daha asan və çoxsaylı hala gələn insan hərəkətliliyi bu pandemiyanın bütün dünyada daha da sürətlə yayılmasına səbəb oldu. Epidemiya səbəbiylə bir çox ölkələrdə təhsil dayandırıldı və insanların toplandığı ictimai məkanlar, xüsusən də iş yerləri, təlim-tədris müəssisələri və digər məkanlar bağlandı. Bu da müxtəlif yaş qruplarına daxil olan insanların, həmçinin koronavirusla mübarizədə iştirak edən işçilərin psixologiyasına təsirsiz ötüşmədi.Məlum olduğu kimi şəxsiyyətin formalaşmasında rol oynayan ən mühüm amillərindən biri sosial mühitin və ictimai sferanın mövcud olmasıdır.
Pandemiya dövrü ilə əlaqədar olaraq ciddi sosial izolyasiya şəraitin tətbiq olunması, karantin rejimi və eksterimal şəraitdə yaşamaq, mübarizə tədbirlərinin həyata keçirilməsi tələbləri nəticəsində yaranan neqativ hallar insanların koqnitiv, emosional sferasına, psixi və fiziki sağlamlığına ciddi şəkildə təsir göstərir. Karantin rejiminin tətbiq olunması insanların psixologiyasına, gündəlik həyat tərzinə, ailədaxili və şəxsiyyətlərarası münasibətlərə, sosial və iqtisadi sferaya da mənfi təsir göstərdi.
Bu günədək aparılan tədqiqatlarda epidemik xəstəliklərin psixoloji təsiri bir çox tədqiqatçı tərəfindən araşdırılmış və bu baxımdan müəyyən risk faktorlarının olduğu müşahidə edilmişdir. Aparılan bir çox tədqiqatlarda məcburi sosial izolyasiya və uzunmüddətli karantin rejiminin tətbiqi, koronavirusa yoluxma və ya yoluxma nəticəsində yaxınını, qohumunu itirmək kimi halların, psixoloji problemlərin yaranmasında yüksək risk faktorları kimi müəyyən edilmişdir. Karantində qalmaq travmadan sonrakı stres əlamətləri, yüksək narahatlıq və təşviş, özünü idarəetmədə yaranan pozuntularla əlaqələndirilmişdir. Aparılan tədqiqatlarda orta hesabla 20 gün və daha çox müddətə karantində olan şəxslərin 29% -də bəzi psixoloji pozuntuların yaranması müşahidə edilmişdir. Karantin müddətinin uzadılması isə bu nisbətin daha da artması ilə nəticələnmişdir. Bu zaman psixoloji pozuntuların yaranmasında risk faktoru hesab olunan digər amil isə stiqmatizmə məruz qalmaqdır ki, bu daha çox koronavirusa yoluxub karantinə alınan, sonradan müalicə olunub təcrid vəziyyətini tərk edən şəxslərdə müşahidə edilmişdir. Həmçinin xəstəliyə yoluxub karantində qalan şəxslərlə yanaşı, karantində olan və həyatlarını itirən şəxslərin qohumları da bu risk qrupuna daxil edilmişdir. Aparılan digər araşdırmada isə, COVID-19 səbəbiylə yaxın qohumunu itirən insanlarda posttravmatik stres əlamətləri, depressiya, stres, yuxusuzluq, intihara cəhd kimi hallar da aşkar edilmişdir.Pandemiya dövründə müəyyən edilmiş risk faktorlarından biri də yüksək riskli yerlərdə (məsələn, koronaviruslu xəstələrin yerləşdirildiyi reanimasiya şöbəsində) uzun müddət işləməkdir. COVID-19 xəstəliyi ilə əlaqəli aparılan bir araşdırmada, tibb işçilərinin digər insanlarla müqayisədə daha yüksək səviyyədə qorxu, stres, narahatlıq vəziyyətinin olduğu müəyyənləşdirilmişdir ki, bu da onların koronaviruslu xəstələrlə gündəlik iş rejimində nəzərdə tutulan müddətdən daha çox işləmələri ilə əlaqələndirilmişdir. Ölümcül bir xəstəlik riskinin yaratdığı narahatlığı və bu xəstəliklə bağlı qeyri-müəyyənliyiartıran digər bir risk faktoru isə COVID-19 ilə əlaqəli verilən məlumatın etibarlı olmamasıdır. Buraya həm informasiya texnologiyaları, həm də milli və beynəlxalq vizual media vasitəsi ilə şübhəli etibarlılığı olan informasiyalar aid edilir.
