Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, f.ü.f.d Elnur Rüstəmov anews.az saytına “Uşaqların məktəbdə telefondan istifadə etməsi hansı problemləri yaradır?” mövzusunda müsahibə verib

Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, f.ü.f.d Elnur Rüstəmov anews.az saytına “Uşaqların məktəbdə telefondan istifadə etməsi hansı problemləri yaradır?” mövzusunda müsahibə verib.

Psixoloq Elnur Rüstəmov bildirib ki, günümüzdə məktəblərdə mobil telefondan istifadə şagirdlər, valideynlər, müəllimlər və səlahiyyətlilər tərəfindən müzakirə mövzusuna çevrilib.

“Mobil telefonlardan istifadəni dəstəkləyən valideynlər hesab edirlər ki, bu telefonlar təhlükəsizlik baxımından faydalıdır. Eyni zamanda uşaqlara valideynləri və qəyyumları ilə ünsiyyət saxlamağa imkan verir. Şagirdlərin məktəb vaxtı mobil telefondan istifadə etmələrinin əleyhinə olanlar isə hesab edirlər ki, əksinə, mobil telefonlar yeniyetmələr arasında psixi sağlamlığın pisləşməsinə səbəb olan, sosial inkişafı əngəlləyən və kiber zorakılığa şərait yaradan əsas mənbədir. Bu hal şagirdlərin məktəbdə düzgün olmayan davranışların formalaşmasına rəvac verən ən böyük amillərdən biridir.

Aparılan araşdırmalar göstərir ki, sinifdə smartfonların istifadəsi daimi olaraq şagirdin diqqətinin dərsdən yayınmasına, aqressiv halların artmasına, şagirddə müəllimlərə qarşı uyğunsuz davranışlara, testlər, ev tapşırıqlarının hazırlanmasında valideyni və eləcə də müəllimlərini aldatmaq, uyğun olmayan fotoşəkillər çəkmək, mobil oyunlar oynamaq kimi zərərli hallara şərait yarada bilir. Elə bunun nəticəsidir ki, bir çox məktəblərdə şagirdlərin dərsə olan diqqətini artırmaq üçün mobil telefonlardan istifadə qadağan edilir”

Onun sözlərinə görə, smartfonlardan istifadə sinifdə uşaqlar arasında kiber bullingin yaranmasının ən böyük səbəblərindən biridir.

” Məhz bu səbəbdən dərs müddətində uşaqların mobil telefonlardan istifadəsinə icazə verilməməlidir və hər bir valideyn bu fikrə hörmətlə yanaşmalıdır. Digər tərəfdən əgər söhbət uşağın valideynləri ilə əlaqə yaratmağından gedirsə, valideynin dərs müddəti bitdikdən sonra, tənəffüs zamanı zəng edərək övladı ilə əlaqə saxlaması daha doğru olacaqdır. Burada tövsiyə olunur ki valideyn bir digər nüansa, yəni telefonların smart tipli, çoxfunksiyalı olmamasına diqqət yetirsin. Bu kimi problemləri aradan qaldırmaq üçün hər məktəbin öz növbəsində qoyduğu qaydalara həm müəllimlər, həm valideynlər, həm də şagirdlər tərəfindən birmənalı şəkildə əməl olunmalıdır.

Digər bir problem isə valideyn uşağa telefon vermədiyi üçün onun digər sinif yoldaşları tərəfindən alçaldılması və qınanmasıdır. Dolayısı ilə baş verən bulling şagirdin psixologiyasına tamamilə mənfi təsir edərək onun sinifdən təcrid olunmasına gətirib çıxarır.

Bu isə artıq məktəbin deyil, şagirdlərin problemidir. Belə olan zaman valideynlər birbaşa özü bu problemlə maraqlanmalı, məsuliyyəti digər valideynlərlə bölüşməli, məsələni şagirdlər arasında həll etməlidirlər.

Nəticə etibarilə, mobil telefonlardan istifadə məktəblərdə uyğunsuz hallara səbəb yaradan ən böyük faktordur. Bu gün uşaqların cib telefonlarına valideynlərin düşündüyündən daha çox ehtiyacı ola bilər, lakin bu o demək deyil ki, bunkar dərs zamanı istifadə olunmakıdır. Məsələ mobil telefonun şagirdlər tərəfindən dərs zamanı istifadə olunmasının tədris prosesinə mane olmasına, şagirdlərdə deviant davranışlara rəvac verməsindən gedir.

Ulu Öndərin qeyd etdiyi kimi, “Təhsil millətin gələcəyidir”. Bu gələcək naminə müəllim, şagird və valideyn üçbucağı bərabər fəaliyyət göstərməlidir”.

https://anews.az/az/usaqlarin-mektebde-telefondan-istifade-etmesi-hansi-problemleri-yaradir-arasdirma/

Son məqalələr

Online Qeydiyyat