Psixologiya Elmi-Tədqiqat İnstitutu və Elm və Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsinin birgə əməkdaşlığı çərçivəsində məktəb psixoloqları üçün “Məktəb psixoloqlarının peşəkar təkmilləşmə proqramı” adlı təlim keçirilib.
Təlim institutun əməkdaşları klinik-psixoloq Mələk Allahverdiyeva və psixoloq Ülviyyə Nəhmətova tərəfindən aparılıb.
İki qrupdan ibarət məktəb psixoloqları heyətinin birinci qrup iştirakçıları üçün klinik-psixoloq Mələk Allahverdiyeva keyslər üzərindən müzakirələr təşkil edib, metropolitan test metodunun aparılma qaydasını öyrədib.
Günün ikinci yarısında növbəti qrup məktəb psixoloqlarına psixoloq Ülviyyə Nəhmətova “Məktəb fobiyası və onun psixokorreksiya metodları” mövzusunu tədris edib.
Qeyd edək ki, təlimlərdə ümumilikdə 100 nəfər məktəb psixoloqunun iştirak etməsi nəzərdə tutulub.
Təlimlərin keçirilməsində əsas məqsəd məktəb psixoloqlarının peşə bacarıqlarının təkmilləşdirilməsi, təhsil mühitində təhsilalanların psixoloji sağlamlığının qorunmasına və sosial inkişafına dəstək olmaqdır.