İmtahanda göstərilən zəif nəticəni dünyanın sonu kimi görənlər-Phd Elnur Rüstəmovla MÜSAHİBƏ
Hər il ali məktəblərə qəbul prosesi ərzində, nəticələrin elanından sonra abituriyentlər, valideynlər arasında müəyyən gərginliklər yaşana bilir. Təəssüflər olsun ki, bəzi hallarda yaşanan problemlər gənclərin həyatına son verməsi ilə də nəticələnir. Cəmiyyətimiz üçün çox ciddi problemlərdən olan mövzunu Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, Phd Elnur Rüstəmovla davam etdirdik.
-Elnur müəllim, ali məktəblərə qəbul prosesi ilə paralel yaşanan gərginliyin, xoşagəlməz halların əsasında nələr dayanır. Valideynlərin övladlarına təzyiqi daha çox hansı formalarda özünü göstərir və səbəb nədir?
-Məlumdur ki, abituriyentlər qəbul imtahanına qədər iki-üç il fənn hazırlığına gedirlər. 5-6 fənn üzrə xüsusi olaraq hazırlaşırlar. Hər zaman vurğulayırıq ki, abituriyentlərin fənn hazırlığı ilə paralel psixoloji hazırlığı da aparılmalıdır.
Nədir psixoloji hazırlırq; burada abituriyentin motivasiyasının yuxarı səviyyədə saxlanılması, zamandan düzgün istifadə etmək, stresslə başa çıxmaq bacarığı, özü üçün faydalı çalışma zamanlarını müəyyən etməsi, yuxu rejimi, digər abituriyentlər və ailə ilə münasibətlərin tənzimlənməsi kimi məqamlar nəzərdə tutulur. Bu istiqamətlərdə iş aparılmalıdır.
Burada bir məsələ var ki, bir qisim abituriyentlər ayrı-ayrı müəllimlərin yanına, bir qismi isə hazırlıq kurslarına gedirlər. Ayrı-ayrı repetitor yanına gedənlər üçün prosesi koordinasiya etmək çətin olsa da, təhsil kursları bu xidməti təşkil edə bilərlər. Psixoloji xidmət deyəndə abituriyentlərlə hər gün psixoloqların çalışması nəzərdə tutulmur. Ayda bir-iki dəfə müxtəlif məşğələlər keçirmək olar.
Ümumilikdə bu işin təşkili təhsil müəssisələrinin üzərinə düşür.
Ümumtəhsil müəssisələrində (bağçalar da daxil olmaqla) psixoloji xidmətin təşkili məsələsinə diqqət yetirmək vacibdir. Nazirlər Kabineti tərəfindən 30 aprel 2020-ci ildə
– İmtahan prosesi ərzində baş verən ən ciddi problemlərin başında gənclərin intiharı dayanır. İntihar edən gəncin bu addımını birbaşa imtanla əlaqələndirmək doğrudurmu?
-İmtahanda zəif nəticə göstərdiyi üçün intihara əl atanların bu addımı sadəcə imtahanla bağlı olmur. Çox zaman əvvəldən hansısa narahatlıq, anlaşılmazlıq ola bilir ki, imtahanda zəif nəticə göstərmək də prosesi tətikləyir. Valideynlə övlad arasında problem olan ailələrdə uşağın zəif nəticə göstərməsi, o anlaşılmazlığı daha da qabardır və yığılıb qalan problemlər bəzən intihara kimi apara bilir. Belə hala da rast gəlmişik ki, abituriyent normal bal yığıb, ancaq həmin bal valideyni qane etməyib. Uşaq onların istədiyi universitetə qəbul ola bilmədiyi üçün intihar edib. Ödənişli ali məktəbə qəbul olduğu üçün də intihar edənlər olur. Elə gənclər də var ki, valideynlə heç bir problemi yoxdur, amma özünün daxilindəiçindən çıxa bilmədiyi nəsə problemi var. Qəbul prosesində intihar edən şəxs bunu əvvəldən planlaşdırmır. Sutiativ verilən qərarlardır. Onu da qeyd edim ki, bu gün valideyn-şagird-məktəb üçbucağı, yəni valideynlərlə məktəb arasında əməkdaşlıq istədiyimiz səviyyədə deyil. Bunun olması problemin həllinə müsbət töhfə verər.
-Hazırda Azərbaycan reallığında bu məsələyə yanaşma necədir. Psixoloji hazırlığın imtahanın nəticəsinə təsir edə biləcəyinə diqqət edilirmi?
