F.ü.f.d. Elnur Rüstəmov “TNS.Az” saytına müsahibə verib. “Mobil telefonu almaq səbəb yox, hadisəni törətmək üçün bəhanədir”

“Mobil telefonu almaq səbəb yox, hadisəni törətmək üçün bəhanədir”

F.ü.f.d. Elnur Rüstəmov “TNS.Az” saytına müsahibə verib.

“Bir neçə gün əvvəl Elm və Təhsil Nazirliyinin məsul əməkdaşları ilə birlikdə şagirdi intihar edən Gəncədəki 8 nömrəli tam orta məktəbdə olduq, müəllim və valideynlərlə görüşdük”.
Bunu TNS-ə Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov deyib.
Baş verən hadisəyə görə çox üzüldüyünü deyən psixoloq bildirib ki, həssas bir mərhələ olduğu üçün xüsusən, valideynlərin övladları ilə daha diqqətli davranmalı olduğunu vurğuladıq.
“Təəssüf ki, belə bir faciə yaşandı. İlkin məlumatlarda hadisənin valideynin uşaqdan mobil telefonu alması səbəbindən evdə intihar etdiyi qeyd edilir. Məncə, mobil telefonu almaq səbəb yox, hadisəni törətmək üçün bəhanədir. Valideyn və övlad arasında yaşanan problemin təzahürüdür. Həmin faciə məktəbdə də baş verə bilərdi”, – deyə psixoloq bildirib.
Onun sözlərinə görə, biz öncə cəmiyyət olaraq məktəblə bağlı gözləntilərimizi aydınlaşdırmalıyıq: “Məktəb təlim-təhsil müəssisəsidir. Bu prosesi valideynin iştirakı olmadan tam şəkildə həyata keçirmək qeyri-mümkündür. Etiraf edək ki, bu gün Azərbaycanda məktəblər öz üzərinə düşənləri edirlər. Qənaətbəxşdimi? Bunu tam şəkildə deyə bilmərik. Çünki problemin bir qismi məktəbdən, böyük bir qismi ailələrdən qaynaqlanır. Bu gün məktəb-şagird-valideyn üçbucağı arzuolunan səviyyədə deyil. Nəticədə cəmiyyət problemin həllini daha çox məktəblərdən gözləyir. Bu yanaşma problemlərin həllinə yox, daha da dərinləşməsinə gətirib çıxarır. Düşünürəm ki, biz birinci növbədə məktəb-şagird-valideyn üçbucağının formalaşmasına cəmiyyəti təşviq etməliyik. Əgər bunu edə bilsək, problemin müəyyən qədər həllinə nail ola bilərik. Əks halda, məktəbi, məktəb psixoloqlarını hədəf seçməklə müsbət nəticə almayacağıq”.
Azərbaycanda milyon yarım təhsilalanın olduğunu qeyd edən psixoloq bunların hərəsinin bir ailədən gəldiyini bildirib: “Məktəb müxtəlif ailələrdən gələn uşaqların bir yerə gəldiyi məkandır. Problemlər də çox zaman məktəbdə özünü büruzə verir.
Bu gün məktəb psixoloqlarının üzərinə böyük məsuliyyət düşür. Məktəbdə psixoloji işin düzgün təşkili çox vacib və aktual məsələdir. Bunun üçün məktəb psixoloqlarını öncə lazımi bilik və bacarıqlarla təkmilləşdirmək, fəaliyyət göstərmələri üçün mühiti yaratmaq lazımdır. Ondan sonra onlardan nələrisə tələb etmək olar”.
Sədr vurğulayıb ki, bu gün məktəb psixoloqlarında məktəbdə xidmətin təşkili ilə bağlı lazımi qədər psixoloji alətlər yoxdur. Bunun da obyektiv və subyektiv səbəbləri var: “İnanıram ki, yaxın gələcəkdə məktəb psixoloqlarının təkmilləşdirilməsi, fəaliyyətlərini daha məhsuldar həyata keçirmələri ilə bağlı geniş tədbirlər planı həyata keçiriləcək”.

https://tns.az/cemiyyet/41262-mobil-telefonu-almaq-sebeb-yox-hadiseni-toretmek-uchun-behanedir/

Son məqalələr

Online Qeydiyyat