Pandemiya dövrü başqa problemlərlə bərabər, eyni zamanda insanlarda “emosional yanma” vəziyyəti də yaradıb ki, həmin vəziyyət isə fiziki və emosional gərginliyə məruz qalan insanlarda özünə xəsarət yetirmə, intihar və digər psixi sağlamlıq problemlərinin səviyyəsinin artmasına gətirib çıxarır. Həmçinin pandemiya dövrü ilə əlaqədar olaraq yaşanılan emosional gərginlik, aqressiya, təşviş, qorxu, həyəcan və digər psixoloji hallar şəxsiyyətlərarası və ailədaxili münasibətlərə də sirayət edərək müəyyən problemlərin yaranmasına səbəb olur. Sosial izolyasiya şəraitində yaşamaq, insanlarla ünsiyyətin azalması, sanitariya gigiyena normativlərinin daha ciddi şəkildə tələb olunması və digər müxtəlif stres sogen faktorların təsiri insanların emosional və psixi sağlamlığına ciddi şəkildə neqativ təsir göstərir. Belə tələblərin mövcudluğu və uzunmüddətli şəkildə davam etdirilməsi insan psixikasının emosional və fiziki cəhətdən həddən artıq yüklənməsinə səbəb olur. Belə vəziyyətə insan psixikasının bu vəziyyətə hansı müddətdə davam gətirməsi isə, ilk növbədə, insanınpsixoloji və emosional sağlamlıq imkanları ilə şərtlənir.Pandemiyanın yaş qruplarına təsir mexanizmi baxımından statistikaya nəzər salsaq, tələbələrin bu prosesdən ən çox əziyyət çəkən qruplar arasında olduğunu görə bilərik. Məlum olduğu kimi tələbələrin fərdi-psixoloji xüsusiyyətlərinin, maraq və tələbatlarının, dərketmə imkanlarının nəzərə alınması, özügerçəkləşdirmə məqsədilə hər bir tələbə üçün əlverişli şəraitin təmin edilməsi, potensial imkanların aşkarlanması, müstəqil olaraq təlim-tədris prosesinin təşkili və sosial sferanın təmin edilməsi tələbələrin emosional və psixi inkişaf optimallığını şərtləndirən əsas amillərdəndir. Lakin qısa müddət ərzində bütün dünyanı əhatə edərək pandemiya halına keçən koronavirus epidemiyası səbəbindən cəmiyyətin hər bir üzvü normal həyat tərzindən uzaqlaşaraq karantin şəraitinin tələblərinə əməl etmək məcburiyyətində qalmışdır.
