Planlı çalışan insan özünü psixoloji problemlərdən müəyyən qədər sığortalamış olur. İnsanlarımız informasiyanı, lazım oldu-olmadı, çox qəbul edir
Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, PhD Elnur Rüstəmovun “İki sahil”ə müsahibəsi.
– Elnur müəllim, mətbuatda intiharla bağlı yayımlanan xəbərlər intihar hadisələrinin artmasına təkan verə bilir?
-Bəli. Bu amilin rolu var. Dünyada aparılan tədqiqatlar da göstərir ki, intihar hadisəsi mətbuatda işıqlanarsa, on gün, iki həftə ərzində intihar hadisələrinin sayı artır. Keçən əsrin 90-cı illərində Nyu-York şəhərindəki metrostansiyalardan birində intihar hadisəsi olur və mətbuatda işıqlandırılır. Müşahidə edirlər ki, iki həftə ərzində metro stansiyasında intihar edənlərin sayı artıb. Bu istiqamətdə araşdırma aparıb görürlər ki, intihar hadisəsi mətbuatda nə qədər çox işıqlandırılarsa, analoji intihar halları da bir o qədər çox artır. Vaxtilə Bakıda bir körpü var idi ki, indi də var sadəcə adını çəkmək istəmirəm, insanlar intihar etmək üçün ora üz tuturdu. Hətta iş o yerə çatdı ki, hüquq-mühafizə orqanları vəziyyəti tənzimləmək üçün ərazini nəzarətə götürdülər. Niyə belə olmuşdu? Çünki orada baş verən intihar hadisəsi mütəmadi olaraq mətbuatda işıqlandırılırdı. İntihar hadisəsi mətbuatda, ən azı manşet xəbər kimi paylaşılmasa, yaxşı olar. İntiharın səbəblərinin verilməsi başqa məsələdir, amma hadisənin özünün qabardılması doğru yanaşma deyil. Əlbəttə bu məsuliyyəti bütövlükdə mətbuatın üzərinə qoymaq olmaz. Çünki, belə hadisələr sosial şəbəkələr üzərində müxtəlif platformalarda da paylaşılır. Etiraf edək ki, paylaşan da jurnalist yox, hadisəni görən vətəndaşdı. Mətbuat da bəzən sosial şəbəkədə paylaşılan video üzərindən informasiya hazırlaıb paylşır. Bu məqama daha çox diqqət etmək lazımdı.
Sovet İttifaqı dönəmində ideologiya belə idi ki, sovet vətəndaşı intihar edə bilməz. Kimsə intihar edəndə isə mətbuat baş verənin intihar yox, bədbəxt hadisə olduğunu yazırdı. Ancaq bu gün bizdə baş verən bədbəxt hadisəni də az qalırlar intihar kimi qələmə versinlər.
Bütün intihar hadisələri də mətbuata çıxmır. Bəzən intihar edənlərin yaxınları tərəfindən baş verənlərin bədbəxt hadisə, adi ölüm halı kimi qələmə verilmə faktları da olur. Ona görə də bu hadisələr hərtərəfli yanaşma tələb edir. İntiharların səbəblərindən biri kimi sosial vəziyyət göstərilə bilər. Ancaq bu əsas deyil. Bu gün mətbuatda müzakirələrdə görürük ki, intiharı daha çox madiyyatla əlaqələndirirlər. Ancaq intihar edənlər arasında kifayət qədər maddi durumu yaxşı olan insanlar da olur. Sadəcə bəzən bu cür insanların intiharını da bədbəxt hadisə kimi qələmə verirlər. Bu, hər şeydən öncə insan faktorudur. Mətbuatı da başa düşməliyik. Çünki dediyim kimi,mətbuat da informasiyanı sosial şəbəkədən götürür. İntihar edən adama kömək etmək əvəzinə, hadisə çəkilir və sosial şəbəkəyə yerləşdirilir. Bunu jurnalist yox, adi vətəndaşlar edir. Bu gün hər kəs potensial jurnalist-informasiya daşıyıcısıdır. Bu prosesi tənzimləmək çətindir. Ancaq mətbuatın diqqətli olması kifayət edər.
– Qonşu ölkələri, ya Avropanı gəzən, orada yaşayan insanlar Azərbaycan cəmiyyətində, insanlar arasında gərginliyin, narahatlığın daha çox olduğunu deyirlər. Bir psixoloq kimi bu fikirlərə sizin münasibətiniz necədir?
