05.04.2023-cü il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutu və Elm və Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsinin birgə əməkdaşlığı çərçivəsində məktəb psixoloqları üçün “Məktəb psixoloqlarının peşəkar təkmilləşmə proqramı” adlı təlimin növbəti dərsi keçirilib.
Təlim institutun əməkdaşları, klinik-psixoloq Mələk Allahverdiyeva və psixoloq Ülkər Zalova- Nuriyeva tərəfindən aparılıb. İki qrupdan ibarət məktəb psixoloqları heyətinin birinci qrup iştirakçıları üçün klinik psixoloq Mələk Allahverdiyeva “Diqqət əskikliyi və hiperaktivlik pozuntusu” və “Metropolitan” testlərinin istifadə edilməsi qaydalarını tədris edib.
Günün ikinci yarısında növbəti qrup məktəb psixoloqlarına psixoloq Ülkər Zalova Nuriyeva “Diqqət əskikliyi və hiperaktivlik pozuntusu” mövzusunu tədris edib.Qeyd edək ki, təlimlərdə ümumilikdə 100 nəfər məktəb psixoloqunun iştirak etməsi nəzərdə tutulub.
Təlimlərin keçirilməsində əsas məqsəd məktəb psixoloqlarının peşə bacarıqlarının təkmilləşdirilməsi, təhsil mühitində təhsilalanların psixoloji sağlamlığının qorunmasına və sosial inkişafına dəstək olmaqdır.