Böhran-insanın öz daxili aləmi və ətraf mühitə narazılığından doğan uzunmüddətli ruhi vəziyyətidir və o insan üçün ən fundamental, həyat üçün əhmiyyətli olan dəyərlərə və təlabatlar sferasına təsir edir, güclü emosional həyəcanla müşayiət olunur və insanın daxili həyatında dominantlıq edir.
Psixoloji böhran hallarından biri travmatik böhranlardır. Travmatik böhranlar – gözlənilmədən şəxsin hazır olmadığı şəraitdə baş verən, onun adət etdiyi gündəlik həyat tərzini pozan qısamüddətli yaxud uzunmüddətli təsir nəticəsində yaranmış böhranlardır. İki növü var:
•Təbii fəlakətlər nəticəsində yaranmış travmalar (zəlzələ, daşqın, sunami və s.)
• İnsanlar tərəfindən törədilən travmatik hadisələr (zorakılığın bütün növləri, cinsi istismar,müharibə, terror və s.)
Zəlzələ travmatik böhranlar arasında ən sarsıdıcı psixoloji xarakterə malik vəziyyətdir. Hazırkı dönəmdə türkiyədə baş vermiş genişmiqyaslı zəlzələ təkcə bu təbii fəlakətə birbaşa məruz qalmış insanları deyil, o cümlədən hadisəyə şahidlik edən insanlarda da psixoloji sarsıntı yaratmaqdadır. Bu problemlərin səviyyəsi isə insanların xarakter xüsusiyyətlərinə, sinir sisteminin tiplərinə, dəyər və inanclarına, aldıqları sosial dəstəyə görə fərqlilik göstərir. Ancaq ümumilikdə bu kimi təbii fəlakətlərə məruz qalmış insanlar ilkin mərhələdə şok vəziyyətində olurlar, sonrakı mərhələ qəzəb və haqsızlıq hissi kimi xarakterizə olunur, üçüncü mərhələd isə olanlarla üzləşmək və bərpa dönəmi başlayır. Travmatik böhranların gətirdiyi fəsadlar təkcə onun yaşandığı zamanla məhdudlaşmır eyni zamanda hadisəsən sonrakı dönəmdə müxtəlif psixoloji problemlərlə özünü təzahür etdirir. Böhran vəziyyətlərinin klinik aspektlərinə nəzər saldıqda bir faktı nəzərə almaq lazımdır ki, əksər hallarda böhranın müəyyən mərhələsində yardıma ehtiyacı olan və böhranın müəyyən fazalarından keçərək əvvəlki vəziyyətinə qayıdan adaptasiya olunmuş şəxsdən söhbət gedir. Belə hallarda insanı “xəstə” hesab etmək, yəni tibbi diaqnozun qoyulması və ənənəvi müalicəsinin təyin olunması məqsədə müvafiq hesab olunmur. Lakin bəzi hallarda travmatik böhran klinik psixoloji problemlərə zəmin yaradır. Bu problemlərə nəzər salaq:
1. Kəskin stresə reaksiya (F43.0) – güclü psixoloji və ya fiziki stressorun bilavasitə təsirindən 1 saata qədər vaxt keçdikdən sonra meydana çıxır. Bu vəziyyət nəzərə çarpan vegetativ simptomlarla: taxikardiya, əzələlərin tremoru, tənginəfəslik, ürəkbulanma, abdominal diskomfort, başgicəllənmə, reallıq hissinin itirilməsi, ölüm qorxusu və digər pozuntularla xarakterizə olunur. Bu əlamətlər diqqətin zəifləməsi, dezorentasiya, təşviş və ümidsizlik hissi ilə müşayiət olunur. Bir çox hallarda stress keçirmiş adamlar oyanıq və həddən artıq fəal olurlar. Yaxud emosiyaların biruzə verilməsini kultural standartlarına uyğun olmayan formada ifadə edirlər. Stressorun təsiri kəsildikdən 8 saat sonra sadalanan əlamətlər getdikcə azalır. Lakin stressorun təsiri keçməsə belə əlamətlər 48 saatdan gec olmayaraq azalacaq. İfadəolunma dərəcəsinə görə kəskin stressdə reaksiya yüngül, orta və ağır dərəcələrə bölünür.
2. Travmadan sonrakı stress pozuntusu (TSSP) (F43.1) istənilən adamda böhran vəziyyəti yarada bilən son dərəcə təhlükəli xarakterli vəziyyətdə yaşadıqda və ya onu artıq keçirdikdən sonra meydana çıxır. Bu halda təkcə stress faktorunun xarakteri deyil, həmçinin onun davametmə müddəti insanın xarakteri ilə sərtləşdirilmiş şəxsiyyətin bu stressə qarşı zəif olub-olmaması mühüm əhəmiyyət kəsb edir. TSSP-nin əlamətləri rəngarəng sarışın xatırlamalarla (flash back) xarakterizə olunur ki, bunlar da yuxugörmələrdə və ya psixotravma ilə assosiasiya olunan şərait təsir göstərdikdə, tez-tez təkrar olunur. İnsan var qüvvəsi ilə keçirmiş olduğu vəziyyəti xatırladan şeylərdən uzaqlaşmağa çalışır. Eyni zamanda yuxusuzluq aqressiyanın artması, diqqəti cəmləşdirməyin çətinləşməsi, bütün reflekslərin güclənməsi, hipersteriya qeyd olunur. Psixi travma ilə əlaqədar hadisələrin psixogen amneziyası xarakterik əlamət kimi nəzərə çarpır. TSSP-nin əlamətləri stressogen situasiyadan 6 ay müddətində və ya stressin sonunda meydana çıxır.