Belə ki, həm universitetdən ənənəvi qaydada keçirilən təhsildən kənarda qalmaqları, həmyaşıdları ilə ünsiyyətdə olmamaları, həm də universitet tərəfindən tələbələr üçün təmin edilən imkanların məhdud hərəkətlilik səbəbindən ev şəraitində mümkün olmaması tələbələri emosional, psixoloji və fizioloji baxımdan bir sıra çətinliklərlə qarşı-qarşıya qoymuşdur. Məlum olduğu kimi, ənənəvi qaydada aparılan tədrisin digər vacib bir cəhəti olan tələbələrin psixoloji məsələlərdə dəstəklənməsi və istiqamətləndirilməsi prosesidir ki, pandemiya dövründə tələbələrin bu imkanlardan da yararlana bilməmələri onlarda psixoloji və emosional gərginliyin artmasına səbəb olmuşdur. Fövqəladə bir dövr keçirərkən tələbələrin onlara mənfi təsir edəcək xəbər və hadisələrə məruz qalması, uzun müddət evdən çıxa bilməməsi səbəbindən yaranan depresiya, həmyaşıdları ilə ünsiyyət qura bilməmələri və sosial sferanın olmaması tələbələrin emosional vəziyyətinə təsirsiz ötüşmədi. Hər bir insanda bir- birinə bənzər şəkildə müşahidə olunan və insanın daxili vəziyyətinə görə dəyişən emosional, koqnitiv, davranış, fiziki və sosial reaksiyalar olaraq təsnif edilən bu simptomları aşağıda kimi qeyd etmək olar:
I. Emosional reaksiyalar:
– şok, qəzəb, çarəsizlik;
– özünü boşluqda hiss etmək və heç bir hissin olmaması;
– virusayoluxma qorxusu və narahatlıq vəziyyəti;
– günah və utanc hissi;
– həssaslıq və dözümsüzlük;
– ümidsizlik, pessimizm, gələcək haqqında müsbət fikirlərin olmaması;
II. Koqnitiv reaksiyalar:
– sarışan hallar və arzuolunmaz düşüncələr (məsələn, özünün və ya yaxınlarının infeksiyaya, xəstəliyəyoluxacağı və ya öləcəyinə dair dü- şüncələrin olması);
– diqqəti toplamaqda və qərar qəbul etməkdə çətinlik;
– hafizə ilə əlaqəli problemlər və unutqanlıq;
– yalnış inancları inkişaf etdirmək (məsələn; “bunların hamısı mənim günahımın nəticəsidir”);
– fikirlərdə qarışıqlıq, nizamsızlıq;
– özünəinamın itirilməsi;
– özünü günahlandırmaq (başqalarını virusa yoluxduracağını düşünmək);
III. Davranış reaksiyaları:
– COVID-19 haqqında danışan insanlardan uzaqlaşmaq;
– narahatlıq və dözümsüzlük;
– ailə, təhsil və peşə fəaliyyətində öz vəzifələrini yerinə yetirə bilməmək;
– gündəlik işləri planlaşdırmaqda və idarə etməkdə çətinlik çəkmək;
IV. Fiziki reaksiyalar:
– yorğunluq, tükənmə hissi, enerjinin olmaması, marağın azalması;
– yuxusuzluq və ya yuxu rejimində pozuntular;
– müxtəliftipli diffuz ağrılar, baş ağrısı, başgicəllənmə və döş qəfəsində ağrılar;
– cinsi istəyin azalması və ya olmaması;
– iştahsızlıq, bəzən bulemiya tipli iştahın olması;
– immunitet sistemində pozuntular, mədə və bağırsaqda problemlər, gərginlik, döyüntülərin olması, ürəkbulanma;
V. Sosial (şəxsiyyətdaxili və şəxsiyyətlərarası) reaksiyalar:
– yaxın insanlardan uzaqlaşma;
– sosial təcridlik və antisosiallıq;
– ailə üzvləri ilə münaqişələr;
– ailə münasibətlərində yeni konfliktlərin yaranması və ya əvvəlki problemlərin daha da artması;
– iş həyatında konfliktlərin yaranması və ya kollektivlə münasibətdə münaqişələr;
– insanlara inamın olmaması və şübhə hissi.
