Açar sözlər: ünsiyyət, münasibət, dialoq, obyekt, subyekt, ekzistensial, birgə fəaliyyət, qarşılıqlı təsir
Sosial psixologiyanın aparıcı istiqamətlərindən birini təşkil edən ünsiyyət fenomeninin doğru şəkildə dərki mövcud problemlərin həllində önəmli rol oynayır. Bu baxımdan, fenomenin çoxtərəfli yanaşmalar əsasında təhlilinin zəruriliyi ortaya çıxır. Ünsiyyət fenomeninin hərtərəfli təhlilində sosial-psixoloji yanaşma tam yetərli olmadığından, problemin fəlsəfi aspektdən təhlili onun subyektiv, yəni, psixoloji mahiyyətinin dərkində önəmli rol oynayır.
Sosial psixologiyada şəxsiyyətlərarası münasibətlərin, kiçik qruplarda qarşılıqlı fəaliyyətin öyrənilməsi ünsiyyət fenomeninin araşdırılmasını zəruri edir. Kommunikativ, interaktiv və perspektiv proseslərin əsas xətləri kiçik qruplarda müəyyənləşdiyi üçün ünsiyyətin və qarşılıqlı fəaliyyətin ümumi qanunauyğunluqlarının necə reallaşması məhz kiçik qruplarda tədqiq olunur; böyük qruplarda formalaşan dəyər, norma və yönəlmənin mahiyyətinin kiçik qruplar vasitəsilə şəxsiyyətə çatdırılması mexanizmini açıb göstərir.
Ünsiyyət problemi sosial-psixologiyada müxtəlif məktəblərdə fərqli aspektlərdə nəzərdən keçirilmişdir. Bütövlükdə, ünsiyyət problemi sosial-psixologiyada əsasən pozitivist yanaşmadan çıxış edərək tədqiq edilmişdir. Ünsiyyət fenomeninin elmi tədqiqi nəticəsində əldə edilən biliklərin önəmini vurğulasaq da, psixologiyada bu fenomenin yalnız təbii-elmi yanaşmadan çıxış edərək tədqiq edilməsi onun mahiyyətinin tam açılmamasına səbəb olmuşdur.
D. Mayersin “Sosial psixologiya” dərsliyində sosial münasibətlər, ünsiyyət problemi ictimai və şəxsi münasibətlərin əsasını təşkil edən önyarğı, aqressiya, dostluq, yaxınlıq, məhəbbət fenomenləri kontekstindən araşdırılaraq təhlil edilir. Önyarğı məqsədyönümlü neqativ yönlənmə kimi səciyyələndirilir. Cəmiyyətdə sosial statusu, daxili və xarici konfliktlər zamanı “Mən”in özünüdəyərləndirməsini qoruma cəhdi önyarğının əsas funksiyalarından hesab olunur. Cəmiyyətdə önyarğıların formalaşaraq genişlənməsinin sosial identiklik, konformizm, institutsional dəstək fonunda baş verdiyi göstərilir [4; s. 415]. Eyni zamanda, önyarğı ictimai situasiyalar zamanı formalaşsa da, onun yaranmasını şərtləndirən əsas amil bizim emosional durumumuzdur. Lakin, bu heç də frusturasiya hallarında birmənalı olaraq düşmənçilik hissindən qidalanaraq önyarğının yaranması anlamına gəlmir.
Sosial psixologiya ictimai və şəxsiyyətlərarası münasibətləri, ünsiyyət problemini yaradıcı və dağıdıcı hisslər baxımından araşdırır. Sosial psixoloqlar dağıdıcı hisslərin təzahürü kimi meydana çıxan aqressiya ilə bağlı üç əsas nəzəriyyəyə üz tutmaqdadırlar:
1) Aqressiyanın instinktivliyi nəzəriyyəsi; 2) Aqressiya frustrasiya halına təbii reaksiya kimi; 3) Aqressiv davranış – öyrənmənin nəticəsi kimi [4; s. 445]. Birinci nəzəriyyə eksperimental olaraq təsdiq oluna bilməsə də, aqressiyanın bioloji faktorlardan asılılığı da təkzib olunmazdır. Ünsiyyət prosesində aqressiya hallarının genişlənməsi sosial psixoloqların aqressiyanın cəmiyyətdəki təsirlərdən qaynaqlanma, öyrənmə nəzəriyyəsinə istinad etməsinə səbəb olur. Belə halların genişlənməsində KİV-nin oynadığı rolun danılmaz olduğu göstərilir.
