Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov 24TNN saytına “Abituriyentlər imtahana psixoloji hazırlıqlı olmurlar” mövzusunda müsahibə verib.
Elnur Rüstəmov bildirib ki, “İmtahan zamanı həyəcanın olması müxtəlif səbəblərdən ola bilər. Bu abituriyentin temperamentindən, xarakterindən, böyüdüyü ailə mühitindən asılı olan bir məqamdır.
İmtahan elə bir prosesdir ki, yaşından asılı olmayaraq hər kəs həyəcan yaşayır. İmtahan prosesində belə bir məqam var ki, o mütləq fərqləndirilməlidir. İmtahana fənn hazırlığı və imtahana psixoloji hazırlıq olmaqla bunlar ayrılır.
Çox təəssüflər olsun ki, bizdə daha çox abituriyentlər fənn hazırlığına fokuslanır. Beləliklə, psixoloji hazırlıq arxa planda qalır.”
Elnur Rüstəmov deyir ki, “Bu gün abituriyentlərin yaşamış olduğu ən böyük problemlərdən biri də budur ki, onlar imtahana psixoloji hazırlıqlı olmurlar. Bu səbəbdən də biz görürük ki, abituriyent qəbul prosesində zəif nəticə göstərir. Hansı ki, həmin abituriyentlər imtahandan çıxandan sonra yazmadıqları sualın düzgün cavabını özləri tapa bilirlər. Bütün bunlar abituriyentin imtahan prosesi zamanı həyəcanlı olmasını, bildiyini yaza bilməməsini göstərir.
Çox yaxşı olardı ki, qəbul prosesində fərqi yoxdur hansı istiqamət üzrə yönəlirsə, bu ali məktəblərə qəbul prosesi olsun, magistratura olsun və digər imtahan proseslərində psixoloji dəstək göstərilsin. Göstərilən hər bir psixoloji dəstək həmin abituriyentin özgüvəninin sağlam olmasına, həyəcanını və stressini idarə etməsinə, zamanını düzgün bölməsinə fayda verəcəkdir.
Bu proses sırf psixoloji prosesdir və imtahan verənlər bu məqamı mütləq nəzərə almalıdırlar.”