Bəzi insanlarda müxtəlif səviyyədə və intensivlikdə müşahidə olunan bu simptomlar, COVID-19-dan sonra kəskin stres reaksiyalarının nəticəsində baş verir. Bir sözlə, pandemiya dövrü ilə əlaqədar olaraq hər kəs yeni şəraitdə özünütəsdiqə, öz imkanlarını reallaşdırmağa cəhd edir. Bir qisim insanlar öz əvvəlki mövqelərini, nüfuz və maddi imkanlarını qorumaq yolları axtarırlar. Belədə rəqabət artır, fikir, mövqe ayrılıqları kəskinləşir. Nəticədə ziddiyyət yaranır ki, bu ziddiyyət, qarşıdurma qaçılmaz olub, ilk növbədə, iki sistem arasındakı ictimai, iqtisadi fərqlərdən yaranaraq, psixoloji problem kimi təzahür edir.Pandemiya dövrü ilə əlaqədar olaraq insanlarda emosional gərginliyin artması həm psixoloji sağlamlığın pozulması, həm də şəxsiyyətlərarası münasibətlərdə müxtəlif konfliktlərin, həyəcan, narahatlıq, qorxu və depressiya kimi halların, eləcə də spirtli içkilər və narkotik vasitələrə müraciət edənlərin sayının artmasına səbəb ola bilər. Həmçinin pandemiya dövründə insanların uzunmüddətli stres və qorxu vəziyyətində yaşaması, sosial- psixoloji və emosional mənşəli gərginliklərin daimi təzyiqi orqanizmin, eləcə də psixika resurslarının nizamsız şəkildə istifadəsinə səbəb olur. Nəticədə insanların psixoloji və sosial səviyyədə mühitə adaptasiya prosesi pozulur. Belə halda isə insanın cəmiyyətə və sosial mühitə uyğulaşmasında, normal həyat fəaliyyətini davam etdirməsində və peşə fəaliyyətində problemlər yaradır. Bu da emosional gərginliyə səbəb olmaqla yanaşı, psixi sağlamlıq sahəsində də ciddi problemlərlə nəticələnir.
Nəticə:
Bütün bu faktları nəzərə alaraq pandemiya dövründə insanların sosial- psixoloji və emosional sağlamlığının qorunması zəruri məsələ kimi qarşımızda durur. Bu mənada yeni növ koronavirusun (COVID-19) epidemiyasının qısa və uzun müddət olmasından asılı olmayaraq bütün bəşəriyyətə fərqli sosial-psixoloji təsiri qaçılmazdır. Buna görə də keçmişdə öyrənilən pandemiya təcrübəsi nəzərə alınaraq tədbirlər həyata keçirilməlidir.
Ədəbiyyat:
1. Ə. S. Bayramov, Ə.Ə.Əlizadə psixologiya Bakı. 2003.
2. American Psychiatric Association. (2013). Diagnostic and statistical manual of mental disorders (5th ed.). Washington, DC: American Psychiatric Association.
3. Lee, A. M., Wong, J. G., McAlonan, G. M., Cheung, V., Cheung, C., Sham, P. C., Chu, C. M., Wong, P.C., Tsang K., & Chua, S.E. (2007). Stress and psychological distress among SARS survivors 1 year after the outbreak. The Canadian Journal of Psychiatry, 52(4), 233-240.
4. Lee, S. M., Kang, W. S., Cho, A. R., Kim, T., & Park, J. K. (2018). Psychological impact of the 2015 MERS outbreak on hospital workers and quarantined hemodialysis patients. Comprehensive Psychiatry, 87, 123–127.
5. Marjanovic, Z., Greenglass, E. R., & Coffey, S. (2007). The relevance of psychosocial variables and working conditions in predicting nurses’ coping strategies during the SARS crisis: an online questionnaire survey. International Journal of Nursing Studies, 44(6), 991-998.
6. Maunder, R., Hunter, J., Vincent, L., Bennett, J., Peladeau, N., Leszcz, M., Sadavoy, J., Verhaeghe,L. M., Steinberg, R., & Mazzulli,T. (2003). The immediate psychological and occupational impact of the 2003 SARS outbreak in a teaching hospital. Cmaj, 168(10), 1245-1251.
7. Mertens, G., Gerritsen, L., Salemink, E., & Engelhard, I. (2020). Fear of the coronavirus (COVID-19): Predictors in an online study conducted in March 2020.
8. Reynolds D. L., Garay J. R., Deamond S. L., Moran M. K., Gold W., & Styra R. (2008). Understanding, compliance and psychological impact of the SARS quarantine experience. Epidemiol Infect, 136(7), 997–1007.
Müəllif:
Bakı Dövlət Universiteti, Psixologiya kafedrasının müəllimi Nəzrin Həşimova