Niyə aqressivik? Mövzusunda f.ü.f.d. Elnur Rüstəmov Bakıvaxtı.az saytına müsahibə verib

Niyə aqressivik? Mövzusunda f.ü.f.d. Elnur Rüstəmov Bakıvaxtı.az saytına müsahibə verib.

Son zamanlar baş verən qətllər cəmiyyətdə narahatlıq doğurur. İnsanlar öz aqressiyalarını müxtəlif şəkildə büruzə verirlər. Cəmiyyət o qədər aqressivləşib ki, insanlar hətta bir-birindən söz soruşmağa ehtiyat edir.
Bəs bu aqressiyanın səbəbi nədir? Cəmiyyətdə niyə aqressivləşmə çoxalıb?
Psixoloq Elnur Rüstəmov Bakıvaxtı.az-a insanların aqressiyaya anadangəlmə meyilli olduğunu bildirib.
Onun sözlərinə görə, aqressiya, sosial psixologiyada, hər hansı bir canlıya və ya fiziki cismə zərər verməyə yönəlmiş davranış və ya hərəkəti təsvir edir:
“Ətrafımızda hər gün o qədər aqressiv və zorakı davranışlar görürük ki, insanların aqressiv olmağa anadangəlmə meyli, hətta instinkti olduğu qənaətinə gəlirik. İngilis mütəfəkkiri Tomas Hobbs insanların təbii olaraq aqressiv olduğunu və onların aqressiv meyllərini yalnız cəmiyyətin məhdudlaşdıra biləcəyini iddia edirdi. Ziqmund Freyd iddia edirdi ki, insanların “həyat instinkti” olsa da, onlar da “ölüm instinkti”nə, yəni özlərini və başqalarını məhv etmək instinktinə malikdirlər” .

Ekspert bunun davranış psixoloji pozuntularının yaranmasına gətirən ən böyük amil olduğunu qeyd edərək, onun yaranma səbəblərindən danışıb:
“Gündəlik həyatda maşın idarə edərkən qarşılaşdığınız maneələr, iş yoldaşlarınızla fikir ayrılıqları və s. aqressiyaya təkan verə bilər.
Əslində aqressiv olmağımızın bir neçə səbəbi var ki, bu da bəzi insanların niyə digərlərindən daha aqressiv olduğunu izah etməyə kömək edir”.
Müsahibimizə görə, bir şəxsdə hormonal balanssızlıq, şübhəsiz ki, aqressiv davranışa yol aça bilir:
“Məsələn, araşdırmalar göstərir ki, yüksək səviyyədə testosteron yüksək səviyyədə aqressiyaya səbəb olur. Bu bir növ kişilərin qadınlardan niyə daha aqressiv olduğunu izah etməyə əl verir.
Aqressiya genetik olaraq da keçə bilər. Uşaqların bioloji olaraq aqressiyası varsa, aqressiv meyllərə uyğunlaşma riski daha yüksəkdir.
Ağır xəstəlik fərdin əhval-ruhiyyəsinə və davranışına böyük təsir göstərir, çünki stress və digər psixi hallar daha böyük aqressiyaya səbəb olur. Bundan əlavə, insanın öz xasiyyəti də aqressiyada rol oynayır. Xoş xasiyyəti olmayan insanlar adətən sakit insanlardan daha aqressiv olurlar”.
Aqressiyanı zamanla yaşayaraq öyrənmək də olur. Bəziləri şəxsi təcrübə və ya müşahidə yolu ilə zamanla özlərini müdafiə etməyə çalışırlar və beləcə daha aqressiv birinə çevrilirlər. Məsələn, uşaqların filmlərdə və ya video oyunlarda başqasının zorakılıq hərəkətlərini izləyib, aqressiv davranmağı öyrəndikləri gerçəyi danılmazdır .
Psixoloq aqressiyanın daha şiddətli formasına uşaqlıq və yeniyetməlik dövründə rast gəlindiyini vurğulayaraq, valideynləri bu mövzuda diqqətli olmağa çağırıb. O, insanlarda fiziki sağlamlıq qədər psixoloji sağlamlığın da vacibliyini vurğulayıb.
Həmsöhbətimiz qeyd edib ki, şübhə yarandığı an mürəxəssisə müraciət etmək lazımdır:
“Unutmayın ki, insanın istənilən davranışı əslində onlara hansı köməyi edə biləcəyinizi açıqlayır. Hər bir halda bir insanın göstərdiyi davranış səviyyəsi üçün vəziyyətin gərginliyini azaltmağa və ilk növbədə onun sürətlənməsinin qarşısını almağa kömək edəcək müvafiq müdaxilə var. Eləcə də, aqressiyanın irəliləyən formalarında, fərdin özünə və ətrafına zərər verdiyi hallarda psixoloji yardım və mütəxəssis dəstəyi mütləqdir” .

https://bakivaxti.az/az/posts/detail/cemiyyet-niye-aqressivdir-1707976715

Son məqalələr

Online Qeydiyyat