3. Fəlakətli hadisədən sonra xroniki şəxsiyyət dəyişməsi (F62.0). Şəxsiyyətin strukturunda dəyişikliklər şəklində özünü göstərən uzunmüddətli gedişli böhran vəziyyətləri insanın ətraf mühiti və özünü qavramasını, əhval-ruhiyyəsini, davranışını, xüsusilə onun ətrafdakılarla münasibətlərini əhatə edir. İnsanlara qarşı düşmənçilik və inamsızlıq, sosial izolyasiya, o cümlədən, boşluq və ümidsizlik hissi əmələ gəlir. Bu hiss uzunmüddətli depressiv əhval-ruhiyyə ətrafdakıların dəyişilmiş və fərqli olması duyğusu ilə müşayiət olunan yaxın və doğmalardan yüksək asılılığa gətirib çıxarır. Daimi daxili gərginlik və xaricdən təhlükə hissi çox vaxt alkoqol və digər psixoaktiv maddələrdən sui-istifadəyə səbəb olur. Fəlakətli hadisədən sonra xroniki şəxsiyyət dəyişməsi diaqnozu 2 ildən az olmayaraq davam etdikdə müəyyən oluna bilər. Travmadan sonrakı stress pozuntusu diaqnozu qoyularkən simptomların ümumilikdə 4 ildən az olmayan müddətdə davam etməsi nəzərdə tutulur. Anoloji dəyişikliklər fiziki və psixi xəstəliyin bir və ya bir neçə epizodundan sonra da müşahidə edilə bilər.
4. Uyğunlaşmanın pozuntusu (F43.2). Gündəlik praktikada rast gəlinən böhran vəziyyətləri fəlakətlərlə bağlı olmur. Daha çox hallarda böyük əhali kütlələrinə deyil, ayrı-ayrı şəxslərə aid olan psixososial stressorlar mühüm əhəmiyyət kəsb edir. Bunlara ailədə və işdə olan münaqişələr, qeyri-qənaətbəxş mənzil-məişət şəraiti, maddi çətinliklər və s. aiddir. Nəticədə müddəti 1 aya qədər olan qısa depressiv reaksiya (F43.20) , müddəti 2 ilə qədər olan depressiv reaksiya (F43.21), qarışıq təşviş depressiya reaksiyası (F43.22) və yaşdan və sosial situasiyadan asılı olaraq aqressiv və antisosial hərəkətlər şəklində təzahür edən davranış pozuntusu (F43.24) meydana çıxır. Bununla yanaşı problemin yaşandığı ölkədə və yaxın coğrafiyada da əhalidə distress vəziyyəti artır. Distress maraq itkisi, kədər, bədbinlik kimi depressiya əlamətləri və narahatçılıq, gərgin və əsəbi hissetmə kimi təşviş əlamətləri ilə var olan emosional cəhətdən acı yaşama vəziyyəti kimi izah edilir. Beləliklə insanlarda təviş və depressiya simptomları müşahidə olunur.
Sonda qeyd edək ki, böhran halı həmişə gərginlik doğurur, özündə stress və qeyri-müəyyənlik ehtiva edir. Böhran insanın vərdiş etdiyi hər hansı mövcud yaşayış formasının itməsini bildirir və onun üçün hələlik məlum olmayan yeni yaşayış formasına keçmək imkanı yaradır. Böhran halı o zaman təhlükəli olur ki, şəxs bu vəziyyətdən çıxa bilmir , böhran halını qəbul etmək və onunla mübarizə aparmaq iqtidarında olmur. Belə hallarda, psixoloji yardım mütləqdir.
Ədəbiyyat siyahısı
1. E.İ.Şəfiyeva, M.Ə.Həmzəyev, Psixofiziologiya, Bakı 1998, s.325
2. E.İ.Şəfiyeva, Somatik xəstəliklərin klinikasının psixoloji problemləri, Bakı, 2013, s.258
3. N.V.İsmayılov, Tibbi psixologiya və psixoterapiya (dərslik), Bakı 2003, s.385
4. Cüceloğlu, Doğan. İnsan ve Davranışı. Psikolojinin Temel Kavramları. İstanbul: Remzi Kitabevi,2017, s.256
5. Ersever, Oya G; “Stresin Ruh Hastalıltıyla İlişkisini İçeren Çok Faktörlü Kavramsal Bir Model”, H.Ü. Edebiyat Fakültesi Dergisi, 2008, 33-39.
6. Селье Г. Стресс без дистресса. Рига.: Виеда, 2005, 286 с.
7. Brown, R. Psychosomatic problems in adolescents. Adolesc Med: State Art Rev. 2012; p. 87
8. McVicar A. Workplace stress in nursing: A literature review. J Adv Nurs. 2003;44:633–42
Müəllif: Psixologiya Elmi-Tədqiqat İnstitutunun Yaş və İnkişaf Psixologiyası şöbəsinin müdiri, psixoloq Mətanət Əliyeva