Psixologiya Elmi-Tədqiqat İnstitutunda Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII Qrant Müsabiqəsinin ümumi təhsil kateqoriyası üzrə qalib olmuş “Təlim nəticələrinin yüksəldilməsində texnoloji psixologiyanın rolu” layihəsinin təqdimatı keçirilib.
Layihənin rəhbəri Bakı Şəhəri Məktəb Lisey Kompleksin direktoru Esmira Quliyevadır.
Tədbirdə Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Keyfiyyətə Nəzarət sektorunun müdiri Anar Mustafazadə, məktəb direktorları, müəllimlər, valideyn və şagirdlər iştirak ediblər.
Layihə zəif təlim nəticələri göstərən şagirdlərə təsir edən psixoloji amillərin vaxtında təyin edilməsi, onlarüçün psixoloji və aparat seanslarının təşkil olunması, beləliklə də, şagirdlərin akademik nəticələrinin yüksədilməsinə nail olmaq məqsədi daşıyır.
Layihənin icra planına əsasən Məktəb Lisey Kompleksinin IV, IX və XI siniflərində təhsil alan şagirdlər, onların valideynləri və həmin sinifdə tədris aparan müəllimlər arasında sorğu təşkil olunub, həmin sorğuların nəticəsi emal olunaraq ilkin psixodiaqnostika aparılıb.
Tədris ilinin əvvəlində aparılan məktəbdaxili psixodiaqnostik qiymətləndirmənin nəticələri ilə bu datalar arasında müqayisə aparılaraq, psixoloji konsultasiya və aparat müdaxiləsinə ciddi ehtiyacı olan şagirdlər müəyyənləşdirilib.
Layihə iştirakçıları Psixologiya Elmi-Tədqiqat İnstitutunun Beyin və Davranış Laboratoriyası ilə tanış olublar və həmin aparatların tətbiq olunması qaydalarını əyani şəkildə izləyiblər.
Qeyd edək, bu fəaliyyətlər layihəyə cəlb olunmuş şagirdlərin valideynlərinin razılığı və müşayiəti ilə həyata keçirilib.