QEYRİ-TARAZLIQ PSİXOLOGİYASI KONTEKSTİNDƏ İNSEST PROBLEMİ

Açar sözlər: qeyri-tarazlıq psixologiyası, insest, zorakılıq, seksuallıq

İnsest hadisəsi bəşəriyyətin bütün tarixi boyu olmuşdur desək yanılmarıq. Sadəcə üzərinə tabu qoyularaq müəyyən müddət bu mövzu gizli qalmışdır. Müasir günümüzdə insest üzərindəki gizlilik pərdəsi qalxmışdır. Belə mövzuya müraciət etməyimizin əsas motivlərindən biri də məhz problemin geniş vüsət alması və tədqiqatçıların araşdırma predmetinə çevrilməsidir. Problemlə mübarizə apara bilmək üçün öncəliklə onun mahiyyətini tamlığı ilə başa düşmək önəmlidir. Ona görə də, ilk olaraq, insestin nə olduğunu təhlil etməyə çalışaq. Daha sonra isə, qeyri-tarazlıq psixologiyasında insestə yanaşmanın necə olduğunu təyin etməyə çalışaq.

“İnsest” sözünün mənşəyi latınca castus (təmiz, eyibsiz) və incestus (təmiz olmayan, eyibli, ləyaqətsiz) sözlərindən törəyir [3, s. 16]. İncestare feili “ləkələmək, kirlətmək, zorlamaq” anlamını verir [3, s. 16]. Bu anlamda insest hadisəsi mənəvi pozuntu kimi nəsə kirli olan şey təəssüratı oyadır.

İnsestin mahiyyətinin izahına müxtəlif yanaşmalar mövcuddur. Littrenin lüğətində insestə qanun çərçivəsində tərif verilir: “Qohum və ya qohumlaşmış şəxslərin qanun səviyyəsi hüdüdlarından kənara çıxan qanunsuz birləməsi” [4, s. 12]. Rober isə insesti bədən əlaqəsi kontekstində nəzərdən keçirir: “Qohum olan və ya nikahı qadağan edən səviyyədə qohumlaşmış kişi və qadın arasındakı seksual münasibətlər” [4, s. 12]. Hər iki aspektdə yaşlı qan qohumları arasında olan seksual əlaqədən söhbət gedir. Bəs əgər bu əlaqə yaş fərqi böyük olan insanlar arasındadırsa, məsələn, ata-qız, ana-oğul arasındadırsa?

Z.Freud yazır ki, “Psixoanaliz bizə öyrətmişdir ki, oğlanın ilkin seksual seçimi insestuozdur, qadağan edilmiş obyektlərə – ana və bacıya – istiqamətlənmişdir…” [5, s. 212]. Deməli, uşaq və yaşlı insestini fərqləndirmək heç də yanlış olmaz. J.Andre yazır ki, “Əgər biz uşağın insestuoz istəyindən yaşlının (pedofil) istəyinə keçiriksə, biz məhz insestə, başqa sözlə, universal qadağanı pozan cinayətə, akta yaxınlaşırıq” [4, s. 22]. Eyni zamanda, müəllif “inceste” sözünü “qanın qarışması” kimi qeyd edir [4].

U.Virts isə insestin mahiyyətini tam fərqli şəkildə izah etməyə çalışır. Onun fikrincə, “İnsest – qan qohumluğu olanlarla münasibətlərdə deyil, asılı olanlarla münasibətlərdə sui-istifadədir və bu anlamda, o, uşaqlara qarşı iyrənc zorakılıq və istismar növüdür” [3, s. 18]. Başqa sözlə, müəllif insesti seksuallaşmış zorakılıq, “nəzarət və tabe olma” ritualı kimi nəzərdən keçirdiyini vurğulayır.

Gördüyümüz kimi, insest qan qohumları arasındakı seksual əlaqədən daha geniş, yəni yaşlıların uşaqları seksual istismarı kimi başa düşülür. U.Virtsin kitabında [3] insest həm zorlanma kimi, həm də ruhun öldürülməsi kimi nəzərdən keçirilir. O, yazır ki, “İnsesti, daha çox uzun müddət ərzində təkrarlanan işlərə aid edirlər” [3, s. 20]. U.Virts onu da qeyd edir ki, seksual insestuoz qəsdlər çox vaxt dəyişkən olur, belə ki, ilk vaxtlar nəcibliklə və ya seksual inisiasiya haqqında söhbətlərlə maskalanır, lakin əslində bilinən və zorakıdır. Müəllifin gəldiyi nəticələrdən biri ondan ibarətdir ki, insestə ruhun öldürülməsi kimi işarə etdikdə, bu ona gətirib çıxarır ki, bunu yaşamış uşaq artıq başqa uşaqlar kimi nə düşünə, nə də hiss edə bilmir, onun bütün hərəkərləri başqa çalarlar əldə edir. Əlbəttə ki, U.Virts bu prosesi ailə daxilində, xüsusilə qızın ata yaxud ögey ata tərəfindən seksual istismarı fonunda təhlil edir. Qeyd etməliyik ki, insest hadisəsinə həm də ana yaxud ögey ana və oğul, o cümlədən ata-oğul və ana-qız arasında da rast gəlinir.

Qeyri-tarazlıq psixologiyası [1] kontekstində insest hadısəsi müvafiq şərtlər ortamında, məsələn, süni və ya indifferent şokların yaşandığı zamanda qəbul edilmiş qərar seçimidir. Tezisimiz ondan ibarətdir ki, əgər qərar seçiminin mexanizmlərini aşkar edə bilsək, onda insest hadisəsini qadağan olunmamış üsullarla əvəzləyə biləcək seçimlərlə qərarı dəyişdirə bilərik.

Həmin mexanizmlərin aşkarlanması üçün metodologiya işlənilib hazırlanmışdır [2].

ƏDƏBİYYAT

1.Əliyev, M.S. Qeyri-tarazlıq psixologiyası: sahə nəzəriyyəsinə yeni baxış // Bakı Qızlar Universitetinin Elmi əsərləri. Bakı: 2018, No 3. – səh.220-225 2.Əliyev, M.S. Qeyri-tarazlıq psixologiyasının metodoloji əsasları // “Psixologiya Zirvəsi: Problemlər, perspektivlər və yeni yanaşmalar” adlı beynəlxalq elmi-praktik konfransın materialları (tezislər). Bakı: ADPU nəşriyyatı, 2020. – səh. 14-17

3.Виртц, У. Убийство души: Инцест и терапия. – Пер. с нем. – М.: Когито- Центр, 2014. – 293 с.

4.Инцесты / Под ред. Ж. Андре. Пер. с фр. – М.: Когито-Центр, 2017. – 158 с.

5.Фрейд, З. «Я» и «Оно». Труды разных лет. Книга I / Перевод с немецкого. – Тбилиси: Мерани, 1991. – 401 с.

Son məqalələr

Online Qeydiyyat