– Bizdə insanlar belə düşünür ki, uşaq nə qədər çox oxusa, imtahanda o qədər yaxşı yazacaq. Valideynlər, həmçinin abituriyentlər daha çox hazırlıq prosesinə fokuslanıb. Psixoloji hazırlıq yaddan çıxır. Biz praktikada görürük ki, psixoloqa dəstəklə bağlı müraciət etmək
qəbul imtahanına altı ay qalmış yada düşür. Sınaq imtahanlarında zəif nəticə olanda valideyn psixoloqa getmək haqqında düşünür. Hətta əksər valideynlər imtahana üç gün qalmış övladını gətirir. Bu zaman psixoloqun hər hansısa bir iş aparması mümkün deyil. Bir söhbətlə xüsusi bir nəticə əldə etmək olmaz. Dediyim kimi, abituriyent hazırlığa getdiyi müddət ərzində psixoloji dəstək də almalıdır.
Sual çıxır ortaya ki, abituriyentlər hamısı paytaxtda deyil. Bölgələrdə psixoloqu haradan tapa bilərlər? Ona görə qeyd etdim ki, psixoloji xidmət təhsil müəssisələrində qurulmalıdır və orada çalışan psixoloqlarhər bir kənddə abituriyentlərə psixoloji dəstəyi göstərməlidir. Psixoloji xidmət yerlərdə qrup halında və ya fərdi şəkildə göstərilə bilər. Ən mühüm olan isə psixoloq bunu həyata keçirmək üçün hazırlıqlı olmalıdır.
Qısası, psixoloji xidmət əlçatan olmalıdır. Təəssüflər olsun ki, bizdə bu məqam nəzərə alınmır.
Müşahidələrimiz göstərir ki, normal oxuyub ortaya yaxşı nəticə qoyan abituriyentlər, həm də psixoloji olaraq prosesə hazır olanlardır. Diqqətin yayınması, özgüvən, stress kimi amillər şagirdlərə öz potensiallarını ortaya çıxarmağa imkan vermir.
Abituriyentlərin böyük bir qismi qəbul imtahanı otağından çıxdıqdan sonra öz səhvlərini özləri düzəldir. Bu da onu göstərir ki, imtahan prosesində həyəcanlanır, özünü itirir və normal nəticə göstərə bilmir. Başqa bir məqam valideyn narahatlığı ilə bağlıdır. Biz bunu diqqətdən kənarda qoya bilmərik. Valideyn niyə narahatdır? Uşaqlar iki-üç il hazırlığa gedir. Repetitorxidməti üçün ödəniş edir. Hər valideynin də imkanı yoxdur. Onlar öz ehtiyaclarından yeməyindən, içməyindən, gəzməyindən kəsir və uşağın hazırlığına vəsaiti yönəldir. Şübhəsiz ki, valideynin gözləntisi var. Valideyn nəsə narazılığını ifadə edəndə uşaqlar bunu həssaslıqla qarşılayır. Valideynin adi baxdığı sözü övladlar böyüdür və artıq qarşıdurma yaranır. Valideynə haqq qazandırmıram, amma onları da başa düşürəm.
Valideynin də öz səbəbləri, gözləntiləri var. Bir tərəfdən də sual yağdıran, maraqlanan qohum, qonşu amili var.
-Ali məktəblərə qəbul olmayan gənclərin hansısa xarici ölkədə, imtahan vermədən ali təhsil almasına münasibətiniz necədir?
-Bu da ağrılı məqmalardan biridir. Hər il ali məktəblərə qəbul prosesindən sonra daxil ola bilməyən abituriyentlərin böyük bir qismi qonşu ölkələrdə attestatla universitetlərə qəbul olunurlar. Həmin gənclərin əksəriyyəti də ali məktəbi bitirmir. Yarımçıq qoyur və ölkəyə qayıdır. Çox zaman da valideyn qohumun, qonşunun yanında pis vəziyyətdə qalmamaq, qınaqlardan qurtulmaq üçünövladını xarici ölkələrdən birinə göndərir. Heç kim də o ali məktəbin nə olduğuna baxmır. Çox zaman isə həmin gənclər 4 ili ya orada boşuna qalır, ya da təhsil almaq yerinə başqa işlərdə işləyirlər.
Əgər xarici ölkələrə təhsil almaq üçün gedənlərin statistikasına baxarsaq, onlardan nə qədərinin sadəcə attestatla getdiyin şahidi olarıq ki, bu da çox xoşagəlməz vəziyyətdir. Kifayət qədər böyük fakdtır.Əlaqədar qurumlar bununla bağlı lazım olan addımı atmalıdırlar.Elə etməlidirlər ki, ölkədə təhsil əlçatan olsun. Ali məktəbə daxil olmaq, müəyyən kriteriyalar əsasında daha rahat, bitirmək çətin olmalıdır.
