Xalq artisti, Dövlət Mükafatı laureatı, “Şöhrət” və “Şərəf” ordenli görkəmli tarzən Ramiz Quliyevin anadan olmasının 75 və elmi-pedaqoji fəaliyyətinin 55 illiyinə həsr olunmuş təntənəli gecə keçirilib

Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, Dövlət Mükafatı laureatı, “Şöhrət” və “Şərəf” ordenli görkəmli tarzən Ramiz Quliyevin anadan olmasının 75 və elmi-pedaqoji fəaliyyətinin 55 illiyinə həsr olunmuş təntənəli gecə keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, Ramiz Quliyevin tələbələri və sənətsevərlər iştirak ediblər.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli çıxış edərək Ramiz Quliyevin musiqi sənətimizə verdiyi töhfələrdən söz açıb. Onun yaradıcılığının uzun illər ərzində yubilyarla birlikdə xarici ölkələrə qastrol səfərlərindən, yaddaqalan konsertlərdən bəhs edib. Qeyd edib ki, Ramiz Quliyevin ən yaddaqalan ifalarından biri Ağdamın Şelli kəndi istiqamətində əsgər kazarmasının önündəki çıxışı idi. Həmin konsert düşmənin atəş səslərinin altında keçmişdi. Buna baxmayaraq, Ramiz Quliyevin döyüşkən tarında səslənən “Mahur”, “Segah”, “Çahargah” düşmənin atəşini “susdurmuşdu”.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev çıxış edərək R.Quliyevin elmi fəaliyyətindən, gənc ifaçıların yetişməsindəki böyük zəhmətindən danışıb.
Bildirilib ki, professor R.Quliyev 1962-ci ildən bu günə qədər müəllimlik fəaliyyətindədir. R.Quliyevin çoxlu tələbələri olub, bu gün də vardır. O, uzun illər Bakı Musiqi Akademiyasının xalq çalğı alətləri kafedrasına rəhbərlik edərək, tədrisin inkişafında özünəməxsus rola malik olub. Tələbələri onun uğurlarıdır. Bu gün sənət aləmində onun tələbələri Azərbaycanın şah aləti tarın yüzlərlə carçılarıdır. Bu, Ramiz Quliyev üçün böyük sevincdir.
Milli Məclisin deputatı, akademik Ziya Səmədzadə vurğulayıb ki, Ramiz Quliyev həm xalq musiqisinin, həm də klassik irsin ifa olunmasında həqiqətən də ustaddır.
Qeyd edilib ki, Ramiz Quliyev həm klassik və müasir repertuarın konsert musiqisini, həm də muğamları eyni ustalıqla ifa edir. Zəngin repertuara malik olmaq üçün o, bu günə qədər əsl sənət adamı kimi min bir əziyyətə qatlaşıb. Axı repertuarı hazırlamaq, onu daha da inkişaf etdirmək üçün tək istedad yetmir. İstedadla zəhməti birləşdirmək, sənət bəhrəsini tamaşaçılara çatdırmaq da lazımdır. Sənətdə tələbkar və dəqiqliyi sevən insan kimi, Ramiz Quliyev bu gün çalırsa, sabah ondan daha gözəl ifa etmək bacarmağının tərəfdarıdır. O, əldə etdiyi nailiyyətlərdən əsla razı qalmır, daim məsuliyyət hiss edir.
Tədbirdə Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə, Xalq artisti Mənsum İbrahimov, Milli Məclisin Mədəniyyət eksperti Əkbər Qoşalı yubilyarı təbrik ediblər.
Natiqlər qeyd ediblər ki, ifaçılığa yenilik gətirmək, sənətdə özünəməxsus iz qoymaq və yeni yaradıcılıq yolları axtarıb tapmaq istəyi Ramiz müəllimin böyük amalı, həyat kredosu olub.
Yubilyarı təbrik etmək üçün İsraildən Bakıya gələn yuqoslav musiqişünas Duşan Mixalek ilk dəfə Ramiz Quliyevin ifasını 1987-ci ildə Səmərqənddə dinlədiyini və həmin gündən də Azərbaycan tarına, Ramiz sənətinə vurğun olduğunu deyib.
Tədbirdə tarzənin oğlu, Azərbaycan Dövlət Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyev çıxış edərək tədbirin təşkilatçılarına təşəkkür edərək sənətə gəlməsində atasının əməyindən söz açıb.
Çıxışlardan sonra tarzənin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub.
Filmin nümayişindən sonra Xalq artisti çıxış edərək tədbirin təşkilatçılarına təşəkkür edib. Bundan əvvəlki yubileylərini ana yurdu Ağdamsız keçirdiyini, bu gün isə həyatında ikiqat bayram olduğunu vurğulayan yubilyar Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Şanlı Ordumuza minnətdarlığını ifadə edib.
https://azertag.az/…/Gorkemli_tarzen_Xalq_artisti_Ramiz_Qul…

Son məqalələr

Online Qeydiyyat