-Bizim insanlar arasında gərginlik, narahatlıq var. Bunun da obyektiv və subyektiv səbəbləri var. Biz bəzən müqayisə edəndə, detallara fikir vermirik. Məsələn, Avropa, ABŞ sonuncu müharibəni nə zaman görüb? Uzun illərdir problemə çevrilən Qarabağ, nəhayət işğaldan azad olundu. Bu gün də şübhəsiz ki, müəyyən naratlıqlar var. Müqayisədə coğrafi, dini, milli faktorlar da nəzərə alınmalıdır. Müstəqilliyi yeni qazanmışıq. Uzun illər Sovetlərin tərkibində olmuşuq, bunun da öz çətinlikləri var. Təbii ki, çətinliklər vətəndaşın da psixologiyasına mənfi təsir göstərir. Avropa ölkəsinə gedirik, müəyyən müddət qalırıq və orada gördüyümüzdən nəticə çıxarmağa tələsirik. Düzdür, Avropa insanı rahatdır. Məsələ ondadır ki, onların kənardan gələn gərginlikləri yoxdur. Bir çox məqamlar var ki, bu onlara rahatlıq, arxayınlıq verir. Avropanın da islamofobiya, az qala bütün müsəlmanların terrorist elan olunması kimi problemləri var. Ölkəmizə baxaq. Azərbaycan ərazisinin 20 faizi işğal olunmuşdu. İşğalın yaratmış olduğu bir psixoloji gərginlik var idi. Ümumən dünyada gərginlik var. Azərbaycan insanının emosianallığı bu amili daha da artırır. Bu emosianallıq da hərəkət və davranışlarda özünü büruzə verir. Bu da normal haldır. Bu gün baxsaq görərik ki, bizim dəyərlər sisteminə nə qədər müdaxilələr var. Boşanmaların sayı kifayət qədər artıb. Ailədaxili konfilkt, zorakılıq halları artır. Bunları da nəzərə almalıyıq. Avropa bu mərhələni keçib. Biz isə indi keçirik. Məsələ ondadır ki, keçməkdə də çətinlik çəkirik. Çünki bizim dəyər sistemimiz var. Azərbaycanda bir valideyn üçün övladının boşanmağı faciədir. Avropalı isə bunu problem etmir və düşünür ki, boşanıbsa başqası ilə evlənər, yaxud evlənməyəcək. Biz bu düşüncə ilə yaşaya bilirikmi? Əlbəttə ki, hamı yaşaya bilmir. Üç insan yaşaya bilirsə də, on nəfər yaşayırmış kimi özünü göstərir, əslində yaşaya bilmir. Dediyim kimi, etnopsixologiyamız, dəyərlər sistemimiz var. Biz bu dəyərlər sistemini inkişaf etdirməli, yeniliyi köhnənin üzərində qurmalıyıq. 2019-cu ildə Bakı Dövlət Universitetinin 100 illiyi ilə bağlı tədbir var idi. Prezident İlham Əliyev həmin tədbirdə milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı böyük bir tezislə çıxış etdi. Bildirdi ki, biz ənənəvi dəyərlər üzərində dövlət qururuq. Dünyanın dəyişən reallıqlarını öz dəyərlər sistemimzə uyğun formalaşdıra bilsək, cəmiyyət olaraq həm rahat, həm də psixoloji cəhətdən sağlam olarıq.
Təbii ki, çox istəyərdik ki, cəmiyyətdə psixoloji maariflənmə, psixoprofilaktik tədbirlər geniş formada həyata keçirilsin. Stressin idarə olunması, psixoloji dayanıqlılıq, zamanı idarə etmək kimi istiqamətlərdə maariflənmə işlərinin aparılmasına ehtiyac var.
-Boşanmaların artmasını vurğuladınız. Bu problemin həlli istiqamətində hansı işlər görülə bilər?
-Azərbaycanda ailə quran tərəflər tibbi müayinədən keçirlər. Eyni zamanda, psixoloji yoxlanışdan keçməlidirlər. Bunun üçün dəyərləndirmə metodları olmalıdır. Hansı testlə, hansı formada, nələrin nəzərə alınması ilə keçiriləcək və s. Boşanma ilə bağlı müraciət edənlərə psixoloji dəstək göstərilməlidir. Müşahidə edirik ki, konfilikt olan, boşanmaya ərizə verən ailələr arasında fərdi şəkildə psixoloji dəstək üçün müraciət edənlərdən gedib ərizəsini geri götürən və birgə yaşayışa davam edənlər çoxdur. Ən vacibi odur ki, psixoloji dəstək əlçatan olmalıdır.
