Məktəblilərin aqressiyası: Problem nədən qaynaqlanır?

Bakıvaxtı.az-ın məlumatına görə, Elnur adlı şagird sinif yoldaşını hansısa məsələyə görə “cəzalandırır”, onu bir neçə dəfə yumruqla vurduqdan sonra yerə yaxaraq təpikləyir. Baş verənləri isə onların digər sinif yoldaşları telefonla videoya çəkiblər.

Bu, orta məktəblərdə baş verən nə ilk biabırçı hadisədir, nə də təəssüflər ki, sonuncu olacaq. Bu isə daha çox yeniyetmələrin aqressiv olmalarından irəli gəlir.

Psixoloq Elnur Rüstəmov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, problemin kökü ailədə qurulur: “Məlum videonu mən də izlədim, açığı, bir vətəndaş, valideyn kimi məktəbdə bu cür halların baş verməsinə çox məyus oldum. Bu, bir çox səbəblərdən qaynaqlanır, yəni, burda baş verən hadisəni sırf məktəblə də əlaqələndirmək olmaz. Çünki oxşar hadisələr məktəbdən kənarda da baş verir”.

Onun sözlərinə görə, heç kimə sirr deyil ki, bu gün çətin tərbiyə olunan, davranış pozuntusu olan uşaqlar var ki, onlar, ümumiyyətlə, ailədə, cəmiyyətdə olduqları mühitdə problem yaradırlar: “Etiraf edək ki, bir qisim valideyn də uşağının bu dalaşqanlığı ilə az qala fəxr edir, uşağının bu davranışının psixoloji pozuntu olduğunu qəbul etmək istəmir. Bir qisim də bunun fərqində deyil. Mənə görə, bu problemin kökü daha çox ailədə qurulur və sosial mühitdə özünü büruzə verir”.

Psixoloq hesab edir ki, valideynlər, birinci, öz münasibətlərinə diqqət etməlidirlər. İkincisi, əgər uşaqda aqressiya, evdə, çöldə kiməsə qarşı fiziki zorakılıq görürlərsə, mütləq şəkildə tədbir almalıdırlar.

E.Rüstəmovun dediyinə görə, videoda döyən oğlanı “vur”, “döy” deyə təhrik edən də var idi ki, o da diqqətdən qaçmamalıdır: “Bu cür şagirdlər də var ki, sinifdə dalaşqan adı çıxaran uşaqları bu cür hərəkətlərə sövq edirlər. Bütün hallarda valideynlər diqqətli olmalıdırlar. İkinci bir məsələ məktəbin üzərinə düşən məsuliyyətdir ki, bunu heç də kənarda qoymaq olmaz. Bura məsul olan şəxslər var: istər məktəb, istər sinif rəhbəri, istərsə də məktəbdə çalışan psixoloqlar olsun hamısı məsuldur. Düşünürəm ki, əgər bir şagirdin davranışlarında aqressiya, zorakılıq varsa, mütləq şəkildə məktəb rəhbərliyinə, psixoloquna məlumat verilməli, valideyn məktəbə cəlb olunub bununla bağlı tədbir alınmalıdır. Bu proseslərin hər biri rəsmi şəkildə olmalıdır ki, valideyn bu məsiliyyəti hiss etsin. Çünki belə hallarda görürük ki, o cür uşaqlarla bağlı kifayət qədər praktik nəticəyə varacaq tədbirlər görülmür, o uşaqlar məktəbdə qalır və problemlər daha da dərinləşir. Ona görə də, bununla bağlı zamanında tədbir almaq lazımdır”. Rüstəmov vurğulayıb ki, konkret davranış pozuntusu olan uşaq varsa, onunla bağlı sosial-psixoloji iş həyata keçirilməlidir: “Bir daha qeyd edirəm ki, valideynlər bu prosesdə aktiv iştirak etməlidirlər. Əks təqdirdə, bu gün valideyni danışdırsan, deyəcək ki, hadisə məktəbdə olub, məktəb tədbir almalıdır. Burda valideyn, məktəb, şagird üçbucağı formalaşmalıdır. Bununla bağlı xoşagəlməz hadisələrin qarşısını almaq üçün qabaqlayıcı tədbir görmək lazımdır. Bilirsiniz ki, Azərbaycanda məktəblinin dostu layihəsi var. Bu layihə uzun müddətdir ki, Azərbaycanda 200-dən çox məktəbdə tədbiq edilir, nəticəsi də uğurludur. Hesab edirəm, bu layihə ilə bağlı bir analiz aparmaq lazımdır ki, özünü doğruldursa, bütün məktəblərə tədbiq olunmalıdır. Çünki bütün şagirdlərə nəzarət etmək asan bir şey deyil çətindir. Ona görə də, burda profilaktik işlər aparmaq lazımdır. Əgər görülən profilaktik tədbirlər nəticəsində hansı uşaqlarda pozuntular olduğu bəlli olsa, qarşısını almaq çətin olmayacaq. Videodakı şagirdlərə bağlı hansı tədbirlərin görüldüyü, səbəb və nəticəsi ilə bağlı ictimaiyyətə məlumatlar verilsə, yaxşı olar. Nə qədər valideyn o videoya baxıb psixoloji sarsıntı yaşadı”.

Onun sözlərinə görə, təhsil müəssisələrində psixoloji xidmətin təşkili ilə bağlı Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalarda da qeyd olunur ki, məktəb psixoloqunun görəcəyi iş psixoloji maariflənmə, psixoprafilaktika, psixoloji diaqnostika və psixoloji konsultasiyadır: “Düşünürəm ki, Azərbaycanda məktəblərdə psixoloji xidmət bu formada tədbiq olunsa, uğurlu nəticə verə bilər”

https://bakivaxti.az/az/posts/detail/mekteblilerin-aqressiyasi-problem-neden-qaynaqlanir-1664879721

Son məqalələr

Online Qeydiyyat