Önyarğı, aqressiya kimi fenomenlərin ünsiyyətdə yaratdığı ciddi problemlərin bütövlükdə ictimai və şəxsi münasibətləri zədələdiyini nəzərə alaraq sosial psixoloqlar aqressiyadan təmizlənmə üsulu olan katarsis konsepsiyasının, yaxınlıq, dostluq, məhəbbət hallarının öyrənilməsini məqsədəuyğun hesab edirlər. Tədqiqatlar zamanı dostluq, yaxınlıq hallarının 4 əsas faktordan asılılığı müəyyənləşdirilmişdir: ərazi, məkan yaxınlığı; fiziki cəlbedicilik; əxlaqi dəyərlərin, yönlənmələrin uyğunluğu; təltif etmə amili [4; s. 531]. Araşdırmalar göstərir ki, ünsiyyət zamanı daxili yaxınlıq, anlama hallarının dərinləşməsi dostluq, yoldaşlıq münasibətlərinin əsas prinsipləri kimi çıxış edir.
Ə.Bayramovun və B.Əliyevin “Hüquq psixologiyası” dərsliyində ünsiyyətin əsas funksiyaları kimi birgə fəaliyyət və şəxsiyyətlərarası münasibətlərin formalaşması göstərilir. Ünsiyyət prosesində informasiya mübadiləsi və insanların bir-birini qavraması ilə yanaşı qarşılıqlı təsir həyata keçirilir ki, bu da ünsiyyətin nüvəsi hesab edilir [1; s. 266].
Simvolik interaksionist, sosial biheviorist, sosial-perseptiv koqnitivist, psixianalitik və humanist konsepsiyalarda ünsiyyətin interaktiv təbiəti ilə bağlı təsəvvürlərin əsasında qarşılıqlı fəaliyyət ideyası dayanır. Qarşılıqlı fəaliyyətin öyrənilməsində çoxsaylı nəzəri yanaşmaların mövcudluğu interaksiya fenomeninin dərkində fərqli baxışların olduğunu göstərir. A.A.Leontyev göstərir ki, ünsiyyəti müəyyən edən əsas nöqtə “informasiyanın ötürülməsi” deyil, ideyaların, maraqların ötürülməsi, ictimai-tarixi təcrübənin mənimsənilməsi kimi başa düşülən kollektiv həyatın daxili mexanizmi anlamına gələn qarşılıqlı fəaliyyətdir.
Qarşılıqlı fəaliyyətin daxili mahiyyəti özünü B.F.Lomovun yanaşmasında göstərir. Onun yanaşmasına əsasən, ünsiyyət iştirakçıların bir-birini əvəz edən fəaliyyətləri deyil, onların arasıkəsilməz qarşılıqlı fəaliyyətidir. Buna görə də bir iştirakçının fəaliyyətini digərindən “kəsib” ayırmaq qarşılıqlı ünsiyyətin təhlilindən uzaqlaşmaq anlamına gəlir. Q.V.Dyakonov göstərir ki, birgə fəaliyyətin strukturunun fərdi fəaliyyətin strukturu və eləcə də ictimai-kollektiv davranışın təzahürləri ilə eyniləşdirilməməsi ilə bağlı prinsipial vəziyyətin məhsuldarlığına baxmayaraq, ünsiyyət zamanı qarşılıqlı fəaliyyətin fenomenologiyası və mahiyyət məzmunu kifayət qədər açılmamış qalır [7].
L.İ.Umanskiy birgə fəaliyyət problemini təhlil edərək onun üç növünü ayırır: birgə-fərdi, birgə-ardıcıl, birgə-qarşılıqlı fəaliyyət. Birinci halda qrupun hər bir üzvü bir-birindən asılı olmadan fəaliyyət göstərir. İkinci halda birgə fəaliyyət qrupun ayrı-ayrı üzvlərinin xüsusi işləri ardıcıl yerinə yetirməsini nəzərdə tutur. Üçüncü halda isə qrupun hər bir üzvünün bilavasitə digərləri ilə qarşılıqlı fəaliyyəti nəzərə alınır.
