Bu gün Psixologiya Elmi-Tədqiqat İnstitutunda cari ildə institutun fəaliyyət istiqamətləri, görüləcək işlərlə bağlı görüş keçirilib.
Görüşdə Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın müxbir üzvü, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi direktoru, professor Bəxtiyar Əliyev, Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov və institutun mütəxəssisləri iştirak ediblər.
Sədr Elnur Rüstəmov institutun ötənilki fəaliyyətindən danışarkən qeyd edib ki, institut 2022-ci ildə bir neçə elmi konfrans, simpoziumlar təşkil edib, yerli və xarici universitetlərlə faydalı əməkdaşlıqlara imza atıb. Bu işlərin uğurla davam etdirilməsi istiqamətində institutun yeni illik fəaliyyət planının hazırlandığını, xüsusən, elmi araşdırma yönündə işlərin aparılacağını diqqətə çatdırıb. Elnur Rüstəmov bu səpkidə olan işlərin cari il üçün başlanğıcı olaraq “Əbdül Əlizadə fenomeni: Azərbaycan psixologiyasının tarixi və inkişaf perspektivləri” adlı respublika elmi-praktik konfransına təqdim olunmuş tezis və məqalələr toplusunun artıq çapdan çıxdığını vurğulayıb.
AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev institut tərəfindən görülən işləri yüksək qiymətləndirib. Professor qeyd edib ki, institut ölkəmizdə psixologiya sahəsində yeni metodologiyanın, əsaslı elmi araşdırmaların tətbiqi baxımından əhəmiyyətli işlər görməkdədir.
Daha sonra Bəxtiyar Əliyev mütəxəssislərlə hazırda icrada olan elmi araşdırmalar barədə söhbət aparıb və onlarla tövsiyələrini bölüşüb. Müzakirə zamanı həmçinin mütəxəssislərin elmi dərəcələrinin artırılması, məqalələrin xaricdə çap olunması, kadrların hazırlanması, bu sahədə istedadlı kadrların xarici elmi konfranslara, təlimlərə cəlb olunması məsələləri müzakirə olunub və bu barədə fikir mübadiləsi aparılıb.