Attestatla başqa ölkələrə gedib boş yerə illərini itirməkdənsə, həmin gənclər təkrar hazırlaşıb ali məktəbə qəbul ola bilərlər. Xaricdə təhsil almağın öz yolları var. Normal imtahan verib, xaricdə təhsil almaq alqışlanmalıdır.
-Bəzən bizim cəmiyyətimizdə bu problem təhsili müəyyən bir yaş çərçivəsində, tələsik başa vurmaq düşüncəsindən də irəli gələ bilir…
-Bir məqamı qeyd etməliyik ki, bu gün qlobal dünyada təhsil fasiləsiz bir mərhələyə keçib. Deyək ki,əvvələr bir müəllim 4-5 illik ali təhsildən sonra, heç bir kursa, seminara qatılmadan 20 il fasiləsiz dərsini deyə bilirdi. Bu gün mövcud şərtlər daxilində aldığın 5 illik təhsillə ömür boyu çalışmaq mümkün deyil. İldə bir neçə dəfə yeni nələrisə öyrənə biləcəyin xidmətlərdən faydalanmağa məcbursan. Bundan başqa, indi 50 yaşında insan yeni bir ixtisas öyrənir və başqa sahəyə keçir. Yəni, artıq təhsil fasiləsiz olub. Avropa, ABŞ-da olduğu kimi olmasa da, bizdə də bu var. Mən inanıram ki, yaxın beş ildə bizdə də belə olacaq. Bu gün Azərbaycanda da təhsil fasiləsiz mərhələyə doğru gedir.
-Məktəblərdə psixoloji xidmətin təşkilindən danışırıqsa, məktəb psixoloqlarının hazırlığı məsələsi ortaya çıxır. Bu sahədə vəziyyəti necə dəyərləndirmək olar ?
– Təhsil prosesində yaşanan xoşagəlməz halların qarşısını almaq üçün, öz sahəmə uyğun olaraq onu deyə bilərəm ki, ilk növbədə edə biləcəyimiz ən önəmli iş təhsil müəssisələrində psixoloji xidmətin normal qaydada təşkilidir. Məktəb psixoloqlarının bilik və bacarıqlarının artırılması vacibdir. Bu xidməti göstərənlər istənilən vəziyyətə hazırlıqlı olmalıdır. Onu da qeyd edim ki, avqust və sentyabr aylarında Psixologiya Elmi Tədqiqat İnstitutu ilə Türkiyənin Yıldız Texniki Universiteti arasında olan layihə çərçivəsində Bakı və Abşeron məktəblərindən olan 200 nəfər psixoloqa təlim veriləcək. Bu məktəb psixoloqlarının bir yarısı qeyri-ixtisas psixoloqlardır. Bu gün Azərbaycanda 4500 orta məktəb və hər birində ən azı bir psixoloq var. Bizim o sayda ixtisaslı məktəb psixoloqumuz yoxdur. Kadr potensialının az olması səbəbindən orta məktəblərdə başqa bir fənni tədris edən müəllim, həm də psixoloq kimi çalışır. Söhbət ondan gedir ki, bu kadrlar ya yenidən hazırlanmalı, ya da ixtisasartırma ilə kadrları hazırlamaq lazımdır. Qeyd etdiyim təlimlərə Türkiyədən 6 profosser, dosent heyəti cəlb olunub. Müsabiqə yolu ilə seçilən məktəb psixoloqları təlimə cəlb olunacaqlar. Əlaqədar qurumlar bu proseslə bağlı daha böyük layihələr həyata keçirməlidir. Çünki məktəb psixoloqunun hazırlıqlı olması, qarşısında olan şagirdlə necə işləyəcəyini bilməsi vacibdir.
Psixoloji yardım haqqında qanunun qəbul olunması o deməkdir ki, psixoloji dəstək fasiləsiz olacaq. Uşaq bağçalarından başlayaraq bütün sahələri əhatə etməlidir və yaxın illər ərzində bunun təmin ediləcəyinə inanıram. Əvvəl qanun yox idi. İşimizi nəyin əsasında qurcağımızı bilmirdik. Doğrudur, problemlər var. Amma onların həlli üzərində də iş gedir. İş və inkişaf olan yerdə problemlər də olur. Biz də öz sahəmizdə olan boşluqları görürük və təkliflər veririk. Problemlərin həlli üçün də işlər görülür.
Aygün İbrahimli