Məsələnin elmi cəhətdən işlənməsi baxımından müəllif Q.A.Kovalyov və N.V.Kozarinovanın metodoloji yanaşmasını daha konstruktiv-evristik həll kimi görür. Q.A.Kovalyovun fundamental-paradiqmal konsepsiyasında təsir və qarşılıqlı fəaliyyət psixologiyasının özünəməxsus cəhətləri açıqlanır. Təsir dedikdə, iki və ya daha artıq sistemin qarşılıqlı fəaliyyəti zamanı onlardan ən azından birinin vəziyyətinin dəyişməsi ilə müşahidə olunan proses nəzərdə tutulur.
Təsir və qarşılıqlı fəaliyyət probleminə geniş metodoloji aspektdə yanaşan Q.A.Kovalyov psixoloji təsirin mahiyyət və imkanlarını əks etdirən üç paradiqma müəyyənləşdirir. Birinci, “obyekt” (“reaktiv”) paradiqmasında insan və onun psixikası xarici şərtlərin təsirinin passiv obyekti və bu şərtlərin məhsulu kimi nəzərdən keçirilir. İkinci, “subyekt” (“aksional”) paradiqması, insanın xarici təsirlərə fəal yanaşması və qəbul olunan informasiyanın üzərində işləməsi mövqeyini əks etdirir. Üçüncü, “subyekt-subyekt” (intersubyekt) və yaxud, dialoq paradiqması psixikaya xarici və daxili tənzimləmə sərhədlərinə malik, dünya və insanlarla daimi qarşılıqlı fəaliyyətdə olan açıq sistem kimi yanaşır.
Q.V.Dyakonov göstərir ki, sosial-psixologiya elmində “obyekt” və “subyekt” paradiqmalarında intersubyekt təsirindən deyil, obyekt və subyekt təsirindən danışmaq mümkündür. Çünki, intersubyektin fenomenləri təsirin deyil, qarşılıqlı fəaliyyətin fenomenləri kimi çıxış edirlər. Beləliklə də, təsir psixologiyası dünyadərkində monoloji əsasdan çıxış etdiyi halda, qarşılıqlı fəaliyyət psixologiyası dünyanı anlamada, dünyaya münasibətdə dialoji yanaşmanı əsas götürür. Q.V.Dyakonov Kovalyovun metodoloji yanaşmasını yüksək dəyərləndirsə də, onun ünsiyyət, təsir və qarşılıqlı fəaliyyətin mahiyyətini ekzistensial təhlilin daxili mikrofenomenologiyası səviyyəsində deyil, xarici makrofenomenoloji səviyyədə açdığını vurğulayır.
N.V.Kazarinova ünsiyyət fenomeninin elmi tədqiqini təhlil edərək ünsiyyətin öncə informasiyanın ötürülməsi, yəni, kommunikasiya, sonra təsir prosesi kimi, daha sonra isə şəxsiyyətlərarası münasibət olaraq öyrənildiyini müəyyənləşdirir. Beləliklə də o, ünsiyyət fenomeninin üç, xətii, interaktiv və transaktiv modelini müəy- yənləşdirmiş olur.
Q.V.Dyakonov transaksiya modeli ilə E.Bernin tranzaksiya ilə bağlı təsəvvürlərinin fərqini açıqlayaraq göstərir ki, Bern qarşılıqlı fəaliyyəti müəyyən ssenari əsasında oyun kimi strukturlaşdırır və hadisəyə əsaslanan qarşılıqlı fəaliyyət deyildir. Buna görə də, gerçək qarşılıqlı fəaliyyəti metaaksiya, ekzistensial aksiya kimi adlandırılmasını daha doğru hesab edir. Yəni, transpersonal psixologiyanın təsəvvürləri əsasında müəyyənləşən, varlığa-hadisəyə əsaslanan trans vəziyyətinin öyrənilməsini nəzərdə tutur [7].