-Bu gün psixoloji dəstək əlçatandırmı? Belə deyilsə, səbəblər nələrdir?
-Xeyir, əlçatan deyil. Məsələ xidmətin qiymətində də deyil. Psixoloji yardım haqqında Qanunda psixoloji yardımın nə zaman ödənişli, nə zaman ödənişsiz olacağı göstərilib. Ən vacibi kadr potensialı məsələsidir.
İkincisi isə ayrı-ayrı qurumlar öz fəaliyyət sahəsində bu yardımı həyata keçirməlidir. Məsələn, Aliə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi var. İnsan alveri qurbanları ilə məşğul olan Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində olan Sosial Xidmətlər Agentliyi var ki, həmin qurumlar bu kimi problemlərlə bağlı birlikdə işləməlidirlər. Hər bir qurumun üzərinə psixoloji yardımın göstərilməsi ilə bağlı müəyyən öhdəliklər düşür. Bunların bir qismi əlahiddə, bir qismi isə digər qurumlarla bir yerdə həyata keçirilməlidir. Qanunda yazılıb ki, səhiyyə müəssisələrində yalnız klinik psixoloq təhsilini alan insanlar xidmət göstərə bilərlər. Bizim nə qədər xəstəxanamız və nə qədər klinik psixoloqumuz var? Sual budur. Deyək ki, beş min xəstəxana varsa, o qədər klinik psixoloqumuz yoxdur. Heç 500 nəfər yoxdur.
-Bəzən insanlar ətraf amilindən ehtiyat etdiyi üçün də psixoloji yardım üçün müraciət etməkdən çəkinir…
-Bütün dünya stiqma (damğa) ilə mübarizə aparır. Psixoloqa gedənlərə bəzən “dəli” damğası vururlar. Bir az da irəli gedənlər deyir ki, problemin varsa, mənə danış. Deyək ki, həyat yoldaşı öz xanımına deyir ki, psixoloqa deyəcəyin sözü mənə de. Bu cür stiqmalar təkcə psixologiya sahəsində deyil. Hər sahədə var. Ən böyük problemlərdən biri həbsdə olan adamlarla bağlıdır. Adam həbsə düşür-çıxır və ona “türmeşik” damğasını vururlar. Onun özü, ailəsi nə qədər bundan əziyyət çəkir. Tutaq ki, zərərli vərdişdən əziyyət çəkənlər var ki, müalicə alıb sağalsa da, “narkoman” damğası vururlar ki, bu da o insana nə qədər mənfi təsir göstərir. Bütün dünya bu amillə mübarizə aparır. Ancaq sevinirəm ki, əgər beş il əvvəl “sən niyə psixoloqa gedirsən?” sualı var idisə, indi həvəslə deyilən “mən psixoloqa gedirəm” sözü var. O bariyer artıq keçilib.
-Psixoloqları psixiatrların işinə qarışmaqda günahlandıran psixiatrlar da var. Bu barədə nə deyə bilərsiniz?
-Öz işində peşəkar olan bir psixiatr “ niyə psixoloqa gedirsən?” sualını verməz. Psixiatrik və psixoloji problem var ki, birinici ilə psixitar digəri ilə psixoloq çalışır. Bu gün dünyada multidisiplinar yanaşma var. Psixoloq öz işini, psixiatr öz işini görür. Onlardan hər hansı birinin digərinin işinə qarışması doğru deyil. Gələn insanlar psixoloji yoxlanışdan keçir. Əgər ehtiyac varsa, psixiatra yönləndiririk və müdaxilə proqramı paralel olaraq aparılır. Dərman müalicəsinə ehtiyac varsa, onu psixiatr təyin edir. Amma əgər müraciət edən dərman müalicəsi istəmirsə, onu heç kim buna məcbur edə bilməz. Çünki psixoloji və psixiatrik yardım könüllüdür.
-Bu gün psixoloqlara qadınlar daha çox müraciət edir, yoxsa kişilər?
-Dünyada tək psixoloqa deyil, həkimlərə də daha çox qadınlar müraciət edir. Bu xanımların daha çevik və dinamik olmasından irəli gəlir. Həkimə müraciət edən kişilərin də 80 faizi xanımın təkidi ilə gedir. Çünki kişilər daha çox “mənə heç nə olmaz, sən böyüdürsən” prinsipi ilə yanaşır. Əvvəllər müraciətlərin daha çox hansı problemlərlə bağlı olduğunu demək asan idi. Amma indi çətinləşib. Çünki bütün problemlər, psixoloji narahatlıqlarla bağlı müraciət edirlər. Cəmiyyət psixologiyanın həyatın tərkib hissəsi olduğunu qəbul edib.
-Bu gün daha çox hansı amillər bizim psixologi durumumuzu korlayır, hansıki biz ondan uzaq qala bilərsək, daha rahat olarıq və yaxud da əksinə nələr etsək, bizə müsbət təsir göstərər?
-İlk növbədə insanların yararlana bilməsi üçün maariflənmə işləri aparılmalı, verilişlər hazırlanmalı, kitablar tərcümə olunmalıdır. Bizə nələrin yaxşı və pis təsir etməsi fərdlərə bağlı məsələdir. Ancaq bu gün bizim ən böyük problemlərimizdən biri rejimsizlikdir. Birinci növbədə buna diqqət etməliyik. Ümumiyyətlə, planlı çalışan insan özünü psixoloji problemlərdən müəyyən qədər sığortalamış olur. Bizim insanlarımız informasiyanı, lazım oldu-olmadı, çox qəbul edir. Avropa, ABŞ-da insanlar məqsədyönlüdürlər. Lazım olana baxır, olmayanla maraqlanmırlar. Biz isə hər şeyə baxmaq istəyirik. Bu dəqiqə ən böyük problemlərimizdən biri informasiyadır və biz ifrat informasiya ilə yüklənmişik. Gecə yatanda telefona baxırıq. Səhər duranda da ilk etdiyimiz iş telefona baxmaqdır. Bu informasiyaların da hər biri özündə müəyyən bir emosiya daşıyır. Üstəlik də, bir-birindən tam fərqlənən, hər cür məsələni əhatə edən informasiyalar qəbul edirik. Şübhəsiz ki, aldığımız hər bir informasiya bizim əhval-ruhiyyəmizə təsir göstərir.
-Çox çalışmaq, iş-ev, gündəlik qayğılarla məşğul olmaq, bəzən bir neçə işdə işləmək məcburiyyəti… Bunları necə idarə etmək olar?
-Bizim həyatımız dəyişiklikləri idarə etməkdən ibarətdir. Buna iş dünyasında böhranın idarə edilməsi də deyilir. Çünki biz gündəlik həyatda bunu edirik. İnformasiya əsrində yaşayırıq. Deyək ki, bir gün ərzində görəcəyiniz işlərin cədvəlini tərtib etsək də, kənara çıxmalar olur. Bütün bunlar isə şübhəsiz ki, robot olmadığımız üçün bizi yora bilir. Gündəlik həyatımızda, işimizdə hər şeyin yolunda getməsi mümkün olmadığı üçün məcburuq dəyişkiliyi idarə etməyi öyrənək. Bu halı qəbul edən, idarə edə bilən rahat, digəri narahat yaşayır. İşdə, həyatda hər şey ola bilər və buna hazır olmaq lazımdır. Digər tərəfdən insan sevdiyi işlə məşğul olmalıdır. Sevdiyi işlə və planlı şəkildə çalışan insan yorulmur. İş yerlərində işçilər üçün sağlam iş mühiti yaradılmalıdır. Psixoloji yardım haqqında qanunda bu məqam xüsusi olaraq qeyd edilib.
-Son olaraq istirahətlə bağlı soruşmaq istəyirəm. Yay fəslidir və çox insan istirahət edir. İstirahətin vaxtının çoxluğu, yoxsa keyfiyyətli olması vacibdir?
-İstirahətlə bağlı dədə-babadan qalma bir yanaşmamız var. Ancaq yeni dövrün yeni istirahət anlayışı var. Bu insandan-insana dəyişir. Biri iki həftə, digəri bir ay dincəlir. Fərqli formaları, fərqli fəsilləri seçən insanlar var. Elə adamlar var ki, ilin dörd fəslində də özü üçün istirahətə vaxt ayırır. Amma mənə görə, bir bazar gününün normal istirahətini təşkil edə bilsən, 5 yaxud 6 gün çalışmağa kifayət edər. Əsas məsələ o istirahəti necə təşkil etməkdir.
Aygün İbrahimli
https://ikisahil.az/post/338715-psixoloq-elnur-rustemov-bu-gun-bizim-en-boyuk-problemlerimizden-biri-rejimsizlikdir