Q.V.Dyakonov birgə fəaliyyət və ünsiyyət kontekstində qarşılıqlı fəaliyyətin təbiəti ilə bağlı üç yanaşmanı fərqləndirir. Birinci yanaşma fərdi fəaliyyətin strukturu və birgə fəaliyyətin fərdi fəaliyyətin bu və ya digər məcmuusuna aid edilməsi ideyasından çıxış edir. “Birgə-fərdi fəaliyyət” (L.İ.Umanskiy), komunikasiyanın xətti-ötürülmə modeli (N.V.Kazarinova), psixoloji təsirin dərkində “obyekt” paradiqması (Q.A.Kovalyov) birinci yanaşmanı özündə əks etdirir. İkinci yanaşmada birgə fəaliyyətin sosial makrostrukturu ilkin və əsas olaraq götürülür. Sosial makrostruktur birgə fəaliyyətin daxili mikrostrukturunu müəyyənləşdirmiş olur. L.İ.Umanskinin “birgə-ardıcıl fəaliyyət təlimi, N.V.Kazarinovanın komunikasiyanın interaktiv-tsiklik modeli, Q.A.Kovalyovun psixoloji təsirin “intersubyekt” paradiqması bu yanaşmanı əsas kimi götürür. Qarşılıqlı fəaliyyət probleminin həllində üçüncü yanaşma daxili mahiyyətin təsdiqindən çıxış edir və insanlararası münasibətin intersubyekt–interpersonal, bütöv – prosessual anlamını əsas olaraq götürür. Bu yanaşmanın məntiqi bu və ya digər dərəcədə “birgə-qarşılıqlı fəaliyyət”lə (L.İ.Umanskiy), komunikasiyanın transaksiya modeli ilə (H.V.Kazarinova) və psixoloji qarşılıqlı fəaliyyətin “intersubyekt” paradiqması ilə (Q.A.Kovalyov) ilə uyğunluq təşkil edir [7]. Lakin, insanlararası qarşılıqlı fəaliyyət probleminin həllində daha dərin imkanlar müasir dialoq fəlsəfəsində və dialoq psixologiyasında açılır.
Ünsiyyətin öyrənilməsində dialoji yanaşma ekzistensial fəlsəfədən və psixologiyadan bəhrələnir.
Ekzistensial yanaşmaya əsasən, öz varlığının intensionallığınıı və potensiallığının aktuallaşması, “Mən”dən kənara çıxa bilmə ilk növbədə və daha dərin olaraq başqası ilə ünsiyyətdə həyata keçir. Özünü qarşılıqlı açılış prosesində əldə etmə bitməz, tükənməz proses kimi təzahür edir.
Ünsiyyətin öyrənilməsində elmi-psixoloji yanaşmaların yetərsizliyi son dövrlərdə psixologiyaya fəlsəfi düşün- cədə metodoloji gücə çevrilən ekzistensialist yanaşmanın gətirilməsi müşahidə olunmaqdadır. A.Maslou dövrümüzdə artıq elmin yeni fəlsəfəsinin əsaslarının qoyulması probleminə toxunaraq yeni imkanların açılmasında yalnız atomistik, mexaniki, pozitivist yanaşmanın yetərli olmaması düşüncəsindən çıxış edir. Dərketmənin yeni konsepsiyasının formalaşmasında holistik, dəyişkən, unikal, şəxsi, transsendent yanaşmaların əhəmiyyətini xüsusi olaraq vurğulayır [5; s. 232]. O, yeni geniş yanaşmadan çıxış edən psixologiya elmində qavrayış, öyrənmə, emosiya, intellekt, iradə, tələbat, motivasiya və s. problemlərin hərtərəfli tədqiqi imkanlarını görür. Bu mənada, öyrənmə artıq assosiativ, təsadüfi, keçici mahiyyət daşımır, o, şəxsiyyət üçün daxili anlam kəsb edən fenomen kimi təzahür edir.
Q.V.Dyakonov ekzistensial yanaşmada dialoq, ünsiyyət fəlsəfəsinin mahiyyətini açıqlayaraq göstərir ki, adi şüur, sağlam düşüncəyə əsasən, eləcə də ünsiyyətin xətti-ötürülmə və iteraktiv-tsiklik modelləri baxımından istənilən fikir, istənilən davranış ayrılmaz şəkildə fəaliyyət göstərənə, danışana məxsusdursa, dialoji baxışda bu davranış və düşüncədə müsahibin iştirakı və ortaqlığı danılmazdır. Yəni, hər bir ünsiyyətdə “başqası”nın varlığı, yəni, ontoloji birgəiştirakçılıq danılmazdır. Bu baxımdan, M.Baxtin göstərir ki, insan heç zaman özü ilə üst-üstə düşmür. Ona heç zaman A=A bərabərliyini tətbiq etmək olmaz. İnsanın gerçək həyatı məhz özü ilə üst-üstə düşməyən anında baş verir. İnsan özü ilə eyniləşə bilməməsinin nəticəsində açıqlıq,azadlıq, məsuliyyət, hadisəvilik, intensionallıq, subyektlik, paradok- sallıq, universallıq, unikallıq və s. kimi xüsusiyyətləri əldə edir.
Varoluşçu fəlsəfənin və humanist psixologiyanın görkəmli nümayəndələrindən biri olan Rollo Mey ekzistensialist yanaşmada dünyayla münasibətin üç modulunun mövcud olduğunu göstərir. Bunlar Umwelt, Mitwelt və Eigenweltdir. Umwelt ətrafımızdakı, bioloji dünyanı, Mitwelt eyni növə aid olan, paylaşılan dünyanı, Eigenwelt isə hər kəsin öz dünyasını ehtiva edir. İnsan eyni zamanda hər üç modul daxilində mövcud olur. Ekzistensialist yanaşmaya əsasən, insanın ətrafla münasibəti Mitwelt və Eigenwelt daxilində öz bütövlüyünü əks etdirmiş olur. Burada artıq başqaları ilə uyum deyil, onlarla ilişki münasibətin, ünsiyyətin özəyini təşkil edir. Bu münasibətlərin əsasında isə insanın özü ilə olan ilişki dayanmış olur. İnsanın özünə məxsus olan dünyanın, yəni, Eigenweltin əsaslandırılmamış gerçəklik kimi qəbul edilməsi ekzistensialistlərə görə, sıxıcı intelektualistlərin yanaşmasıdır və həyatın canlılığının əlindən alınmasına xidmət edər [2; s. 167-171].
Dini fəlsəfənin görkəmli nümayəndələrindən biri olan S.Frank da ünsiyyət fenomenini obyektiv gerçəkliklərin dərki baxımından deyil, subyektin daxili aləminin təzahürü kimi təhlil edir. Ünsiyyət qarşı tərəfə sadəcə kənar obyekt kimi baxışı, kənar obyektin dərkini özündə daşımır.Bu fenomen real mənəvi nüfuz etmə anlamını özündə ifadə edir. S.Frankın yanaşmasında ünsiyyət “Mən” və “Sən”i bir-birinə açan, onlara “Biz” gerçəkliyini qazan- dıran zərurətdir. Bu zaman “Biz” qətiyyən “Mən”lərin cəmini ifadə etmir. O, “Mən”in “Sən”ə olan ehtiyacı səbəbindən doğan fövqəlfərdi gerçəklikdir. S.Frank gerçək qrup bütövlüklərinin əsasında da ünsiyyət fenomeninin bu anlamının dayandığını göstərir [6; s. 216-229].
S.Frank varlığın metafizik monizmindən çıxış edərək onun dualist, antinomik təzahürünü, məntiqini ünsiyyətin təbiətində açmağa cəhd göstərir. “Mən” və “Sən”in münasibətini o, predmetin dərki münasibəti kimi deyil, bilavasitə-intuitiv, həyati-ontoloji münasibət kimi başa düşür. Bu ünsiyyətdən kənarda “Mən” hazır verilənlər kimi təzahür etmir. O, yalnız “başqası” ilə ünsiyyətdə doğulur, təzahür edir və formalaşır. Yəni, insanın şəxsi kimliyi, varlığı dialoji mühitdə açılır. Avtonom, monoloji subyektin “Mən”i yalnız özü üçün deyil,həm də bütün insan birlikləri üçün problemli hala çevrilir [7].
Öz baxışlarında iudaist ənənəni, dini yaşantını və müasir fəlsəfi təfəkkürü birləşdirən M.Buber ünsiyyət problemini dialoq fenomenindən çıxış edərək açmağa çalışır. Buberin yanaşmasında dialoq kommunikasiyanın təzahürü deyil, mistik anlam daşıyan varoluşda iştirakçılığı ehtiva edən fenomendir. Buberin yanaşmasına əsasən, dialoq kommunnikasiyanın ünsiyyətə çevrilməsi anında baş verən hadisədir.Lakin, o, insanların yalnız bir-biri ilə ünsiyyəti ilə məhdudlaşmır. O, ünsiyyət zamanı əks olunaraq insanların bir-birinə olan münasibətini özündə ehtiva edir [3; 99].
Dialoqun əsl mahiyyətini açıqlamaq üçün M.Buber insanın qavrama üsullarını müəyyənləşdirir və onları bir-birindən fərqləndirir.Bu üsullardan biri müşahidədir ki, bu zaman müşahidəçi məqsədyönümlü şəkildə qarşıdakının mümkün qədər çox xüsusiyyətlərini çəkməyə, görməyə çalışır. Qavramanın digər bir üsulu da seyr etmədir ki, bu zaman seyrçi özünə heç bir gərginlik vermədən, tam azad şəkildə seyr edir. Müşahidə və seyr etmə qarşı tərəfi fərqli üsullarla öyrənməyə yönəlsə də, onun özündən kənarda baş verən proses kimi təzahür edir. Yəni, müşahidəçinin və seyrçinin iştirakçılığını tələb etmir.Qavrayışın digər bir üsulu da var ki, bu şəxsin açıqlığını, yəni, üz tutma və cavab gözləmə anını özündə ifadə edir.Buber qavrayışın bu formasını nüfuz etmə kimi səciyyələndirir. O, dialoqun imkanlarını da nüfuz etmənin imkanları ilə eyniləşdirir [3; s. 101]. Buberin yanaşmasında nüfuz etmə üz tutma və cavab gözləmə anlamını özündə ehtiva etdiyindən o tərəflərdən iştirakçılıq, münasibət tələb edir.Bu baxımdan, Buber üçün həyat geniş mənada dialoq anlamını özündə daşıyır.Burada hər kəs müraciət olunan və cavab verən tərəf kimi çıxış edir.Dialoqun hər bir iştirakçısı üçün başqası vasitə, şərt kimi deyil, məqsəd və də- yər kimi özünü göstərir.“Mən-O” münasibətində isə başqası məqsədin əldə edilməsində vasitəyə çevrildiyindən obyekt yanaşmasını özündə ehtiva etmiş olur.
Sosial psixologiyada birgə fəaliyyət dialoq fəlsəfəsində birgə mövcud olma, birgə var olma kimi öz ifadəsini tapmış olur. Beləliklə də, ünsiyyətin və qarşılıqlı fəaliyyətin elmi-nəzəri təhlili ünsiyyət, təsir, qarşılıqlı fəaliyyət psixologiyasının tədqiqində əhəmiyyətli imkan və perspektivlərin açılmasına şərait yaratmış olur. Bu onu göstərir ki, təsir və qarşılıqlı fəaliyyətin təbiətinin və mahiyyətinin tədqiqinin elmi- psixoloji inkişafı ünsiyyətin yalnız subyekt-fəaliyyət və struktur-funksional sxeminin təhlilinə ehtiyac duymur. O, həm də intersubyekt-dialoji paradiqmadan çıxış edən nəzəri yanaşmaların və praktik metodların işlənməsinə ehtiyac duyur.
Nəticə
Şəxsiyyətlərarası, qrupdaxili münasibətlər və eləcə də, bütövlükdə ünsiyyət problemi sosial psixologiyada mövcud olan yanaşmalar kontekstindən təhlil olunur. Elmi-psixoloji yanaşmada ünsiyyətin əsasən kommunikativ mahiyyətinin öyrənilməsinə yönlənməsi göstərilir. Bu isə problemin dərkində böyük çətinliklərin yaranmasına səbəb olur. Bu baxımdan, tədqiqatda ünsiyyət fenomeninin öyrənilməsində obyekt yanaşmasının deyil, subyekt yaşantısının, münasibət amilinin aparıcı rolu vurğulanır. Sosial psixologiyadakı birgə iştirakçılığın dialoq fəlsəfəsində birgə mövcud olma, birgə var olma kimi öz ifadəsini tapdığı göstərilir. Beləliklə də, ünsiyyətin və qarşılıqlı fəaliyyətin elmi-nəzəri təhlili ünsiyyət, təsir, qarşılıqlı fəaliyyət psixologiyasının tədqiqində əhəmiyyətli imkan və perspektivlərin açılmasına şərait yaratmış olur. Bu onu göstərir ki, təsir və qarşılıqlı fəaliyyətin təbiətinin və mahiyyətinin tədqiqinin elmi-psixoloji inkişafı ünsiyyətin yalnız subyekt-fəaliyyət və struktur-funksional sxeminin təhlilinə ehtiyac duymur. O, həm də intersubyekt-dialoji paradiqmadan çıxış edən nəzəri yanaşmaların və praktik metodların işlənməsinə ehtiyac duyur.
Ədəbiyyat:
1.Bayramov Ə.S., Əliyev B.H. Hüquq psixologiyası (dərslik) Bakı, “Təhsil”, 2012, 656 səh.
2.Rollo May. Varoluşun kəşfi. Varoluşçu Psikoloji Metinleri. İngilizce- den çeviren: Aysun Babacan. Okuyan.us. 3 basım. İstanbul, Ocak 2014. 228 c.
3.Бубер Мартин. Два образа веры: Пер. с нем. / Под ред. П.С.Гуревича, С.Я.Левит, С.В.Лёзова. – М.: Республика, 1995. – 464 с. – (Мыслители ХХ века).
4.Майерс Д. Социальная пси- хология. – 7-е изд. СПб.: Петр, 2005–794 с.: ил. – (Серия «Мастера психологии» ).
5.Мотивация и личность / А.Маслоу. – 3-е изд. – СПб.: Питер, 2006. – 352 с. – (Серия «Мастера психологии»).
6.Франк С.Л. С нами Бог. Сост. и предисл. А.С.Филоненко. – М.: ООО «Издательство АСТ», 2003. – 750, {2} c. – (Philosophy).
7.http://hpsy.ru/public/x1677.htm Дьяконов Г. В. Проблема общения и взаимодействия: диалогический подход.
СОЦИАЛЬНО-ПСИХОЛОГИЧЕСКИЙ АНАЛИЗ ФЕНОМЕНА ОБЩЕНИЯ
Абстракт
Ругийя Мамедова
В статье «Социально-психологический анализ феномена общения», проблема общения исследуется в контексте существующих подходов в социальной психологии. Отсюда видно, что в решении проблемы преимущественно лидирует объектный подход. Учитывая интерсубъективный характер общения, раскрывается важность экзистенциального подхода. Социально-психологический аспект проблемы показывает важность диалогового подхода в анализе. С этой точки зрения, анали- зируются взгляды М.Бубера и С.Франклина, выступающие в диалогическом общении.
SOCIO-PSYCHOLOGICAL ANALYSIS
OF THE COMMUNICATION PHENOMENON
Ruhiya Mammadova
Abstract
In the article «Socio-psychological analysis of the communication phenomenon», the communication problem is investigating from the context of existing approaches in social psychology. An objective approach in the study of the problem solving is prevailing. In the background of the intersubjective essence of the communication, the importance of the existential approach is explaining. The importance of the dialogue approach to the problem has been explained from the sociological-psychological aspect. From this point of view, the supporters of the dialogue communication ideas M.Buber and S.Frankl’s views are analyzed.
Məqalə AMEA-nın Fəlsəfə İnstitunun «Sosial psixologiya» şöbəsinin iclasında müzakirə edilərək çapa məsləhət görülmüşdür (protokol №13).
Rəyçi M.H. Mustafayev, psixologiya üzrə fəlsəfə doktoru. Məqalə redaksiyaya 08 fevral 2019-cu ildə daxil olmuşdur.